Bazar ertəsi , Yanvar 30 2023
Ana səhifə / Müsahibə / “Rusiya Qarabağı ələ keçirməyə çalışır” – Sərdar Cəlaloğlu

“Rusiya Qarabağı ələ keçirməyə çalışır” – Sərdar Cəlaloğlu

Azərbaycan-Ermənistan münasibətləri yenidən kəskinləşir. Ermənilərin Qarabağdakı təbii sərvətləri qanunsuz istismar etməsinə qarşı azərbaycanlı ekofəalların Xankəndi-Laçın yolunda etiraz aksiyası artıq 27-ci gündür davam edir, eyni zamanda rəsmi İrəvan sülh danışıqlarından yayınır, separatçı Vardanyan isə “son damla qanımıza” qədər vuruşacağıq deyir.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Reyting.az-a müsahibəsində bildirib ki, ümumən regionda yeni və bizim üçün gözlənilməz heç nə baş vermir:

– Mənim bundan əvvəlki proqnozlarım var. Deyirdim ki, Ermənistan azı iki il müddətində Azərbaycanla sülh müqaviləsi imzalamaqdan qaçacaq, prosesi uzadacaq. Məqsədi də Rusiya-Ukrayna müharibəsinin necə başa çatmasından asılı olaraq qərarlar verməkdir.

İkincisi, Ermənistan müharibədən sonra yeni Qarabağ siyasəti aparır. Formal olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Qarabağdan imtina edir, əvəzində isə Qarabağı məsələsini Rusiyaya ötürür. Vardanyan sindromu da bunun nəticəsidir. Bu, problemin arxasında Ermənistanın deyil, məhz Rusiyanın dayandığına işarədir.

Vardaniyanın bütün hərəkətləri məhz Rusiya dövləti tərəfindən hazırlanır və plan üzrə aparılır. Düşünmək olmaz ki, Vardaniyanı Rusiya göndərməyib. Ruslar belə desə də, əsası yoxdur, yalan və riyakarlıqdır.

Bizə bəllidir ki, Vardanyanı Qarabağa Rusiya göndərib, onun atdığı addımlar da Rusiya tərəfi ilə razılaşdırılır. Hətta Vardanyan Rusiyaya arxayın olduğu üçün Azərbaycanı müharibə ilə hədələyir. Artıq Ermənistan ortada yoxdur. Onların hesablamalarına görə, Xankəndi şəhərində müharibə başlasa, tərəf kimi arxalarında Rusiya dayanacaq. Amma suverenliyimizi bərpa etmək istəyiriksə, qarşımızda kimlərin dayanmasının bizim üçün əhəmiyyəti olmamalıdır. Ona görə də Azərbaycan Xankəndi iqtisadi zonasını istənilən üsulla öz suverenliyinə daxil etməyi nəzərdə tutur.

Beynəlxalq hüquqa görə, bərabər suverenlik hüququ var. Bu hüquqla hər bir dövlət öz suverenliyini necə qoruyursa, digər dövlətin də o cür qorumaq haqqı var. Yəni bu gün Rusiya öz suverenliyini necə qoruyursa, Azərbaycanda elə qoruya bilər. Və ya ABŞ öz ərazisində yeni subyektlərin yaranmasına necə yanaşırsa, Azərbaycanın da o cür yanaşmaq hüququ var. Bunu mən deyil, beynəlxalq hüquq deyir. Qısası, ABŞ və Rusiya öz suverenliyini necə qoruyursa, biz də elə qorumalıyıq.

Üçüncüsü, Azərbaycan hiss edir ki, Rusiya və Ermənistan üçtərəfli bəyanata zidd addımlar atır. Yəni, məqsədləri Qarabağda Azərbaycanın suverenliyini təmin etmək, Ermənistan-Azərbaycan münasibətlərini yoluna qoymaq deyil, əksinə, Qarabağın Azərbaycandan başqa adla, prinsiplə qoparılmasıdır. Ona görə də məqsəd müharibə ilə bu əraziləri azad etmək olsa belə, biz iradəmizi ortaya qoymalıyıq.

– Nəyi nəzərdə tutursunuz?

– Ruben Vardanyanın verdiyi bəyanatların ruhuna uyğun olaraq biz də qəti şəkildə bəyanatlarımızı verməliyik. Deməliyik ki, orada separatçıların son nəfəri qalana qədər Azərbaycan mübarizə aparacaq və separatçılardan ərazimizi təmizləyəcək. Bəyan olunmalıdır ki, kim Azərbaycan dövlətinin vətəndaşlığını qəbul etməyib Qarabağda yaşayırsa, həmin şəxs bizim üçün separatçıdır, terrorçudur, Azərbaycan qanunlarını pozan cinayətkardır. Onları da istənilən üsulla məhv etmək hüququmuz var. Azərbaycan bu məsələni beynəlxalq ictimaiyyətə də çatdırmlıdır. Bundan sonra Qarabağda yaşayan ermənilərdən kim istəyirsə vətəndaşlığımızı qəbul etməlidir. Qəbul etməyənlər Qarabağdan getməlidir. Tərk etməyənlər isə Vardanyanın dediyi kimi, “son “damla qanına” qədər döyüşsün” və məhv edilsin.

– Siz müharibə ehtimalını ciddi sayırsınız?

– Hazırda onların real hesab etdikləri güc Rusiyadır. İndiki şərtlər daxilində Rusiyanın Azərbaycan, Türkiyə və Türk Dövlətləri Birliyi ilə müharibə aparmaq kimi avantajı yoxdur. Hazırda Rusiya təklənib və Ukrayna müharibəsindən çıxmaq üçün bir bəhanə axtarır. Amma ona belə bir bəhanəni heç kim verməyəcək.

Baxın, ötən gün Rusiya birtərəfli qaydada atəşkəs elan etdi, amma Ukrayna atəşkəsi qəbul etmədi. Çünki Ukraynanın tam qələbəsi üçün Qərbdən müxtəlif silahlar verilir, Rusiya isə təklənmiş vəziyyətdə müharibədə iştiraka məcburdur. Yəni Rusiya müharibədən daha ağır itkilərlə çıxmalı olacaq. Əgər vaxtında Moskva normal addımlar atsaydı, müharibədən imtina etsəydi, ola bilsin ki, prosesdən daha az itki ilə çıxa bilərdi. Amma müharibə davam edəcək və Ukraynanın qələbəsi ilə başa çatacaq. Yəni Rusiya rəhbərliyinin ağılsızlığı ucbatından bu ölkə daha çox itki verəcək. Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fonunda ruslar bu müharibədə uduzacaq.

– Bu nəticə Qarabağ məsələsinin həllinə müsbət təsir edəcəkmi?

– Sözsüz ki, təsirləri olacaq, bu öz yerində. Ancaq biz, ümumiyyətlə, dünyada gedən proseslərə fikir vermədən Qarabağla bağlı öz dövlət siyasətimizi həyata keçirməliyik.

Son zamanlar prezident İlham Əliyev Qərbi Azərbaycan məsələsini gündəmə gətirib. Bu, özü Qarabağ probleminin həllində, Xankəndinin suverenliyimizə qaytarılması baxımından Azərbaycanın əlində bir silahdır. Cənubi Azərbaycan məsələsinin də gündəmə gətirilməsi başqa bir silahdır. Biz Qarabağ məsələsinin həlli üçün yeni-yeni arqumentlər əldə edirik, hərbi baxımdan da ordunun döyüş qabiliyyəti artırılır, maddi-texniki bazası gücləndirilir. Bu da göstərir ki, Azərbaycan müharibədə qalib gələcək.

– Gərginliyin kulminasiyasından sonra yeni danışıqlar gözlənilirmi?

– Normal və formal danışıqlar olacaq. II Dünya Müharibəsi zamanı SSRİ ilə Hitler Almaniyası arasında 4 dəfə danışıq aparılıb. Elə Qarabağın işğalından sonra, son 30 ildə bəlkə də min dəfə Azərbaycan və Ermənistan rəhbərliyi arasında görüşlər olub, müzakirələr aparılıb. Amma söhbət problemin həllinin bu danışıqlar vasitəsilə mümkünsüzlüyündən gedir. Azərbaycan Türkiyə ilə birlikdə Rusiya ilə məsələni həll etməlidir, Moskva kənara çəkilməlidir. Açığı, indi Qarabağı Ermənistan deyil, Rusiya ələ keçirməyə çalışır. Hətta Fransa da müəyyən iddialarla çıxış edir. Məncə, Cənubi Qafqaza hər hansı bir ölkənin gəlməsi Rusiyanın məqsəd və planlarına daha çox zərbə vurur, nəinki Qarabağın Rusiyanın olması. Odur ki, bunu da nəzərə almaq lazımdır. Başqa bir Avropa dövlətinin bura dəvət edilməsi, münaqişədə iştirak etməsi Moskvanın maraqlarına ziddir. Azərbaycan bundan da istifadə etməlidir.

Qarabağda sülhməramlı ancaq Rusiya ola bilməz. Odur ki, burda Rusiya ilə maraqları toqquşan daha bir ölkə olmalıdır. Məncə, bu, Türkiyə və ya Avropa dövlətlərindən biri ola bilər. Odur ki, burada həm diplomatik, həm siyasi, həm humanitar, həm də hərbi müstəvidə iş olmalıdır. Məsələn, Xankəndi iqtisadi zonasında yaşayan ermənilərin qazını, suyunu, elektrikini biz veririk. Nədən ərzaq məhsullarını da biz verməyək? Yəni humanitar məsələni genişləndirmək lazımdır.

– Bunun müsbət nəticəsi ola bilər?

– Son zamanlar Qarabağ ermənilərindən Azərbaycan vətəndaşı olmaq istəyən, bizimlə əlaqə qurmaqda problem görməyənlərin sayı artır. Onlarla işləmək, danışmaq lazımdır. Məsəl var, ağıllı kişi bütün malını bir gəmiyə yükləməz. Müxtəlif səviyyələrdə, paralel şəkildə iş aparmalıyıq. Ən son çarə də Azərbaycan əsgərinin silahıdır. Bu silah daima saz vəziyyətdə saxlanılmalıdır. Eyni zamanda diplomatik addımlar davam etməlidir. Məsələn, bu günə qədər Xankəndi ilə bağlı siyasi tələblər və şərtlər irəli sürməmişik. Ekoloqların aksiyası da siyasi deyil. Amma Xankəndinin suverenliyimizə qaytarılması siyasi məsələdir. Odur ki, siyasi addımlar da atılmalıdır. Azərbaycan vətəndaşı olmayanların oradan çıxarılması, pasportlaşma, təbii ehtiyatlardan istifadəyə cəhd etmək və s. istiqamətlərdə addımlar atılmalıdır. Buna qarşı çıxanlarla silah dilində danışmalıyıq. 

Həmçinin oxuyun

“Həzi Aslanovun ölüm səhnəsini üç variantda çəkdilər…” – Ramiz Novruz

 İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun doğum günüdür. Əfsanəvi sərkərdənin 113 …