Şənbə , May 25 2024
Ana səhifə / Müsahibə / Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış aktrisa Şəfiqə Məmmədova birləşmə qurultayında Azərbaycan Kinematqrafçılar İttifaqının (AKİ) sədri seçilməsə də, indiyədək ofisdəki kabinetini yeni sədr Rasim Balayevə təhvil verməyib.

KONKRET.az bu və başqa məsələlərlə bağlı AKİ-nin katibi Əli İsa Cabbarovla söhbət edib.

– AKİ birləşmə qurultayından sonra rəsmi qeydiyyatla bağlı Ədliyyə Nazirliyinə müraciət edib. Yeni xəbər varmı?

– Ədliyyə Nazirliynin AKİ-nin rəsmi qeydiyyatı ilə bağlı qərarı yaxın günlərdə aydın olacaq.

– İddia var ki, Kinematoqrafçılar İttifaqlarının birləşmə qurultayından sonra Şəfiqə Məmmədova sədr seçilməsə də, indiyədək AKİ-dəki kabinetini təhvil verməyib. Bu, doğrudurmu?

– Şəfiqə xanım Məmmədova AKİ İdarə Heyətinin (İH) üzvüdür və görkəmli kino xadimidir. Hazırda AKİ sədri Rasim Balayev onunla sıx əməkdaşlıq edir. O da AKİ rəhbərliyində təmsil olunacaq. Ona görə də İdarə Heyətinin üzvünün AKİ-nin ofisində iş otağının olması təbiidir.

– Məgər bütün İH üzvlərinə ayrıca iş otağı veriləcək?

– İH üzvləri arasından ittifaqın katibləri seçiləcək və onların iş otaqları olacaq.

– Qurultay zamanı Şəfiqə Məmmədovanın sədrliyi dövründə neqativ hallara yol verildiyi barədə faktlar səsləndirilib. Belə şəxsin yeni komandada hansısa vəzifə tutması, məsələn, katib olması mümkündürmü?

– İH üzvlərini, o cümlədən Şəfiqə xanımı da qurultay yekdilliklə seçib. Hər iki ittifaqda milli kinomuzun görkəmli xadimləri var. Birləşən sədrlər deyil, yüzlərlə kinematoqrafçıdır. Hər şeyi isə onların səsverməsi həll edir. Məhz kinematoqrafçılar hər iki ittifaqın nümayəndələrinin təmsil olduqları İH formalaşdırıblar. Hətta müzakirələr zamanı İH üzvlüyünə daha 5 nəfərin adı əlavə edilib. Qurultay birlik qərarı verib və onun qərarı Nizamnaməyə əsasən, ən ali qərar hesab olunur. Birliyin üstünlüyü ondadır ki, pərakəndə, dağınıq şəkildə əldə edilə bilməyən müsbət nəticələrə nail olaq. İndiyədək olan pozitiv və neqativ təcrübəni nəzərə alıb, yeni səhifə açmalıyıq. Hədəf şəxslər deyil, milli kinomuzun inkişafıdır.

– AKİ hazırda hansı layihələri həyata keçirir? Qeydiyyata alındıqdan sonra qurumun fəaliyyətində hansı dəyişikliklər gözlənilir?

– AKİ hazırda Kino Məktəbi, “Rakurs” kino bülleteni, kinoyazar.az, kinoinfo.az sayt layihələrini həyata keçirilir. Azbüdcəli filmlərə maliyyə dəstəyi, kinematoqrafçıların xarici səfərlərinə maliyə dəstəyi, onlara sosial yardımın göstərilməsi, kino dərsliklərinin çapı, milli və xarici filmlərin nümayişi və müzakirəsi istiqamətində fəaliyyət göstərilir. Fəaliyyətimizin hesabatı aki.az saytında təqdim edilir. Strateji məqsədlərimiz ədəbiyyat və kino, biznes dünyası və kino bağlarını inkişaf etdirməkdir. Bu məqsədlə də planlarımızda aidiyyatı mövzu üzrə iş görüşlərinin təşkili var.

Həmçinin oxuyun

Zərdüşt Əlizadə: “İsa Qəmbər, Arif Hacılı sübut etdilər ki, inanılası insanlardırlar”

Politoloq Zərdüşt Əlizadə “AzPolitika”-ya müsahibəsində İranda ölkə başçısının ölümü ilə nəticələnən məlum helikopter qəzası, Azərbaycanla …