Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Müsahibə / “Murovdağ əməliyyatının planını ermənilərə kim satmışdı?”

“Murovdağ əməliyyatının planını ermənilərə kim satmışdı?”

Düz 23 il öncə – dekabrın qarlı-şaxtalı günlərində yüzlərlə Azərbaycan oğlu 3 min metrdən çox yüksəklikdə Kəlbəcəri ermənilərdən azad etmək üçün keçiriləcək əməliyyata hazırlaşırdı. Qarabağ savaşları tarixinə “Murovdağ əməliyyatı” kimi düşmüş,  öncə  çox uğurlu başlanan, təəssüf ki, sonda məğlubiyyətə düçar olan  bu döyüşlərin fəal iştirakçılarından biri – keçmiş “Bərdə taboru”nunu komandiri Gəray Əsədov Moderator.az- a həmin əməliyyatın gizlinlərindən danışdı…
(Müsahibənin ilk hissəsini bu linkdən oxuya bilərsiz:  https://www.azinforum.az/100-n%C9%99f%C9%99rl%C9%99-koroglu-yuks%C9%99kliyini-kecib-dusm%C9%99ni-m%C9%99hv-etdik-murovdag-%C9%99m%C9%99liyyati/
– Gəray bəy, hava, relyef və  hərbi əməliyyat şəraitinin  imkan vermədiyi bir halda Kəlbəcər istiqamətində əməliyyatların ilk mərhələdə uğurla nəticələnməsi kimlərin hesabına oldu?
– Qarabağ uğrundakı digər döyüşlərdə olduğu kimi, Murovdağ əməliyyatının ilk mərhələsindəki uğurlarımız da döyüşlərdə bərkimiş, mətinləşmiş köhnə zabit və əsgərlərin hesabına oldu. Amma zabit və əsgərin taleyindən,  heç bir təlim görməmiş gənclərin əbəs yerə  təsadüfi düşmən gülləsindən və ya donvurmadam, uçqundan həlak olacaqlarından narahat olmayan bəzi siyasi və hərbi rəhbərlərin  məntiqsiz qərarları itkilərimizi artırırdı…
“Əksəriyyəti küçədən tutulmuş, təlim görməmiş əsgərləri Murovun o üzünə keçirməli idik…”
Yanşaq kəndinə hücum başlanan ərəfədə sabiq  baş prokuror Əli Ömərov və  MN Baş qərargah rəisi Nəcməddin Sadıqov özləri ilə Bakıdan dövlət başçısının əmri ilə tutulub geri qaytarılan fərarilərdən ibarət 500 nəfər heyət də gətirmişdilər. Yanşağı  azad  etmək üçün isə bizə bütün əsgər heyətini və silah-sursatı Murovun o üzünə keçirmək lazım idi. Qar, şaxta… Daldalanmağa bir tikili yox… Əksəriyyəti küçədən tutulmuş, təlim görməmiş əsgərlər… Hərəkət zamanı ermənilər yerimizi müəyyən edib qumbaraatanlardan atəşə tuturdular. Məcbur olub heyəti ora-bura səpələyirdik ki, itkimiz az olsun…
“Adi hərbi müəllimi briqada komandiri təyin etdilər…”
1994-cü il yanvarın 8-də yenidən müşavirə keçirildi. MN əməkdaşı, polkovnik Elxan Orucov müdafiə nazirinin əmrini oxudu: 701 saylı briqadanın komandiri Valeh Rəfiyevin yerinə MN Əməliyyat İdarəsinin rəisi Saleh İlyasov təyin edilir. Sonradan məlum oldu ki, S.İlyasov adi hərbi müəllim işləyib və briqadanı idarə etmək üçün nə təcrübəsi, nə də qabiliyyəti var…
Belə bir vəziyyətdə Yanşaq istiqamətində hücumlar başladı. Düzdü, ilk vaxtlar uğur qazana bildik. Yanşaq da daxil olmaqla Kəlbəcərin 22 kəndini ermənilərdən azad etdik…
– Bəs necə oldu ki, sonradan ordumuz ermənilərin qarşısından kütləvi şəkildə geri çəkilməyə başladı?
– Təəssüf ki, bir aydan çox müddətdə qarlı-şaxtalı dağlarda hücum əməliyyatları keçirən döyüşçülərin artıq dözüm limiti tükəndi, aralarında xeyli həlak olan, soyuqlayan, yaralanan oldu və s. Onları əvəz edənlərin əksəriyyəti isə ordan-burdan tutulan hazırlıqsız əsgərlər idi. Nəticədə  1994-cü  il fevralın 12-13-dən biz ağır itkilərlə geri çəkilməyə məcbur olduq…
– Əməliyyatın keçirilməsinə  bilavasitə nəzarət kimə həvalə edilmişdi? 
– Şahidi olduqlarıma əsasən deyə bilərəm ki, bilavasitə                                                                                    cəbhə zonasında əməliyyata ilk mərhələdə əsas nəzarəti Ə.Ömərov və N.Sadıqov (yanvarın ortalarında Ə.Ömərov getdi), sonra isə N.Sadıqov başda olmaqla nazirlik əməkdaşları Elxan Orucov və Rüfət Əmirov həyata keçiriblər…
O vaxtkı spiker Rəsul Quliyevin  Murovdakı məğlubiyyətdə rolu ola bilərdimi?
 
– Bəziləri guya Rəsul Quliyevlə Əli Ömərov, yaxud Nəcməddin Sadıqov arasında olan inrtriqaların da Murovdakı məğlubiyyətdə böyük rol oynadığını söyləyirlər…  
– Biz  də o zaman bu barədə eşitmişdik. Amma belə qənaətə  gəlirdik ki, N.Sadıqovu da, Ə. Ömərov məcbur edir hücum əməliyyatına başlamağa… O da var ki, N.Sadıqov hərbçi idi,  gərək o, əməliyyat şəraitini nəzərə alaydı…
Burada R.Quliyevin də  böyük rolu olub bəlkə də. Amma düzü,  nə bu barədə əlimizdə fakt var, nə  də onun bilavasitə özünü əməliyyat zonasında görmüşəm…
 
– Milli Qəhrəman Şahin Tağıyev bir müsahibəsində Murovdağ əməliyyatının uğursuzluğa düçar olmasında o dövrdə ölkənin faktiki ikinci şəxsi olan Rəsul Quliyevin də böyük rolu olduğunu və bir sıra zabitlərin, o cümlədən, sizin nahaqdan həbs edildiyinizi göstərir…
– Şahin Tağıyevin fikirləri ilə xeyli dərəcədə razıyam… O vaxt məni əmri icra etməmək adı ilə həbs etdilər. Guya mənə Buzluq dağını götürmək əmri verilmişdi – icra etməmişdim. Halbuki, həmin vaxt taborumuzda 500 nəfərə yaxın əsgər var idi, ermənilərin telefon danışıqlarından da məlum olmuşdu ki, onlar Buzluq ətrafına 2000 nəfərə yaxın qüvvə toplayıblar. Ancaq briqada komandiri Elxan Orucov bunu bilə-bilə bizə məlumat verməmişdi. Yəni nizamnaməyə tam zidd olaraq 500 nəfərlik qüvvəni müdafiədə dayanan 2000 nəfərlik düşmən qüvvəsi üzərinə göndərmişdi. Bütün bunlar sonradan məhkəmədə təsdiq edildi və mən bəraət aldım…
Eldar Həsənov: “Murovdağda məğlubiyyətimizin əsas səbəbi əməliyyat planının ermənilərə satılması olub…”
 
– Murovdağ əməliyyatının gedişinə o vaxtkı baş nazir Surət Hüseynovun bu və ya digər formada təsiri hiss olunmurdu ki? 
– Surət Hüseynovun  bu əməliyyatlara hər hansı təsirini təsdiqləyəcək heç bir faktın şahidi olmamışan və bu barədə heç nə eşitməmişəm. Amma bir məqam dəqiq yadımdadır: o vaxt bunu məhkəmədə də demişəm. S.Hüseynov 1994-cü ilin oktyabr hadisələri zamanı dövlət çevrilişinə cəhddə günahlandırıldıqdan sonra o vaxtkı dövlət başçısı Heydər Əliyevin yanındakı müşavirədə baş prokuror əvəzi Eldar Həsənov belə bir fikir söylədi: ”Murovdağ əməliyyatında məğlubiyyətimizin əsas səbəbi Müdafiə Nazirliyində kök salmış çevrilişə cəhd edən qüvvələrlə əlbir olan zabitlərin əməliyyat planını ermənilərə satması olub…”  O vaxtdan bəri biz hərbçiləri də bu suallar düşündürür: əməliyyat planını ermənilərə kim sata bilərdi? Nədən Kəlbəcərin 22 kəndini azad etdiyimiz halda ordumuz kortəbii şəkildə geri çəkilməyə məcbur oldu?..
– Murovdağ əməliyyatları zaman itkilərimiz barədə hansı məlumatınız var?
– Ümumi itkilər barədə dəqiq məlumatım yoxdur. Amma 701 saylı briqadadan 144 nəfər şəhid oldu, 111 nəfər itkin düşdü, 1337 adamı don vurdu… Don vuranlar da ömürlük əlil oldular. Elə döyüşçü var ki, hər iki ayaq barmaqları amputasiya edilib…
“Elxan Orucov və bir neçə digər zabit haqqında cinayət işi qaldırılsa da, onlar həbs edilmədilər”
 
– Əməliyyatla bağlı həbs edilən zabitlər arasında  kimlərinsə gerçəkdən günahkar olduğunu hesab edirsinizmi? 
– Həbs edilənlər mən, briqada komandiri Saleh İlyasov və onun müavini Nəriman Zeynalov idi. 1 il 6 aydan sonra günahımız sübut edilmədiyinə görə bizi azad etməyə məcbur oldular. Amma S.İlyasovun yeganə günahı onda idi ki, o, adi bir hərbi müəllim ola-ola briqada komandirliyi kimi bacarmadığı bir yükün altına girmişdi… Əsl günahkar olan müdafiə nazirinin müavini Elxan Orucov və onun ətrafındakı bir neçə zabit haqqında cinayət işi qaldırılsa da, onlar həbs edilmədilər…
Kəlbəcərin  azad edilməsi əməliyyatının uğursuzluqla sonuclanmasında öncədən milli ordu rəhbərliyinə və hərbi hissələrə yerləşdirilmiş “QRU”(Rusiya Ordusunda Baş Kəşfiyyat İdarəsi) agentura şəbəkəsinin rolu ola bilərdimi? 
 
Elxan Orucov niyə ətrafına rus zabitləri toplamışdı? Sabiq müdafiə naziri Tacəddin Mehdiyev nədən Murovdağ əməliyyatında briqada komandiri kimi iştirak etməkdən boyun qaçırmışdı? Bu əməliyyatlarda iştirak etmiş hansı polkovnik sonradan Azərbaycandan çıxardığı zenit-raket kompleksini xaricdə satmağa cəhd etmişdi? Əmrlərin düzgün icra ediləcəyi təqdirdə Kəlbəcəri tam azad etmək mümkün olardımı? 
Bu və digər suallara cavab tapmaq üçün müsahibənin ardı olacaq.
Sultan Laçın

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın