Bazar , Noyabr 18 2018
Ana səhifə / Müsahibə / Saakaşvili qayıdarsa, Tiflisdə nələr olacaq? – Müsahibə

Saakaşvili qayıdarsa, Tiflisdə nələr olacaq? – Müsahibə

Gürcüstanda prezident seçkilərinin ikinci turu öncəsi yaşanan siyasi proseslərlə bağlı Vahid Milli Hərəkat Partiyasının Qardabani rayonu üzrə lideri, eks-deputat Ramin Bayramovun Axar.az-a müsahibəsini təqdim edirik:

– Müxalifət, o cümlədən sizin partiya birinci mərhələdə böyük uğur qazandı. İkinci mərhələdə müxalifətin strategiyası nədən ibarət olacaq?

– Hazırda ümumi strategiyamız hakimiyyətin böyük məğlubiyyətindən yararlanaraq, daha aktiv seçkiqabağı fəaliyyət aparmaqdır. Gürcü Arzusunun bütün şantajları, administrativ resurslarından hər cür istifadəsinə rəğmən, bu, dağıdıcı məğlubiyyət idi. Ona görə də indi onlar təzyiqlərini gücləndirməyə başlayıblar. Digər tərəfdən, seçkinin gələcəyinə inanmayan, hökumətin onların səslərini saxtalaşdıracağını düşünən seçicilər seçkinin birinci turunda kifayət qədər passiv idilər. İkinci mərhələdə bu cür düşünən şəxslərin daha aktiv şəkildə seçkidə iştirak edəcəyinə inanıram. Əvvəllər seçkinin nəticəsinə inamı olmayan insanlarda artıq stimul yaranıb. Sözsüz ki, bu, Qriqol Vaşadze və onun qələbəsi sayəsindədir.

– Saakaşvilinin özü də müsahibəsində hakim partiyanın müəyyən təzyiqlər həyata keçirəcəyini bildirmişdi. Ümumiyyətlə, bu təzyiqlər xüsusən azərbaycanlıların yaşadığı bölgələrdə necə müşahidə edilir?

– Birinci turda qeydə alınan nəticələrdən sonra Gürcü Arzusu Vahid Milli Hərəkat Partiyasının aktivistləri və seçicilərinə qarşı təzyiqlərini gücləndirib. Bu təzyiqlər xüsusilə müxalifətin qələbə qazandığı rayonlarda güclüdür. Təəssüf edirəm ki, bu istiqamətdə zərbələrdən biri mənə və komandama vurulur. Bizim bəxtimiz gətirib ki, yanımızda Dmitri Şaşkin (Saakaşvili dönəmində Gürcüstanın müdafiə naziri – red.) kimi insan yer alıb. O, bu zərbələrin müəyyən hissəsini öz üzərinə götürür və bizə böyük dəstək nümayiş etdirir. Hökumət özünün köhnə, çirkli metodlarından istifadə etməyə başlayıb. Şevardnadzenin dönəmində bizə və partiyamıza qarşı tətbiq edilən metodlar indi daha təkmilləşdirilmiş formada həyata keçirilir. Ənənəvi olaraq, ilk zərbəni gənclərə vururlar. Onlara orduya çağırmaqla təzyiq etməyə çalışırlar. İstəmirəm ki, məni orduya qarşı olan şəxs kimi anlasınlar. Burada məsələ bir qədər fərqlidir. Belə ki, orduya yalnız onlara qarşı çalışan, fərqli siyasi qüvvəni müdafiə edən gənclər dəvət edilirlər, amma eyni zamanda məmurların oğulları, qardaşları kənarda dayanır və orduya çağırılmırlar. Digər tərəfdən, Qardabani merinin müavini Dünyamalı Hacıyev və təəssüf ki, deputat Savalan Mirzəyev də təzyiq prosesində iştirak edirlər. Onlar xüsusi xidmət orqanlarının göndərdiyi direktivlər əsasında azərbaycanlı gənclərlə görüşürlər. Güc strukturlarından da böyük təzyiqlər var. Güc strukturları dedikdə mən daha çox təhlükəsizlik xidmətini nəzərdə tuturam. Bizdə onları köhnə formada KQB adlandırırlar. Bu qurumlar xüsusilə bizim bölgələrdəki liderlərimizə və nümayəndələrimizə təzyiqlər edirlər. Bu qurumların daxili siyasətə, özəlliklə də seçki prosesinə müdaxilə etməyə heç bir haqları yoxdur. Əgər bizim ciddi faktlarımız olsa, onlar bundan çox əziyyət çəkəcəklər. Onlar seçkiyə müdaxilə etməklə dövlətin maraqlarına zərbə vururlar. Etiraf edək ki, bu şəxslərlə mübarizə çox çətindir. Biz onlar barədə məlumat aldıqda onlara aid izlər dərhal yoxa çıxır.

– Aktivistlərə daha çox nə təklif edilir?

– Bizim gənclərimiz özləri də etiraf edirlər ki, onları icra qurumları və xüsusi xidmət orqanları dəvət edərək, 1000 lari təqdim edib, sadəcə Ramin Bayramovun yanından uzaqlaşmalarını istəyirlər. Onlar bundan imtina etməyə başlayanda təhdidlərə start verilir və onlara buna görə başlarının ağrıyacağı bildirilir, dövlətə qarşı çıxmalarının səbəbi soruşulur. Xoşbəxtlikdən bizim dəvət edilən gənclərimizin çoxu hazırlıqlı olublar və dövlətə qarşı yox, hökumətə qarşı getdiklərini söyləyiblər. Bununla bərabər, mən və komandam barədə də inanılmaz şayiələr yayılır. Bəzən hətta özlərinin inanmadıqları şəxslərdən seçkidə səs verdikdən sonra fotosunu çəkib, onların verdikləri telefon nömrəsinə göndərilməsini tələb edirlər. Biz bu istiqamətdə də ciddi işlər aparırıq. İnsanlara anladırıq ki, əgər onlar sizdən foto çəkməyinizi istəyirlərsə, o zaman bunu edin. Belə ki, siz bülletendə onların istədiyi şəxsə səs verin və daha sonra bunu çəkib sizdən istəyənlərə göndərin, amma bundan sonra həmin işarələdiyiniz hissəni qaralayıb, istədiyiniz adama səs verin. Ona görə ki, bizim qanunda belə bir müddəa var ki, əgər bülletendə hansısa namizədi tam dəstəklədiyiniz açıq formada əks olunarsa, o zaman bu bülleten ləğv edilmir. Onlar bizim bu qədər hazırlıqlı olacağımızı və bu cür təşkilatlanacağımızı düşünmürdülər. Bu yaxınlarda hətta mənə bir qeyd təqdim edilib. Bu, bizim aktivistlərdən biri vasitəsilə bizə çatdırılıb. Burada Dünyamalı Hacıyevin səsi qeyd olunub, hansı ki, o burada insanları Quran və çörəyə and içməyə məcbur etdirilməsiylə bağlı əmr verir.

İnsanlar M.Saakaşvilinin yenidən geri qayıtmasını istəyirlər. İnsanlar yuxarı dairələrdə hökm sürən kriminalın, korrupsiyanın yox olmasını, fəlakətli iqtisadi situasiyanın aradan qalxmasını istəyirlər. Təsəvvür edin ki, mən görüş keçirdiyim bölgələrdən birində insanlara “kimin krediti yoxdur” sualını verdim, heç kim əlini qaldırmadı. Məndə olan başqa informasiyaya əsasən, bir sıra insanlar var ki, xüsusi xidmət orqanları onlara böyük ciplər veriblər. Bu maşınlardan azərbaycanlıların yaşadığı ərazilərə gedib, onların qorxudulması üçün istifadə olunması nəzərdə tutulub.

– Müxalifəti əhalinin hansı kəsimi müdafiə edir?

– Bizi əvvəllər sadə insanlar dəstəkləyirdilər. Bunlar kəndçilər, fəhlələr və digərləri idi. Bundan sonra bizə kiçik və orta biznes də qoşuldu. Hazırda böyük biznesin də bizə marağının olduğu hiss edilir. İndi elə bir situasiya yaranıb ki, o, artıq bütün ailələrə, onların büdcələrinə, təhlükəsizliklərinə təsir edir. Etnik baxımdan məsələyə yanaşdıqda isə əvvəllər azərbaycanlılar daha aktiv idilərsə, indi biz etnik gürcülərin də bizim tərəfə axın etdiyini müşahidə edirik. Etnik gürcülər isə başlarını qaldıranda o zaman hökumət üçün çox ağır olur.

– Sizin partiya və xüsusilə Saakaşvilini populizmdə ittiham edirlər. Bəzən sizə qarşı aparılan təbliğatda hakimiyyətə gələcəyiniz təqdirdə verdiyiniz vədləri icra edə bilməyəcəyiniz deyilir…

– Qətiyyən elə deyil. Haqlı olduğumu göstərəcək məqamlara toxunmaq istəyirəm. Bizim partiyanın lideri Mixail Saakaşvilidən başlayaq. Saakaşvili hakimiyyətə gələndə çox gənc idi. Yadınızdadırsa, o deyirdi ki, mən büdcəni qısa zaman ərzində bir neçə dəfəyə qədər qaldıracağam. O zaman hər kəs gülürdü, amma o bunu bacardı. Mixail Saakaşvili deyəndə ki, təqaüdləri 100 dollar edəcəyəm, o zaman hər kəs ona gülür və inanmırdı. Amma o bunu etdi. İndiki dövrdə bizim partiya təqaüdləri 400 lari edəcəyini deyir, lakin heç kim bizə gülmür. Bizi yalnız Gürcü Arzusu populist adlandırır, xalq isə belə demir. Onlar inanırlar ki, Saakaşvili nəyi deyibsə, onu da icra edəcək. Saakaşvili Acariyada nizam yaradacağını deyəndə hər kəs bizə gülürdü. Lakin Saakaşvili Acariyada da, Cavaxetiyada da nizam yarada bildi. Kvemo-Kartlidə azərbaycanlılara qarşı diskriminasiya siyasəti vardı, bu problemi məhz onun dövründə, bəzi bir sıra nüansları çıxmaq şərtiylə, həll etmək mümkün oldu. İndi isə Gürcü Arzusuna keçək. İvanişvilinin özü əhaliyə inanılmaz şeylər vəd etmişdi. Bəs indi onlar haradadır? Saakaşvili demişdi ki, 100 yeni xəstəxana yaradacaq və o bunu yaratdı. Bəs İvanişvilinin vəd verdiyi zavodlar haradadır? Bunlar faktlardır. Bunu hər kəs görüb. O zaman burada kim daha çox populist olur?

– İvanişvili verdiyi bəyanatda hökumətin səhvləri olduğunu, amma buna rəğmən müxalifətə səs verilməməsi gərəkdiyini bildirdi. Bu çıxışın arxasında nə dayanır?

– Seçkinin nəticələri göstərdi ki, hakim partiyaya inam yoxdur. Seçici açıq şəkildə mesajını verdi. İvanişvili anlayır ki, onlar hansı səs faizi ilə uduzublar. O özü də gözəl bilir ki, mövqelərini itirməyə başlayıb. Çıxışı zamanı o, solğun və özünə inamsız idi. İvanişvili çıxışı zamanı faktiki olaraq seçicilərə müraciət etmədi, onun müraciəti ona yatırım edən insanlara idi, hansılar ki, rayon və kənd səviyyəsində əhalini qorxudan, seçicilərə təzyiq edən, onları aldadanlardan ibarət olublar. O özündən – onların yanından ayrılanları çox yaxşı bilir. Çətin ki, bu şəxslərdən hansısa biri bu dəfə öz xalqına qarşı gedə bilsin. Digər tərəfdən, müəyyən idarəçilər də birinci turdan sonra panikadadırlar. Onlar anlayırlar ki, biz onları sıralarımıza qəbul etməyəcəyik. Ona görə də qorxurlar. Bu gün onlar çıxıb əhaliyə vəd verə bilmirlər, onlar əhalini qorxuda da bilmir, çünki qarşılarında bunların hamısından keçmiş təşkilatlanmış müxalifət var. Yerdə qalan yeganə vasitə seçicini satın almaqdır, amma seçici də bu yoldan keçib. O bilir ki, pulu cibinə qoyub başqasına səs vermək mümkündür.

– Xüsusən hakim partiya və rus ekspertlər müxalifətin qalib gələcəyi təqdirdə ölkədə vətəndaş müharibəsinin başlayacağını iddia edirlər. Buna zəmin varmı?

– Vahid Milli Hərəkatdan öncəki dönəmdə – Şevardnadzenin zamanında belə “stabillik pozulacaq” kimi iddialar söylənilirdi. Bunların hamısı boş şeylərdir. Heç bir vətəndaş müharibəsi olmayacaq. Gürcüstan cəmiyyəti kiminlə, necə mübarizə aparacağını müəyyən edib. Gürcüstan cəmiyyəti hər zaman bu ayrılıq hissini salmağa çalışanlara qarşı çox yaxşı konsolidasiya olmağı bacarır. Burada heç bir müqavimət ola bilməz. Bizim partiya, bizim koalisiya hakimiyyətə yalnız demokratik yolla gələcək. İvanişvili bilir ki, Vaşadzeni xalq seçəcək və onun legitimliyi məsələsi çox həssas olacaq. Belə ki, ondan əvvəl seçilən prezident İvanişvili və vədləri sayəsində hakimiyyətə gəlib. Fərq burada böyükdür. Bizim prezidentimizin təsiri çox güclü olacaq. İvanişvili anlayır ki, Saakaşvilinin özü qayıdacağı təqdirdə onun hakimiyyəti parçalanmağa başlayacaq. İndi o bütün yollardan istifadə edəcək ki, özünü, şəxsi sərvətini və yatırımlarını qoruya bilsin.

VIPedu.BIZ

Həmçinin oxuyun

“Hamını tənqid edən Flora Kərimovanın vannada şəkil paylaşması…” – “Faytonçu” Nazim

Onunla noyabrın 29-u Heydər Əliyev Sarayında baş tutacaq konsertindən, televiziyaların və şou-biznesin durumundan danışdıq: – …