Cümə axşamı , Sentyabr 28 2023
Ana səhifə / Müsahibə / “Türkiyə və Azərbaycan Rusiya ilə münasibətlərdə gərginliyin artmasından ehtiyat etməyəcək”

“Türkiyə və Azərbaycan Rusiya ilə münasibətlərdə gərginliyin artmasından ehtiyat etməyəcək”

Azad Demokratlar Partiyasının sədri, Təhlükəsizlik eksperti Sülhəddin Əkbər “AzPolitika.info”-ya müsahibəsində son günlər Bakı-Moskva münasibətlərində artan gərginlik, eləcə də Brüsseldə İlham Əliyev və Nikol Paşinyan arasında baş tutan görüşlə bağlı sualları cavablandırıb. Müsahibəni təqdim edirik:

– Sülhəddin bəy, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatı və Azərbaycanın buna reaksiyası Qarabağ ətrafında faktiki situasiyaya necə təsir edə bilər?

– İlk növbədə Moskvanı qıcıqlandıran səbəblər haqda danışmalıyıq. Birincisi, Üçtərəfli bəyanatın bitmə müddətinin azalması, Azərbaycanın, xüsusən də Türkiyənin bu müddətin uzadılmayacağı ilə bağlı Moskvaya verdiyi siqnallar Rusiyanı qıcıqlandırır. Bu, istər-istəməz həm Rusiya- Türkiyə, həm də Rusiya-Azərbaycan münasibətlərində gərginliyin yaranmasına səbəb olur.

İkincisi, danışıqlar prosesində təşəbbüsün əldən verilməsi, Vaşinqton və Brüsselin önə keçməsi də Moskvanı qıcıqlandıran digər bir səbəbdir.

Üçüncüsü, Azərbaycan və Ermənistan rəhbərliyinin getdikcə Rusiyadan asılı olmayan daha müstəqil və məsafəli siyasət aparması Moskvanı narahat edir.

Dördüncüsü, Rusiyanın Ukraynada strateji cəhətdən tələyə düşməsi və getdikcə vəziyyətin ağırlaşmasını da bura aid etmək olar.

Bütövlükdə götürsək, Rusiya XİN-in bəyanatı və Azərbaycan XİN-in ona cavabı açıq şəkildə proseslərin bu istiqamətdə inkişaf etdiyini göstərir. Sadaladığımız səbəblərə görə, hələlik Azərbaycanın suverenliyinə qaytarılmayan, “sülhməramlıların” nəzarətində olan ərazilərində Rusiya- Türkiyə və Rusiya- Azərbaycan münasibətlərində gərginlik artacaq.

– Bakı-Moskva münasibətlərində gərginliyin dərinləşəməsi hansı sahələrdə münasibətlərə təsir edə bilər?

– Yuxarıda qeyd olunan səbəblərə görə, Bakı-Moskva və Moskva-Ankara münasibətlərində yaranan gərginlik getdikcə dərinləşəcək. Bu, istər -istəməz tədricən başqa sahələrə də sirayət edə bilər. Bir sözlə, gərginliyin artması qaçılmazdır. Amma buna baxmayaraq, Moskvanın Azərbaycana və Türkiyəyə olan ehtiyacı da getdikcə artacaq. Moskvanın dirəniş, eləcə də hadisələrin bu istiqamətdə inkişafına müqavimət göstərmək potensialı isə tədricən azalacaq. Ona görə də Türkiyə və Azərbaycan bu gərginliyin artmasından ehtiyat etməyəcək. Azərbaycan Xarici İşlər Nazirliyinin son və olduqca sərt bəyanatı da bu fikri təsdiqləyir.

– Brüssel görüşünün yekunlarını necə dəyərləndirirsiniz? Azərbaycan üçün olumsuz tendensiyalar varmı?

– Brüssel görüşünün mətbuata elan olunan yekunlarını müsbət dəyərləndirirəm. Amma təəssüflə qeyd etmək istəyirəm ki, bizim bu danışıqların bütün detalları haqda məlumatımız yoxdur. Ancaq mətbuata açıqlanan məlumatları və Şarl Mişelin bəyanatlarını analiz etsək, görərik ki, proses Azərbaycanın maraqlarına cavab verən istiqamətdə inkişaf edir. Azərbaycan üçün olumsuz tendensiyaların olub-olmamasına gəlincə, açıq elan olunan məsələlərə baxsaq, elə bir ciddi tendensiya yoxdur. Ancaq bir məsələdə qeyri-müəyyənlik var. Laçın yolunun açılması məsələsində Qərbin və Rusiyanın israr etməsi bir qədər anlaşılmazdır. Məgər Laçın yolu bağlanıb ki, onun açılması tələb olunur? 

Belə çıxır ki, tərəflər Laçın yolunda Azərbaycanın sərhəd-buraxılış məntəqəsinin qoyulmasından narahatdırlar. Buna Azərbaycan Xarici İşlər Nazirliyi və ya Prezident Administrasiyası aydınlıq gətirməlidir. Azərbaycan cəmiyyəti bilməlidir ki, söhbət Laçın yolunun başlanğıcında yəni, 23 aprel tarixində dövlətlərarası sərhəddə qurulan Laçın sərhəd-buraxılış məntəqəsinə etirazdan gedir, yoxsa burada tətbiq olunan rejimdən? Bu sual açıq olaraq qalır. Əgər söhbət oradakı rejimdən gedirsə, bəli, burada müəyyən yumşalmalara getmək olar. Məsələn, sərhəd-buraxılış məntəqəsinin beynəlxalq hüquq normalarına, sərhəd və gömrük xidməti rejimlərinə uyğun olaraq işləməsini təmin etməklə bu narazılıqları aradan qaldırmaq mümkündür. Yox, əgər prinsipcə buraxılış məntəqəsinin yaradılmasına etiraz varsa, bəli, biz bunu olumsuz tendensiya kimi qəbul edə bilərik.

Həmçinin oxuyun

Separatçıların aqibəti belə olacaq?

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik: – …