Çərşənbə axşamı , Noyabr 29 2022
Ana səhifə / Müsahibə / Siyavuş Novruzovdan İrana XƏBƏRDARLIQ

Siyavuş Novruzovdan İrana XƏBƏRDARLIQ

Deputat, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Yeni Müsavat”a geniş müsahibə verib. Hakim partiyanın təmsilçisi cənub qonşumuz İranın davranışları barədə danışıb, rejim mənsublarının təhlükəli oyunla oynadığını deyib, Ermənistana da xəbərdarlıq etməyi unutmayıb:  

– Siyavuş bəy, İran Azərbaycandan nə istəyir?

-Aydın məsələdir. Söhbət tək Ermənistan mövzusundan getmir. İranda yaşayan azərbaycanlılar məsələsi var. İran Azərbaycanın müstəqilliyini de-yure qəbul etsə də, faktiki olaraq həzm edə bilmir. Bunun da nəticəsi olaraq Azərbaycan əleyhinə gedən bütün qüvvələrə kömək edir. Mənim çox yaxşı xatirimdədir, hələ o vaxt Azərbaycanın əraziləri işğal olunan dövrdə İran Azərbaycana heç bir dəstək göstərmədi. Nə beynəlxalq miqyasda, nə də digər müstəvilərdə. Hətta xatırlayırsınızsa, 1992-ci ilin mayında Azərbaycana rəhbərlik edən Yaqub Məmmədov Tehrana, danışıqlara çağırılmışdı, orda baş qarışdırdılar, Şuşa şəhəri işğal edildi. İranda general Mansur Həqiqətpur var idi, Rəhim Qazıyev onu Müdafiə Nazirliyinə götürmüşdü, guya təlimlər keçirdi. Əslində bunun funksiyası Azərbaycan postlarını gəzib, məlumatlar toplamaq, koordinatlar vermək idi. 8-ci km-də xüsusi radar qoymuşdular və o radar vasitəsilə müxtəlif saatlarda oradan Ermənistana postlarımız barədə məlumatlar ötürülürdü və Azərbaycanın strateji postları ermənilər tərəfindən bombardman olunurdu. Məhkəmə sənədlərində bu faktlar var. Azərbaycanın həm ümummilli lider, həm də cənab prezident tərəfindən həmişə İrana xoş, səmimi münasibəti olub, daim qarşılıqlı əlaqələrin qurulmasının tərəfdarı olmuşuq. Lakin İran həmişə bu münasibətlərə adekvat olmayan reaksiya verib.

– Tehran Zəngəzur dəhlizinin açılmasından təşvişə düşüb. Sizcə, niyə?

– Bu dəhlizin açılması həm Orta Asiyanın xilasıdır, həm postsovet ölkələrinin Avropaya daha rahat çıxışını təmin edəcək, eyni zamanda İranın özünün blokadadan azad olunmasına gətirib çıxaracaq. Bu dəhlizin açılması ilə İran Qara dəniz vasitəsilə Avropaya çıxış əldə edəcək. Həmçinin bu dəhliz Ermənistanın tam xilası deməkdir. Hətta Ermənistan Zəngəzur dəhlizinə bu dərəcədə etiraz etmir, amma İran etiraz edir. Qorxur ki, burada beynəlxalq sistem yarandıqda, insanlar dünyada yaşayış tərzinin nədən ibarət olduğunu görəcək. Söhbət burada rejimin dəyişilməsindən gedir. Rejim artıq insanların etirazlarını boğa bilmir…

– Deyirsiniz, yəni hadisələr İranda hakimiyyət dəyişikliyinə gətirib çıxaracaq?

– Təbii ki, əvvəlki dönəmlərdə olduğu kimi, bu dəfə də etirazları boğmağa çalışırlar. Amma dövr, zaman əvvəli deyil. Gördünüz ki, bir insanın ölümü ilə əlaqədar hansı miqyasda kütləvi aksiyalar keçirilir, demək olar bütün İran ayaq üstədir. Söhbət bir insanın öldürülməsindən ortaya çıxan etirazlardan getmir, rejimə olan nifrətdən gedir. İnsanlar etiraza qalxıb ki, bəsdirin, qurtarın, dünya ilə ayaqlaşın. İranın bu qədər sərvəti var, bundan düzgün istifadə olunsun, insanların rifah halı yaxşılaşsın, insanlar normal yaşasınlar, təhsil alsınlar. Vaxtilə iranlıların böyük əksəriyyəti Avropada təhsil alırdılar, tibb sahəsi nə qədər inkişaf etmişdi. Sonradan təhsil sistemi də pozuldu, getdi. Eyni zamanda İranda yaşayan xalqların hüquqları kobud şəkildə pozulur. İranda 35 milyondan çox azərbaycanlı yaşayır, amma ana dilində bir dənə məktəbi yoxdur. Nə oldu, erməninin məktəbi olur, amma azərbaycanlının olmur? Nəyə əsasən? Hansı ki, bu torpaqlar azərbaycanlıya məxsusdur.

– 13 sentyabr erməni təxribatı nəticəsində baş verən sərhəd toqquşmalarından sonra İran parlamenti iki dəfə xüsusi iclas keçirib, Ermənistanın sərhədlərini “qırmızı xətt” elan edib, Azərbaycana qarşı təhdidlər səsləndirilib. Azərbaycan Milli Məclisi İranda, Güney Azərbaycanda yaşayan milyonlarla azərbaycanlının taleyi ilə bağlı xüsusi iclas keçirə bilməzmi?

– Biz dəfələrlə demişik ki, heç bir ölkənin daxili işlərinə qarışmırıq. Xatırlayırsınızsa, cənab prezident demişdi ki, Azərbaycan tərəfindən İrana qarşı hər hansı ölkənin ordusundan istifadə oluna bilməz. Hətta bəzi səbəblərə görə biz səfirlik də açmırıq ki, münasibətlər korlanmasın.

– Amma Ermənistanın məsələn, İsraildə səfirliyi var, bunun qarşılığında Tehrandan İrəvana hər hansı təpki yoxdur…

– Bəli. Dediyim kimi, Azərbaycanın xoşməramlı mövqeyinin qarşılığında İran adekvat addımlar atmır. Mən onların parlament dinləmələrinə qulaq asdım. İqtidar partiyasının nümayəndəsinin nümayəndəsi deyir bizim səhvimiz ondan ibarət oldu ki, 44 günlük müharibədə Ermənistana lazımi hərbi yardım göstərmədik. Yəni göstərsəydik, hadisələr bu cür cərəyan etməzdi. Bununla da açıq şəkildə təhdid edir. Biz də təbii ki, açıq şəkildə mövqe qoymalıyıq: Azərbaycanın daxili işlərinə, siyasətinə qarışmaq, ərazi bütövlüyümüzə xələl gətirmək, Azərbaycanın haqq işini “təcavüz” kimi qiymətləndirmək cəhdlərini cavabsız buraxmamalıyıq. Bəli, artıq hər şey bəllidir. Hər bir ölkənin öz maraqları var və o maraqları ifadə edir. Biz də öz xalqımızın, dövlətimizin maraqlarını ifadə etməliyik. Ərazi bütövlüyümüzü təmin etmişik, bundan sonra digər ərazilərimizlə bağlı məsələləri gündəmə gətirməliyik.

– Deputat həmkarınız Fəzail Ağamalı son iclasda çağırış edərək bildirdi ki, Qarabağa sahib çıxdığımız kimi, tarixi torpaqlarımızla bağlı da mövqeyimizi qəti şəkildə ortaya qoymalı, “bizim heç bir ölkənin torpaqlarında gözümüz yoxdur”, deməkdən çəkinməliyik. Sizin mövqeyiniz necədir?

– Tamamilə doğrudur. Biz Ermənistana təqdim etdiyimiz 5 şərtdə əsas iki prinsipi qoymuşuq. Birincisi, BMT-yə daxil olanda Azərbaycanın tanındığı ərazi; ikincisi, MDB-yə daxil olanda, Almatıda keçirilən toplantıda qəbul olunmuş prinsiplər. Orda göstərilir ki, heç bir ölkə digər ölkənin ərazi bütövlüyünə xələl gətirməməlidir.

– Amma Ermənistan bu öhdəlik və prinsipləri də pozub…

– Bəli, Ermənistan buna qol çəkib, amma öhdəliyinə sadiq olmayıb. Nə BMT-nin qətnamələrinə, prinsiplərinə sadiq oldu, nə də MDB-nin.

– Hətta Azərbaycan Xalq Cümhuriyyəti İrəvanı güzəştə gedəndə Ermənistan öhdəlik götürmüşdü ki, bir də Azərbaycan ərazilərinə iddia etməyəcək…

– Tamamilə doğrudur. O vaxt Azərbaycan Demokratik Respublikasının parlamenti İrəvanı paytaxt kimi Ermənistana ona görə verdi ki, Azərbaycanın digər ərazilərinə bir daha iddia etməsin, göz dikməsin.

– Amma nəinki öhdəliyini pozdu, iddiasını davam etdirdi, hətta 9 min kv.km-lik Ermənistanın ərazisi qısa müddətdən sonra 29 min kv.km-ə çatdırıldı.

– Bəli, Zəngəzuru ilhaq etdilər. Ermənistan tarix boyunca şərtləri pozub, öhdəliklərə əməl etməyib. Belə olan təqdirdə Azərbaycan da şərtlərini ortaya qoymalıdır. Əgər Ermənistan mövcud şərtlərlə razılaşmırsa, biz 1828-ci ildən, Türkmənçaydan başlamalıyıq. Türkmənçaya baxın, görün bu bölgədə erməni yaşayıb, yaşamayıb? Baxın, bu ərazidə kim yaşayıb? İrəvan əhalisinin neçə faizi erməni olub? Kifayət qədər tarixi faktlar var. Mən hələ çox qədimə getmirəm. 1905-ci ildə Rusiya Dövlət Dumasına seçilənlərin tərkibinə baxaq. Dumaya İrəvandan üzv seçilənlərin hamısı azərbaycanlılar idi. Həmçinin Qarabağdan seçilənlərin. Ola bilər ki, parlamentdə işləyən bərbər, ya pinəçi erməni olub. Amma 1, 2, 3-cü Çar Dumasının tərkibində azərbaycanlılar olub.

– Bu da faktdır ki, Xalq Cümhuriyyəti parlamentində İrəvanı təmsil edən azərbaycanlı deputatlar İrəvanın güzəşt edilməsinə qarşı çıxıblar…

– Bəli, etiraz ediblər.  Bütün bunlar tarixi faktlardır. Həm də hazırda bizimçün tarixi şans yaranıb. Makronun da qabaqdangəlmişliyi ondan irəli gəlir ki, Azərbaycan ikinci mərhələyə keçəndə artıq bu şərtləri qoyacaq. Ona görə də indidən “işğalçılıq siyasəti”, “ərazi iddiası” kimi adlandırır ki, Azərbaycan növbəti mərhələdə bu addımları atmasın.

– Əgər Ermənistan Zəngəzur dəhlizinin açılmasına sonadək müqavimət göstərərsə, Azərbaycan ordunun gücü ilə Naxçıvana yol aça bilərmi?

– Tam şəkildə. Azərbaycan ordusu tam NATO standartlarına uyğun güclü ordudur. Hələ mən Naxçıvanda olan Əlahiddə Ordusunu əlavə etmirəm. Hələ Əlahiddə Ordu bu məsələlərə qarışmır. Ən güclü qoşun növlərindən biridir, İrəvan da hava yolu ilə Naxçıvanın 60-70 km-liyindədir. Həmçinin Azərbaycanın Ermənistanın tərkibində olan digər şəhər və kəndləri “bir addımlıq”dadır. Yaxud Laçın dəhlizi ilə Şahbuz arasındakı məsafə cəmi 40 km-dir. Batabatın üst hissəsindən, Salvartıdan baxırsan, Laçının bütün kəndləri, həmçinin Laçın şəhəri, Kəlbəcər ərazisi gözün qarşısındadır. Vaxtilə biz oradan baxardıq. Yəni balaca bir dəhlizdir. Azərbaycan ordusu həm o tərəfdən, həm də bu tərəfdən o dəhlizi bir neçə gün ərzində keçə bilər. Ona görə də ermənilər Azərbaycanın xəbərdarlığına ciddi yanaşmalıdır. Bu gün dünyanın əksər bölgələrində müharibələr gedir. Biz müharibə istəmirik, sülh tərəfdarıyıq, istəyirik ki, Ermənistan da ağıllansın, başa düşsün, iqtisadiyyatını bərpa eləsin. Bu yaxınlarda cənab Ərdoğan da jurnalistin suallarına cavabında dedi ki, biz Ermənistanla sərhədlərimizi açmağa hazırıq, Azərbaycanın şərtlərini qəbul etsin, sərhədi sabah açaq. Türkiyə sərhədlərini açandan sonra Ermənistanın birbaşa Avropaya çıxışı olacaq. Ermənistan tam Avropanın ortasındadır, bunu gərək dərk eləsinlər. Əslinə baxsan, Ermənistan əhalisi bunu dərk edir və dərk etdiklərinə görə də ikinci dəfə Paşinyana səs verdilər, təsəvvür edin, məğlub olan Ali Baş Komandana. Ona görə səs verdilər ki, Azərbaycan və Türkiyə ilə sərhədlər açılsın və münasibətlər düzəlsin. Lakin bu gün ən neqativ rolu İran oynayır.

– İranın Araz kənarında keçirdiyi hərbi təlimlərin qarşılığında Azərbaycan və Türkiyə elə üzbəüz bölgədə birgə təlimlər keçirə bilərmi?

– Birincisi, İran dərk eləsə, bu gün onun öz vəziyyəti çox acınacaqlıdır. Daxildə vəziyyət çox gərgindir, xaricdə də düşmənləri məqam gözləyir. İran bilməlidir ki, Azərbaycana qarşı hər hansı bir addım atsa, müttəfiqimiz olan dövlətləri – Türkiyə, Pakistan, İsrail və Əfqanıstanı qarşısında görəcək. Bunu açıq şəkildə bilməlidir. Bu gün İranın Pakistan, Türkiyə, yaxud da Əfqanıstanla müharibə aparmaq imkanları məhduddur.

– Hələ ABŞ-ı bir kənara qoyuruq…

– Bəli, hələ mən o dövlətləri bir tərəfə qoyuram.

– Faktiki olaraq İran Rusiya-Ukrayna müharibəsində də tərəfə çevrilib və bu, gərginliyi tətikləyən amildir. Siz bu haqda nə düşünürsünüz?

– Artıq Ukrayna bəyan etdi ki, Kiyevə atılan atılan PUA-lar İrana məxsusdur, o cümlədən Ukraynadakı insan tələfatına görə də İran da məsuliyyət daşıyır.

– İran sanki anti-Azərbaycan davranışları ilə rəsmi-Bakını anti-İran koalisiyasında yer almağa vadar etmək istəyir, elə deyilmi?

– Bəli. Bununla da İran bu davranışı ilə “qarğa, məndə qoz var” deyir. Bu məqamda Azərbaycanla əl-ələ verib, tez dəhliz açılsın, biz də qoşulaq, embarqodan çıxaq deməkdənsə, Orta Asiyadakı Türdilli dövlətlərin iştirak etdiyi proseslərə qoşulmaqdansa, tamamilə səhv istiqamətdə, səhv mövqedə durur. Amma bu dəfə dövr əvvəlki deyil. Pişəvəri, Səttarxan, Xiyabaninin vaxtında olan dövr deyil ki, İran qırsın, dağıtsın, öldürsün, heç kim də heç nə deməsin. Artıq bütün dünyanın nəzarəti bu ölkəyə yönəlib, hər kəsin qənaəti budur ki, dinc etirazçıların üstünə ordu yeritmək olmaz. İran vadar etməsin ki, Azərbaycan cənublu qardaşlarına müraciət etsin. İkinci tərəfdən, keçən dəfə Pakistan çox gözəl bir xəbərdarlıq etdi. Dedi elə etməyin ki, Pakistanın bayraqları Tehranda dalğalansın. Bu yaxınlarda cənab prezidentlə Pakistanın baş naziri görüşərkən dedi ki, bir ürək iki bədənik. Yəni Azərbaycanla Pakistanı nəzərdə tuturdu. Türkiyəni demirəm, Türkiyə və Azərbaycanın qardaşlığı müzakirə mövzusu ola bilməz. Yəni İran rejiminin mənsubları bu vəziyyətdə əmmamələrini qabağa qoyub, fikirləşsinlər!

Həmçinin oxuyun

“Elçibəy rus ordusuna toxunmasa idi, hakimiyyətdə qala bilərdi”

Özü isə hər şeydən bixəbər uşaqlıqdan zəhmətə alışa-alışa böyüyürdü. Özünün dediyi kimi: “Həyatın yolları həmişə …