Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Müsahibə / “Onsuz da bu gün Rusiya yalnız Asiyanın silah bazarında manevr imkanlarına malikdir” – Ramil Məmmədli

“Onsuz da bu gün Rusiya yalnız Asiyanın silah bazarında manevr imkanlarına malikdir” – Ramil Məmmədli

“Azərbaycan silah satınalmasında bölgənin iri alıcılarından sayılır. Bu mənada, Rusiya heç bir halda belə bir tərəfdaşı itirmək istəməz”.

Bunu SalamNews-a hərbi-siyasi icmalçı Ramil Məmmədli Rusiya Federasiyası Baş nazirinin müavini, hökumətdə ölkənin hərbi sənaye kompleksindən cavabdeh şəxs sayılan Dmitri Roqozinin Azərbaycana səfərini təhlil edərkən deyib.

Hərbi icmalçı bildirib ki, təkcə 2010-2014-cü illərdə Azərbaycan Rusiyadan iki divizion “S-300PMU-2” və “Тоr-2МE” zenit-raket sistemləri, yüzdən artıq döyüş və hərbi nəqliyyat helikopterləri alıb. Bundan başqa Rusiyadan “Т-90S”, “BMP-3”, “Msta-S” özüyeriyən artilleriya qurğuları “TOS-1A” ağır atəş sistemləri, “Smerç” reaktiv atəş kompleksi satın alınıb.

R.Məmmədlinin sözlərinə görə, bəlli olduğu kimi Azərbaycanın hərbi qüdrəti son 10 ildə dəfələrlə artıb və bu məsələdə rus silahının xüsusi yeri var.

R.Məmmədli deyib ki, ötən müddət ərzində sadalanan və bizə məlum olmayan hərbi texnikanın alınması üçün Rusiya ilə Azərbaycan arasında 4 milyard dollar məbləğində müqavilə də imzalanıb. Artıq silah və texnikanın böyük hissəsi Azərbaycana təhvil verilib. O, Rusiya müdafiə sənayesi sektorunun önəmli nümayəndəsinin səfərinin məqsədinin dünyanın bəzi media qurumları tərəfindən qərəzli təhlil olunduğunu da qeyd edib: “Münasibətlərin korlanmasında maraqlı olan bəzi Rusiya və və dünyanın mediası vasitələri yazır ki, Azərbaycan satınalmaların ödənişini etməkdə problemlə üzləşib və Dimitri Roqozinin də səfəri bununla bağlıdır. Əslində isə belə deyil. Məlum olduğu kimi Azərbaycan dəfələrlə Rusiyadan silah və hərbi texnika alıb və alqı-satqı prosesində heç bir narahatlıq yaranmayıb.

Əslində isə səfər Rusiyanın narahatlığından doğan refleksdir. Yəni səfərin səbəbi bu ölkənin Kollektiv Təhlükəsizlik Təşkilatı Müqaviləsinin üzvü kimi Ermənistana külli miqdarda silah və texnikanın verilməsi xəbərindən sonra Azərbaycanın etirazını yumşaltmaq üçün idi. Yuxarıda qeyd etdiyim kimi iqtisadi problemlərlə üzləşən Rusiya üçün istənilən silah bazarı önəmlidir. Onsuz da bu gün Rusiya yalnız Asiyanın silah bazarında manevr imkanlarına malikdir.

Bunlar əsasən Hindistan, Çin və İrandır. Digər dövlətlər isə iri hərbi texnologiyanı ABŞ və onun müttəfiqlərindən alır. Buna baxmayaraq, Rusiya Hindistan bazarını itirmək təhlükəsi ilə üz-üzə qalıb və bunu rəsmi Moskva da etiraf edir. Bu mənada Roqozinin rəsmi Bakıdan “aldığınız silahın pulunu niyə vermirsiniz?” deməsi inandırıcı deyil”.

R. Məmmədlinin sözlərinə görə, istisna deyil ki, əksinə, Roqozinə Bakıda “niyə Ermənistanı silahlandırırsınız?” sualı verilib. Hərbi-siyasi icmalçının fikrincə, Rusiya ilə hərbi sənaye kompleksi sahəsində əməkdaşlıq hələ uzun illər davam edəcək.

Həmçinin oxuyun

“Əməkdar artist adını 3, Xalq artisti adını 5 min manata satırdılar“ – Rasim Balayev

Xalq artisti Rasim Balayevin müsahibəsi: – Rasim müəllim, yeni mədəniyyət nazirindən hansı gözləntiləriniz var? Sizcə, …

Bir cavab yazın