Şənbə , May 25 2024
Ana səhifə / Müsahibə / Komitə sədri: “Vətəndaşın qanunsuz tikdiyi ev söküləndə, təzminat ala bilər”

Komitə sədri: “Vətəndaşın qanunsuz tikdiyi ev söküləndə, təzminat ala bilər”

Bəzi torpaqların bələdiyyələr tərəfindən qanunsuz olaraq satılması problemlərə gətirib çıxarır.

Belə ki, bəzi bələdiyyə sədrləri bələdiyyə torpaqlarını satıb bitirdikləri üçün Ehtiyat Fonduna aid torpaqlara da “əl atırlar”. Sözügedən torpaqlar vətəndaşlara qanunsuz olaraq satılır. Üstəlik, qanunsuz satılan torpaqlarının böyük əksəriyyətinin təyinatı yaşayış üzrə olmur. Yəni vətəndaşlara həm qanunsuz şəkildə torpaq satılır, həm də o təyinatı üzrə istifadə olunmur. Bu isə əlbəttə ki, gələcəkdə problemlərə səbəb olur. 

Bəs aldadılan vətəndaş nə etməlidir? O, belə bir vəziyyətdə təzminat ala bilərmi? 

Mövzuya Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Cebhe.info”-ya müsahibəsində aydınlıq gətirib.

– Tahir müəllim, zaman-zaman bəzi bələdiyyələr tərəfindən Ehtiyat Fonduna aid torpaqların qanunsuz olaraq satıldığını görürük. Bunlar necə müəyyən olunmalıdır?

– Bələdiyyələr bələdiyyə torpaqlarını satmaq, icarəyə vermək və onları hərraca çıxarmaq hüquqlarına malikdir. Ehtiyat Fondu torpaqları isə dövlətin hesabındadır. Həmin torpaqlar sadəcə dövlət tərəfindən icarəyə verilə bilər. Amma bəzi bələdiyyələrin bununla bağlı qanunları pozduğunu görürük. Bu, bələdiyyələr yaranandan bəri yol verilən nöqsanlardır. Ehtiyat Fondu torpaqlarının satılması yolverilməzdir.  Buna baxmayaraq, məhkəmələrə müraciət olunur və həmin torpaqlar geri alınır. 

Bələdiyyələrə inzibati nəzarət həyata keçirən orqan bütün satılan torpaqların sənədlərini yoxlayır. Bir çox hallarda Ehtiyat Fondu torpaqlarının satılmasını qanunsuz adlandırırlar. Ona görə də bəzi bələdiyyə sədrləri məhkəmə qarşısına çıxarılır. Onlar haqqında inzibati tədbirlər görülür, bəziləri isə cinayət məsuliyyətinə cəlb olunurlar.

– Bunun qarşısını əvvəlcədən almaq üçün hansı addımlar atılmalıdır?

– Çox təəssüf ki, bələdiyyələr tərəfindən Ehtiyat Fondu torpaqlarının qanunsuz olaraq satılması bu gün də davam edir. Ciddi cəzaların verilməsinə, bir çox bələdiyyə sədrlərinin işdən azad edilməsinə, bəzilərinin həbs olunmasına baxmayaraq, bu hallar yenə də var. Bunun aradan qaldırılması üçün bələdiyyələr qanunları mükəmməl öyrənməlidirlər.

Vətəndaşlar da bu qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Vətəndaş özü aldığı torpağın bələdiyyə torpağı olmadığını görür, amma əfsuslar olsun ki, aldanır. Nəticədə Ehtiyat Fondu torpağını qanunsuz sənədlər əsasında satın alır və orada ev tikir. Sonda isə fakt qarşısında qalır. 

– Bəs bu məsələdə əsas günahkar kimdir?

– Məhkəmə qərarından sonra həmin ev sökülür, vətəndaş isə çıxılmaz vəziyyətə düşür.  Əslində, vətəndaşın özünün də burada günahı var. Amma əsas günah o torpaqları qanunsuz olaraq satandadır. Nəzərə almaq lazımdır ki, bəzi Ehtiyat Fondu torpaqlarından yüksək gərginlikli elektrik xətti keçir, dəmir yolunun kənarında və ya qaz borusunun yanında yerləşir. Vətəndaş isə gedib həmin ərazilərdə ev tikdirir, daha sonra isə problemlərlə qarşılaşmasından şikayətlənir. Hərçənd ki, vətəndaş həmin ərazilərin yaşayış üçün olmadığını bilməlidir. 

Dəfələrlə bununla bağlı məsələlər mətbuatda və Milli Məclisdə səsləndirilib. Vətəndaş yaşayışı və həyatı üçün düzgün yol seçməlidir. İnsanlar yaxşı bilirlər ki, elektrik xəttinin altında yaşamaq mümkün deyil. Nəzərə almalıdırlar ki, həmin torpaqda çökmə baş verə bilər. Dəfələrlə deyilib ki, həmin torpaqlarda yaşamaq təhlükəlidir. Vətəndaş da hüququnu bilməli və aldanmamalıdır.

– Vətəndaş həmin torpaq üçün külli miqdarda pul verir, eləcə də evin tikintisi üçün xərc çəkir. Gələcəkdə evi söküləndə və torpağı əlindən alınanda isə zərərə düşür. Belə olan halda ona təzminat verilə bilər?

– Bəli, vətəndaş aldanıldığı üçün məhkəmə qarşısında məsələ qaldıraraq təzminat ala bilər. Ona torpağı satan şəxs və ya bələdiyyə sədri vətəndaşın pulunu geri qaytarmalıdır. Həmçinin, vətəndaşın həmin torpaqda ev tikmək üçün çəkdiyi əziyyətin də kompensasiyası ödənilməlidir. Bütün bunlar hamısı qanunvericilik səviyyəsində olmalıdır. 

– Bələdiyyələr öz balansında olan torpaqları satdığına görə hazırda ev tikintisi üçün ərazi olmaması səbəbindən problemlər yaranır. Bu səbəbdən bəzi Ehtiyat Fondu torpaqlarının təyinatı dəyişdirilə bilər?

– Torpağın təyinatını dəyişdirmək Nazirlər Kabinetinin səlahiyyətindədir. Bəzi torpaqların təyinatının dəyişdirilməsi üçün müraciət oluna bilər. İnsanların rahatlığı və ya infrastruktur üçün bəzi Ehtiyat Fondu torpaqlarının təyinatını dəyişdirmək olar.

Bununla bağlı təkliflər və layihələr verilir. Nazirlər Kabineti də bunları nəzərə alaraq həmin torpaqlarını təyinatını dəyişdirə bilər.

Həmçinin oxuyun

Zərdüşt Əlizadə: “İsa Qəmbər, Arif Hacılı sübut etdilər ki, inanılası insanlardırlar”

Politoloq Zərdüşt Əlizadə “AzPolitika”-ya müsahibəsində İranda ölkə başçısının ölümü ilə nəticələnən məlum helikopter qəzası, Azərbaycanla …