Ana səhifə / Müsahibə / Müdafiə Nazirliyi: Ermənistan dövlət sərhədində təxribatları davam etdirir – FOTO

Müdafiə Nazirliyi: Ermənistan dövlət sərhədində təxribatları davam etdirir – FOTO

Son vaxtlar müxtəlif vasitələrlə Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyəti gərginləşdirmək məqsədi güdən Ermənistan bu dəfə daha bir təxribata əl atıb.
Bu barədə Moderator.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, ermənilər tərəfindən kustar üsulla hazırlanan partlayıcı qurğu yanvarın 12-də dövlət sərhədinin Tovuz rayonu sahəsində, qoşunların qarşıdurma xəttinə yaxın əraziyə PUA vasitəsilə atılıb.
Bu cür mənşəyi və mənsubiyyəti məlum olmayan qeyri-ənənəvi üsulla hazırlanan partlayıcı vasitələrin düşmən tərəfindən tətbiqi müdafiənin ön xəttində yerləşən bölmələrimizin şəxsi heyətinə, xüsusilə də həmsərhəd ərazilərdəki yaşayış məntəqələrinin dinc əhalisinə xəsarət yetirmək məqsədini güdür.
Partlayıcı qurğunun zərərsizləşdirildikdən sonra ilkin öyrənilməsi zamanı bu vasitənin elektrik detonatoru, detonasiya qaytanı, çoxlu sayda metal qəlpələr və qurğunun işə salınması üçün batareyalardan ibarət olduğu müəyyən edilib.
Beynəlxalq normativ hüquqi qaydalarla istifadəsi qadağan olunan bu cür vasitələrin Ermənistan tərəfindən, xüsusilə Azərbaycan-Ermənistan dövlət sərhədində məqsədyönlü şəkildə tətbiqi vəziyyəti gərginləşdirmək, Azərbaycanı cavab tədbirləri görməyə təhrik etmək və bununla da təmsil olunduğu hərbi-siyasi blokun digər üzvlərinin diqqətini növbəti dəfə cidd-cəhdlə münaqişəyə cəlb etmək məqsədini güdür.
Azərbaycan Müdafiə Nazirliyi bəyan edir ki, baş verə biləcək hər hansı insidentə və onun nəticələrinə görə məsuliyyət tamamilə Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür.

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …

Bir cavab yazın