Cümə , Sentyabr 30 2022
Ana səhifə / Müsahibə / “Sumqayıtda doğulan Qubadlı sakini nə inək görüb, nə də qoyun…”

“Sumqayıtda doğulan Qubadlı sakini nə inək görüb, nə də qoyun…”

İqtisadçı ekspert, ReAl Partiyasının icraçı katibi Natiq Cəfərlinin “Yeni Sabah”a müsahibəsi:

– Yaxın perspektivdə Azərbaycan sülhməramlıların hazırda nəzarət etdiyi ərazilərdə öz yurisdiksiyasını bərpa etdikdən sonra bölgənin iqtisadiyyatını Azərbaycan iqtisadiyyatına necə inteqrasiya edə bilər?

– İlk növbədə, iqtisadi inteqrasiyadan öncə siyasi, sosial və hüquqi inteqrasiya baş verməlidir ki, bundan sonrakı mərhələdə həmin bölgənin iqtisadi potensialından Azərbaycan və bölgə əhalisi istifadə edə bilsin. Bu, çox vacib bir məsələdir. Çünki hüquqi, siyasi və sosial inteqrasiya baş vermədən iqtisadi inteqrasiyanı həyata keçirmək mümkün deyil. Çünki iqtisadi inteqrasiya özü-özlüyündə vergi, gömrük qanunvericiliyi, bank xidmətləri və bütün bu sahələrin həmin bölgədə yayılmasını özündə ehtiva edir. 

Yəni bank xidməti olmadan, bankların şöbəsi açılmadan, vergi və gömrük xidməti olmadan, eləcə də hansısa başqa bir hüquqi prosedurlardan keçmədən bölgənin iqtisadi potensialından istifadə etmək, yaxud Azərbaycana inteqrasiya etmək çətin məsələdir. 

Ona görə də ilkin mərhələdə əsas hədəf bölgənin hüquqi, sosial və siyasi inteqrasiyasını təmin etməkdir. Bundan sonrakı mərhələdə artıq iqtisadi potensialdan da istifadə etmək mümkündür. Çünki həmin bölgədə həm kənd təsərrüfatı, həm də mədən sənayesi istehsalı mövcuddur. 

Bundan başqa, bölgədə ciddi turizm potensialı var. Ona görə də infrastruktur, siyasi və sosial və iqtisadi olaraq inteqrasiyanın təmin edilməsi üçün Azərbaycan hökuməti öz proqramını açıqlamalıdır. 

Ümumi mənzərə bəllidir: Prezidentin, rəsmilərin çıxışları mövcuddur və ümumi yanaşma aydındır. Yəni bölgənin Azərbaycan hüquqi çərçivəsində fəaliyyət göstərməsi üçün heç bir maneənin olmadığı söylənilir. Amma bunun həyata keçirilmə mexanizmləri ilə bağlı təəssüf ki, hələ yol xəritəsi yoxdur. Bu yol xəritəsini də Azərbaycan tərəfi gecikmədən açıqlamalı və bu yol xəritəsinə uyğun olaraq planlarını bildirməlidir. 

Onsuz da bölgə əhalisinin gələcəyi Azərbaycanla bağlıdır. Çünki  Azərbaycanın iqtisadi potensialı, logistik və dünyaya çıxış imkanları daha genişdir. Yəni Ermənistan bazarı, hətta daha çox kiçik bir bazardır, eləcə də Azərbaycan bazarı Ermənistandan 3 dəfədən çox böyükdür. Ona görə də orada yaşayan əhalinin inteqrasiyası Azərbaycana əlavə dividentlər və qazanclar gətirəcək. Sadəcə erməni əsilli azərbaycanlıların Azərbaycana hüquqi, sosial və siyasi inteqrasiyasından sonra paralel olaraq iqtisadi inteqrasiyası da həyata keçirilməlidir.

– İşğal dövründə həmin ərazidə xidmət sektoru, zavodlar, kənd təsərrüfatı, heyvandarlıq və s. sahələr mövcud idi. Hazırda bəs orada işlək vəziyyətdə və iqtisadi potensialı olan hər hansı bir sahə qalıb?

– Onların əllərində az da olsa, işləyən iş yerləri qalıb. Xankəndi və ətrafında kənd təsərrüfatı və xidmət sahələri mövcuddur. Hətta mən erməni mənbələrini araşdıranda gördüm ki, iqtisadiyyatın böyük əksəriyyəti xidmət sektoru üzərindədir. Yəni orada ciddi bir istehsal sahələri mövcud deyil. Kiçik sexlər, əsasən də tikinti materialları ilə bağlı sexlər mövcuddur. 

Amma əsas üstünlük ticarət və xidmət sahəsidir. Yəni kafelər, restoranlar, otellər, bazarlar və dükanlar daha çoxdur. Amma keçmiş Ağdərə, Xocalı və Xocavənd rayonlarının ərazilərində kənd təsərrüfatı ilə məşğul olmaq mümkündür və elə bir potensial var. Hətta Ermənistan bazarına çıxarılan məhsulların bir çoxu həmin bölgələrdə istehsal edilirdi.

Eyni zamanda Xankəndi və ətrafının iqtisadi potensialı mövcuddur, lakin iqtisadi durumu o qədər də böyük deyil. 

Qısacası, Xankəndi və ətraf bölgələrin iqtisadi həcmi heç 300 milyon dolları keçmir. Azərbaycan miqyasında da bu, çox da böyük bir rəqəm deyil. Lakin potensial var və bu potensial da ərazidəki erməni əsilli azərbaycanlılardan asılıdır. Əgər onlar Azərbaycana inteqrasiya olunmaq üçün addımlar atacaqsa, öz iqtisadi durumlarına da yaxşılaşdıra bilərlər.

– Dünyada iqtisadi böhranın pik həddə çatdığı bir zamanda Azərbaycan hökuməti həmin bölgədən tam yararlana bilərmi?

– Əslində, hələlik işğaldan azad olunmuş bölgələrlə yanaşı sülhməramlıların olduğu ərazilərin hansı iqtisadi və siyasi modellə idarə olunacağı tam oturuşmayıb. Yəni Prezidentin xüsusi nümayəndəlikləri də var, icra hakimiyyətləri də mövcuddur. İqtisadiyyat elmi dəfələrlə bunu sübut edib ki, iqtisadiyyatda atılan addımların effektivliyinin yüksəlməsi üçün ilk şərtlərdən biri idarəetmə və hüquqdur. Yəni idarəetmənin təkmilləşdirilməsi və hüquqi bazanın yaradılması əsas olmalıdır ki, bu təməlin üzərində iqtisadi inkişaf və iqtisadi potensialdan istifadə etmək mümkün olsun. Təəssüf ki, hələ də pərakəndəlik mövcuddur.

Biz hələ bilmirik ki, işğaldan azad olunmuş rayonlarda hansı işlər görüləcək. Ümumiyyətlə, oranın iqtisadi potensialının yaranması üçün hansı addımların atılacağından söz getmir. Hələlik, daha çox kənd təsərrüfatından danışılır. Özü də bizdə tarixən Laçın, Kəlbəcər və Qubadlı ənənəvi kənd təsərrüfatı və heyvandarlıq rayonları olub. 

Amma oraya köçəcək əhali artıq 30 ildən çoxdur ki, bu fəaliyyət sahəsi ilə məşğul olmayıblar, şəhərdə böyüyüblər. Məsələn, Qubadlı əhalisinin böyük əksəriyyəti Sumqayıtda böyüyüb. Loru dildə desək, onlar nə inək görüblər, nə də qoyun. Oradan uşaq vaxtı məcburi köçkün düşənlərin artıq 40, doğulanların isə az qala 30 yaşı var. Yəni onlar qayıdandan sonra heyvandarlıqla məşğul ola biləcəklərmi, onlarda bu həvəs, yaxud da imkan, bilik-bacarıqlar olacaqmı? Bütün bunlar qlobal olaraq geniş bir proqramın tərkib hissəsi olmalıdır. Ancaq elə tarixi ənənələrə söykənib hansısa bölgədə filan sahə inkişaf edəcək söyləmək məncə, o qədər də yetərli deyil.

Həmçinin oxuyun

“Növbəti müharibə Qarabağda deyil, Zəngəzurda olacaq”

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov ilə müsahibəni təqdim edirik: – Tofiq müəllim, …