Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Müsahibə / Tovuz və Qazaxda gərgin döyüşlər – düşmən ağır itkilər verdi

Tovuz və Qazaxda gərgin döyüşlər – düşmən ağır itkilər verdi

Lavrovun Bakıda olduğu vaxtda Qərb bölgəmiz niyə ermənilərin hücumuna məruz qaldı? Arzu Nağıyev: “Gürcüstana gedən kommunikasiyalar, şose, dəmir yolu, boru kəmərləri oradan keçir”

Azərbaycan-Ermənistan sərhədinin Tərtər, Tovuz və Qazax istiqamətlərində son günlər gərginlik xeyli artıb. İşğalçı ölkənin ordusu mütəmadi olaraq atəşkəs rejimini pozmaqla yanaşı, həm də dinc əhalini gülləbaran etməkdə davam edir. Ermənilərin həyasızlığı o həddə çatıb ki, hətta sentyabrın 1-də Tərtər rayonunun Qapanlı kəndində keçirilən toy mərasimini atəşə tutublar. Nəticədə, mülki əhalidən 3 nəfər yaralanıb.

 
Ermənistanda nəşr olunan “Aravot” qəzeti isə xəbər yayıb ki, 1 sentyabr gecəsi Qarabağdakı hərbi birləşmələr xeyli canlı itki verib. JAM.az erməni mətbuatına istinadən xəbər verir ki, Azərbaycan Ordusunun açdığı atəş nəticəsində erməni birləşmələrinin 6 hərbçisi öldürülüb. Onlardan birinin zabit, digər 5-nin isə əsgər olduğu bildirilir.
Ermənistanın Tavuş vilayətinin Azərbaycanla sərhəddə yerləşən Ayqepar və Çinari kəndlərində isə sentyabrın 1-də gecə saatlarında iki erməni əsgəri yaralanıb. Yaralanan hərbçilər Berd şəhərindəki hərbi hospitala aparılıb. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsun Ovannisyan faktı təsdiqləyib.
ANS-in məlumatına görə, erməni mətbuatı tərəflər  arasında vəziyyətin gərginləşdiyini yazıb. Bildirilib ki, atəşkəsin pozulması zamanı ermənilər itki verərək geri çəkilməli olub. Ermənistan saytları həlak olanlardan birinin adını da açıqlayıb. 
 
“Silahlı toqquşma zamanı cəbhənin şərq hissəsində tağım komandirinin müavini Axarun Armyan həlak olub. Bundan başqa, daha bir zabitin öldüyü bildirilir. Lakin hələlik onun kimliyi bəlli deyil” deyə, erməni mətbuatı öz itkiləri haqqında məlumat yayıb. Yazının sonunda iki gün əvvəl kəşfiyyatçı dəstənin komandirinin öldürülməsi də xatırlanıb: “Daxil olan məlumata görə, iki gün əvvəl azərbaycanlı snayper kəşfiyyatçı dəstənin ”Yezid Həsən” ləqəbli komandirini öldürüb.” Qeyd edilib ki, Yezid Həsən cəbhənin həmin hissəsində uzun müddət kəşfiyyat aparıb.
Təəssüf ki, döyüşlərdə Azərbaycan tərəfi də itki verib. Musavat.com-a daxil olan məlumata görə, Lerik rayonunun Pirasora kəndində doğulmuş gizir Ağayev Ruslan Qalib həlak olub. Lerik hərbi komissarlığından hərbi xidmətə çağırılıb. Şəhidin qardaşı Musavat.com-a xəbəri təsdiqləyib. Gizirin snayperlə vurulduğu deyilir.
Gizir sentyabrın 2-də doğulduğu kənddə torpağa tapşırılıb.
Mərasimdə onun qulluq etdiyi hərbi hissənin nümayəndələri, rayon icra hakimiyyətinin rəsmiləri və kənd sakinləri iştirak ediblər.
Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı ilə əlaqə saxladıq. Xidmət rəisi hərbi təlimlərdə olduğunu deyərək bizimlə danışa bilməyəcəyini bildirdi.
***
Göründüyü kimi, düşmən daha çox Azərbaycanla həmsərhəd ərazilərdən təxribatlara əl atır ki, bu da səbəbsiz deyil. Hesab olunur ki, Ermənistanın Qərb sərhədlərimizə təcavüzü həm də Kollektiv Müqaviləsi Təşkilatı, konkret olaraq Rusiyanın köməyinə hesablanıb. İrəvan arxayındır ki, Azərbaycanın zərbələrinin qarşılığında Moskva öz hərbi müttəfiqinin müdafiəsinə qalxa bilər. Əks təqdirdə Sərkisyanın qondarma “DQR”-in “müstəqillik günü” ilə bağlı Xankəndinə məhz 1 sentyabrda gəlməsi, üstəlik, Ermənistan ordusunun təxribatlarının artması təsadüfi deyil. Məsələ burasındadır ki, eyni gündə Rusiya XİN başçısı S.Lavrov Bakıya gəlmişdi. Məntiqlə Ermənistan daha ölçülü-biçili hərəkət etməliydi.
 
Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a dedi ki, Ermənistanın təxribatları gözlənilən idi: “Yəni Sərkisyan özünü təmizə çıxardı. Yəni ki döyüş yalnız Dağlıq Qarabağ ərazisində deyil, həm də sərhədyanı rayonlarda gedir. Məlumdur ki, Ermənistan ərazisində Rusiyanın 102 saylı briqadası yerləşir, ermənilər hətta onun təhlükəsizliyinə belə zərər gələ biləcəyini bəyan etmək istəyirlər. Odur ki, bu, taktiki bir gedişdir”.
Rusiya XİN başçısının Bakı səfərindən danışan ekspertin fikrincə, Lavrovun səfərində əsas məqsəd Rusiyanın yenidən regional münaqişələrin həllində rolunun yenidən bərpa edilməsidir: “Eyni zamanda, münaqişənin həllində təşəbbüsü son vaxtlar ələ almağa çalışan ABŞ-ın rolunu azaltmaqdır. Düşünürəm ki, Lavrovun səfəri zamanı bütün suallarla yanaşı, ”DQR”-də keçiriləcək “seçki” məsələsini də qabartmaq vacib məsələlərdən biri olardı”.
A.Nağıyev Ermənistanın Qərb sərhədlərimiz boyu aktivləşməsini sadə məsələ saymır. İstisna etmir ki, İrəvan Rusiya ilə hərbi müqaviləyə arxayın olduğu üçün quduzlaşıb: “Digər tərəfdən, Dağlıq Qarabağdan başqa əsas zona, Murovdan, Daşkəsəndən keçərək Gədəbəy, Tovuz, Ağstafa və Qazaxda bitir. Bu gün ən strateji sahə Qərb sərhədlərimizdir və əlbəttə hündürlüklər kimin tərəfdədirsə üstünlük də ondadır. Eyni zamanda Gürcüstana gedən kommunikasiyalar, şose, dəmir yolu, boru kəmərləri və s. oradan keçir”.
Politoloq prezidentlərin Amerika görüşünün baş tutmayacağı barədə məlumatlara reaksiyasında qeyd etdi ki, belə bir şəraitdə və Ermənistan tərəfindən atəşkəs rejiminin dəfələrlə pozulması fonunda Prezidentlərin görüşləri real görünmür: “Ola bilər ki, ABŞ-ın təşəbbüsü ilə Xarici işlər nazirləri səviyyəsində görüşlər olsun. Əlbəttə ki, Madrid prinsiplərinin maddələri əsasında müəyyən danışıqların aparılması mümkündür”. Belə bir durumda Sterliqovun saxlanması, sonra sərbəst buraxılmasına gəldikdə, A.Nağıyev dedi ki, bu, bir siyasi məsələdir: “Çünki tutulması da yəqin ki, Rusiyada etdiyi cinayətlərlə bağlıdır. Azərbaycanla bağlı cinayətlərlə isə İnterpol səviyyəsində həll edilməlidir. Təəssüf ki, bu da hələ öz müsbət həllini tapmayıb. Bu məsələnin həlli həqiqətən də Rusiya və Azərbaycan hüquq-mühafizə orqanları arasında ola bilər və tərəfdaşlıq haqqında müqavilələrə istinad edilməlidir”.

 

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …

Bir cavab yazın