Şənbə , Noyabr 17 2018
Ana səhifə / Müsahibə / Rezidentura qalmaqalı: “Elələri var ki, rezidenturadan xaricdə oxumağa getmək üçün istifadə edir”

Rezidentura qalmaqalı: “Elələri var ki, rezidenturadan xaricdə oxumağa getmək üçün istifadə edir”

Tibb Universitetinin məzunları rezidenturaya qəbul planının azalmasından narazıdırlar, onlar hesab edirlər ki, qəbul planının iki dəfə azalması bir çox həkimi ixtisaslaşmadan kənarda qoyacaq.

Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Natiq Əliyev BBC News Azərbaycancaya deyir ki, rezidenturadan ikinci mərhələni keçənlər imtahana qatılmaq istəmirlərsə, müraciət edib ödənişlərini geri ala bilərlər: “Özünə güvənənlər imtahan verib qəbul olunacaqlar. Onların bəziləri narazılıq edirlər ki, bilsəydik yer azalıb, heç imtahana ödəniş etməzdik. Bizə müraciət etsinlər, onların ödədiyi 100 manatı geri qaytarıb ərizələrini ləğv edək”.

– Rezidenturaya qəbul planı nəyin əsasında müəyyənləşir?

– “Hər il dövlət sifarişi üzrə plan yerləri müəyyən edilərkən, respublikada həkim-mütəxəssislərə olan tələbat nəzərə alınır. Nazirlər Kabineti bizə sifariş verir. Biz bu gün Səhiyyə Nazirliyində həmin narazı həkimlərlə görüşdük, orda bəzi statistik rəqəmlər səsləndi. Bəzi ixtisaslara kimsə sənəd vermir. Epidemiologiya sahəsidir, psixatriyadır, gedən yoxdur. Elə ixtisaslar var ki, onlara maraq göstərmirlər. Üstəlik rezidenturanın yuxarı kurslarında tələbələr təhsili yarımçıq qoyub xaricə oxumağa gedirlər. Yəqin ki, bunun qarşısını almaq üçün başqa tədbirlər də görüləcək.

– Bunun qarşısı niyə alınmalıdır ki?

– Kiminsə yerini tutur, rezidenturaya qəbul olur, maaşını alır, amma oturub xaricdə təhsil üçün hazırlaşır. Rezidenturanı başqa məqsəd üçün istifadə edir.

– Bu yaxşı bir hal deyilmi ki, tələbə daha yaxşı yerdə təhsil almaq imkanları qazanır?

– Əgər xaricdə rezidenturaya qəbul olunmaq istəyirsə, onda elə oturub hazırlaşsın, niyə dövlətin pulu hesabına bunu edir? Azərbaycanda oxumaq istəyənin, burda yetişib mütəxəssis olmaq istəyənin niyə haqqına girir?.. Amma belə çıxır ki, o tələbə dövlətin pulundan harasa hazırlaşmaq üçün istifadə edir. İndi bu məsələlər müzakirə olunur, yəqin, tədbir görüləcək ki, rezidenturaya qəbul olunmaq istəyən bunu məqsədli etsin. Ona qoyulan vəsait özünü doğrultsun.

– Xaricdə təhsil almağa gedənlər yenidən ölkəyə qayıtmırmı?

– Məsələ bunda deyil. Deyək ki, 3 il tələbə hansısa klinik bazada oturur, maaş alır, burdakı hazırlıqla yox, xaricdəki təhsillə maraqlanır.

– Siz bunun qarşısını necə alacaqsız? Niyyəti əvvəldən necə müəyyən edəcəksiz?

– Qanunvericilikdə bunun yolları var. Əgər yarımçıq buraxaqsa, dövlətin ödədiyi pulu geri qaytarmalıdır. Belə başa düşdüm ki, indiyə kimi humanistlik göstərib o pulu ondan tələb etməyiblər. Amma yəqin bundan sonra ciddi olacaqlar. Rezidenturada bir tələbənin təhsilinə ixtisasından asılı olaraq, ildə 3-5 min manat xərclənir.

– Natiq müəllim, rezindeturada daha çox hansı ixtisaslara ehtiyac var?

– Mama-ginekologiya, cərrahlıq, oftomologiya, kardiologiya kimi sahələrdir.

– Rezidenturada qəbul yeri bu il iki dəfə azalıb…

– Hər il azalır, azala-azala da gedəcək. Görünür, bir həddə qədər azaldılacaq. Bayaqki görüşdə həkimlərə də izah edildi ki, rezidentura təhsili keçmədən də əmək bazarında iş tapmaq olar. Vacib deyil ki, hamı rezidentura təhsili alsın.

– Rezidentura təhsili nəyə imkan yaradır?

– Yüksək ixtisaslı həkim-mütəxəssis hazırlayır. Baza təhsili əsasında Tibb Universitetini bitirən həkim ailə həkimi, dietoloq, təcili yardımda işləyə bilir, amma cərrah, kardioloq və digər həkim-mütəxəssis kimi işləmək üçün rezidentura təhsili tələb olunur.

– Yüksək həkim-mütəxəssislərinin sayının azalmasına yönəlik bu siyasət gələcəkdə kardiloqların, cərrahların… digər həkim mütəxəssislərin çatışmazlığını yaratmayacaqmı?

– Bakıda kifayət qədər yüksək ixtisaslı həkimlər var. Ancaq çox təəssüf ki, indi heç kim, elə rezidenturanı bitirənlərin də çoxu təyinatla belə regionlara gedib işləmək istəmirlər. Regionlarda Diaqnostika Mərkəzləri, Mərkəzi Xəstəxanalar təmirdən çıxıb, amma heç kim gedib orda işləmək istəmir.

– Bəs regionlarda necə, yüksək ixtisaslı həkimlərə ehtiyac yoxdurmu?

– Lazımdır, ancaq demək istəyirəm, hamı Bakıda qalıb işləmək istəyir. Ona görə də rezidenturada qəbul planını artırmaqla, regionda həkim çatışmazlığını aradan qaldırmaq olmayacaq.

– Amma belə çıxır ki, rezidenturaya qəbul planının azaldılması da bu problemi həll etmir, çünki deyirsiz, yüksək ixtisaslı həkimlər də regionlara getmək istəmir.

– Rezidenturada ödənişli təhsil yoxdur, dövlətin hesabınadır hər şey. Görünür, burda əsaslı dəyişikliklər eləmək lazımdır.

Səhiyyə Nazirliyi

Səhiyyə Nazirliyindən rezidentura qalmaqalına cavab:

Səhiyyə Nazirliyindən BBC News Azərbaycancaya bildirilib ki, rezidenturaya dövlət sifarişi üzrə plan yeri müəyyənləşdirilərkən tələbat nəzərə alınır: “Bölgələrdə, əsasən, ailə həkimlərinə və təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimlərə, eləcə də hazırlığı rezidenturada aparılan müəyyən ixtisaslar üzrə həkim-mütəxəssislərə tələbat var”.

Nazirlik bildirir ki, həkimlər baza ali tibb təhsili əsasında müəyyən vakant vəzifələri tuta bilərlər.

Səhiyyə Nazirliyinin açıqlamasına görə, eyni zamanda bölgələrdə kadr çatışmazlığı nəzərə alınaraq, 2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul üzrə plan yerlərinin müəyyən hissəsinə məqsədli qəbul aparılacaqdır: “Məqsədli qəbul üzrə plan yerləri müvafiq ixtisas üzrə həkim çatışmazlığı olan konkret səhiyyə müəssisələrində işləyəcək həkim-mütəxəssislərin hazırlanması üçün nəzərdə tutulur”.

Rezidenturaya qəbul olmayan həkimlər baza ali tibb təhsilinə müvafiq olaraq Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində müəyyən vakant həkim vəzifələrində işləyə bilərlər. Bunun üçün onlar Səhiyyə Nazirliyi tərəfindən mütəmadi olaraq keçirilən həkimlərin mərkəzləşdirilmiş işə qəbulu üzrə müsabiqələrdə iştirak etmək üçün müraciət edə bilərlər, nazirlik deyib (BBC-Azərbaycanca).

https://www.bbc.com/azeri/azerbaijan-44681056

VIPedu.BIZ

Həmçinin oxuyun

Azərbaycanlı şair: Mən qadın da, kişi də sevmişəm – MÜSAHİBƏ

Şair, dramaturq və aktyor Orxan Bahadırsoyun a müsahibəsi: – Orxan, sizi tanımayan təbəqə üçün özünüzü …