Cümə , Oktyabr 30 2020
Ana səhifə / Müsahibə / “Mən imtina etsəm də, başqa 3 müğənni o pullu kişiyə yalvaracaq” – Sevincdən qalmaqallı müsahibə

“Mən imtina etsəm də, başqa 3 müğənni o pullu kişiyə yalvaracaq” – Sevincdən qalmaqallı müsahibə

“Avtomobilimi satdım ki, atamın ayağını xilas edim” – Müğənni Sevincdən qalmaqallarla dolu müsahibə

“Yeni ulduz” müsabiqəsindən sonra tanınan, lakin bir müddətdir ki, efirlərdən uzaqlaşan müğənni Sevinc Musayeva yeni vətənpərvərlik layihəsinin təqdimatından sonra musavat.com-un suallarına cavab verib. İfaçı ilə şou-biznesin bugünkü durumundan, müğənnilərin gəlir mənbəyindən və şəxsi həyatından danışdıq.

– Sevinc Musayeva uzun illərdir ki, niyə kənara çəkilib?

– Uzun illər deyəndə, son 3 il olar. Mən həmişə şou-biznesdə həm var, həm də yox mövqeyində olmuşam. İndi kənardan izləyirəm. Görürəm ki, dünya şou-biznesi ilə bizimkilər arasında dağlar qədər fərq var. Adi konsertlər belə fərqlənir. Xaricdə  əsas ifaya, səsə fikir verilir. Bizdə isə müğənnilər səhnə dekorasiyası və geyimə üstünlük verir. Bir tərəfdən kütlə getdikcə zövqsüzləşir və bu proses sürətlə davam edir. Ona görə də kənara çəkilmişəm. Başa düşmürlər ki, mən Könülə paxıllıq etsəm, ona gələn ruzi mənə gəlməyəcək. Düzü yorulmuşam. Hər yerdə görünmək istəmirəm. Çünki verilişlərdə ürəyin istəyən kimi sual vermirlər. Bir mahnı oxuyursan,  sonra reklamlar efirə gedir və ya səni qalmaqala çəkirlər, alçaldıcı münasibət göstərirlər, ancaq sponsor, var-dövlət soruşurlar. Verilişlərdə bizi ucuzlaşdırıblar, düşünürlər ki, müğənniyə hər şey etmək, demək olar. Bir neçə dəfə dəvət edirlər, imtina edirsən, artıq başa düşürlər ki, bu insan belədir.

– “5\5” verilişinin “Həkim” rubrikası birmənalı qarşılanmayıb. Kişi müğənnilərin qarşısına qadın müğənnilərin şəkillərini qoyub, “Filan kəsin harasını kəsərdin” sualının verilməsi tənqid olunur.

– Düzü baxmamışam. Tənqid olunası hadisədir. Çünki qeyri-etik addımdır.  Buna da biz şərait yaratmışıq. Biz müğənnilər özümüzü hörmətdən salmışıq. Bir müddət öncə sosial şəbəkələrdə bir süjet çıxdı. Dilarə xanım (red: Dilarə Əliyeva, “Söhbət var” verilişi) Elza Seyidcahanı qarşısında otuzdurub , ona şeir oxuyurdu. Mimikalarından bəlli idi ki, Seyidcahanı lağa qoyur. Elza xanım da görünürdü ki, bunu hiss edir, amma büruzə vermirdi. Hər iki xanıma hörmətim var. İkisi də məni yaxşı tanıyır. Amma Dilarə xanımın hərəkətindən ekranın bu tərəfində sanki mən əzildim. Bilirəm ki, ürəyində Seyidcahan da inciyir, qırılır. İnsan özünə hörmət qoymalıdır. Biz özümüzə hörmət etməsək, kənardan kim edər? Onsuz da müğənnilərin adı pis çıxıb.

–  Son zamanlar məşhurların özəl həyatı gündəmə gətirilir. Aysel Əlizadə, Sevda Yahyayeva və başqalarının həyatındakı gizlinlər açıldı.

– Siz məşhur kimlərə deyirsiniz? Mənim üçün məşhur Zülfiyyə Xanbabayevadır, həyatı heç vaxt ictimailəşməyib.Flora Kərimovadır, Alim Qasımovdur. Sənətin akulaları var ki, onların həyatı insanların qarşısına sərilməyib. Mən həyatı ictimailəşib biabır olmuş müğənnini niyə məşhur saymalıyam? Guya mənə deməyiblər ki, gəl qalmaqal edək?  Demişəm, rədd olun. Tamaşaçını niyə aldatmalıyam?

İlhamə Quliyeva dünyanın bütün nemətlərini daddı. Gözü heç nədə qalmadı. Qalmaqalları da oldu. Bu gün hansımız İlhamə Quliyeva olacağıq? Heç birimiz. Amma o dünyadan gedəndə nə apardı? 5 nəfər rəhmət oxuyan varsa, 5 nəfər arxasınca lənət dedi. Lənətlənmək, qarğışlanmaq, ələ salınmaq mənə lazım deyil.

– Əksər müğənnilərə qara PR, əxlaqsız kimi görünmək sərf edir. Onlar düşünürlər ki, məşhur olmağın asan yolunu tapıblar.

– Düzdür. Amma onlar bizi də düşünməlidir. Niyə mən müğənni olduğum üçün utanmalıyam? Çox zaman üzümü gizlədirəm, istəmirəm məni tanısınlar. Bir dəfə marketdə iki qadın konservaların qarşısında söhbət edirdi. Mən də market, mağazadan alş-verişi sevirəm, gəzirəm. Biri məni göstərib dedi ki, bu müğənni Sevinc  Musayevadır? O biri qayıtdı ki, müğənnilər də konserva kimidir, biri alır, hamı yeyir. Utandım, az qaldım ağlayam. Mağazadan çıxdım. Qayıdıb nə isə desəydim, deyəcəkdi konservadan danışıram, səhv eşitmisən. Bəzən müğənni olduğum üçün utanıram. İnsanlar üzümüzə baxıb gülür, o ələ saldıqlarını toylarına da çağırır, gəlib şəkillər çəkdirirlər. Amma üzünü çevirən kimi, ağıllarına gələni deyirlər. Yəni kütlə özü də ikiüzlüdür.

– O zaman efirə çıxmamağınızın bir səbəbi də müğənni adından utanmağınızdır?

-Efirə çıxmamağıma səbəb utanmağım deyil. Müğənnilik alçaldıcı bir iş də deyil. Xeyr. Hələ də sənətimi sevirəm və buna illərimi vermişəm.  Bu vaxta qədər telekanallara pul ödəməmişəm, pulla reklam olunmamışam. Sadəcə qalmaqallı verilişlər artıb. Həm də sənətkarımız Rasim Balayev demişkən, indi efirdə küçə adamları çoxalıb. Savadlı, ağıllı adamlar efirdən qaçır. Savadlı müğənni görür ki, ona dəyər verilmir, çıxıb gedir. Onlardan biri də Aygün İsmayılovadır. Biri İlhamə Qasımovadır. Aygün hazırda Türkiyədir. ailəsi ilə çox xoşbəxtdir. Düzgün yolu seçdi. Burada savadlı, tərbiyəli, abırlı müğənniyə lazım olan qiymət verilmir.

– Bəs kliplərinə olan baxış sayını  artıranlara, saxta izləyici yığanlara münasibətiniz necədir? 
– Çox pisdir. Kimi aldadırlar? Mənim profilimdə hər ay 200 izləyici aşağı düşür, vecimə deyil. Mən insanlara 70-ci illərin “sovrimenni” adamı kimi gəlirəm.  İnsanlar düşünür ki, nə zamansa nələrsə düzələcək. Amma heç nə düzəlməyəcək, lap pis olacaq.

İnanın, bəlkə də 2006-cı ildə  “Yeni ulduz” müsabiqəsi olmasaydı, indi evdar qadın idim. Mənim məşhurlaşmaq üçün başqa yollarım yox idi. Sponsorlarla çalışmayacaqdım, özümə pullu sevgili tapmayacaqdım, soyunmayacaqdım. 2006-cı ildə müsabiqə bitdi. 1 il sonra bəzi yaşıdlarımın maşını oldu. Hansı pulla, kimin hesabına? Mən müsabiqədən 5 il sonra maşın aldım. Ona kimi metrodan  istifadə edirdim. Bir dəfə bir qız mənə baxıb dedi ki, görəsən, bu müğənni papağını Sədərəkdəki mağazadan alıb? Mənə qəribə gəldi. Çünki tanınırdım, kliplərim efirə gedirdi. İnsanların o cür münasibəti mənə təsir etdi. Qarşıma məqsəd qoyub, 5 ilə pul yığdım, ilkin ödəniş edərək avtomobil aldım. Dünən efirə çıxan aparıcılar, müğənnilər bu maşını haradan alırlar?  Mənə çox maraqlıdır. Mən aylıq qazancımı açıqlasam, hamı şoka düşər. Bəzən olur cibimdə 10 manat pul olur. Axı müğənni ilin hər ayı qazanmır.

– Ancaq insanlar elə bilir ki, bütün müğənnilər imkanlıdır.

– Bilməlidirlər ki,  bütün müğənnilər imkanlı deyil. Əsasən sponsoru – pullu sevgilisi olan qadın müğənnilər lüks yaşayır. Hələ çıxıb acıq da verirlər. Kaş, musiqi təhsili almazdım. Saç ustalığı, dərzilik öyrənərdim, aşpaz olardım. Dostlarım biletimi aldı, gedib 1 həftə Türkiyədə qaldım. Qayıtmaq istəmirdim.

– Bəs niyə qayıtdınız?

– Başqasının evində illərlə qala bilmərəm, gərək iş tapım, çalışım. Valideynlərimi qoyub gedə bilmərəm. Atam təyyarəyə minə bilməyəcək. Kaş onlar daha cavan, canı sulu olan zaman gedərdim. İndi nə onları qoyub gedə, nə də valideynlərimi özümlə apara bilirəm.

– Sevincin özünə qoyduğu hansı qadağalar var?

– Qadağalar çoxdur. Məsələn,  mən ömrümdə diskotekaya getməmişəm. Ona görə yox ki, diskotekaya gedənlərə pis baxıram. Ona görə ki, o aura məni sıxır. Mən diskotekaya getməkdənsə, hansısa bölgəyə gedib, ağacın altında, sakit yerdə, dağda-çəməndə oturub təbiətə baxaram. Klublar, qapalı məkanlarda səs-küylü məclislər, nə bilim axşam həyatı, yığışım hardasa yemək-içmək–mənlik deyil. Ruhum sıxılan məkanda nə işim var? Mən ruhən azad insanam, azadlığımı sevirəm. Mən də əgər pullu kişidən asılı olsaydım, onunla sevmədiyim məkanlarda oturmağa  məcbur olacaqdım. Ümumiyyətlə, elə kişilər qadını özündən asılı etməyi sevir.

– Bəzi məşhurlar deyir ki, imkanlı şəxslərə yox dedikləri üçün yolları bağlanır, efirə çıxmağa qadağa qoyulur. Sizin başınıza gəlibmi?

– Heç kim heç kim üçün ölmür. Sevinc olmasın, Leyla olsun, Fatma olsun. Onlar üçün fərqi yoxdur. Təkliflərini edirlər, alınmırsa, məcburiyyət yoxdur,  başqa müğənniyə yanaşırlar. Sevinc istəmirsə, nolsun, 3 müğənni o kişiyə yalvarır. Mənim başıma elə hadisə gəlməyib. Adətən artıq o kişi ilə bağlantısı olan, sonra cəzalanan müğənnilərin siz deyən kimi yollarını bağlayırlar. O da baxır hansı səhvinə görə cəzalandırılır. Bu mövzular dərindir, mənlik deyil (gülür).

– Bayaq dediniz ki, müğənni adına görə ailə qura bilmirik. Buna görə həyatınızda nə kimi problem yaşamışınız?

– Problem odur ki, qurunun oduna yaş da yanır. Deyirlər ki, bu da müğənnidir. O birilərinin həyatını yaşayır. Müsahibəmi oxuyanlar mənə inanmayacaq. O qədər namussuzlar namusdan danışıblar ki, heç kimə inanmırlar. Sonra elə bilirlər ki, pulum başımdan aşır, evlərim, maşınlarım var, pullu sevgili hesabına kef edirəm. Daha bilmirlər ki, taksi ilə gəzirəm.  

– Uzun müddətdir ki, maşınsızsınız. Avtomobilinizi satmağınıza səbəb nə idi?

– Atama görə avtomobilimi satdım. Şəkərli diabet xəstəliyinin ağırlaşması kimi ayağında qanqrena var idi. Həkimlər dedi ki, kəsmək lazımdır. 4 həkim eyni şeyi dedi. Sonra daha fərqli həkimlərə apardıq,bir həkim dedi ki, atanızın ayağını sağaldacağam. Buna isə aylar lazımdır. Razılaşdıq.

Həmin aylar müddətində təbii ki, atam işləmədi, gəliri olmadı, müalicə isə çoxpul tələb edir. Maşınımı satdım. Bir ayağı 9 ay sonra sağaldı. İndi ikinci ayağında başlayıb. Onu müalicə etdiririk. Anam da həmçinin, həm özünün səhhəti, həm atama qulluq.

Bunlarla sizi yormayım, hər ailədə olur və ola bilər. Valideynlər bizi böyüdür, sonra  yük övladın üzərindədir. Allah valideynlərimizə, ailəmizə baxa biləcək ruzimizi versin, bəsimizdir.Könül İbrahim,
Musavat.com, 
Fotolar Elçin Əkbərovundur. 

Həmçinin oxuyun

“İlham Əliyevə yalvaracaq ki, ermənilərə orada bir yaşamaq hüququ verin”

Dünən Azərbaycan Ordusunun azad etdiyi yaşayış məntəqələri içərisində Qubadlı rayonunun Əbilcə kəndi də var. Bu …