Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Müsahibə / “Koronavirus xüsusi laborotoriyada hazırlanmış bioloji silahdır…” – Fəzail Ağamalı

“Koronavirus xüsusi laborotoriyada hazırlanmış bioloji silahdır…” – Fəzail Ağamalı

Koronavirus pandemiyasına görə martın 24-dən Azərbaycanda xüsusi karantin rejimi tətbiq edilib və 21 günlük zaman kəsiyində qaydalar iki dəfə sərtləşdirilib. Buna baxmayaraq, hələ də rejimə ciddi riayət etməyən vətəndaşlar var. Bu, rejimin pozulması ilə bağlı həyata keçirilən inzibati tədbirlərin statistikasından da aydın görünür. 

Doğrudur, belə iddialar var ki, bəzən inzibati tədbirlər qərəzli xarakter daşıyır. Lakin məsələ burasındadır ki, cərimələnən, yaxud həbs edilənlər 3-5 vətəndaş deyil. Statistika göstərir ki, hər gün onlarla, bəzən yüzlərlə vətəndaş inzibati qaydada cəzalandırılır. Bu halda qərəzin kütləvi xarakter daşıdığı inandırıcı görünmür.

Rejimin pozulması hallarının qarşısını almaq üçün qaydaların daha da sərtləşdirilməsini, hətta fövqəladə vəziyyət elan olunmasını təklif edənlər də var. Amma bu təkliflər cəmiyyət tərəfindən birmənalı qarşılanmır. 

Fövqəladə vəziyyət elan olunmasının tərəfdarı olanlardan biri də Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalıdır. Bu baxımdan Yenisabah.az  mövzu ilə bağlı Fəzail Ağamalı ilə söhbətləşmək qərarına gəlib. Onunla müsahibəni təqdim edirik:  

– Fəzail bəy, xüsusi karantin rejiminə ciddi riayət edilməməsini əsas gətirərək ölkədə fövqəladə vəziyyətin elan olunmasını təklif etmisiniz. Lakin təklif cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Fövqəladə vəziyyətin dövlətin üzərinə əlavə yük qoyacağını söyləyənlərlə yanaşı, bu halda sosial gərginliyin artacağını deyənlər də var. Bu iddialar nə dərəcədə əsaslıdır? 

– Hər kəsə bəllidir ki, koronavirus pandemiyasına qarşı mübarizədə özünütəcrid və sanitariya qaydalarına əməl olunması əsas götürülür. Bu, Ümumdünya Səhiyyə Təşkilatı tərəfində hər zaman deyilən və qarşıya qoyulan ciddi bir vəzifədir. Azərbaycanda da bəşəriyyəti təhdid edən koronavirus bəlasının qarşısını almağın ən əsas yolu özünütəcriddən və sanitariya qaydalarına əməl etməkdən keçir. Bunun üçün dövlət mümkün olan hər şeyi edir. Vətəndaşların maarifləndirilməsindən tutmuş zəruri tədbirlər də daxil xüsusi karantin rejiminin tətbiq olunması və qaydaların daha da sərtləşdirilməsinə qədər. 

Bu tədbirlərdə əsas məqsəd vətəndaşlarımızın sağlamlıqlarının qorunması, infeksiyaya yoluxma halının daha geniş miqyas almaması və ölkəmizin bu bəladan minimum itkilə qurtulmasıdır. Ölkə Prezidentinin də əsas  hədəfi budur. Bu səbəbdən dölətin bütün qurumları gücləndirilmiş iş rejimi ilə fəaliyyətini həyata keçirməkdədir. Müşahidələr göstərir ki, Azərbaycanın koronavirusla mübarizəsi ən müxtəlif səviyyələrdə təqdir olunur. Misal olaraq Ümümdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adanom Gebreyesusun  Prezident İlham Əliyevin təşəbbüsü əsasında Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə Azərbaycana təşəkkür etməsini qeyd etmək olar.

Lakin bütün bunlara baxmayaraq, təəssüf edirəm ki, bir sıra vətəndaşlarımızda məsuliyyət hissi yetərincə deyil və onlarda koronavirus bəlasına qarşı biganəlik müşahidə olunur. Mən deyərdim ki, bu iradədən, yaxud qürurdan doğan biganəlik deyil. Bu sadəcə, mən məcburam belə bir ifadə işlədim, nadanlıqdan irəli gələn yanaşmadır.

Ona görə də belə insanlara qarşı sərt tədbirlər görülməsinin tərəfdarıyam. Onları cərimələməklə kifayətlənmək olmaz. Həm özünün, həm ailəsinin, beləliklə də bütövlükdə xalqın sağlamlığını düşünməyən bu cür şəxslər həbs edilməlidir. Hər gün inzibati tədbirlərlə bağlı statistikanı təəssüflə izləyirəm. Hər gün yüzlərlə vətəndaşa cərimə yazılır, bəziləri hətta inzibati qaydada həbs olunur. Amma yenə də qaydalara əməl etməyən xeyli sayda vətəndaş var. Ona görə də hesab edirəm ki, rejim daha da sərtləşdirilməli, yaxud fövqəladə vəziyyət elan olunmalıdır. Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmisi İbrahim Məmmədov da son açıqlamasında bildirdi ki, fövqəladə vəziyyət elan oluna bilər.

– İnsanlar karantin rejiminin səbrsizliklə bitməsini gözlədiyi halda fövqəladə vəziyyətin elan olunması narazılığa səbəb olmaz?

– Mən uzun müddəli fövqəladə vəziyyətdən danışmıram. Digər tərəfdən fövqəladə vəziyyət lokal qaydada elan oluna bilər. Yəni, infeksiyanın daha çox yayıldığı bölgələrdə vəziyyətdən asılı olaraq 15 gün, yaxud 1 ay müddətində fövqəladə vəziyyət tətbiq etmək olar. Şükürlər olsun ki, bir sıra bölgələrimizdə yoluxma geniş miqyas almayıb. Mən xüsusilə Sumqayıtı qeyd etmək istəyirəm. Özüm Novxanıda yaşayıram, Sumqayıtda yaşayan qohum-əqraba ilə vaxtaşırı danışırıq. Deyirlər, küçədə adam, avtomobil yoxdur. Çünki Sumqayıtın icra başçısı Zakir Fərəcov məsələyə kifayət qədər ciddi yanaşır. Bunu qeyd etmək lazımdır. Bakını başa düşdük. Çoxmilyonlu şəhərdir, müxtəlif yollar orada kəsişir, işə gedib-gələnlər var və s. Amma bəzən kiçik bölgələrdən məlumatlar gəlir ki, insanlar kütləvi şəkildə çölə çıxırlar. Bunun qarşısı alınmalıdır. Yenə də deyirəm, fövqəladə vəziyyət ölkə üzrə tətbiq edilməyə də bilər. Amma zərurət olarsa, təbii ki, mən bütün ölkədə fövqəladə vəziyyətin elan olunmasına dəstək verəcəyəm.

Axı burada insanlarımızın sağlamlığından söhbət gedir. Baxın, İtaliyada, İspaniyada, ABŞ-da nə baş verir. Hər gün kütləvi yoluxma və ölüm halları. Koronavirusdan əziyyət çəkən bir çox ölkələrdə fövqəladə vəziyyət elan olunub. Artıq Türkiyə də bir neçə bölgəsində fövqəladə vəziyyət elan olunub. Hətta ölkənin 31 vilayətində 48 saatlıq komendant saatı tətbiq edilib. 

– Amma bu qərardan sonra insanlar mağazalara axışdı, oxşar vəziyyət Azərbaycanda da təkrarlana bilərmi? Bunun baş verməməsi üçün hansı addımların atılmasını təklif edirsiniz?

– Yenə Sumqayıtdan misal çəkəcəm. Məndə olan məlumata görə, Sumqayıtda fəaliyyət göstərən iri marketlərin qarşısında polis və Daxili Qoşunların əsgərləri dayanır. Onlar marketlərdə izdiham yaranmasının qarşısını almağa çalışırlar. Bu mexanizmi fövqəladə vəziyyətdə daha təkmil formada tətbiq etmək mümkündür. Digər tərəfdən, vətəndaşlarımız özləri də başa düşməlidir ki, bu tədbilər onların sağlamlığının qorunması üçündür. Burada başqa məqsəd yoxdur. Bir neçə gün əvvəl yaxın adamlardan biri Bakıdakı “Yaşıl bazar”a getdiyini və orada heç kimin sanitariya qaydalarına riayət etmədiyini dedi. Adam görüb ki, heç kim maska və əlcək taxmayıb, özünü qorumaq məqsədilə başını götürüb qaçıb oradan. Belə olmaz axı. Başa düşürəm, marketlər, bazarlar işləməlidir. Amma bu obyektlərin sahibləri də vəziyyətə ciddi nəzarət etməlidir. Maska və əlcək taxmayanlar geri qaytarılmalıdır.  

Dövlətin qurumları əlindən gələni edir ki, bu bəlanın qarşısını alsın. Fürsətdən istifadə edib, polislərə, tibb işçilərinə, iqtisadi strukturlarda çalışanlara, ilk növbədə Prezidentə, Birinci vitse-prezidentə, jurnalistlərə minnətdarlığımı bildirirəm. Vətəndaşlarımız onların fəakarlığını qiymətləndirib özünütəcridə riayət etməlidir.

– Amma küçəyə çıxanlar keflərindən belə etmədiyini deyir…

– Zəruri hallarda evdən çıxanlara sözüm yoxdur. Amma baxın nə qədər insan küçəyə çıxmaqla bağlı qaydalardan bəhanə kimi yararlanır. Elə o gün deyildi ki, 47 000 SMS-in saxta olduğu müəyyənləşdirilib.  SMS göndərir ki, yasa gedirəm, amma sonra məlum olur ki, bu bəhanə imiş. Bu qədər məsuliyyətsizlik, nadanlıq olmaz axı.

– Fəzail bəy, siz rejim qaydalarını nadanlıqla izah edirsiniz. Amma…

– Özünüz deyin, nadanlıq deyil, bəs nədir? 

– Bəy, sualımı tamamlayım…

– Bir dəqiqə, xahiş edirəm. Təsəvvür edin, o gün televiziyada görstərirlər. Yaşlı adamdır, uşaqla parka çıxıb. Sual verirlər ki, niyə çıxmısınız evdən? Cavab verir ki, darıxırdım dedim nəvəmi də götürüm gəzişim. Bu boyda məsuliyyətsizlik olarmı? Buna nadanlıqdan başqa nə ad vermək olar axı?

– Siz özünüz karantin rejiminə necə riayət edirsiniz?

– Tam məsuliyyətimlə deyirəm ki, martın 20-dən bu yana evdən çıxmıram. Çünki həm özümün, həm ailəmin, həm də bütövlükdə xalqın sağlamlığını düşünürəm. Hesab edirəm ki, hər kəs belə düşünsə, biz ölkə olaraq qısa müddətdə bu bəlanı dəf edəcəyik.

– Bayaq vermək istədiyimi sual bu idi ki, bəlkə insanların pandemiyaya qeyri-ciddi yanaşması belə bir bəlanın olduğuna inanmamaları ilə bağlıdır? Nəzərə alın ki, koronavirus  barədə ən müxtəlif konspiroloji nəzəriyyələr mövcuddur…

– Bilirisniz, mənim üçün fakt əsasdır. Fakt da bundan ibarətdən ki, bu gün dünyanın ən inkişaf etmiş ölkələri belə koronavirusdan əziyyət çəkir və ona qarşı mübarizə aparır. Kim nə deyir, kim hansı nəzəriyyəni irəli sürür önəmi yoxdur. Ümümdünya Səhiyyə Təşkilatı hər gün statistika yayır. Artıq dünya üzrə yoluxanların sayı 1 milyonu ötüb. Ölənlər isə 100 mindən çoxdur. 

– Ümumiyyətlə, siz nə düşünürsünüz bu virus barədə. Yəni, sizcə, bu, təbii şəkildə yaranıb, yoxsa bioloji silahdır? 

-Mənim düşüncəmə görə, koronavirus xüsusi laborotoriyada hazırlanmış bioloji silahdır. Bəlkə də səhv edirəm, bilmirəm. 

– Tutaq ki, səhv etmirsiniz. Belə bir silah yaratmaqda məqsəd nə ola bilər?

– Məqsəd dünya düzənini dəyişmək, dünyanın güc mərkəzlərinin arasında gedən mübarizənin bioloji müharibə müstəvisinə ötürlməklə dünya iqtisadiyyatına zərbə vurmaq və bundan sonra planetdə hegemonluğa nail olmaqdır. Çox təəccüblüdür ki, bu virusun indiyə qədər vaksini tapılmayıb. Bu necə virusdur ki, vaksini tapılmır? Yaxud, bu yaxınlarda Azərbaycan televiziyalarında “Yoluxma” adlı film nümayiş etdirildi. Maraqlıdır ki, 7-8 il əvvəl çəkilən filmdə bu gün dünyada baş verənlər əks etdirilirdi. Bütün bunlar koronavirusun təsadüf nəticəsində yaranmış təbii varlıq olduğuna inamı azaldır.

Amma hər nə olursa olsun vətəndaşlarımızı diqqətli olmalı, öz sağlamlıqlarını qorumaq üçün qaydalara və tövsiyələrə ciddi riayət etməlidirlər.

Həmçinin oxuyun

“Artıq rəsmi olaraq Dağlıq Qarabağ adlanan ərazi bölgüsü yoxdur”- Tofiq Zülfüqarov

Terrorçu Ermənistanın törətdiyi cinayətlər səbəbindən Rusiya və Fransanın təşəbbüsü ilə əldə olunan hər iki humanitar …