Ana səhifə / Müsahibə / “Sprut” filmindəki məşhur “mafioz Tano”: “Azərbaycanda bu serialın sevildiyini bilmirdim”

“Sprut” filmindəki məşhur “mafioz Tano”: “Azərbaycanda bu serialın sevildiyini bilmirdim”

Yanvar ayında Bakıda ilk dəfə keçirilən İtaliya-Azərbaycan film festivalına İtaliyadan gələn kinematoqrafçılar arasında festivalın prezidenti, məşhur aktyor və rejissor Remo Girone də var idi. O, vaxtilə “Sprut” serialında canlandırdığı Tano Cariddi obrazı ilə keçmiş sovet məkanında, o cümlədən Azərbaycanda tanınmışdı. Bakıda olarkən “Mədəniyyət” qəzetinə müsahibə verib.

– Cənab Girone, bu festivala qədər ölkəmiz haqqında təsəvvürünüz vardımı?

– Bura gələnədək Azərbaycanla bağlı məlumatım vardı. Kino sahəsində çalışan dostlarım hər zaman mənə Bakı haqqında danışırdılar. Şəhərin gözəlliyi, burada “kiçik Venesiya”nın yaradılması və s. Nəhayət ki, bütün bunları öz gözlərimlə gördüm. İçərişəhəri də gəzdik. Hətta burada öyrəndim ki, Neapol və Bakı qardaşlaşmış şəhərlərdir. Azərbaycanlı həmkarlarımız bizə maraqlı mədəni proqram təşkil ediblər. İnanıram ki, bu mədəni proqramla ölkənizi daha yaxından kəşf edəcəyəm. Bu vaxta kimi Azərbaycanda olmadığıma görə təəssüflənirəm.

– Bizim kino haqqında nə deyə bilərsiniz?

– Azərbaycan kinosu ilə bağlı o qədər də geniş məlumata sahib deyiləm. Festival çərçivəsində nümayiş olunacaq filmlər sayəsində sizin kino haqqında təsəvvürlərimin yaranacağına əminəm. Çox istərdim ki, Azərbaycan kinematoqrafçıları ilə əməkdaşlıq layihələrimiz olsun. Çünki italyan və azərbaycanlıların oxşar cəhətləri çoxdur. Burada olduğum müddətdə məlum oldu ki, Azərbaycanda italyan filmləri haqqında mükəmməl təsəvvür var. Əfsus ki, İtaliyada Azərbaycan filmləri tanınmır. Bu səbəbdən də inanıram ki, təşkil edilən ilk festival hər iki tərəf üçün müsbət nəticələr əldə etməyə kömək olacaq. Məqsədimiz ölkələrimiz arasında kino sənətinin təbliğidir.

– Ölkəmizdə sizi “Sprut” serialındakı obrazınızla tanıyıblar…

– Belə başa düşdüm ki, siz mənim daha çox mafioz və mənfi obrazlar yaratdığımı nəzərdə tutursunuz. Əslində, mən müxtəlif səpkili obrazlar yaratmağı sevirəm. Amma nədənsə, tale elə gətirdi ki, 1977-ci ildə rejissor Skuiterinin “Karleone” filmində mafioz obrazı yaratdım. Bundan sonra rejissorlar məni daha çox bu qəbildən obrazlarda görməyə başladı. Amma mənfi obrazlar da filmlərdə əhəmiyyət kəsb edir. Mən bu obrazlarla mənfi xarakterli insanın mənəvi dünyasını tamaşaçıya çatdırmağa çalışmışam. Amma “Sprut”dakı Tano obrazına qayıdaraq demək istərdim ki, 30 ildən artıq müddət keçməsinə baxmayaraq, məni bu obrazla daha çox tanıyıblar. Azərbaycanda bu serialın sevildiyini bilmirdim. Çox şadam ki, burada məni də aktyor kimi sevənlər var. Sizin rejissor Vasif Babayev mənimlə həm “Sprut” serialı, həm də rollarımla bağlı bir mütəxəssis kimi fikirlərini bölüşdü. Bu mənim üçün gözlənilməz, eyni zamanda xoş təsadüf və tanışlıq oldu.

– Ən son çəkildiyiniz film barədə məlumat verərdiniz.

– Sonuncu dəfə ötən ilin yayında premyerası keçirilən “Ford Ferrariyə qarşı” filmində rol aldım. Film ABŞ-da lentə alınıb. Amerikalı kino mütəxəssisləri ilə işləmək xoş idi. Onu da qeyd edim ki, bu filmdə yaratdığım obraz mənfi deyildi. Hazırda bir neçə film təklifləri almışam. Bilirsiniz ki, həyat yoldaşım Viktoriya Jinni də aktrisadır və hazırda mənimlə birlikdə Bakıdadır. Biz çox zaman eyni filmlərdə rol alırıq. Kino mənim həyatımdır. İnanıram ki, Tanrı kino meydançasında hələ çox rollar yaratmağıma imkan verəcək.

– Festivalın qalibləri xüsusi hazırlanmış “Zoroaster” (“Zərdüşt”) mükafatı ilə təltif olundular. Mükafatın bu cür adlandırılması nə ilə bağlıdır?

– Azərbaycanın tarixi, coğrafiyası haqqında məlumatlı olduğumuz üçün belə qərara gəldik ki, mükafatı bu cür adlandıraq. Onu da qeyd edim ki, Azərbaycanın tarixi məkanları, abidələri çox maraqlıdır. Ona görə də burada olduğum müddətdə Atəşgah məbədini, Qobustan qoruğunu ziyarət etməyə çalışacağam. Çünki Azərbaycan öz tarixi ənənələri, qədim məskən olması ilə diqqətimi çəkir.

– Festivalla bağlı mətbuat konfransında sizə çoxsaylı suallar ünvanlandı. Təəccübləndiyiniz məqam oldumu?

– Əlbəttə. Haqqımda bu qədər xoş fikirlər eşidəcəyimi güman etmirdim. Həm də burada İtaliya-Azərbaycan mədəni əməkdaşlığı və tarixi ilə bağlı maraqlı məlumatlar öyrəndim. Azərbaycanlı kino mütəxəssislərinin rollarımı şərh etməsi, kino haqqında düşüncələri məni təəccübləndirdi. İlk səfərdə Bakını sevdim.

Həmçinin oxuyun

Hindistanlı astroloq: “Azərbaycanlıları daha çox evlilik məsələsi maraqlandırır”

Bu gün bəzi Şərq ölkələrində astrologiya ən çox öyrənilən elmlərdən biridir. Bu elm vasitəsilə insanların …