Çərşənbə axşamı , Sentyabr 17 2019
Ana səhifə / Müsahibə / Mənfi obrazı canlandırmaq xoşdur, aktyorlar sevgili olmamalıdır

Mənfi obrazı canlandırmaq xoşdur, aktyorlar sevgili olmamalıdır

“Möhtəşəm yüz il”, “Gülpəri” və “Eşkiya dünyaya hökmdar ola bilməz” seriallarındakı rolları ilə tanınan türk aktyor Erkan Bektaşın Oxu.Az-a özəl müsahibəsi

– Bakıya xoş gəldiniz.

– Təşəkkür edirəm. Bakıya ilk dəfədir gəlirəm, amma sanki Türkiyənin başqa bir şəhərindəyəm. Burada ana dilim türkcə danışılır. Əsas odur ki, hər kəs məni başa düşür. Yəni özümü başqa bir ölkəyə getmiş kimi hiss etmədim. İnsanlarınız çox mehriban və qonaqpərvərdir. Yeməkləriniz şahanədir. Şəhəriniz çox təmizdir.

– Ən çox haranı bəyəndiniz?

– Bulvarı gəzdim. Həmçinin Şəhidlər Xiyabanını, Fəxri Xiyabanı və ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdik. Musiqili Komediya Teatrını isə çox bəyəndim. Möhtəşəm binadır, səhnəsi isə mükəmməldir. Bakıda əla vaxt keçirdim.

– Atəş obrazını canlandırdığınız “Eşkiya dünyaya hökmdar ola bilməz” serialı azərbaycanlı tamaşaçılar tərəfindən də çox sevilir. Sizcə, bunun sirri nədir?

– Bir ekran əsəri uğurlu alınırsa, bu onun ssenarisi ilə bağlıdır. Serialda çox yaxşı aktyor qrupu var. Əsasən teatrda çalışan aktyorlara üstünlük verilir. Serialda çox az aktyor var ki, teatrda çalışmasın. “Eşkiya dünyaya hökmdar ola bilməz” serialında baş rolları ifa edən aktyorlar peşəkardırlar, hadisələri həyatda baş verirmiş kimi göstərə bilirlər. Bir bölümü gecə-gündüz, dörd-beş günə çəkməyə çalışırıq. Çox əziyyət çəkirik. Bu səbəbdən də serial tək Azərbaycanda, Türkiyədə deyil, bir çox xarici ölkələrdə bəyənildi.

– Adətən, seriallardakı obrazlar vaxt keçdikcə fenomenə çevrilir. Amma bəzən bir çox tanınmış aktyorlar izləyiciləri ilə elə də xoş rəftar etmirlər. Siz də bir çox reytinqli seriallarda baş rolları ifa etmisiniz. Sizi sevən tamaşaçılarla münasibətinizi necə qurursunuz?

– Ümumiyyətlə, televiziya sahəsi suya yazı yazmaq kimi bir şeydir. Mənim ilk dəfə dəfə məşhur “İhlamurlar altında” serialında rol almışam. İnanın ki, həmin vaxt küçədə yeriyə bilmirdim. Hər kəs mənimlə şəkil çəkdirmək istəyirdi. Ondan sonra mən seriallarda çəkilmədim. Dörd-beş aydan sonra yeni seriallar çıxan kimi hər kəs səni unudur. Əslində, elə hər iki vəziyyət gözəldir. Çünki çox vaxt istəyirsən ki, kimsə səni tanımasın, rahatca gəzəsən. Amma tanıyıb şəkil çəkdirmək istəyənlərə də yuxarıdan aşağı baxmaq olmaz. Bu, tamaşaçıların sənə sevgisinin göstəricisidir. Onlardan imtina etmək olmaz.

– Bu günə kimi canlandırdığınız obrazlardan hansı sizin üçün yenidir?

– Tarixi şəxsiyyətlərin obrazlarını canlandırmaq çox maraqlıdır. Əvvəlcə həmin tarixi şəxsiyyət haqqında araşdırma aparmalısan. Bu baxımdan “Mühtəşəm yüz il”də ifa etdiyim Qələndər Çələbi obrazı qısa da olsa, mənim üçün özəl idi. Həmçinin “Karayılan” serialındakı Türkiyə İstiqlaliyyət müharibəsində qəhrəmanlıqlar göstərən bir əsgəri – Şahin bəyi canlandırdım. Bu obrazın mənim üçün xüsusi bir yeri var. Həqiqətən də araşdırma apardıqdan sonra tarixi şəxsiyyətləri canlandırmaq çox gözəldir.

– İlk bölümlərdə Atəş obrazı ilə çox sevilsəniz də, sonradan xain kimi nifrət qazandınız. Əvvəlcədən son bölümlərə yaxın xain olacağınızı bilirdiniz?

– Qətiyyən bilmirdim. İlk bölümdə Atəşin İlyasdan bir şey gizlətdiyi kadrda rejisor məndən pis bir nəzərlə kameraya baxmağımı söylədi. Yaxşı bir obrazın niyə belə baxmalı olduğunu anlamadım. Amma bir müddətdən sonra Atəşin xain olacağını anladım. Xain olduğun zaman da ən azı iki-üç bölüm çəkilirsən. Amma Atəşi xain kimi də sevdikləri üçün əlavə 10-15 bölüm çəkildim.

– Xain olduqdan sonra tamaşaçılar sizi hər hansı bir yerdə görəndə münasibətlərin dəyişdiyini hiss etmədiniz ki?

– Bəlkə də insanlar serialı izləyərkən pis sözlər söyləyə bilərlər. Amma küçədə görəndə gülümsəyərək qarşılıq verirlər. Çünki hər kəs bunun bir rol olduğunu bilir. Biz aktyorlar bir deyil, bir çox seriallarda rol alırıq. Düzdür, əvvəllər pis və ya xain rollarını oynayan zaman aktyorlara küçədə şillə belə vururdular. İndi isə hər kəs bunun sadəcə bir rol olduğunu anlayır. Yalnız gülümsəyərək bizimlə söhbət edirlər.

– “Eşkiya dünyaya hökmdar ola bilməz”dən dərhal sonra “Gülpəri”də də mənfi obrazı canlandırdınız. Niyə Atəşdən sonra yaxşı deyil, mənfi xarakterli rolu ifa etmək təklifi gəldi?

– Əslində, Atəşdən sonra bir az dincəlmək istəyirdim. Amma gözləmədiyim anda “Gülpəri”nin ssenarisi gəldi. Mənə inanılmaz dərəcədə çox pis adam olacağımı dedilər. Mənim üçün mənfi obrazı canlandırmaq xoşdur. Yaxşı biri olanda isə sadəcə hər şeyə gözəl baxırsan, amma mənfi rolda sən xarakter yaradırsan. Qaş, göz hərəkətlərinə fikir verirsən. Yəni həmin obrazı peşəkarcasına yaratmağa çalışırsan. Bu səbəbdən mənfi rolda oynamaq mənə xoşdur.

– “Eşkiya dünyaya hökmdar ola bilməz”də ən yaxın dostlarınız kimlər idi?

– Ən yaxın və səmimi olduğum Tipi (Savaş Özdemir) idi. Hər gündə çəkiliş meydançasında bir yerdə olurduq. Serial bitəndən sonra da yaxın dost olduq. İndi də görüşürük. Atilla Şendil və Sevil Akı ilə də münasibətim yaxşıdır. Serial çəkilişləri zamanı çox yaxşı dostluq əlaqələri qurdum.

– Çox zaman tamaşaçılara serialdan sevdikləri tanınan şəxsləri görmək üçün teatrlara gedirlər. Bəs Atəşi görmək üçün oynadığınız tamaşalara gələnlər olur?

– Bəli gələnlər olur. Atəşi görmək üçün gələnlər bəzən az, bəzən isə çoxluq təşkil edir.

– Türkiyə serialları dünyanın bir çox ölkəsində sevilərək izlənilir. İş və ya istirahət məqsədilə getdiyiniz yerlərdə sizi tanıyıb yaxınlaşanlar olur?

– Bu yaxınlarda Gürcüstana getdim. Batumidə hər kəs məni tanıdı. Hətta İranda da məni tanıdılar. Almaniyadakı türklərin, demək olar, hamısı bizi böyük həvəslə izləyirlər. Braziliyada belə, bizim seriallara baxırlar. Əvvəl biz onların çəkdikləri seriallara baxırdıq. İndi isə onlar bizdən götürür.

– Bir çox  reytinqli ekran əsərlərində rol aldınız. Bu rollardan hansı sizə daha yaxın xarakterdir?

– İnsanlar zaman-zaman dəyişir. Amma “İhlamurlar altında”kı Salih rolu mənə daha yaxın idi. Demək olar ki, Salih obrazının xarakteri ilə üst-üstdə düşən bir çox xasiyyətim var.

– Türkiyədə aktyorlara seriallarda oynadıqları rollara görə yüksək miqdarda məvacib verildiyi doğrudurmu?

– Xeyr. Yalnız baş rolda oynayanlar yaxşı pul alır. Onlara o qədər çox pul verilir ki, digərlərinə vəsait qalmır. Bu səbəbdən başqalarına az pul verilir. Bir bölümdə çəkilməyəndə isə pul almırıq.

– Yeni mövsüm üçün təkliflər varmı?

– Bir neçə film təklifi gəlib. Amma hələ fikirləşirəm. Bu il nədənsə seriallar İstanbuldan kənarda çəkilir. Mən də İstanbuldan kənarda olmaq istəmirəm. Çünki belə olan halda oğlumu tez-tez görə bilməyəcəəm. İstanbulda çəkiliş təklifi olsa, qəbul edəcəyəm.

– Azərbaycanlı aktyorlardan kimi tanıyırsınız?

– Yalnız Məlahət Abbasovanı tanıyıram. Üzrlü sayın, başqa kimsə haqqında məlumatım yoxdur. Hesab edirəm ki, azərbaycanlı sənət adamlarının özlərini bizə tanıtması məsələsində bir qədər çatışmazlıqlar var. Bəlkə də çatışmazlıq biz tərəfdədir. Amma burada Nurəddin Mehdixanlı ilə tanış oldum. Qışda gəlib bir çox teatr tamaşalarını izləmək istəyirəm.

– Bəs müğənnilərimizdən kimləri tanıyırsınız?

– Repçi Cini (Ceyhun Zeynalov – red.) çox bəyənirəm. Son vaxtlar “Pambıq kimi buludlar” mahnısını dinləyirəm. Demək olar ki, əzbər bilirəm. Ümumiyyətlə, Azərbaycan xalq musiqiləri bizdə çox sevilir. “Ayrılıq”, “Tut ağacı”, “Əzizim” mahnılarını da bilirəm. Türkiyədə bu mahnılar çox dinlənilir.

– Evlisiniz?

– Xeyr. Həyatımda kimsə yoxdur. Amma ilk nikahımdan indi 10 yaşı olan Umut adlı oğlum var.

– Sənət insanları üçün ailə həyatı qurmaq niyə bu qədər çətindir?

– Bizim ailə həyatımız yoxdur. Çünki saatlarla, günlərlə çəkilişlərdə oluruq. Evə yalnız bir neçə saat yatmaq üçün gəlirik. Sonra yenidən çəkiliş meydançasına gedirik. Teatrla həftələrlə qastrollarda oluruq. Buna görə də bizim üçün ailə həyatı qurmaq çox çətindir. Bir çox sənət adamlarının evliliyi çox çəkmir.

– Aktyorların seriallardakı tərəf müqabilləri ilə tanış olub sevgili olması və ya evlənməsinə necə baxırsınız?

– Doğru deyil. Heç vaxt iş yoldaşımla sevgili olmamışam. Çünki mən iş yoldaşıma başqa gözlə baxmaram. Sənət aləmində belə hallar olur, amma bunu doğru saymıram. Rol aldıqları seriallar uzun müddət davam edəndə onların münasibətləri pozulur, gərginliklər olur. Tərəf müqabilinə yalnız iş yoldaşı kimi baxmalısan ki, işin də marağı olsun. Çünki bəzən sevgililər dalaşa, bununla da bütün iş yarımçıq qala bilər. İstər-istəməz aralarındakı problem, gərginlik hiss olunur və işə təsir edir. Nəticə olaraq isə tamaşaçı keyfiyyətsiz işi izləyir. İş bitdikdən sonra sevgili ola bilərlər.

– Son olaraq izləyicilərinizə nə demək istərdiniz?

– Bakını çox sevdim, buraya yenidən gələcəyəm. Türkiyə və Azərbaycan qardaş ölkələrdir. Bakıda olduğum müddətdə bunu hiss etdim. Hər kəsin sevgi ilə dünyaya baxmasını arzulayıram.

Həmçinin oxuyun

Şəbnəm Tovuzlu efirə pulla çıxırmış – Etiraf

Müğənni Şəbnəm Tovuzlunun Lent.az -a müsahibəsini təqdim edirik: – Sənətdə arzuladığınız yerdəsiniz? – Şükürlər olsun …