Cümə axşamı , İyul 18 2019
Ana səhifə / Müsahibə / “Rusiya hərbi baxımdan Yaxın Şərqdə addımlar ata bilir, amma iqtisadi və maliyyəyə söykənən addımlar atması mümkün deyil”

“Rusiya hərbi baxımdan Yaxın Şərqdə addımlar ata bilir, amma iqtisadi və maliyyəyə söykənən addımlar atması mümkün deyil”

Politoloq Rasim Ağayevlə müsahibəni təqdim edirik:

– Rasim müəllim, Rusiya və Amerika münasibətlərində real yaxınlaşma və razılaşmaların olduğuna dair fikirlər nə dərəcədə həqiqəti əks etdirir?
-Hesab edirəm ki, hazırda ABŞ-Rusiya münasibətləri normaldır. Yəni münasibətlərdə o qədər də narahatedici məqamlar yoxdur. Əslində münasibətlər bundan da pis ola bilərdi. Mənə elə gəlir ki, münasibətlər yaxşı səviyyədədir. Düzdür, Rusiyaya qarşı sanksiyaların tətbiqi davam edir. Məncə, bu proses bir müddət davam edəcək. Amma münasibətlərin bundan da pis ola bilmək ehtimalıyoxdur. Bu saat Rusiya siyasətçiləri sanksiyaları o qədər də qabartmırlar. Bu da onu göstərir ki, tərəflər ən azından münasibətlərin kəskinləşməsinə meyl etmirlər. Bunun özü mühüm hadisədir.

– Donald Tramp prezident seçildikdən sonra ABŞ administrasiyası Rusiyaya qarşı sərt münasibət sərgilədi. İndi nə baş verib ki, münasibətlər nisbətən normal məcraya düşüb?
– ABŞ-da belə bir münasibət yaranmağa başlamışdı. Hətta gözləyirdilər ki, Tramp Rusiyaya qarşı sərt bəyanatlarla çıxış etsin. Mənə elə gəlir ki, Demokratlar Trampı Rusiya ilə qarşıdurmaya itələməyə çalışırdı. Bu qarşıdurma daxili siyasətdə öz əksini tapacaq və nəticədə Demokratlar 2020-ci il seçkilərində hakimiyyətə dönüş əldə edəcəkdi. Məncə, belə planlar qurulurdu. Amma həm Donald Tramp, həm də Vladimir Putin qarşıdurmadan çəkildi. Beləcə Demokratların planı baş tutmadı.

– Putin İtaliyada bəyan edib ki, artıq amerikalların Rusiya ilə dialoqa maraq göstərdiyini müşahidə edir. Sizcə, Putin bununla hansı mesaj verir?
– Ümumiyyətlə ABŞ-da istəyirlər ki, arada problem yaranmasın. Çünki indi münasibətlərdə problemlər, qarşıdurmaların yaranması ABŞ-da maraqlarına uyğun olmayacaq. Rusiya əslində bunun üçün Vaşinqtona fürsət də vermir. Deyərdim ki, indi Rusiya siyasəti çox ehtiyatla aparılır. Çünki hazırda Rusiyanın özünün də problemləri çoxdur. Rusiya hakimiyyəti, Putin istəyir ki, ölkəni bu təhlükədən qaçırsınlar. Bunu da bacarırlar. İndi dünyada başqa problemlər də var. Əgər ABŞ-Rusiya arasında yeni qarşıdurma yaransa, bundan tərəflərdən heç kim qazanc götürməyəcək.

Rusiya daxilində əslində ABŞ-a münasibətdə iki istiqamətli siyasi baxış var. Rusiya administrasiyası son illər ölkə daxilində güclü milli ruh qaldırıb. O mənadakı ictimaiyyətə göstərdilər ki, dünyada Rusiyanın yeri var, heç kim Rusiya ilə bacara bilməz və Rusiya bu günə qədər ABŞ-ın qarşısından qaçsa da, indi öz gücünü göstərir. İkincisi, Rusiya siyasətçiləri və ziyalı dairəsində çoxdan formalaşıb ki, ABŞ-la münasibətlər yaxşılaşdırılmalıdır və Vaşinqtonla rəqabətə girməyə ehtiyac yoxdur. İndi Rusiyanın ABŞ-la münasibətdə bu iki xətt aparılır. Putinin də axırıncı prezidentlik müddətidir. Bu saat ABŞ-la qarşıdurma Rusiyaya ancaq zərər gətirəcək. Putin də istərdi ki, hakimiyyətdən gedəndə adını qızıl hərfilərlə yazsın. Yəni tarixdə onun prezidentlik dövrünün xüsusi yeri olsun. Əslində müəyyən qədər buna da nail olur. Çünki həqiqi mənada Rusiya dünyada öz yerini tapdı. Boris Yelsinin vaxtını yəqin ki, xatırlayırsınız, indi Yelsin Rusiyasını rusların yadına salmaq mümkün deyil. Səbəb odur ki, Yelsinin biabırçı idarəçiliyi vardı. Ondan fərqli olaraq Putin həm müasir, həm də ənənəvi rus siyasətini yeridə bilib.

– Rusiya-Amerika münasibətlərində normallaşma baş versə, bunun Suriya, İraq, Əfqanıstan, Ukrayna, Moldova, Gürcüstan, elə Azərbaycanın Qarabağ konfliktinə hansı müsbət təsirləri ola bilər?
– Siz sadaladığınız bu münaqişələrlə göstərirsiniz ki, Rusiyanın vəziyyəti nə qədər ağırdır. ABŞ-ın durumu yaxşıdır, çünki okeanın o tərəfindədir və dünyadakı münaqişələri üçüncü qüvvələr vasitəsilə idarə edir. Rusiya isə bilavasitə bu gərgin nöqtələrin içindədir və dil tapıb münaqişəni idarə etməyə çalışır. Bu mənada Rusiyanın vəziyyəti çox çətindir.

– Bu münaqişələrin əksəriyyətini ruslar yaratmayıbmı?
– Gəlin götürək Suriyanı. Ruslar heç cür Suriyanı tərk edə bilməz. Əslində məqsəd bu idi ki, rusları Yaxın Şərqdən çıxarıb bayıra atsınlar. Rusiyanın gəmiləri üçün yer lazımdır, bu donanma yanacağını götürməlidir və s. Rusiyanı Yaxın Şərqdən çıxarsaydılar rus donanması haradan yanacaq dolduracaqdı? Faktiki onlar indiyə qədər Liviya və Suriyada yanacaq doldururdu. Əgər ruslar Yaxın Şərqdən çıxarılsaydı, rus gəmiləri dünya okeanında çox zəif bir duruma düşəcəkdi. Ancaq indi heç kim demir ki, Rusiya buradan çıxıb getsin.

– Deməli ümumi razılaşma ola bilər?
– Nəzəri baxımdan bu mümkündür. Amma siyasi praktikada maraqlar məsələsi ortaya çıxır. Baxın SSRİ Yaxın Şərqdə irəliləyəndən 10 il sonra regionun siyasəti tamamilə dəyişdi, hakimiyyətə yeni qüvvələr gəldi. Bunların hamısı SSRİ-nin Yaxın Şərqdə güclənməsi ilə bağlı idi. Mən 1950-1970-ci illəri nəzərdə tuturam. İndi Rusiya oradan çıxsa bu o deməkdir ki, ruslar dünya gücü iddiasından imtina edir. Bu da, bir növ mümkünsüzdür.

– Demək istəyirsiniz ki, Moskva-Vaşinqton münasibətlərində yaranan gərginlik konfliktlərin həllinə müsbət təsir göstərməyəcək?
– Ya Rusiya Yaxın Şərqdən çıxmalıdır, ya da ABŞ. Mənim yadıma gəlir ki, 50-ci illərin ortalarında İngiltərə və Fransa oradan çıxanda regionda müharibələr başladı. Vəziyyət ağırlaşdı. İndi hər kəs öz marağını təmin edir və razılaşma var. Sadəcə sabitliyin yaranması daha yaxşı olardı. Həm də razılaşmanın əldə edilməsində iqtisadi məqamda əhəmiyyətlidir. Rusiya hərbi baxımdan Yaxın Şərqdə addımlar ata bilir, amma iqtisadi və maliyyəyə söykənən addımlar atması mümkün deyil. Bu kimi amillər razılaşmaya problem yaradır. Üstəlik tutaq ki, sərin münasibətlər çərçivəsində razılaşma əldə olundu.

Bu halda Rusiya həmin bölgələrdə maraqlarından imtina etməlidir. Rusiya oturub Ermənistanda, hərbi bazaları var. Ermənistandakı yeni qüvvələr qışqırsalar da, onları sayan yoxdur. Niyə? Çünki Rusiyanın sonuncu hərbi nöqtəsidir. Ruslar oradan çıxsa Ermənistana ingilislər və ya amerikalılar gələcək. İndi Rusiya Ermənistanda olsa da, erməni siyasəti faktiki ABŞ-ın nəzarəti altındadır. Yəni məsələlər o qədər də sadə deyil. Nəzərə alın ki, ABŞ-Rusiya siyasətində yaxınlaşma yoxdur, razılaşmaya yaxın münasibətlər hiss edilir. Üstəlik bu razılaşmanın hansısa konfliktlərə müsbət təsirləri ola bilər. Rusiya da ABŞ-ın maraqları ilə razılaşmalıdır. Məsələn, ABŞ gəlib Gürcüstanda oturub. Rusiya neyləyə bilər? Bu Gürcüstanın siyasətinin nəticəsidir. Gürcüstan faktiki Rusiyanın təsir dairəsindən çıxdı. (Teleqraf.com)

Həmçinin oxuyun

Gizli tapşırıq zamanı əsir düşən kəşfiyyatçımızın yaşadıqları – Dəhşət dolu iki il

“O hadisələri danışdıqca sanki yenidən o günlərə qayıdıram. Yuxumda hərbçi yoldaşlarımı, onların özlərini partlatmasını görürəm və …