Şənbə , Oktyabr 23 2021
Ana səhifə / Müsahibə / “Sülhməramlılar 2023-cü ilə qədər Qarabağdan çıxa bilər…” – Tahir Kərimli

“Sülhməramlılar 2023-cü ilə qədər Qarabağdan çıxa bilər…” – Tahir Kərimli

Qlobal siyasətdə “Soyuq müharibə”nin yeni ayaq səsləri ABŞ Prezidenti Co Baydenin Rusiya lideri Vladimir Putini “qatil” elan etməsi ilə eşidilməyə başlayıb. Artıq ABŞ və Rusiya arasındakə kəskin qarşıdurma bütün istiqamətlərdə özünü göstərməkdədir.

İki super gücün qarşı-qarşıya gəlməsinin dünyada hansı reallıqlar yaradacağı, bunun Azərbaycana mümkün təsirləri və digər gündəm mövzularıyla bağlı “AzPolitika.info” Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimlinin fikirlərini öyrənib:

– Tahir bəy, hazırda kəskin ABŞ-Rusiya qarşıdurması müşahidə edilir. Tərəflər hətta bir-birini qıcıqlandıracaq formada aşağılayırlar. Sizcə, bu münasibətlərin gələcək perspektivi və bölgəmizə təsirləri nədən ibarət ola bilər?

– Məlum olduğu kimi, indi Türkiyə bir sıra məsələlərdə Rusiya ilə müttəfiq kimi görünür. Buna misal olaraq, “Ağquyu” Atom Elektrik Stansiyası ilə bağlı əməkdaşlığı və digər bu kimi nümunələri göstərə bilərik. Ancaq Türkiyə nə etsə də, Rusiya ilə məsafə saxlayacaq. İransa bu bölgədə hədsiz dərəcədə zəifləyib. Məncə, Rusiyanı yeganə ayaqda saxlaya bilən Çin iqtisadiyyatı və Pekinlə sıx əlaqələr ola bilər. 

Amma unutmayaq ki, Çin Orta Asiyada möhkəmlənmək, habelə Rusiyanın zəifləməsi nəticəsində boş qalan torpaqların ekspansiyası siyasətindən heç vaxt imtina etməyib. Ona görə də Moskva-Pekin münasibətləri nə qədər inkişaf etsə belə, mahiyyətcə Çin Rusiyanın zəifləməsini istəyir. Burada Çinin gizli istəkləri var. Unutmayaq ki, uzun illər ərzində nə qədər çalışılsa da Pekin və Moskva arasında ticarət dövriyyəsi 100 milyard dollara çata bilməyib. Əvəzində, ABŞ-Çin münasibətləri son illər zəifləsə belə, iqtisadi əlaqələr sayəsində ticarət dövriyyəsi bir tırlyondan aşağı düşmür. Bu, onu göstərir ki, Çinə öz maraqları xatirinə daha çox Qərb lazımdır, Rusiya yox.

Düşünürəm ki, bu qarşıdurmada Rusiya köməksiz qalacaq. Yəni ABŞ-ın Rusiyaya qarşı sanksiyaları təsirli olacaq. Güman edirəm ki, ABŞ hətta Rusiyanı dünya pul köçürmə sistemindən (SWIFT) çıxara bilər.

İkinci mühüm məqam odur ki, Prezident Bayden Donald Trampdan fərqli olaraq, Avropa ilə münasibətlərin istiləşməsinin tərəfdarıdır. Hətta İranı belə, bəzi məqamlarda şirnikləndirir ki, Rusiya tərəfə çox da meyl etməsin.

Belə olan halda Avropa və ABŞ birliyi, yəni 32-35 trilyon dollar Ümumi Daxili Məhsulu(ÜDM) olan bir gücə qarşı cəmi 2 trilyon ÜDM-i olan Rusiyanın duruş gətirməsi çətinləşir. Bu mənada düşünürəm ki, ABŞ-ın hədələri boş-boşuna deyil.

– Hesab edirsiniz ki, yaxın illər ərzində sistemli formada Rusiyanın üzərinə gediləcək?

– Şübhəsiz ki, verilən açıqlamalarda və davranışlarda bu özünü göstərir. Birincisi, Rusiyaya qarşı iqtisadi sanksiyalar həyata keçiriləcək. İkincisi, ayrı-ayrı şəxslərin ABŞ və digər ölkələrdəki hesablarının dondurulmasına başlanılıb. Söhbət Rusiya lideri Vladimir Putinin yaxın ətrafında olan şəxslərdən gedir. Üçüncüsü, müəyyən sanksiyalar var ki, onlar faktiki olaraq artıq işə salınıb. Məsələn, Rusiyadan Avropaya çəkilən qaz kəmərləri. Bu kəmərlər gələcəkdə nəinki gəlir gətirməyə bilər, hətta oraya qoyulan xərclər də bata bilər.

Biz bunu tarixdə görmüşük. SSRİ-nin süqutu zamanı bu baş verib. Amerika istəsə müttəfiqləri ilə birlikdə Rusiyanın daxilində etnik münaqişələri də qızışdıra bilər. Məncə bu, Rusiya üçün böyük təhdiddir. Başqa sözlə, Rusiyanın üzərinə iqtisadi, siyasi, ideoloji, etnik münaqişələr zəminində gedilə bilər.

– Rusiyada yaxın gələcəkdə hakimiyyət dəyişikliyi ehtimalını irəli sürən mütəxəssislər kifayət qədər çoxdur. Bu yanaşmanı nə dərəcədə əsaslı hesab etmək olar, hazırda start verilən proseslər Putini hakimiyyətdən düşürə bilərmi?

– Əslində, Vladimir Putinin xəstəliyi barədə müxtəlif məlumatlar və rəylər yayılır. Ancaq mən bu deyilənləri nəzərə almağın tərəfdarı deyiləm. Bunlar sadəcə, ehtimallardır. Həmçinin, yaxın ətrafının da Putinə qarşı hansısa tədbirlər görəcəyi inandırıcı deyil. Çünki ortada çox ciddi mənafe birliyi var.

Digər tərəfdən, Putin çox ciddi şəkildə özünüqoruma sistemi yaradıb. Yəni ona qarşı qəsd cəhdləri olsa belə, bunlar ciddi nəticə verməz. Əlbəttə, Putinin getməsi hər şeyi dəyişdirə bilər. Lakin mən ümumilikdə bu ehtimalları çox zəif hesab edirəm.

Burada əsas məsələ Bayden başda olmaqla anti-Rusiya qüvvələrinin Rusiyanı sarsıtmaq xəttidir. Bu xəttin qarşısında Putin hakimiyyətdə qalsa da, qalmasa da Rusiya üçün çox çətin olacaq. Nümunə kimi deyim ki, Sovetlər İttifaqı dağılandan sonra MDB əslində SSRİ-nin ehtiyat modeli kimi qurulmuşdu. Yəni baş verənlər “mədəni boşanma” prosesi idi. SSRİ dağıldı, əvəzində MDB yarandı. 

Təsəvvür edin ki, Gürcüstan MDB-yə daxil olmadığna görə, BMT Gürcüstanı üzvlüyə qəbul etmədi. Azərbaycan və Ermənistan MDB-nin üzvü olduğu üçün martın 2-də BMT-yə qəbul edildi. Amma Gürcüstanda Qamsaxurdiya öldürüldü, Eduard Şevardnadze hakimiyyətə gəldi və elan etdi ki, MDB-yə daxil olur. Bundan sonra Gürcüstan BMT-yə üzv oldu. Hesab edirəm ki, o zaman eyni qaydada Tatarıstan və ya Çeçenistanın müstəqilliyinin rəsmiləşdirilməsinə də imkan verilmədi. Çünki Rusiya dağıla, ABŞ və Avropaya miqrasiya prosesi yaşana bilərdi. Eləcə də başqa səbəblərdən buna imkan verilmədi. İndi isə köhnə SSRİ dağılıb, o ərazidən gedən-gedib, qalan-qalıb. Yəni kəskin proseslər, miqrasiyaya səbəb olacaq hallar da yoxdur. Belə olduğu təqdirdə Co Bayden və “quzğunlar komandası” Rusiyanı iqtisadi baxımdan çökdürməkdən, bu ölkənin daxilində fəallığını artırmaqdan çəkinməyəcək. Əgər Rusiyanı beynəlxalq pul köçürmə sistemindən çıxarmaq məsələsi gündəmə gələrsə, şimal qonşumuzun özünü qoruması xeyli çətinləşəcək.

– Bəs, Bayden və müttəfiqləri Rusiyadan nə istəyir, onu zəiflətmək niyyətlərinin arxasında nə durur?

– Rusiyadan tabeçilik istəyirlər, başqa şey istəmirlər. Tramp ayrı-ayrı dövlətlərdə demokratiyanın olub-olmaması ilə o qədər də maraqlanmırdı. Çalışırdı ki, ABŞ-ı daxildən gücləndirsin. Bayden isə son 150 illik ənənəvi şüarları irəli sürür. Bu qüvvələr daha çox demokratiyanın ixracı məsələsini gündəmə gətirirlər. “Marşal planı”ndan üzü bu yana bu dəyərləri təbliğ edirlər. “Marşal planı” təkcə iqtisadi-ticari məsələ deyildi, eyni zamanda Amerika dəyərlərinin təbliği idi.

Məsələn, qardaş Türkiyə NATO-ya daxil oldu, eyni zamanda sənayedə, kənd təsərrüfatında ciddi canlanma yaşandı. Əlbəttə, bu proses Türkiyəni müəyyən mənada ABŞ və Avropadan asılı vəziyyətə saldı, lakin həm də ölkədə təkpartiyalı sistem aradan qalxdı, seçkilər məsələsi düzəldi və s. Bayden indi bu siyasəti təbliğ edir. Odur ki, Rusiyada avtoritar idarəçilik indi bu ölkənin qorunub saxlanılmasının yeganə vasitəsidir. Bayden də bu sistemin dəyişdirilməsinə çalışacaq.

– Belədə ABŞ-la Rusiya arasında hərbi qarşıdurma ehtimalı nə dərəcədə yüksək sayıla bilər?

– Əlbəttə, bu barədə hər zaman danışılır. Amma unutmayaq ki, dünyanın nüvə ehtiyatının 92 faizi ABŞ və Rusiyaya məxsusdur. Belə olan halda nüvə müharibəsi ehtimalı dünyanın 10 dəfədən çox məhv edilməsinə gətirib çıxara bilər. Yəni hadisələr hərbi müstəviyə daşınsa, bəşəriyyət məhv olar. Odur ki, silahlı qarşıdurma ehtimalı yoxdur. Əvəzində, qarşılıqlı taktiki addımlar ola bilər. Məsələn, Rusiya sərhədlərinə yaxın yerlərdə-Şərqi Avropada, cənubda və şərqdə çalışacaqlar ki, Rusiya xırda münaqişələrə cəlb edilsin. Yəni “Axilles dabanını” tapıb Rusiya ilə məşğul olsunlar. Maksimum lokal qarşıdurmalar ola bilər. Mümkündür ki, Donbasda belə hal yaşansın. Çünki Donbasda hər iki tərəfdən 100 minlərlə hərbi kontingent toplanıb. Bu da az qüvvə deyil. Rusiyanı bu formada zəiflətməyə çalışacaqlar, lakin birbaşa müharibə olmayacaq.

– Rusiyaya qarşı ciddi basqılar və iqtisadi sanksiyalar Azərbaycana hansısa dividendlər gətirə, məsələn, sülhməramlıların bölgədən çıxmasına səbəb ola bilərmi?

– Şübhəsiz ki, Rusiyanın niyyəti sülhməramlıların uzun müddət burada qalmasıdır. Məncə, müharibənin sonlarında məlum hərbi helikopter qəzasını törədənlər də Rusiyanın müəyyən qüvvələri idi. Məqsəd prosesə müdaxilə etmək imkanı qazanmaq idi ki, buna da nail oldular. Və Dağlıq Qarabağa yerləşə bildilər.

Ancaq bununla yanaşı hesab edirəm ki, Türkiyə ilə Rusiyanın yaxınlaşması güclənsə, bu proses bizim xeyrimizə olar. Bu, Qafqazda Azərbaycanın mövqeyini gücləndirər. Yox, əgər əks proseslər gedərsə, ABŞ və Avropanın Türkiyənin yanında durması şərtilə Liviyada, Suriyada, Qafqazda, Ukraynada Türkiyə – Rusiya qarşıdurması yaranarsa, bu, Rusiyanın zəifləməsinə səbəb ola bilər.

Buna paralel olaraq, nəzərə almaq lazımdır ki, mümkün xarici qarşıdurmalar Rusiya daxilində ciddi etirazlara səbəb olacaq. Çünki ölkənin iqtisadi imkanları azalır, sosial narazılıqlar artır, ABŞ-a bağlı qüvvələrin fəallığı artır və sair. Belə vəziyyətdə isə Rusiya bir sıra yerlərdə baza yaratmaq, hərbi baxımdan təmsil olunmaq niyyətindən vaz keçə bilər. Yəni tənəzzül, iqtisadi daralma buna gətirib çıxaracaq. Digər tərəfdən, Rusiya daxilində müsəlman-türk xalqlarının dirçəlişi ehtimalı var.

Ehtimallar çoxdur. Düşünürəm ki, gələcəkdə hətta Rusiya ilə Türkiyə arasında yaxınlıq, birlik olsa, bu proses Rusiyanı burada qalmağa ehtiyac olmadığına inandıra bilər. Beləcə, sülhməramlılar vaxtından tez, hətta deyərdim ki, 2023-cü ilə qədər Qarabağdan çıxa bilər.

NATO-Rusiya qarşıdurması, ticarət və təzyiq siyasəti fonunda da Rusiya üçün Dağlıq Qarabağ da daxil olmaqla ölkə xaricində hərbi qüvvə saxlamaq ağır yük olacaq.

Həmçinin oxuyun

Musa Quliyev: “Bu, bizi utandıran məsələdir”

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev ilə müsahibəni təqdim edirik: – Musa …