Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Müsahibə / “Müsahibə götürdüyüm insanlardan biri olan tarix müəllimi Rəşad şəhid oldu…”

“Müsahibə götürdüyüm insanlardan biri olan tarix müəllimi Rəşad şəhid oldu…”

Vətən müharibəsində döyüşərək yaralanan hərbçilərimizdən biri də jurnalist Daşqın Əzizdir. Daşqın Əziz Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Beləliklə, Moderator.az qazimizlə müsahibəni təqdim edir:
– Daşqın, ilk öncə özünü təqdim edərdin?

– Mən Əzizov Daşqın Mehdi oğlu. 1995-ci ildə Şəki şəhərində anadan olmuşam. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişəm. 2013-cü ildən idman jurnalisti kimi işləyirəm. 
– Bəs döyüşlərə necə qatıldın?
– Mən əsgərlikdə qardaşımla birlikdə xidmət etmişəm. Silah da işlətmişəm. Sentyabrın 29-da məni də müharibəyə çağırdılar. Maraqlı məqam odur ki, Gəncədə təlimdə olanda bizi Şəmkir dağlarına aparıb təlim keçirdilər. Ancaq dağa çıxıb düşürdük. Sən demə, məqsəd də o imiş ki, biz Şuşada döyüşəndə o dağlara qalxa bilək. Yəni biz sırf Şuşa döyüşləri üçün hazırlanmışdıq. Biz ilk öncə Füzulinin Seyidəhmədli kəndində yollandıq. Orda bir neçə gün qalıb səngər də qazdıq, müdafiə xətti qurduq və ani bir komandayla Şuşaya getdik.
– Şuşada döyüşləriniz necə keçdi?
– Biz ilk olaraq Şuşanın Daşaltı kəndində və Şuşanın ətrafında döyüşdük. Şuşanın içində isə Xüsusi Təyinatlılarımız döyüşürdü və biz ətrafda onları mühafizə edirdik. Noyabrın 8-də Xankəndinə düşən yolda mən yaralandım. 
– Yaralanmağın necə oldu?
– Biz irəlilədik və iki təpəni düşməndən azad etdik. Ermənilər mülki geyimdə bizə pusqu qurmuşdular və biz o pusqunu dağıtdıq. Onda bizim bir neçə döyüş yoldaşımız şəhid oldu. Sonra biz irəli gedib üçüncü təpəyə çatanda ermənilər bütün gücləri ilə Xankəndi tərəfdən iki min nəfərlə hücuma keçdilər. Onların orda böyük bir hərbi hissəsi var. Biz tankın birini vurduq, tüstülədi. Daha sonra piyadalar gəldi və pulemyotlarımızla düşmənin 60-dan çox canlı qüvvəsini məhv etdik. Bizdə təxliyə qrupu var idi, komandir dedi ki, onlara kömək edin yaralıları çıxarsınlar. Mən kömək edəndə belimdən beş qırx beş güllə ilə məni vurdular və güllə qarnımdan çıxıb torpağa girdi. 
– Yaralı halda ordan necə çıxdın?
– Mənim döyüşçü yoldaşım Elnur Həsənov başından qəlpə yarası almışdı, vəziyyəti ağır idi. Mən onun gözlərini siləndən sonra gözlərini açıb dedi ki, “jurnalist, sənsən?”. Amma çox təəssüf ki, Elnur şəhid oldu. Mən sağalan kimi gedib onun məzarını ziyarət edəcəm. Özüm yaralı olsam da, ərazidən çıxa bildim. – Döyüşlər zamanı ailənlə əlaqə saxlaya bilirdinmi?
– Həftədə bir dəfə əlaqə saxlayırdım. Telefonla danışmağa o qədər də imkan olmurdu. 
– Jurnalistin döyüşə getməsi yəqin ki, onun üçün maraqlı olur. Fikirləşir ki, gördüklərim haqda gələcəyinə nəsə yazaram. Sən necə, bu haqda fikirləşirsənmi?
– Adam o səhnələrin hər birini videoreportaj, xatirə kimi saxlamaq istəyir. Hələ bunu etməmişəm, amma bir neçə döyüş yoldaşımdan müsahibə götürmüşəm. Müsahibə götürdüyüm insanlardan biri olan tarix müəllimi Rəşad şəhid oldu. Onun müsahibəsini yayımlamışam.   – Vətən müharibəsində iştirak etdiyin üçün ölkə başçısı tərəfindən təltif olundunmu?
– Ölkə başçısı tərəfindən “Döyüşdə fərqlənmə” medalı ilə təltif edildim. 
– Bildiyimiz qədəriylə orda hamı səni jurnalist kimi tanıyıb…
– Əlbəttə. (Gülür) Uşaqlar mənə müxbir deyirdilər. Deyirdilər ki, sən döyüşmə, ancaq bizi çək. Dedim ki, mən bura döyüşçü kimi gəlmişəm. Jurnalist kimi gəlsəydim, kameramı gətirərdim. – Daşqın, idmandakı meydan mübarizəsiylə, müharibədəki mübarizənin səncə hansı fərqləri var?
– Maraqlı sualdı. Hər ikisi mübarizədir. Hər ikisində də hücuma keçən tərəf üçün çətin olur. Bu döyüş meydanında da cəbhəni yarmaq çətin olur, amma öhdəsindən gəldik. 

Həmçinin oxuyun

“Mənim evimdə erməni yoxdur” – Əli Həsənov

Milli Məclisin deputatı Siyavuş Novruzov Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri, …