Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Müsahibə / Müvəqqəti atəşkəs nə qədər çəkəcək? – TƏHLİL 

Müvəqqəti atəşkəs nə qədər çəkəcək? – TƏHLİL 

Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında əldə olunan atəşkəsin uzun müddət davam edəcəyini söyləmək problematikdir. Çünki, Rusiya işğal faktına son qoymağa hazır deyil. Azərbaycan və Ermənistan prezidenlərinin nə vaxt və hansı ölkənin vasitəçiliyi ilə görüşəcəyi isə məlum deyil. Böyük ehtimalla bu görüş yenə Rusiya ərazisində keçiriləcək. Ancaq Moskva hələ ki, gözləmə mövqeyindədir.
Rusiya prezidenti Vladimir Putin aprelin 14-də canlı yayımda ictimaiyyətin suallarına cavab verdi. Sullardan biri Dağlıq Qarabağla bağlı idi. Putin mövzuyla bağlı iki maraqlı fikir bildirdi.
Birinci fikir: “Rusiya vasitəçi olaraq Azərbaycanla Ermənistanı barışdırmağa yaxın idi. Ancaq alınmadı”. Böyük ehtimalla Putin 2011-ci ildə Rusiyanın Kazan şəhərində keçirilən prezidentlərin görüşünü nəzərdə tutur. Həmin görüşün yekunu olaraq “Kazan prinsipləri” hazırlandı. Bu prinsiplər “Madrid planı”na yaxın idi. Yəni ilkin mərhələdə işğal altındakı 5 rayon boşaldılmalı, bir neçə ilə sonra isə Kəlbəcər və Laçın rayonları azad olunmalı idi, qaçqınlar geri qaytarılmalı idi. Ancaq “Kazan prinsipləri”nin ən təhlükəli maddəsi Dağlıq Qarabağın statusunun müəyyənləşməsi ilə bağlı idi.
İkinci fikir: “Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etmək üçün hər şey edəcək”. Putinin bu sözlərindən çıxan nəticə odur ki, Kreml münaqişənin həlli məqsədilə təkbaşına vasitəşiliyini davam etdirəcək. Ancaq Moskvanın hələ konkret təklifləri yoxdur. Kreml üçün bu gün başlıca vəzifə müharibənin başlamasına imkan verməməkdir.
Bütün hallarda Rusiya Azərbaycanın Ermənistan üzərində qələbə qazanmasında və müharibə yoluyla işğal altındakı torpaqları azad etməsində maraqlı deyil. Rəsmi Bakı isə Kremlin münaqişənin həlliylə bağlı təkliflərini yerinə yetirməyəcək. Kremlin iki təklifi var:
Birinci təklif odur ki, 5 rayonun azad olunmasıyla paralel olaraq Dağlıq Qarabağın statusu müəyyənləşdirilməlidir.
İkinci təklif isə odur ki, Rusiyanın sülhməramlı qüvvələri Dağlıq Qarabağ və ətraf rayonlarda yerləşdirilməlidir.
Bölgədə toqquşmalar yenə davam edəcək. Rusiya hərbi toqquşmaların qarşısını ala bilməyəcək. Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrinin itkisini artırmağa çalışacaq. Rəsmi Bakı bu yolla Ermənistan hakimiyyətinə təzyiqi artırmağı planlaşdırır.
Eyni zamanda Ermənistan hakimiyyəti Bakıda iyun ayında keçiriləcək “Formula-1” yarışları ərəfəsində cəbhə bölgəsində təxribat yaratmağa çalışa bilər. Yəni iyun ayında cəbhə bölgəsində atəşkəsin pozulması intensiv hal ala bilər.
Rəsmi Bakı elə diplomatik addımlar atmalıdır ki, Rusiya təkbaşına vasitəçi olmasın. Ancaq bu yalnız rəsmi Bakının istəyindən asılı deyil. ATƏT-in Minsk Qrupunun digər iki həmsədri – Fransa və ABŞ-ın münaqişənin həlli prosesində – danışıqlarda fəallaşmalarına ehtiyac var. Fransa prezidenti 2-6 aprel tarixlərində cəbhə bölgəsindəki vəziyyətlə bağlı açıqlama verdi. ABŞ prezidenti Barak Obama isə heç bir reaksiya vermədi. Vaşinqtonun bu passivliyi Moskvanın maraqlarına cavab verir. Kreml Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin həllindəki passivliyindən istifadə edərək Azərbaycandakı mövqelərini gücləndirməyə çalışır. Rusiya prezidenti Dağlıq Qarabağ münaqişəsinin həllini amerikalı və ya avropalı rəsmilərlə deyil, telefonla Qazaxıstan prezidenti ilə müzakirə etdi. Bu o deməkdir ki, Putin Qarabağ mövzusunu qərbli rəsmilərlə müzakirə etməyə ehtiyac görmür. Putinin bu siyasəti Qərbin Cənubi Qafqazdakı maraqlarının sıxışdırılmasına hesablanıb.
Rusiyalı rəsmiləri deyirlər ki, müharibə problemi həll etməyəcək, danışıqları davam etdirmək lazımdır. Ancaq Azərbaycan 22 ildir danışıqlar aparır, nəticə isə yoxdur. Azərbaycanı sakitliyə çağıran Putin 1990-cı illərin sonunda ikinci çeçen müharibəsində ordusuna hücum əmri vermişdi. Çeçenistanda döyüşlər zamanı kəndlət, evlər dağıdıldı. Rusiya Çeçenistan üzərindəki nəzarəti bərpa etmək və ərazi bütövlüyünü təmin etmək məqsədilə aylarla müharibə apardı. Qərb Putinə deyirdi ki, müharibə problemi həll etməyəcək, çeçen separatçıları ilə danışıqları davam etdirmək lazımdır. Putinin buna reaksiyası sərt olur, cavabında deyirdi ki, Rusiyanın daxili işlərinə qarışmayın. Eyni ilə Rusiya kimi Azərbaycan öz daxili problemini həll etmək istəyir.
Avropa İttifaqı və ATƏT-in hazırki sədri Almaniya da Dağlıq Qarabağdakı vəziyyətdən narahatdır. Həm Brüssel, həm də Berlin status-kvonun dəyişdirilməsi vacibliyini bildirirlər. Ancaq Avropa da ABŞ kimi Rusiyanın gerisində qalıb. AŞPA və Avropa Parlamenti Azərbaycan torpaqlarının işğalıyla bağlı müxtəlif qətnamələr ədalətli qəbul ediblər. Bundan sonra rəsmi Bakı çalışmalıdır ki, bu qətnamələr Ermənistan hakimiyyətinə qarşı təzyiq vasitəsinə çevrilsin. AŞPA və Avropa Parlamenti də gördü ki, Azərbaycan status-kvonu qəbul etməyəcək, vəziyyəti dəyişmək üçün Ermənistanla müharibəyə hazırdır. Ona görə də əgər Avropa Parlamenti və AŞPA hadisələrin bu iqtiqamətdə inkişafını istəmirlərsə, özlərinin qəbul etdikləri sənədlərin icrasıını təmin etməlidirlər.
AŞPA-nın işğal altındakı rayonların boşaldılması vacibliyi və işğal altındakı Sərsəng su anbarı ilə bağlı iki qətnaməsi var. Birinci qətnamə 2005-ci ildə, ikinci qətnamə isə 2016-cı ildə qəbul olunub. AŞPA Ermənistan hakimiyyətinə müəyyən vaxt verməlidir. Əgər həmin müddətdə Ermənistan hakimiyyəti həmin qətnamələri yerinə yetirməsə Ermənistanın AŞPA-da ən azı səsvermə hüququndan məhrum edilməsi məsələsi qaldırılmalıdır.
Digər tərəfdən Almaniya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 7 maddəlik təkliflər paketi olduğunu açıqlayıb. Böyük ehtimalla bu təkliflər “Madrid planı”ndan fərqlənmir. Yəni birinci növbədə Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır. İndi vacib olan Berlinin bu istiqamətdə danışıqları intensivləşdirməsidir. Çünki, Berlin gözləmə mövqeyinə keçsə və Azərbaycanla Ermənistan rəhbərliyi arasında təmaslara başlamasa, Almaniyanın xarici işlər naziri Bakı və İrəvana səfər etməsə həmin 7 maddəlik təkliflər paketi də unudulacaq.
Beynəlxalq aləm işğalçı ilə işğala məruz qalan dövlətlə bərabərlik işarəsi qoymaq siyasətini davam etdirdikcə Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə həll edilməyəcək. Ermənistanı Dağlıq Qarabağ ətrafındakı 5 rayonu boşaltmağa məcbur etmək lazımdır. Bunun başqa alternativi yoxdur. Ermənistan hakimiyyəti bunu anlamayana qədər bölgədə hərbi toqquşmalar da davam edəcək, hər iki tərəfin itkiləri də artacaq. Azərbaycan mümkün itkilərə psixoloji baxımdan hazırdır, Ermənistanın isə yeni itkilərə hazır olduğunu vurğulamaq çətindir. Bunu Ermənistan prezidenti Serj Sərkisyan da anlayır. Təsadüfi deyil ki, o qəfildən Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanla görüşdü. Doğrudur, bu görüşün nəticəsi olaraq Levon Ter-Petrosyan cəmiyyəti birliyə çağırdı. Ancaq bir müddət keçdikdən sonra Ermənistan müxalifətinin və cəmiyyətin Sərkisyana qarşı təzyiqləri artacaq.
“Atlas” Araşdırmalar Mərkəzi

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …

Bir cavab yazın