Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Müsahibə / Mahir Dərziyev: “Bizim namizəd Azərbaycanın düşməni kimi təqdim edildi”

Mahir Dərziyev: “Bizim namizəd Azərbaycanın düşməni kimi təqdim edildi”

Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyasının funksioneri, deputat Mahir Dərziyevlə müsahibəni təqdim edirik.

– Mahir müəllim, Gürcüstanda keçirilən prezident seçkilərini necə qiymətləndirirsiniz?
– Seçkilər şəffaf, azad və demokratik şəkildə keçirilib, beynəlxalq standartlara cavab verib. Həm beynəlxalq müşahidəçilər, həm də yerli müşahidəçilər bunu qeyd ediblər. Bizim müxalifətçilər isə seçkilərdə qanun pozuntularının olduğunu göstərə bilmədi. Başqa sözlə, seçkilər demokratik, şəffaf, sakit və əmin-amanlıq şəraitində keçirildi. Beynəlxalq standartlara cavab verdi.

Qeyd edim ki, təxminən iyirmiyə qədər kiçik qanun pozuntusu olub. Bunlar da cinayət tərkibi olmayan hallar idi. Odur ki, bu kiçik qanun pozuntuları ilə bağlı cinayət işi qaldırılmadı. Yəni bəzi xırda məqamlar istisna olmaqla seçkilər yüksək səviyyədə baş tutdu.

– Seçkinin nəticələri haqqında nə deyə bilərsiniz?
– Sözün düzü, biz iqtidar partiyası olaraq seçkilərin birinci turunda qalib gələcəyimizi gözləyirdik. “Gürcü Arzusu” bu seçkilərdə bilavasitə namizəd irəli sürmədi. Biz seçkilərdə daha çox müstəqil namizəd Salome Zurabişvilini dəstəkləyirdik. Birinci turda onun qalib gələcəyinə əmin idik. Bunun üçün də əsaslarımız vardı. Salome Zurabişvili tanınmış siyasi xadimdir. Gürcüstanın xarici işlər naziri olub, partiyaya sədrlik edib, parlamentin deputatıdır və beynəlxalq aləmdə müsbət imici var. İqtidar partiyası onu dəstəklədi. Sonda xalq seçkilərdə öz qərarını verdi. Biz, xalqın seçiminə hörmətlə yanaşırıq. Artıq səslər hesablanıb. Yenə də Salome Zurabişvili səslərin sayına görə, birinci yerdədir. Seçkilərin ikinci turu olacaq və hazırda biz II tura hazırlaşırıq.

– Sakaaşvilinin lideri olduğu Milli Hərəkat Partiyası seçkilərdə qalib gəldiyini elan edib. Bildirir ki, II turda seçkini udacaqlar. Siz, bunu real hesab edirsinizmi?
– Belə deyirlər. Ancaq biz iqtidar partiyası olaraq ikinci turda onlara belə fürsət verməyəcəyik. Sözsüz ki, partiyamızda seçkilərin birinci turunun nəticələri analiz olunacaq, təhlil aparılacaq. Komanda daxilində hansı səhvlərin, nöqsanların olduğunu araşdıracağıq və təbii ki, ikinci turda seçki kampaniyamız daha güclü, daha mütəşəkkil olacaq.

– Müxalifətin ilk dəfə seçkilərdə revanş götürməsi sizcə, nə ilə bağlıdır?
– Milli Hərəkat Partiyasının namizədi olan Qriqol Vaşadze əhaliyə vəd verirdi ki, 200 lari olan pensiyanı 400 lari edəcək. Fikrimcə, biz seçicilərin əsas hissəsi olan təqaüdçülərə tam çatdıra bilmədik ki, bu gün Gürcüstanda prezidentin məhdud səlahiyyətləri var. Prezident pensiyanı 400 lari deyil, heç 4 qəpik artırmaq imkanında deyil. Yəni prezidentin əlində belə səlahiyyət və mexanizm yoxdur. Gürcüstanda prezident hakimiyyəti nominal, təmsilçilik səlahiyyəti olan institutdur. Odur ki, biz reallıqları təqaüdçülərə çatdıra bilmədik. Bu səbəbdən də, Qriqol Vaşadze populist vədləri ilə təqaüdçülərin bir hissəsini öz arxasınca apara bildi. Eyni zamanda bizim dəstəklədiyimiz Salome Zurabişviliyə qarşı qara piar, anti-kampaniya aparıldı. Məsələn, belə kampaniya aparıldı ki, Salome Zurabişvili türk düşmənidir, Azərbaycanın düşmənidir, erməni yanlısıdır və s. Hətta bəziləri deyirdi ki, ermənidir. Bu, bizim “sevimli” müxalifətin xodlarından biridir.

– Ancaq həqiqətən də seçkidən əvvəl “Gürcü Arzusu”nun dəstəklədiyi namizədin ermənipərəst olması haqda fikirlər səslənirdi…
– Bu, aparılan “qara piar” kampaniyasının nəticəsidir. Əslində Salome Zurabişvili əsilzadə ailənin övladıdır, onun babaları Sovet hökuməti qurulan zaman Fransaya mühacirət edib. Özü də Fransada doğulub. Mən onun fəaliyyəti və bəyanatlarında erməni yanlısı olduğuna rast gəlməmişəm. Sadəcə olaraq prezidentliyə namizəd kimi Cavaxetiyada erməni vətəndaşlar ilə görüşüb. Görüş əsnasında onun çıxışından bir cümləni konteksdən ayıraraq böyük qara piar aparıldı. Biz bu kimi məqamları daha ciddi formada diqqətə alacağıq. Sizə deyim ki, bu məqam bizim azərbaycanlı seçicilərə arasında xüsusilə yaydılar. Təbii ki, seçkilərin ikinci turuna daha ciddi hazırlaşacağıq. Bizim komanda daxilində ciddi məsləhətləşmələr, təhlillər aparacağıq. Əminəm ki, ikinci turda qalib gələcəyik.

– II turda “Gürcü Arzusu” uduzsa, nə olacaq?
– II turda uduzmağı istisna edirik. Buraxılan səhvlərin ciddi təhlili aparılacaq. İkincisi, uduzsaq heç nə olmayacaq. Prezidentin böyük səlahiyyəti yoxdur. Müxalifət nədən bu seçkiyə böyük canfəşanlıqla girişmişdi? Açığını deyim ki, seçkidə böyük pullar xərcləndi. Düzdür, belə imic yaradılıb ki, guya Sakaaşvilinin əynindəki pencəyindən başqa heç nəyi yoxdur və bu gün də xaricdə nənəsi, anası hesabına yaşayır. Amma Saakaaşvilinin də, Vahid Milli Hərəkat Partiyasının da böyük pulu, qara kassası var. Gəlirləri, biznesləri var. Bunun hesabına da böyük pullar xərcləndi. Bütün maliyyə resurslarını, öz fəalları və tərəfdarlarını səfərbər etdilər.

– Müxalifətin bu seçkilərdə plan və məqsədləri nədən ibarətdir?
– Müxalifətin seçkidə əsasən iki namizədi çıxış etdi. Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze və Avropa Gürcüstanı Partiyasının namizədi David Bakradze. Hər iki namizəd elan edir ki, prezident seçilsələr Sakaaşvili haqqında məhkəmənin verdiyi hökmü ləğv edəcəklər və eyni zamanda onun vətəndaşlığını geri qaytaracaqlar. Yəni bu yolla Sakaaşvilinin Gürcüstan siyasətinə yolunu açmaq istəyirlər.

– Bunun mümkün hesab edirsinizmi?
– Yəni prezidentin həm əfv etmək, həm də vətəndaşlıq vermək səlahiyyəti var. Müxalifətin planı ölkədə gərginlik yaratmaq, xalqı küçələrə tökmək, aranı qarışdırmaq və bulanıq suda balıq tutmaqdır. Yalnız bu yolla onlar hakimiyyətə gələ bilər. Ciddi siyasi qüvvələr onları qəbul etmir. Digər panları da, 2020-ci il parlament seçkiləri öncəsi bununla məşq edirlər. Yəni bu seçkilərə hazırlaşırlar. Ancaq bir daha qeyd edim ki, mən bizim dəstəklədiyimiz namizədin II turda qalib gələcəyinə inanıram. (Teleqraf.com)

Həmçinin oxuyun

Türkiyədən kritik həmlə: “Zəngəzur məsələsi masada…”

“Zəngəzur vaxtilə SSRİ rəhbərliyi və orada təmsil olunan erməni siyasətçilər tərəfindən “proletar beynəlmiləlçilik” naminə Azərbaycandan …