Naxçıvanda Silahlı Qüvvələrin irimiqyaslı təlimləri davam edir. Azərbaycan Silahlı Qüvvələrinin irimiqyaslı təlimləri çərçivəsində “həyəcan” siqnalı ilə qaldırılan Əlahiddə Ümumqoşun Ordusunun hissə və bölmələrinin şəxsi heyət və hərbi texnikası təyin olunmuş döyüş təyinatı rayonlarına çıxarılıb və hərtərəfli təminatla təchiz edilib.
Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Əlahiddə Ümumqoşun Ordusunun artilleriya bölmə və hissələrinin döyüş əməliyyatı rayonlarında peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi məqsədilə təlimlər keçirilir.
Döyüşdə tibb təminatının yüksək səviyyədə təşkili üçün tibb bölmələri səhra şəraitində açılaraq müvafiq tapşırıqları yerinə yetirməyə hazırdır.
Qeyd edək ki, bu il bir neçə dəfə Naxçıvanda hərbi təlimlər keçirilib. Sonuncu dəfə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, oktyabr ayında komanda-qərargah təlimləri keçirilib. Təlimlərə Əlahiddə Ümumqoşun Ordusunun tabeliyində olan hərbi hissələr, idarə heyətləri və qərargahlar cəlb olunub. Əldə edilmiş təcrübəyə əsaslanaraq təlimlərdə iştirak edən hərbi hissə və bölmələr əməliyyatların əsas növlərinin keçirilməsi ilə Naxçıvan ərazisinin müdafiəsi, ümumilikdə ərazimizə qarşı düşmənin təhdidləri və təcavüzkar fəallığının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi üzrə tapşırıqları yerinə yetirib.
Qeyd edək ki, noyabrın 12-də Silahlı Qüvvələrin genişmiqyaslı hərbi təlimləri başlayıb. 60 min hərbçinin, 60 təyyarənin, helikopterin, 150 ədəd zirehli texnikanın, 700 raket və artilleriya sisteminin iştirakı ilə genişmiqyaslı təlimlər ayın 18-nə qədər davam edəcək. Təlimlər ölkənin müxtəlif bölgələrində keçirilir.
Ümumilikdə Naxçıvan Muxtar Respublikasında keçirilən hərbi təlimləri ekspertlər necə şərh edir?
Sözügedən məsələ ilə bağlı “Baki-Xəbər”ə açıqlama verən hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, keçirilən hərbi təlimlər Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir: “Təlimlər bütün Silahlı Qüvvələrdə keçirilir. Əlahiddə Ümumqoşun Ordusu da Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsidir. Ona görə də bütövlükdə həm Quru Qoşunları, həm Hərbi Hava Qüvvələri, həm də Hərbi Dəniz Qüvvələri bu təlimlərə cəlb olunub. Təlimlər uğurla keçirilir. Hesab edirəm ki, budəfəki təlimlərin çox böyük əhəmiyyəti olacaq. Ona görə ki, 60 min hərbi heyət, xeyli sayda hərbi texnika, artilleriya qurğuları və sistemlər təlimlərə cəlb olunub. Keçirilən təlimlərin Naxçıvanın müdafiəsi üçün müstəsna əhəmiyyəti var. Ona görə ki, Naxçıvan blokada şəraitindədir. Silahlı Qüvvələrin ən yaxşı silahlarının, bölmələrinin Naxçıvanda yerləşməsi təbiidir. Çünki Naxçıvan blokada şəraitində olduğu üçün, ermənilər istənilən təxribatı törətməyə cəhd edə bilər. Düşməndən istənilən hərəkəti gözləmək mümkündür. Ona görə də hesab edirəm ki, keçirilən təlimlər Əlahiddə Ümumqoşun Ordusu üçün böyük bir praktiki məşğələ olacaq. Bunun nəticəsində gələcəkdə yarana bilən istənilən çətinliyi aradan qaldıra biləcəklər”.
Vidadi ORDAHALLI