Cümə , Fevral 3 2023
Ana səhifə / Müsahibə / “Kəmaləddin Heydərov Vasif Talıbovun dəstəsindən deyil və bir-birilərini…”

“Kəmaləddin Heydərov Vasif Talıbovun dəstəsindən deyil və bir-birilərini…”

Milli Məclisin sabiq deputatı Cümşüd Nuriyevin “Yeni Sabah” müsahibəsi:

– Vasif Talıbovun istefasını eşitdiniz. Köhnə qvardiyadan demək olar ki, bütün sütunlar artıq çökməkdədir. Növbəti “günah keçisi” kimdir?

– Hər şeydən əvvəl Ramiz Mehdiyevin komandası dağıdılmalıdır. Onun generallarından biri də var: Əli Həsənov. Ramiz Mehdiyev, ancaq özü boydalarla iş görür və hamısı da onun balaca “Napoleon”larıdır. Lakin bunlar Bonapart yox, partapartdırlar.

Bu siyahı hələ davam etməlidir. Bu adamlarınsa hamısı Rusiyanın və İranın “beşinci kolon”una daxil olan adamlardır. Bu adamlardan həm parlament, həm də hökumətdə var, eləcə də icra başçıları içərisində də. Bu adamlar da hər zaman Azərbaycan dövlətinə təhlükə olublar və olmaq ehtimalları da çox yüksəkdir.

Bunların hamısının bir səbəbi var: bunun səbəbi onlara göstərilən şəxsi etimaddan, inamdan şəxsi maraqları üçün istifadə etməkləridir. Bunlar hansı vəzifəyə otururlarsa, oranı özlərinin səhmdar cəmiyyəti bilirlər. Nazir olsalar da, nə olsalar da, bu, belədir. Həmin sadaladığımız adamların ən birinci xüsusiyyəti odur ki, bunlar dağıdıcılıqla məşğuldu. 

İkincisi, bunlar müəyyən həddə qədər pulun temperaturuna qapılırlar, sonra buna dözməyib dövləti, hətta Prezidenti belə satırlar. Çünki onlar üçün hakimiyyət iddiası hər şeydən yuxarıdır. 

Üçüncüsü, bu adamlara vaxtında “dur” deyən adamların hamısı zərərsizləşdirilib. Yəni həm media, həm də onları tənqid edənlər. Uzun müddət bu adamlar haqqında fikir söyləyən media indi yaman günə qalıb. Ona görə də bu tip adamlar hələ ə vəzifələrdə qalırlar.

– Kəmaləddin Heydərovun da göndəriləcəklər siyahısında adı hallanır. Buna münasibətiniz?

– Kəmaləddin Heydərovu misal çəkirlər, lakin Akademiyanın təzə qoyulmuş prezidenti İsa Həbibbəyli də gündəmdədir axı? Təkcə bu sadalanan adamlar deyil, bunlar çoxdur. Bunlar yerləşdirilib və bunların ən murdar xüsusiyyətləri odur ki, bunlar həddən artıq yerlibazdır. Onlar bunu qəsdən edirlər ki, cəmiyyətdə bir fikir formalaşsın ki, biz nə desək, odur, bizdən yoxdur, bizim yerlilərimiz hamısından yaxşıdır. 

Həm də bunlar cəmiyyətə o fikri də ötürürlər ki, dövlət başçısı, ancaq eyni yerdən adamları vəzifəyə qoyur, başqa yerlər qalır qıraqda. Nəticədə də görürsən ki, bunların dediyi keçir. Çünki bunların təqdim etdiyi adamlar doğum yerindən asılı olmayaraq, ya bunların qohum-əqrəbasıdır, ya da tanışı. Başqa adamlar vəzifəyə çəkilmir. Ona görə də bu adamların vəzifədə qalması kifayət qədər qorxuludur.

– Qayıdaq Kəmaləddin Heydərova…

– O ki qaldı Kəmaləddin Heydərova, o, Fövqəladə Hallar Nazirliyini sıfırdan yaratdı, çox müsbət işləri var, lakin onun vəzifədən getməsi birbaşa Prezidentin səlahiyyətindədir. Amma Kəmaləddin Heydərov Vasif Talıbovun dəstəsindən deyil və bunlar bir-birilərini sevən adamlar olmayıblar. Lakin o dəstədən qalanlar hələ də var. Yəni cəzalandırılmayanlar da var, hansı ki, vəzifədən gediblər. 

Ramiz Mehdiyevin komandasından Nəcməddin Sadıqov, Zakir Qaralov, Heydər Əsədov, Eldar Mahmudov və digərləri çox sakitcə hər şeyi talan edərək gediblər, amma hələ də həbs olunmayıblar. Bu adamların cəzalandırılması mexanizmi də yoxdur.

– İstefanı necə qarşıladınız?

– İlk dəfədir ki, Azərbaycanın müstəqillik tarixində belə hay-küylü istefanı gördük. Heç Ramiz Mehdiyev olayı belə hay-küylü olmamışdı, amma Vasif Talıbov bu qədər hay-küylü vəzifədən kənarlaşdırıldı. Bu adamı “monster” kimi yetişdirən də hazırda vəzifədə olan yaltaqlardır. Mənim Vasif Talıbovla şəxsi tanışlığım yoxdur, amma Vasif Talıbova biət edib, əlindən öpən deputatlar, onunla görüşməyi özünə şərəf bilən adamlar indi Vasif Talıbovu söyürlər, onun həbs olunmasını istəyirlər. Siz idiniz də buna yaltaqlanan, nə oldu, indi Vasif Talıbov yıxılan kimi ona hücum edirsiniz?! Bizim bədbəxtliyimiz budur. Adamlar vəzifədə olanda söz danışmağa qorxuruq, amma vəzifədən gedən kimi hamımız şiri nərə dönürük. İndi də həmin proses gedir.

Vasif Talıbov haqqında fikir söyləyənlər olub, amma Azərbaycanda bu dəqiqə siyasi elitanın yarısı naxçıvanlılardır. Yarısı naxçıvanlı olan siyasi elitanın qohum-əqrəbasına Vasif Talıbov Naxçıvanda zülm edirdi, adam birmənalı şəkildə diktator idi. Bu qədər naxçıvanlı var da, niyə Vasif Talıbovu görəndə yaltaqlanırdınız?! Niyə üstünün tozunun tumarlayardınız?! Niyə Naxçıvana gedəndə birinci Vasif Talıbovun yanına gedib, sonra ailənizlə görüşürdünüz?! Niyə Naxçıvanda yas olanda buradan zəng edib Vasif Talıbovdan icazə alırdınız ki, biz o yası keçə bilərik, ya yox?! İndi həmin adamlar şiri nərə dönüblər! Ayıbdır, bu nə tərbiyə, nə əxlaq, nə dəyərdir?!

Bu adamlar birmənalı şəkildə öz maraqlarıan görə, birmənalı şəkildə dövlətin maraqlarını qurban veriblər. Adamlardan, media qurumlarından düşmən düzəldirlər və aparıb Prezidentə təqdim edirlər ki, filan sayt filankəsindir. O saytın rəhbərinin də heç ondan xəbəri belə yoxdur. İndi də 5-6 dənə yaltaq deputat düşüb ortaya. Vaxtilə Ayaz Mütəllibovun əlini öpənlər, sonra gəldi Əbülfəz Elçibəyin əlini öpdü. Sonra Heydər Əliyevin nifrət etdiyi adamlar indi İlham Əliyevin əlini öpür. Bu, nə deməkdir?! Nə vaxt bunlar kişi olacaqlar?! Eyni şeydir. Vasif Talıbovun əlini öpənlər, indi onu söyür. Vallah, mənim Vasif Talıbova o mənada yazığım gəlir.

– Siz dediniz ki, Kəmaləddin Heydərovdan qabaq gediləsi şəxslər var.

– Əlbəttə, amma indi Kəmaləddin Heydərovu deyirlər. Onun qapısında deputatlar növbəyə dururlar, əlindən öpürlər. Mənim dostumdur, danmıram, ona böyük hörmətim var. Amma indi də onun üstünə düşüblər. Mən demirəm ki, onun səhvi yoxdur, bəli, onun da səhvi var, amma onu bu günə salan onun öz yerliləri və öz yaxın adamlarıdır. Heç kim onu o günə salmayıb. Eyni şeyi DSX-nın rəisi Elçin Quliyev və o birilər haqqında da demək olar. Təkcə naxçıvanlılar deyil ki?! Yaxud Anar Kərimov. 1 ildir vəzifəyə gətiriblər, indi məlum olur ki, adam nələrlə məşğuldur. Belə olmaz! Hansı nazir haqqında danışırsansa, üstünə ley kimi tökülürlər.

– Sizcə, getməli olanlar başqa kimlərdir?

– Mən artıq ad çəkməyə də qorxuram. Şəxsən mənə artıq qadağa qoyublar ki, efirə çıxıb kimisə tənqid etməyə icazən yoxdur. Adamı hədələyirlər. Bu qədər sözlər dedim, indi bunun cəzası görün, mənə nə qədər olacaq. Amma olmur, adam vallah, susa bilmir. Bu nə ölkədir ki, ziyalıların başına oyun açırlar, danışan ziyalıların hamısına müxalifət deyirlər. Nə müxalifət?! Mən 15 ildir ki, YAP-dayam, nə müxalifət, ə?! Ağzımı açan kimi yapışdırırlar. Nə olsun, Əli Həsənov gedib amma onun adamları Prezident Aparatında qalıb. Əli Həsənov nə qədər var idi, bütün media onu tərifləyirdi. İndi Ədalət Vəliyev gəlib, o Əli Həsənovdan daha çox iş görüb, gör, onu təbliğ edən var? Yox, çünki Əli Həsənov, Ramiz Mehdiyev qoymur.

– Xəyanətkar dediklərinizi soruşurdum…

– Bir ölkənin ki nazirləri Ramiz Mehdiyevlə görüşməkdən ötəri növbəyə durursa, bunlar İlham Əliyevə xəyanət edirlər. DTX nə qədər adam tutacaq?! DTX nə vaxtdan ölkədə kadrları nizamlamaqla məşğuldur. DTX dövlətin təhlükəsizliyini qorumalıdır. Görün, bunlar nə qədər harınlayıb ki, artıq dövlətin təhlükəsizliyinə təhdid yaradırlar deyə DTX işə qarışır. Hanı bunun prokurorluğu, daxili işlər naziri, ədliyyə naziri, məhkəmələr?! Harada ölüblər bunlar?!

Belə olmur, bu dövləti dağıdırlar. Prezident bu qədər zülmlə Qarabağı alıb, başı oraya qarışıb, bunlar ölkə daxilində bir nəsilləmə düzəldiblər. Ancaq gərək, hər yerdə bunların yerliləri ola, Azərbaycanın başqa bölgələri hamısı xəyanətkardır, bir dənə bunlar dövlətə sədaqətlidir. 7 milyon 3 milyona qurban verirlər. Hara gedirik biz?! Görmürük, bunu axırı uçurumdur?! Nə media, nə də biz yetimlər onlara təhlükəyik. 

Həmçinin oxuyun

“Həzi Aslanovun ölüm səhnəsini üç variantda çəkdilər…” – Ramiz Novruz

 İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun doğum günüdür. Əfsanəvi sərkərdənin 113 …