Ana səhifə / Müsahibə / “Ukrayna bizim ərazi bütövlüyümüzü tanısa da, cırtdan Ermənistanla münasibətlərini pozmadı“

“Ukrayna bizim ərazi bütövlüyümüzü tanısa da, cırtdan Ermənistanla münasibətlərini pozmadı“

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təddim edirik: 

– Qüdrət bəy, Ukrayna Prezident Administrasiyası Rəhbərinin müşaviri Mixail Podolyak bəyan edib ki, NATO-nun Ukrayna münaqişəsində neytrallığı barədə bəyanatları Rusiyanı kütləvi qırğınlara ruhlandırır. Onun bu açıqlamasını necə şərh edərdiniz? 

– Podolyak və təmsil olunduğu komanda müharibə başlayana qədər bu barədə düşünməli idi. Onlar ən azından Ukrayna İslahatlar Komitəsinin icraçı direktoru Saakaşviliyə qulaq asmalı idilər. 2021-ci ilin aprelində Saakaşvili mətbuata verdiyi açıqlamada 2008-ci ilin avqustunda Rusiyanın Gürcüstana təcavüzündən danışır və bəyan edirdi ki, Ukrayna öz siyasətini müəyyən edərkən Avropa ölkələrinin satqın (продажный) olmasını heç vaxt yaddan çıxarmamalıdır. Bu çıxışla “Youtube”da hər kəs tanış ola bilər. 

Etnik separatizmlə və Ermənistanın təcavüzü ilə üzləşmiş Azərbaycan xalqı Qərbin ikili standartlar və riyakar siyasəti ilə 30 ildir tanışdır. 10 martda Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi “Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi haqqında” qətnamə də bu riyakarlığın ən bariz nümunələrindən biridir. Doqquzu şəhər olmaqla, 900 yaşayış məntəqəsini bütün tarixi və mədəni abidələri ilə birlikdə vəhşicəsinə yer üzündən silmiş Ermənistan əleyhinə yox, Azərbaycan əleyhinə qətnamə qəbul edirlər. Ukraynanın bugünkü liderləri 2014-cü ildə Krım və Şərqi Ukrayna işğal olunarkən, Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə məsuliyyət daşıyan ABŞ və Britaniya başda olmaqla, Qərbin seyrçi mövqeyindən nəticə çıxarmalı idilər. Bu gün Ukrayna öz neytrallığını elan etməyə hazır olduğunu bəyan edir, müharibəni önləmək üçün bunu vaxtında etmək lazım idi. Zorun qarşısında “mənim beynəlxalq hüquqlarım və arzularım” mövzusunda mərsiyələrlə kimlərisə ağlatmaq olar, amma qorxağı cəsarətli, riyakarı dürüst birisi etmək olmaz. Diqqət yetirin, 2015-ci ildə Krımın ilhaqından sonra Avropa İttifaqının Rusiyaya silah embarqosu tətbiq etməsinə baxmayaraq, indi bəlli olur ki, bəzi Qərb ölkələri, Almaniya və Fransa başda olmaqla, Rusiyaya dəyəri yüz milyonlarla dollar olan ən müasir texnologiyalar əsasında hazırlanmış müasir silahlar, texnikalar satırmış. Riyakarlığın növbəti nümunəsi. Möcüzə baş verməsə, Ukrayna xalqının qəhrəmanlığına baxmayaraq, Zelenski hakimiyyətini qoruyub saxlaya bilsə belə, Ukraynanı böyük itkilər gözləyir. 

– Ukrayna xalqı məğlubiyyətlə barışacaqmı? 

– Çeçenlər barışmadılarmı? İndi Putin üçün döyüşmürlərmi? Məğlubedilməz xalq yoxdur. 

– ABŞ Türkiyəyə Rusiyadan aldığı C-400 hava hücumundan müdafiə sistemlərini Ukraynaya verməyi təklif edib... 

– ABŞ və onun Avropadakı müttəfiqləri (əlaltıları) uzun müddətdir çalışırlar ki, Türkiyə ilə Rusiya üz-üzə gəlsin, vuruşsun. ABŞ-ın Ukraynaya belə canı yanırsa, qoy, Ukraynaya eyni təyinatlı “Patriot” hava hücumundan müdafiə sistemləri, müasir döyüş təyyarələri, vertolyotlar, dronlar, tanklar, raketlər, artilleriya qurğuları versin. İmkan yaratsın ki, ukraynalılar da Rusiya ərazisindəki hərbi obyektləri vura bilsin. Axı dövlət ləyaqəti olan ölkə, Ukrayna tərəfdən vuruşmaq bir yana, heç olmasa bunu etməlidir. Çünki 1994-cü ildə Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə təminat verən Budapeşt memorandumunu imzalamaqla Ukraynanı aldadıb nüvə silahını əlindən alıblar. Ukraynanın nüvə silahı olsaydı, kim ona hücum edə bilərdi?

– Qüdrət bəy, Azərbaycanın Ukraynaya dəstəyini yetərli sayırsınızmı?

– Ukrayna bizdən və Ermənistandan çox güclü və böyük ölkədir. Buna baxmayaraq Ermənstin bizim torpaqları işğal edəndə Ukrayna bizim ərazi bütövlüyümüzü tanısa da, cırtdan Ermənistanla münasibətlərini pozmadı. Biz də Ukraynanın ərazi bütövlüyünü tanıyırıq. Ukraynaya humanitar yardım edirik, sülh üçün Türkiyə ilə birlikdə məhdud imkanlar çərçivəsində nələrsə etmək istəyirik. 44 günlük savaş zamanı 5-10 Ukrayna vətəndaşı Kiyevdə Azərbaycan səfirliyi qarşısında bizə dəstək aksiyası keçirdimi? Amma Qarabağda Rusiya əsgərləri olduğu və suverenliyimizi tam təmin etmədiyimiz bir vaxtda bizimkilər heç nəyi nəzərə almadan, emosional şəkildə Bakıda Ukrayna səfirliyi qarşısında onlara dəstək aksiyası təşkil etdi, hökumət də qarşısını almadı. Biz Ukraynadan pulunu ödəməklə silah almışıq, amma borca onlara dizel yanacağı vermişik, hələ də pulunu tam ödəməyiblər. Ermənipərəst dövlətlərə sığınmış bəzi adamların sosial şəbəkələr üzərindən etdiyi məsuliyyətsiz çıxışlara fikir vermək lazım deyil. 

– ABŞ Prezidentin Putinə cinayətkar deyib aşağılamasını necə qarşıladınız? 

– Putin Baydenlə görüşdən sonra Ukraynaya hücum hazırlığına başladı. Bayden müharibənin qarşısını almaq üçün ciddi heç nə etmədi. Variantlardan biri budur ki, nə vaxtsa onu Rusiya ilə işbirliyində ittiham edəcəklərindən qorxur və bu kimi açıqlamalarla təhlükəni sovuşdurmaq istəyir. Ukrayna xarici işlər naziri Kuleba da adını çəkmədiyi bir güclü Avropa ölkəsinin nazirinə istinad edərək dedi ki, NATO Ukraynanın iki gün ərzində süqutunu və yeni geosiyasi reallıqların yaranacağını gözləyirmiş. Ukrayna xalqının əzmini qırmaq, prosesi az qanlı etmək üçün ABŞ Zelenskini Kiyevdən qaçırmaq istəsə də, alınmadı. İkinci variant odur ki, həmişə qorxaqlar təhqirə keçir, bu çarəsizlik və zəiflik əlamətidir, qəhrəmanlıq deyil. Qəhrəmanlıq Ukrayna tərəfdən döyüşə girmək olardı.\Azpolitika.info

Həmçinin oxuyun

“Rusiya Ermənistana deyir ki, sülhdən yayın, məsələni uzat”

Azərbaycan 44 günlük müharibədən ötən dövr ərzində Ermənistanla sülh razılaşması əldə etməyə çalışsa da, hələlik …