Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Müsahibə / Məsələ yenə də müharibəyə doğru gedir?

Məsələ yenə də müharibəyə doğru gedir?

Həmsədr ölkələrin diplomatlarının tonunda daha əvvəlki qətiyyət və nikbinlik sezilmir. Əgər çox qısa bir müddət bundan əvvəl ciddi-cəhdlə prezidentlərin görüşü üçün yeni ünvan aranırdısa, indi diplomatlar bir az tərəddüd və bir azacıq da açıq inamsızlıqla onların avqust ayında görüşə biləcəklərini deyirlər… 
Çox böyük ehtimalla demək olar ki, Ermənistan həmsədrləri, xüsusən də öz müttəfiqi olan Rusiyanı ciddi şəkildə düşünməyə vadar etdi…
Bəli, kiçik bir silahlı qrupun polis binasını ələ keçirməsindən ibarət olan olaya qarşı həddən artıq ehtiyatlı və ləng münasibət hamıda belə fikir yaratdı ki, deyəsən, S.Sarkisyan “oyun”dan çıxmaq istəyir…
“Oyun”dan çıxmaq məsələsini isə iki aspektdə başa düşmək lazımdır – bir minimum, bir də maksimum planda… Amma əvvəlcə bir detalı qeyd edək ki, Rusiya həqiqətən də Ermənistana təzyiq edir. Bu təzyiq isə Serj cənablarını indicə dediyimiz iki plana əl atmağa təhrik edir…
Birincisi, adi bir olaya “diqqətsiz” münasibət, qəsdən onun dərhal çözülməməsi və hətta bunun azacıq siyasi etirazlara da transformasiya olunub ictimai çalarlar almasına göz yummaq onunla bağlı ola bilər ki, Ermənistan prezidenti Rusiyanı fakt qarşısında qoymaq, “Baxın, məndən asılı deyil, cəmiyyət etiraz edir!” – demək istəyir. Bu, “oyun”dan çıxmağın minimum planıdır…
İkincisi, Ermənistan siyasətçiləri kritik anlarda “top”u biri-birilərinə ötürə bilirlər. Hətta ola bilər, lap kritik vəziyyət yaranarsa S.Sarkisyan estafeti “Dağlıq Qarabağ siyasi klanı”nın növbəti iddiaçısına ötürmək fikrinə düşsün…
Düzdür, bütün bunların hansının baş verəcəyini bilmək üçün hələ bir müddət gözləmək lazım gələcək. Amma hiss olunan budur ki, Rusiya yenə “Serjin vəziyyətini anlamağa” meyllənir.  İşin tərsliyindən də indi qızmar yaydır və belə aylarda hətta diplomatlar da dincəlməyi sevirlər.
Ona görə də prosesə bir tərəfdən Ermənistandakı olayların qatdığı lənglik, o biri tərəfdən də isti yayın da öz “töhfə”si adamı lap dilxor edir, çünki bütün bu siyasi – diplomatik vurnuxmaların nəticələrini tez bilmək istəyirik.
Fəqət, lap əvvəlcədən bizim diqqətimizi cəlb edən bu idi ki, Bakıda böyük nikbinliklə “şifahi razılaşma” haqda bəyanatlar veriləndə Yerevan da, Moskva da bunu qəti şəkildə inkar etdi.
Təbii ki, məntiqli oxucu dərhal deyə bilər ki, onlar bunu bəlkə elə bu gün üçün edirdilər?
Ola bilər… Amma başqa detal da var. Çox tez bir zamanda prezidentlər yenə də kəskin ritorikaya müraciət etdilər…
Hətta ilk baxışdan da belə göründü ki, onların sərgilədiyi mövqelər heç də diplomatların iddia etdiyi kimi yaxın görünmür. Biri yenə də mərhələli həll, o birisi isə lap əvvəllər olduğu kimi, paket variantında israr edir və “Qarabağ xalqının öz müqəddəratını təyin etmək hüququ”nun tanınmasını israr edir…
Bu günlərdə isə S.Sarkisyan bir daha bəyan etdi ki, rəsmi Bakı “müqəddərat məsələsi”ni tanımasa, Azərbaycanla müharibəyə hazır olmaq lazım gələcək. Bəli, çox qısa müddət bundan öncə S.Lavrov “Uğura həmişə olduğundan daha yaxınıq!” demidi. Gəl ki, bu gün bir daha məlum olur ki, deyilənlər çox nikbin tonda olub, reallıq isə tamam başqadır…
Bəs bütün bunlar nə deməkdir? Növbəti müharibə təhlükəsimi? Bəli, bir o qədər də ürəkaçan məsələ deyil…
Sankt-Peterburq görüşü ərəfəsində ruslar demişdi ki, onların əsas məqsədi müharibənin alovlanmasına imkan verməməkdir. Bu mənada Rusiya hələki tərəflərin vuruşmasını istəmir, çünki bu, onu seçim qarşısında qoyur. Amma Rusiya da öz oynunu oynamağa başlaya bilər.
Təsəvvür edin, tərəfləri bir növ cəzalandırmaq üçün Rusiya bir müddət prosesə göz yumur. Və savaş başlayır… 
Təbii ki, bu savaşdan tərəflərdən biri və yaxud da hər ikisi zəifləmiş şəkildə çıxır. Belə bir halda da Rusiya peyda olur – özünün sülh və barışıq planı, həm də  sülhməramlı kontingenti ilə…
Deyək ki, belə ssenari adi diplomatik məntiqlə də fantaziya kimi görünmür. Tərəflər heç bir halda barışığa və sülhə gəlmək istəmirlərsə, onda onları vuruşdurmaq olar ki, ağılları başlarına gəlsin. Həm də bütün sülh sazişləri müharibə nəticəsində imzalanmasa da, bütün müharibələrin sonu sülhlə bitir: bir daha deyirik ki, tərəflərin hər ikisinin və yaxud da ki, birinin ağlı başına gəlir. “Status-kvo” da dəyişir, reallıqlar da…
 
Bəli, belə ssenari özünəməxsus sülhə məcburetmə tədbiri olardı. Amma realdırmı?
Doğrusu, bilmirik. Hər şey ondan asılı olacaq ki, Rusiyanın özünü hansı variant qane edəcək? Əgər onu indiki vəziyyət qane edirsə, bu halda, hər şey olduğu kimi qalacaq və danışıqlar yenə də dalana dirənəcək.
Yox, əgər Rusiya özünün yeni planını qəbul etdirməkdə israrlı və qətiyyətlidirsə, ən başlıcası isə, özünün bölgədəki “rişə”lərini daha da dərinlərə yeritməyə çalışırsa, onda hər şey ola bilər, o cümlədən də, elə müharibə də…

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …

Bir cavab yazın