Şənbə , Dekabr 5 2020
Ana səhifə / Müsahibə / “Namizədlərin əksəriyyəti seçkiyə nə üçün getdiyini bilmir”

“Namizədlərin əksəriyyəti seçkiyə nə üçün getdiyini bilmir”

Yanvar ayının 17-dən başlayaraq, fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə təbliğat kampaniyasına start verilib. Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən namizədliyi qeydə alınmış şəxslər artıq ciddi cəhdlə təbliğat və təşviqat işlərinə başlayıblar. Ancaq ötən parlament seçkilərindən fərqli olaraq, budəfəki kampaniya daha çox sosial şəbəkələr üzərindən həyata keçirilir. Bu isə sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmır.

PR və kommunikasiya mütəxəssisi Azər Nəzərov AYNA-ya müsahibəsində namizədlərin seçki təbliğatı ilə bağlı suallarımıza aydınlıq gətirib.

– Azər bəy, PR mütəxəssisi olaraq, namizədlərin təbliğat-təşviqat kampaniyasını necə qiymətləndirirsiniz?

– Təəssüflər olsun ki, namizədlərimiz bəzi hallarda parlament seçkisi ilə prezident seçkilərinin təbliğat formasını qarışdırırlar. Hədəf qruplarını, öz auditoriyalarını düzgün təyin edə bilmirlər. Burada həm sosial şəbəkə məsələsi var, həm də digər məsələlər. Əslində, namizədlər PR strategiyalarını namizədlikləri qeydə alınmamışdan öncə hazırlamalıydılar. Müəyyən etməliydilər ki, hansı yolla gedəcəklər, nə kimi hədəfləri var, hansı strategiyada işləyəcəklər. Bu kommunikasiya strategiyası qurulanda ən vacib şərt hədəf qrupunun kimlərdən ibarət olmasıdır. Hədəf qurupu deyəndə, yaş kateqoriyasından, coğrafi ərazidən tutmuş, iş yerlərinə qədər bütün siniflər müəyyən olunmalıdır və strategiya buna uyğun hazırlanmalıdır.

Картинки по запросу PR və kommunikasiya mütəxəssisi Azər Nəzərov

– Sosial şəbəkələrdə aparılan təbliğat nə dərəcədə effektiv ola bilər?

– İndiki namizədlərin bir çoxunun PR strategiyası yoxdur, sanki onlara kimsə deyib ki, “sizin sosial şəbəkələrdə hesablarınız olsun, hamı görsün ki, çoxlu paylaşımlar edirsiniz, posterlərinizi yerləşdirirsiniz”. Ona görə mənim özümə də müraciət edən namizədlər daha çox gücü sosial şəbəkə üzərindən təbliğata vermək istəyirlər. Amma qəbul etmək lazımdır ki, məsələn, Kürdəmir rayonundan deputatlığa namizəd olan bir şəxsin auditoriyasının çox cüzi hissəsi, yəni 1-2%-i ancaq sosial şəbəkədən olacaq. Auditoriyasının 90%-dən çoxu isə heç onlayn şəbəkə istifadəçisi deyil. Düzgün strategiya qurulanda belə, sosial şəbəkədə təbliğat və sorğular ancaq müəyyən qrup insan arasında müsbət fikir formalaşdıra bilər.

– Bəs, yaxşı, əslində təbliğat kampaniyası necə aparılmalıdır, yəni hansısa standart forma varmı?

– Standartda belə olmalıdır ki, auditoriya müəyyən olunandan sonra öyrənilməlidir ki, həmin auditoriya üzrə hansı PR alətləri işlənilməlidir: onlayn, yoxsa oflayn. Məsələn, ola bilər ki, Səbail rayonu ərazisində daha çox onlayn olsun, Ucar rayonunda isə daha çox oflayn. Bu faiz nisbəti öncədən hesablanmalıdır.

– Dünya praktikasında bu işlər necə həyata keçirilir?

– Bizə yaxın olan Türkiyəni götürək, bələdiyyə seçkiləri keçirilən zaman mən orada bir araşdırma aparmışdım. Türkiyədə namizədlər öz PR strategiyalarını qurmamışdan öncə sosioloji araşdırmalar aparan şirkətlərlə işləməyə başlayırlar, auditoriyalarının maraqlarını öyrənirlər. Yəni əllərində elmi bir əsas olur və bunun üzərindən də onlara necə xitab edəcəklərini öyrənirlər. Strategiya da bundan sonra işləməyə başlayır. Təbii ki, burada faiz nisbətinə görə təbliğat həm onlayn olur, həm də oflayn.

Təəssüflər olsun ki, bizdə belələri varsa da, ancaq 1-2 nəfərdir, digərlərinin heç birində əvvəldən aparılmış hər hansı sosioloji araşdırmaya əsaslanan strategiya yoxdur. Əksəriyyəti onlayn media üzərindən strategiya qurub və yaxşı da reklam qoyub. Həmçinin, xaricdə namizədlər bir neçə konsultant şirkəti ilə işləyirlər, seçki strategiyasını bir şirkət qurur, foto-vizual işlərini başqa bir şirkət həyata keçirir, imicmeyker ayrı olur, geyimini, danışığını və s. müəyyənləşdirir. Maddi vəziyyəti aşağı olan namizədlər isə, ən azı bir konsultantla işləyirlər.

– Bizdə niyə belə mütəxəssislərə müraciət etmirlər, mütəxəssis yoxdur deyə, yoxsa başqa səbəblər var?

– Bizdə kifayət qədər PR mütəxəssisləri, bu sahədə kifayət qədər təcrübəsi olan şəxslər var. Araşdırsalar, görərlər ki, istənilən sahə üzrə xaricdə təhsil almış, təcrübə toplamış mütəxəssislərimiz var. Sadəcə bu məsələdə bir “əmma” var, bu da ondan ibarətdir ki, həmin namizədlərin əksəriyyəti həqiqətənmi deputat olmaq istəyir? Yoxsa deputatlığa namizəd olduqlarını haralarasa göstərmək istəyirlər? Heç də bütün namizədlərin hədəfləri birbaşa deputat olmaqdan ibarət deyil, deputatlığa namizədlik həm də bir fürsətdir ki, insanlar öz imiclərini qura bilsinlər, yəni adamlar bunları tanısınlar, müəyyən müddətdə gündəmdə olsunlar. Ona görə də biz əvvəlcə müəyyənləşdirməliyik ki, namizədlər içərisində həqiqətən də deputat olmaq istəyənlər nə qədərdir, öz imicini formalaşdırmaq istəyənlər nə qədərdir, başqa məqsədlər üçün istifadə etmək istəyənlər nə qədərdir. Başqa məsqədlər deyəndə, elələri var, düşünürlər, seçkidə yığacaqları səslərdən digər namizədlərə qarşı hansısa yollarla istifadə edə bilərlər və ya gələcək üçün hər hansı məhkəmə predmeti əldə edə bilərlər və s.

– Belə anlaşılır ki, sosial şəbəkə üzərindən PR aparanlar daha çox imic qazanmağı və nəzərdə tutduğunuz digər məqsədləri güdürlər?

– Tam elə demək olmaz. Sosial şəbəkə üzərindən imic qurmağa çalışanlar da var, amma bu, o demək deyil ki, belələrinin sayı çoxdur. Namizədlərimiz düzgün strategiya qura bilmədiklərinə görə sosial şəbəkədən istifadə etməyə məcbur olublar. Elə şəxs var ki, namizədliyi sonuncu gün təsdiqlənib və ondan sonra strategiya hazırlamağa başlayıb. Halbuki, namizədlik təsdiqlənmədən öncə strategiyaları hazır olmalı idi. Əksəriyyəti də öz posterlərinin çapını ən axırıncı günə saxlayıb, bir günə posterin çap olunmasını istəyirlər. Şirkətlər də fürsətdən istifadə edib posterləri onqat bahasına hazırlayır, yəni namizədlər maddi baxımdan da ziyana düşürlər.

– Posterlərdən danışmışkən, namizədlərin posterlərini qənaətbəxş hesab etmək olarmı?

– Çox cüzi formada qənaətbəxş hesab etmək olar. Həmin namizədlər də indiyədək beynəlxalq təcrübəni öyrəniblər, xarici ölkələrdə səfərlərdə olublar, xarici ölkələrin seçkilərini izləyiblər və onlardan bəhrələnərək peşəkar komanda ilə işləyirlər. Bunların sayı çox azdır. Kifayət qədər poster var ki, heç bir mesaj vermir, nə demək istənildiyini bilmirsən, hansı ki, poster seçkinin kommunikasiyası ilə bağlı ən vacib elementlərdən biridir. Poster, sloqan elə formada olmalıdır ki, seçicilər namizədi yadda saxlaya bilsinlər və şüar seçiciyə namizəd haqqında hər şeyi desin. Posterlər var ki, namizədin adı o qədər kiçik hərflə yazılıb ki, oxunmur, əvəzində çox böyük foto qoyulub. Ancaq başa düşmürlər ki, seçki bülletenində foto olmayacaq ki, seçicilər o fotoya baxıb səs versinlər, namizədin adı, şüarı seçicilərin yadında qalmalıdır. Belə posterlərlə qarşılaşanda açıq-aydın hiss olunur ki, həmin şəxslər adlarını yox, üzlərini məşhur etmək istəyirlər.

– Şüarlar necə, qane edirmi sizi?

– Şüarlar bizdə böyük problemdir. Şüar namizədin gedəcəyi yolun izahıdır. Təxminən, 15 nəfər namizədlə görüşmüşəm, onlardan, 11-i seçkiyə nə üçün getdiyini deyə bilməyib. Buna görə də onların kommunikasiya işini görməkdən imtina etmişik. Bəzi hökumətyönümlü namizədlər var ki, sloqanı, əslində hökumətə müxalifdir. Hansısa bir ifadəni bəyəniblər deyə, seçiblər və mənasına varmadan həmin ifadəni şüar ediblər. Namizədlər nə etmək istədiklərini, təbliğat kampaniyası müddətində hansı işlər görəcəklərini, seçkidə qalib gələndən sonra fəaliyyətlərini necə quracaqlarını müəyyən etsələr, ona uyğun şüar seçmək mümkündür. Təəssüflər olsun ki, bu, əksəriyyətində bəlli deyil.

Digər bir problem də ondan ibarətdir ki, namizədlərimiz təbliğat zamanı peşəkar komanda ilə işləməyin tərafdarı deyillər. Elə fikirləşirlər ki, özləri hər şeyi bilirlər, ona görə də təbliğatları, posterləri, sloqanları çox gülməli vəziyyətdə olur.

Həmçinin oxuyun

Türkiyədən kritik həmlə: “Zəngəzur məsələsi masada…”

“Zəngəzur vaxtilə SSRİ rəhbərliyi və orada təmsil olunan erməni siyasətçilər tərəfindən “proletar beynəlmiləlçilik” naminə Azərbaycandan …