Cümə axşamı , Fevral 2 2023
Ana səhifə / Müsahibə / “Naxçıvanda helekopterin vurulması təsadüfi deyildi!…”

“Naxçıvanda helekopterin vurulması təsadüfi deyildi!…”

Əksər mütəxəssislərin fikrincə, Ukraynadakı müharibənin birinci ilinin tamamında Ukrayna ordusu əks-hücum əməliyyatlarına başlayacaq. Müşahidələr isə göstərir ki, artıq Rusiya məğlubiyyətə məhkumdur. Eyni zamanda, çoxları hesab edir ki, məğlubiyyəti hiss etməyə başlayan Rusiyanın Azərbaycandakı “adamlarının” da “vurulması” prosesi xeyli müddətdir ki, gedir… 

AzPolitika.info Ukrayna savaşı, onun perspektivi, prosesin ölkəmizə təsirləri və Azərbaycandakı “beşinci kolon”un vurulması mövzusunda Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik eksperti Sülhəddin Əkbərlə danışıb.

– Sülhəddin bəy, sizcə, hazırda Rusiya-Ukrayna müharibəsinin hansı mərhələsi yaşanır və bu savaş Rusiya üçün kritik geri sayım həddinə çatıbmı?

– Hələ 2014-cü ildəki Ukrayna böhranından sonra dünyada yeni nizam quruculuğu və bununla bağlı geopolitik qarşıdurma həlledici mərhələyə daxil oldu. Rusiyanın imperiyanı bərpa etmək üçün Ukraynaya yenidən təcavüz etməsi də artıq proseslərin həlledici mərhələyə daxil olduğunu göstərir. Savaş artıq strateji xarakterlidir, geopolitik hədəfləri olan müharibədir. Rusiya üçün bu, imperiyanın bərpası, ABŞ başda olmaqla Qərb üçün isə yeni dünya nizamı ilə bağlı yaranan problemin ortadan qaldırılması məsələsidir. Yəni, bir tərəfdən Qərb yeni dünya düzəni qurmaq istəyir, digər tərəfdən Rusiya imperiyanı bərpa etmək niyyətindədir. Beləcə, geopolitik maraqlar toqquşur. Bu baxımdan artıq savaş gerçəkdən həlledici mərhələyə daxil olub.

Putin bu siyasi-strateji savaşı əvvəldən uduzub. Əslində, Putin ordusuna Ukrayna sərhədini keçmək əmri verməklə strateji tələyə düşüb və strateji baxımdan uduzub. Bunun ardınca isə hərbi-strateji təşəbbüsü əldən verib. Məsələn, Kiyev istiqamətindən rus qoşunları vurulub çıxarıldı, eləcə də Çerniqov və Sumı vilayətlərindən geri çəkildi. Həmçinin, Xarkov məğlubiyyəti yaşadı və nəhayət, Xersondan ordusunu çıxarmalı oldu. İndi isə qış fəsli başlayır və qış kampaniyası gözlənilir.

Qış kampaniyası dövründə keçiriləcək əks-hücumun həlledici ola biləcəyi ehtimalı var. Bunun üçün Ukrayna ordusunun əks-hücumu uğurla başa çatmalıdır. Fikrimcə, bu əməliyyatın məqsədi Melitopol-Berdyansk istiqamətində cəbhəni yarmaq, Azov dənizi sahilinə çıxmaq və Rusiya ordusunun Ukraynada olan işğalçı qüvvələrinin Xerson, Zoporojye və Krımdakı hərbi birləşmələrini operativ mühasirəyə almaqdır. Əlbəttə, burada Kerç körpüsünün də sıradan çıxarılması, nəqliyyatın hərəkətinin tam dayandırılması nəzərdə tutulur. Bunlar uğurla başa çatarsa, Rusiyanın, Ukrayna ərazisinin bir hissəsini işğal altında saxlamış olsa da, hərbi-strateji baxımdan məğlub olduğunu daha cəsarətlə demək mümkün olacaq.

Qərb və Ukraynanın hərbi dairələrində düşünürlər ki, Putin yaza 300 minlik qüvvə hazırlamaq və yenidən Ukraynaya hücum dalğası başlatmaq istəyir. Ona görə də həm Ukrayna Silahlı Qüvvələri, həm də ABŞ başda olmaqla kollektiv Qərb çalışır ki, Rusiyanın bu hücumuna qədər Kiyevə elə hərbi yardım və dəstək verilsin ki, Ukrayna qışda dediyim əks-hücumu uğurla başa çatdıra bilsin.

““Patriot”ların verilməsi ilə raketlər elə Rusiya ərazisində vurulacaq”

– Prezident Volodimir Zelenskinin ABŞ-a rəsmi səfəri bu prosesə nə dərəcədə təsir edir, bundan sonra Ukraynaya siyasi və hərbi dəstək ciddi şəkildə artacaqmı?

– Prezident Zelenskinin səfərini elə bu kontekstdə dəyərləndirmək faydalı olardı. Bu baxımdan mən yaxın dövrdə Ukraynaya hərbi, maliyyə, humanitar və iqtisadi yardımın həm miqdarca, həm də keyfiyyətcə artacağını düşünürəm. Bunun da ilk əlamətləri artıq görünür.

Zelenskinin səfəri ilə eyni vaxtda Bayden 2 milyard dollara yaxın yeni dəstək paketini imzaladı. Hətta paketə müdafiə xarakterli olsa da, “Patriot” sistemlərinin daxil edilməsi nəzərdə tutulur. Məncə, növbədə daha ciddi hücum silahlarının verilməsi də var. Yeni silahlar da veriləcək. Bunlar hələ konkretləşməyib, amma mən onlardan biri haqqında deyə bilərəm. Pentaqon və digər NATO ölkələrinin silah anbarlarında çoxlu sayda keçmişdən qalma idarəolunmayan bombalar var. İndi onlar idarəolunan vəziyyətə gətirilir və başlıq kimi raketlərə yerləşdirilirlər. Bu da yeni silahın ortaya çıxmasına səbəb olacaq. Ukraynaya həmin idarəolunan bombaları daşıyan raketlər də veriləcək.

Mənə elə gəlir ki, zamanla Ukraynaya daha uzunmənzilli raketlər veriləcək. Bunun da başlıca səbəb odur ki, artıq ABŞ və onun Avropadakı müttəfiqləri Saratovda və Ryazanda hərbi aerodromlara vurulan zərbələrdən sonra anlayıblar ki, Rusiyanın cavab verməsi üçün əlində elə bir əlavə vasitəsi qalmayıb. Bu da məsələni asanlaşdırır. Artıq Ukraynaya “Patriot” sistemləri verilir. Hərbi mütəxəssislərin bildirdiyinə görə, bu sistemlər raketləri əsasən hərəkət trayektoriyasının qalxma hissəsində zərərsizləşdirir. Bu da o deməkdir ki, Rusiyadan qalxan raketlər elə Rusiya ərazisində vurulacaq. Bu isə müharibənin strateji baxımdan yeni mərhələyə keçməsi deməkdir. Yəni, müharibə bu günə qədər Rusiya üçün strateji xarakter daşıyırdısa, strateji silahlardan ancaq Rusiya birtərəfli qaydada istifadə edirdisə, bundan sonra Ukrayna da “Patriot”lardan strateji silah kimi istifadə edəcək. Baxmayaraq ki, bu, müdafiə silahıdır, eyni zamanda strateji hücum silahı rolunu da oynayacaq. Bu da o deməkdir ki, Ukrayna, ABŞ və NATO üçün müharibə artıq strateji səviyyəyə keçir.

“Nüvə silahından istifadə imkanı və ehtimalı azalır”

– “Patriot” sistemlərinin də Ukraynada quraşdırılması ilə bu ölkənin havadan təhlükəsizliyi xeyli dərəcədə təmin ediləcək. Bu halda Rusiyanın əlində yalnız kimyəvi və taktiki nüvə silahından istifadədən başqa “kozır” qalmır…

– Bu məsələ müharibə başlayan gündən gündəmdədir. Lakin hazırda bu silahın istifadəsi ehtimalı, imkanı, həm də bununla bağlı Qərbin qorxusu, narahatçılığı azalır. Mənim anladığım budur ki, “Patriot”ların verilməsi göstərir ki, artıq Ukrayna, ABŞ və onun digər müttəfiqləri bundan çəkinmirlər. Üstəlik, Rusiya tərəfinə, şəxsən Putinə taktiki nüvə silahından və ya digər kütləvi qırğın silahlarından istifadə edəcəyi təqdirdə həm onun, həm də Rusiyanın başına nə gələcəyi barədə ətraflı məlumat verilib. Mən bu ehtimalın aşağı olduğu, hətta qarşı tərəfin buna hazır olduğu qənaətindəyəm.

– Demək istəyirsiniz ki, Ukrayna hətta kütləvi qırğın silahlarını və taktiki nüvə zərbəsini qəbul etməyə hazırdır?

– Prinsipcə, bəli. Həm də qarşı tərəf dedikdə mən ancaq Ukraynanı nəzərdə tutmuram. O mənada hazırdır ki, birincisi, Ukrayna və müttəfiqlərinin aktiv fəaliyyət göstərən güclü kəşfiyyatı var. Onlar vaxtında bu barədə məlumat alacaq və qabaqlayıcı tədbirlər görə biləcəklər. Bu tədbirlər həm kəşfiyyat və təhlükəsizlik, həm də hərbi xarakterli tədbirlər ola bilər. Putinə də anladıblar ki, bu addımının güclü hərbi effekti olmayacaq. Əksinə, Rusiya üçün dağıdıcı təsiri olacaq. Burada şəxsən Putinin özünə zərbə endirməkdən tutmuş ən azı Qara dəniz donanmasının və Ukraynadakı rus işğalçı ordusunun yox edilməsi nəzərdə tutulur. Bir daha qeyd edim ki, kütləvi qırğın silahları, ələlxüsus nüvə silahı təhlükə dərəcəsinə, verəcəyi zərərin miqyasına görə elə ciddi silahdır ki, onun istifadə ehtimalı cüzi olsa belə, xüsusi diqqətlə nəzərə alınmalıdır və alınır. Odur ki, bu silahlardan istifadə ehtimalı getdikcə azalır.

İkincisi, belə silahlardan istifadə ehtimalı o zaman yüksələcək ki, yuxarıda dediyim əks-hücum uğurla başa çatsın. O zaman Kreml və Putin tərəfindən bu cür təhdid dalğası yüksələ bilər. Ondan sonra isə artıq Rusiyanın kapitulyasiyası gəlir. Buna müxtəlif cür don geyindirmək olar, amma reallıqda bu, Rusiyanın məğlub olaraq geri çəkilməsi prosesi olacaq. Çünki Vaşinqtonda artıq razılaşma var. Strateji perspektivə Kiyev və Vaşinqtonun baxışı eynidir. Bu, ən yüksək səviyyədə – Bayden tərəfindən açıqlandı. Odur ki, yaxın perspektivdə biz Ukraynaya ciddi dəstəyin veriləcəyini gözləməliyik, çünki qış fəsli ərzində Rusiya yeni hücum dalğasına başlamadan öncə Ukraynanın əks-hücum kampaniyasının başlaması və uğurla başa çatdırılması planlaşdırılır.

Azərbaycan üçün də kritik dövr başlayır. Xatırlayırsınızsa, deyirdim ki, Azərbaycan 48-72 saat ərzində hazırda nəzarətində olmayan ərazilərində öz suverenliyini bərpa etməyə hazır olmalıdır.

– Yeri gəlmişkən, Ukraynadakı durum hazırda Cənubi Qafqazdakı vəziyyətə, konkret olaraq Qarabağ ətrafında gedən proseslərə hansı formada təsir edir?

– Birbaşa təsir edir. Çünki bizim qarşımızda artıq Ermənistan deyil, vəkalət müharibəsi aparan, 300 ildir bu problemi yaratmaqla məşğul olan Rusiya dayanır. 1721-ci ildə Rusiyanın imperiya elan olunmasından cəmi bir il sonra – 1722-1723-cü illərdə Xəzərboyu yürüşün başlaması ilə bu problemin əsası qoyulub. Yəni, nəzəri olaraq problemin kökü 300 il, de-fakto isə 200 ildir ki, qoyulub. Yəni, Qacarların rus imperiyasına məğlub olmasından, Gülüstan və Türkmənçay sazişlərinin imzalanmasından sonra. Birinci mərhələdə ermənilər buraya köçürülüb, ikinci mərhələdə onlara vilayət yaradılıb, üçüncü mərhələdə erməni dövləti qurublar, dördüncü mərhələdə də bu dövlət Azərbaycan torpaqları hesabına genişləndirilib və bu günə gəlib çatıb. O cümlədən də Qarabağ münaqişəsinin əsası qoyulub. Yəni, biz indi böyük tarixi dərinliyi olan bu problemi yaradanla, əsl düşmənlə üz-üzəyik.

Ukraynada savaşın bir tərəfi neoimperialist Rusiya olduğundan, bu məsələ həm də bizi maraqlandırır. Bu mənada, Ukraynada gedən geopolitik müharibə, xüsusilə onun gözlənilən nəticəsi buraya birbaşa təsir edir. Formal məntiqlə yanaşdıqda, dolayı yolla təsir edir deyə bilərik, lakin əslində real olaraq birbaşa təsir etdiyini vurğulamaq istəyirəm. Prosesləri yaxından izləyənlər bunu görməyə bilməzlər.

“Rusiyanın qalib gəlmə şansı yoxdur…”

– Rusiya Ukraynada qalib gəlsə, bizi nə gözləyir, əksinə, məğlub olsa hansı imkanlar açılacaq?

– Rusiyanın qalib gəlmə şansı yoxdur və bunu nəzəri baxımdan da yaxın buraxmaq istəmirəm. Bir daha deyim ki, bu, strateji savaşdır, resursların tükənməsinə hesablanıb və bu tip savaşlarda strateji resursu daha çox olan tərəf qalib gəlir. İndi strateji resursun hansı tərəfdə daha çox olduğu açıq və aydın görünür. Ən azından mənim üçün. Odur ki, nəzəri baxımdan belə Rusiyanın qalib çıxmasına heç bir şans vermirəm. Bu, yalnız bir variantda – başda ABŞ olmaqla, kollektiv Qərbin xəyanəti halında mümkündür.

– Sizin də dediyiniz kimi, Rusiyanın zəifləməsi müşahidə edilir. Bəs, bu bizə hansı üstünlüklər verə bilər?

– Bəli, bizim 44 günlük savaşda qalib gəlməyimizin bir səbəbi də budur. Əgər Rusiya ümumiyyətlə zəifləməsəydi, Türkiyənin Azərbaycana belə dəstək verməsinə, burada hərbi varlığını təmin etməsinə, bizimlə strateji müttəfiqlik sazişi imzalamasına, ardınca Türk Dövlətləri Birliyinin yaradılmasına, oraya keçmiş sovet respublikalarının qoşulmasına imkan verərdimi?

Bu gün də baş verənləri nəzərə alsaq, Rusiyanın Azərbaycana münasibətdə “dözümlü” yanaşmasının arxasında onun zəifləməsi və Ukraynada strateji bataqlığa düşməsi dayanır. Üstəlik, Rusiya getdikcə daha da zəifləyəcək və Azərbaycan bundan istifadə etməlidir. Biz Rusiyanın Azərbaycanda zəifləməsini və buradan çıxmağa meyllənməsini, eləcə də Azərbaycanın müttəfiq və tərəfdaşları ilə birlikdə onu buradan çıxarmağa hazırlaşmasını gözləyirik. Ola bilsin ki, kimlərsə bunu açıq şəkildə dilə gətirmir. Amma əslində, ruslar da bunu başa düşür. Məsələn, rus politoloqlar, hərbçilər, ekspertlərin açıqlamalarına diqqət edin. Onlar nə deyirlər? Açıq bildirirlər ki, Rusiyanın zəifləməsindən istifadə edən Azərbaycan bizim üçün problemlər yaradır, Ukraynada qalib gələcəyik və başımız açıldıqdan sonra Azərbaycanla məşğul olacağıq və sair.

“O yataqlarda birbaşa Putinin də maraqları var…”

– Bu təhdidlərin səbəbi nədir? 

– Məncə, bunun kökündə Rusiyanın zəifləməsi və Cənubi Qafqazda, o cümlədən Azərbaycanda mövqelərini itirməyə başlaması, münaqişənin həlli prosesinə ABŞ və AB-nin qoşulması, Türkiyənin regionda güclənməsi, Azərbaycanın müstəqilliyinin real məzmun kəsb etməyə başlaması, Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin reallığa çevrilməsi, türkiyəli generalın bizim Müdafiə nazirinə müşavir təyin edilməsi, bütövlükdə Azərbaycanda, eləcə də Naxçıvanda həm Rusiyanın, həm də onun strateji tərəfdaşı olan İranın “beşinci kolon”una qarşı mübarizənin aparılması, həmçinin, Qarabağda Xankəndi-Laçın yolunun mülki və hərbi nəzarətə götürülməsi dayanır. Düzdür, hazırda həmin yola bizim birbaşa nəzarətimiz yoxdur. Amma sirr deyil ki, Azərbaycan və Türkiyə həmin yola mülki, hərbi və təhlükəsizlik baxımından nəzarəti gücləndirib.

Biz hətta yataqlarla bağlı iqtisadi maraqların toqquşması zamanı Azərbaycanın geri çəkilməməsini, öz haqlarını tələb etməsini müşahidə etdik. Deyilənə görə, o yataqlarda birbaşa Putinin də maraqları var. Bizim qızıl, mis və moliblen yataqları hazırda Rusiya və ermənilər tərəfindən istismar olunur. Bu yataqlarla bağlı Azərbaycan tərəfi İngiltərə şirkəti ilə müqavilə bağlayıb. Burada iqtisadi maraqlar toqquşur və Azərbaycan bu məsələdə geri durmur. Üstəlik, münaqişənin həlli məsələsində Azərbaycanın və Ermənistanın getdikcə Avropa Birliyi və ABŞ-a üstünlük verməsi məsələsi də var. Hətta Rusiyanın bu məsələdə geri çəkilməsi nüansını da qeyd etmək olar. Nazir Sergey Lavrov bildirdi ki, əgər Ermənistan buna razıdırsa, biz də etiraz etmirik. Bu nə deməkdir? Prinsipcə, Rusiyanın öz tələblərindən geri çəkilməsi deməkdir. Əslində bu, onlar üçün çox ağır və təhqiramiz hesab olunur. Rusiyada indiki halda bunun qarşısını ala bilmədikləri üçün təhdidlər yağdırmaqla məşğuldurlar.

– Sizin bayaq dediklərinizdən belə nəticə çıxır ki, Rusiya Naxçıvanda da “beşinci kolon” qura bilib…

– Birincisi, Naxçıvan üç istiqamətdə Rusiyanın strateji nəzarətində olan Ermənistanla həmsərhəddir. İkincisi, Ermənistanın sərhədlərinin ruslar tərəfindən qorunduğunu nəzərə alsaq, bu o deməkdir ki, Naxçıvan elə Rusiya ilə də həmsərhəddir. Üçüncüsü, Naxçıvan bir tərəfdən də Rusiyanın strateji tərəfdaşı olan İranla həmsərhəddir. Ona görə də düşünməyin ki, Rusiya Naxçıvana uzaqdır. Burada “beşinci kolon”un tarixini və Ramiz Mehdiyev-Vasif Talıbov xəttini də nəzərə alsaq, görərik ki, əslində, Naxçıvan Rusiyaya çox yaxındır. Azərbaycan hakimiyyəti Rusiyanın “beşinci kolonu”nun mərkəzi hakimiyyətə təsirini azaltmaq məqsədilə bir sıra addımlar atmışdı, lakin bu əməliyyata qədər Naxçıvan diqqətdən kənarda qalmışdı.

– Belə çıxır ki, 2020-ci ilin 9 noyabrında Naxçıvan istiqamətində Rusiya helikopterinin vurulması da təsadüfi deyildi?…

– Ümumiyyətlə, nə elmi, nə də dini baxımdan təsadüf yoxdur. Təsadüf insanların məlumatsızlıq ucbatından gəldiyi yanlış nəticədir. Əgər bunun öncədən xüsusi planlaşdırılmış bir təxribat əməli olduğu haqqında bizim məlumatımız olsaydı, o zaman burada heç bir təsadüfdən söhbət getmədiyi də aydın olacaqdı.

Bu, qətiyyən təsadüfi vurulma deyildi. Rusiya burada o təxribat əməliyyatını süni “casus belli” – müharibə elanı üçün formal səbəb, yəni bəhanə yaratmaq məqsədilə planlamış, təşkil etmiş və həyata keçirmişdi. Bu düşmən niyyətli əməliyyatda Naxçıvanın siyasi-hərbi rəhbərliyinin iştirakının araşdırılması mütləq lazımdır. Ən azı, oxşar təxribatların önlənməsi üçün. Məncə, cəmiyyətimiz də bu məsələnin Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən araşdırılmasını gözləyir. Bu, həm də xüsusi ictimai maraq kəsb edən məsələdir. Burada biz təbii ki, qardaş Türkiyədən yardım almalıyıq. Eyni zamanda Azərbaycanla tərəfdaş olan dövlətlərdən, məsələn, İsraildən, Böyük Britaniyadan da kəşfiyyat dəstəyi istəyə və ala bilərik. Qısası, bu məsələ araşdırılmalıdır. Mən hadisənin baş verdiyi zaman da o fikirdə idim ki, belə süni müharibə səbəbi yaratmaqda Rusiyanın məqsədi Azərbaycanı müharibə ilə təhdid, şantaj etmə imkanı əldə etmək və bu yolla onu Xankəndinin qapısında ola-ola rus silahlı qüvvələrinin “sülhməramlı qüvvələr” adı altında oraya daxil olmasına razılıq verməyə məcbur etmək idi.

– Sizin yanaşmanızdan belə qənaət yaranır ki, bu məsələdə Vasif Talıbovun məsuliyyəti var…

– Belə düşünmək üçün ciddi əsaslar var və bu, ən azı istintaq versiyalarından biri olmalıdır.

Həmçinin oxuyun

“Həzi Aslanovun ölüm səhnəsini üç variantda çəkdilər…” – Ramiz Novruz

 İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun doğum günüdür. Əfsanəvi sərkərdənin 113 …