Şənbə , Fevral 24 2024
Ana səhifə / Müsahibə / “İqtidar da görür ki, ciddi dəyişikliklərə və islahatlara ehtiyac var”

“İqtidar da görür ki, ciddi dəyişikliklərə və islahatlara ehtiyac var”

Deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, BAXCP sədri Qüdrət Həsənquliyevlə müsahibəni təqdim edirik:

– Qüdrət bəy, bir neçə gün əvvəl Rusiyaya səfər etmişdiniz. Deyəsən, son illərdə ilk səfər idi, eləmi?

– Mənim, ümumiyyətlə, deputat kimi bundan öncə Rusiyaya səfərim olmamışdı.

– Maraqlıdır, Rusiyanı necə gördünüz? Müharibə aparan bir ölkədən hansı təəssüratlarla qayıtdınız?

– Rusiya çox böyük və Azərbaycan üçün də vaz keçilməsi mümkün olmayan bir ölkədir. Ona görə ki, həm bizim böyük qonşumuzdur, həm çox ciddi ticari, iqtisadi, humanitar və sair sahələrdə əlaqələrimiz var, orada 2 milyon azərbaycanlı yaşayır. Rusiya gənclərimiz üçün əmək, fermerlərimiz üçün kənd təsərrüfatı məhsulları bazarıdır. Ordakı azərbaycanlıların göndərdiyi pul Azərbaycanda sosial gərginliyin yaranmamasında əhəmiyyətli rol oynayır. Biz Rusiya ilə MDB çərçivəsində də əməkdaşlıq edirik. Elə səfər də onunla bağlı idi. “MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların və fraksiyaların rolu” mövzusunda 4-cü konfrans keçirilirdi. Mən və YAP üzvü Nizami Səfərov Milli Məclisi təmsil edirdik. Bundan əvvəlki konfranslara YAP-la yanaşı, parlamentdə təmsil olunan digər partiyalar qatılmışdı. Bu dəfə məni nümayəndə heyətinin tərkibinə daxil etmişdilər. Konfransda çıxış etdim və bildirdim ki, biz tarixi əlaqələrimizi nəzərə alaraq daha sıx əməkdaşlığın tərəfdarıyıq, amma bu əməkdaşlıq dövlətlərin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmət əsasında olmalıdır. MDB dövlətləri xarici siyasət, təhlükəsizlik məsələlərində bir-birinin maraqlarını mütləq nəzərə almalıdırlar. Bundan başqa, digər üzv ölkələrdən gəlmiş nümayəndələrlə səmimi söhbət etmək imkanımız oldu.

– Ermənilərlə necə, təmas oldumu?

– Ermənilər gəlmişdilər, amma heç bir təmasımız olmadı. Konfransda da qarşılıqlı olaraq bir-birimizin ünvanına nəsə demədik. Mən çıxışımda onu da bildirdim ki, təkcə siyasi partiyalar yox, MDB ölkələri çərçivəsində vətəndaş cəmiyyəti nümayəndələrinin və jurnalistlərin də bir-biri ilə görüşü ümumi işin xeyrinə olardı. İşçi qrupların görüşündə onu da vurğuladım ki, insan haqları mövzusuna aid dəyirmi masa, yaxud konfrans keçirə bilərik. Əgər belə bir konfrans olarsa, Rusiyadakı əmək miqrantlarının hüquqları məsələsini gündəmə gətirə bilərik. Bir çox hallarda onların hüquqlarının pozulması barədə informasiyalar yayılır.

– Rusiya müharibə aparan ölkəyə bənzəyirdimi?

– Restoranlarda gənclər yeyib-içirdilər. Moskvada, əlbəttə, müharibə əhval-ruhiyyəsi qətiyyən hiss olunmurdu. Amma avtomobillə keçəndə gördüm ki, yolun kənarında bir nəfər dayanıb, əlində plakat, müharibəyə könüllüləri cəlb eləmək üçün. Yaxınlıqda səfərbərlik yeri var idi.

Səfərin ilk günü naməlum əsgərin məzarı önünə gül qoyduq. Mənim atam da İkinci Dünya müharibəsində iştirak edib, ikinci dərəcəli əlil olub. Əmim isə müharibədən qayıtmayıb, onun dəfn yerini də tapa bilməmişik. Həm də fikirləşirdim ki, o abidə qarşısına gül qoymaqla bütün müharibə qurbanları ilə yanaşı əmimi, faşizmə qarşı müharibədə həyatını itirmiş soydaşlarımızı yad edirəm.

– 2018-ci ildəki növbədənkənar seçkilərdə iştirakınız təbii qarşılanırdı. Amma bu dəfə Zəfər qazanmış liderlə mübarizəyə qərar vermisiniz. Bu mənada tərəddüdünüz olmadı ki?

– Sözün doğrusu, əlbəttə, tərəddüd var idi. Azərbaycan 44 günlük savaşda elə bir möhtəşəm uğura imza atıb ki, bunu sözlə ifadə etmək çox çətindir. Mən, səmimi deyirəm, bizim insanlarımızın bir çoxu hələ də qələbənin möhtəşəmliyini tam görə bilmir. Qələbə çoxlarımız üçün o qədər əlçatmaz, çətin bir hədəf kimi görünürdü ki, buna qısa zaman kəsiyində, az itkilərlə nail olmağımız sanki insanları şok edib. Açıq deyirəm, hər şəhid bizimçün həm ağır itkidir, Allah onların ruhunu şad eləsin, onlar adlarını Azərbaycanın tarixinə qızıl hərflərlə yazıblar. Birinci Qarabağ müharibəsində biz 11 min şəhid vermişdik, amma 20 faiz torpaq itirmişdik. Ölkənin işğaldakı ərazisinin 20 faizini azad etmək üçün 3 min şəhid verdik. Bunu müqayisə edəndə, insanlarımız tarixi uğurumuzu asan əldə olunan qələbə kimi gördülər. Sözsüz ki, bu uğurda, böyük dağıntılarsız, az itkilərlə əldə olunan qələbədə Prezidentin payı olduqca böyükdür. Ona görə insanlarımız Prezidentin rolunu xüsusi qabardır və bu, təəssüf ki, bir çox xarici və daxili düşmənlərimizdə qıcıq doğurur. Çoxları deyirdilər ki, biz niyə Şuşada dayandıq? Biz Ağdamı, Kəlbəcəri, Laçını müharibəsiz, itkisiz azad etdik. Orda Ermənistanın 25 minlik ordusu var idi. O dağlardan, meşəliklərdən 25 min ordunu çıxartmaq üçün döyüşsəydik, itkilərimiz bəlkə də ikiqat artıq olardı. Bu da ikiqat çox ailənin faciəsi olacaqdı. Düşməni müttəfiqlərinin dəstəyindən məhrum etmək, Azərbaycana güclü müttəfiqlər qazandırmaq da sözsüz ki, Prezidentin xidmətidir. Mən sizin xidmətinizi görməsəm, qiymətləndirməsəm, mənim də xidmətim qiymətləndirilməyəcək. Prezidentə münasibətindən asılı olmayaraq, müxalifət Prezidentin xidmətlərini görməlidir, qiymətini verməlidir, sən Prezidentin qələbəsinə qiymət vermirsən, amma istəyirsən ki, başqaları sənə qiymət versin. Bu mənada sizə açıq deyirəm, seçkiyə qatılmaqla bağlı qərar vermək çox çətin oldu.

– Elə isə niyə? Bu qərar hansı zərurətdən irəli gəldi?

– Biz fərqindəyik ki, niyə növbədənkənar seçkilər keçirilir. Fikrimcə, iqtidar da görür ki, bu uğurdan sonra ölkədə ciddi dəyişikliklərə və islahatlara ehtiyac var. Heç bir iqtidar seçkilərə bir ildən bir az artıq vaxt qalmış böyük islahatlara getmir. Amma bir il də oturub gözləməyə vaxt yoxdur. Həm də bölgədə çox ciddi geosiyasi proseslər gedir. Bir ildən sonra regionda vəziyyət necə olacaq, bölgə qan çanağına dönəcək, dönməyəcək, qonşularımızda nələr baş verəcək, burada nostradamusluq eləmək çox çətindir. Ciddi qərarlar qəbul etməyin zamanı çatıb. Ona görə də ölkənin gələcəyini heç kəs risk altına atmamalıdır. Odur ki, biz növbədənkənar seçkini də dəstəklədik və islahatların zəruriliyini nəzərə alıb seçkiyə qatıldıq.

– Bəzilərinin seçkiyə hazırlıqsız yaxalanmaları barədə iddialarına münasibətiniz necədir?

– Siyasi partiya həmişə seçkiyə hazır olmalıdır. Tutaq ki, bir ildən sonra seçki olsaydı, nə dəyişəcəkdi? Yaxşı, bu 6 ildə hazırlaşmamısansa, bir ildə nəyə hazırlaşacaqdın? Siyasi partiya onsuz da hər gün gündəmdəki mövzulara öz münasibətini bildirməlidir. Nə baş verdi, niyə baş verdi, nə doğrudur, iqtidarın qəbul etdiyi hansı qərar səhvdir, ya düzdür… Seçki dövrü insanlarla təmas baxımından əlavə üstünlük verir. Tutaq ki, ödənişsiz efir vaxtı verilir, insanlarla canlı ünsiyyət qura bilərsən və sair. İndi də informasiya əsridir. Bir zala 50, yaxud 500 nəfəri yığıb danışmaq heç nəyi dəyişmir. Hamının əlində mobil telefon var, sən ondan min dəfə artıq effektli şəkildə sosial şəbəkələrdə insanlara sözünü çatdırmaq imkanına maliksən. Ona görə də hazırlıqsız yaxaladı məsələsini seçki dövründə ölkədə qarşıdurma planlaşdıran xarici güclərə münasibətdə söyləmək olar. Amma siyasi partiya niyə hazırlıqsız yaxalanır ki?

– Seçkilərin nəticələri haqda fikriniz maraqlıdır. Ortaya iddia qoymusunuzsa, demək, hədəfləriniz də var, elə deyilmi?

– Bəli. Biz hədəflərimizə çatmaq uğrunda mübarizə aparırıq. Seçkilər yolu ilə hakimiyyətə gəlib ədalətli cəmiyyət qurmaq istəyirik. Bunun üçün hüquqi dövlət yaratmalı, demokratiyanı inkişaf etdirilməliyik. Hakimiyyət hədəfə çatmaq üçün vasitədir. Bizə nə qədər insanın səs verəcəyi artıq ikinci məsələdir. Bizdən asılı olan odur ki, seçkiyə qatılırıqsa, dövlətimizin gələcəyi ilə əlaqədar fikirlərimizi xalqa çatdıraq, həmin fikirləri həyata keçirmək üçün ondan mandat istəyək. Bunun üçün mübarizə aparırıq.

– Axı onu da etiraf edirsiniz ki, rəqib çox güclüdür…

– Bəli, rəqib çox güclüdür. Amma biz siyasi partiya olaraq siyasi sistemin əsas institutuyuq. Siyasi partiya siyasi sistemin inkişafı üçün siyasi proseslərdə aktiv şəkildə iştirak etməlidir. Bax biz siyasi proseslərə qatılırıq. Tutaq ki, xaricdən yönləndirilən marginallaşmış qruplar isə seçkini boykot etdiklərini deyirlər. Aktiv boykot etmirlər, camaata deyirlər ki, oturun evdə! Amma biz insanlara çağırış edirik: evinizdə oturmayın, qutu başına gəlib səs verin! Sizin seçici olaraq ölkəmiz, övladlarınız qarşısında siyasi öhdəliyiniz, məsuliyyətiniz var. Onlar deyirlər ki, seçkidə səslər onsuz da düzgün sayılmır və sair. Amma onların dediyi həqiqətdirsə belə vətəndaş gəlib səs verirsə, iqtidar bütün komissiyalarda olan nümayəndələri vasitəsilə bilir ki, hansı namizədə nə qədər səs verildi, xalqın hökumətə münasibəti necədir. İnsanlar çoxluğun Prezidentə yenidən etimad göstərəcəyini düşünüb evdə otura bilər. Bu halda xalqın seçkini boykot, iqtidara etiraz etdiyini söyləmək olmaz. Yaxşı, ictimai rəy əhəmiyyətsizdirsə, həmin qrup gecə-gündüz deyir ki, biz 2019-cu ilin yanvarın 19-da “Qələbə” meydanına xeyli etirazçı adam yığdıq, ondan sonra hökumət xalqa yönəlik müəyyən addımları atmaq məcburiyyətində qaldı. Bu halda özləri-özlərini təkzib edirlər. Onların dediyi kimi, hakimiyyət insanların narazılığını görüb müəyyən addım atıbsa, deməli, seçki prosesində də xalqın dəyişiklik istəməsini görməsinin özü çox önəmlidir.

– Hakimiyyətin seçki tamaşasında rol aldığınızı iddia edənlərə sözünüz nədir?

– Bəli, Qərbdəki ermənipərəst dairələrin yönləndirdiyi bəlli adamlar belə bir iddia ilə də çıxış edirlər. Əgər onlar mənimlə üzbəüz oturub, polemikaya çıxsalar – bilirəm ki, çıxmazlar… Belə cəsarətləri olsaydı, seçkiyə qatılardılar. Onlardan soruşardım, əgər siz dediyiniz kimidirsə, tamaşanın olması yaxşıdır, olmaması? Tamaşaya baxmağa insanlar gəlir, səhnədəki insanlara baxırlar, onları dinləyirlər. Seçkini tamaşa götürsək, seçicilər məntəqəyə gəlib, bülleten atacaqlar, həmçinin təbliğat-təşviqat dövründə fərqli platformaları dinləyəcəklər. Biz ən böyük problemimizi həll etmişik. Amma axı, Azərbaycanda həllini tapmayan çox böyük problemlər var.

– Yəqin ki, seçki platformanızda həmin məsələlər əksini tapacaq. Qısa da olsa, açıqlaya bilərsinizmi?

– İlkin namizədliyim qeydə alındığından təbliğata başlaya bilmərəm, amma ölkədə qanunun aliliyinin təmin edilməsi, biznes mühitinin yaxşılaşdırılması, ədliyyə sistemində islahatlarla, iqtisadiyyatın neftdən asılılığına son qoyulması və iqtisadiyyatın inkişaf etdirilməsi ilə bağlı çox ciddi proqramımız var. Biz Dövlət Neft Fondunun vəsaitlərindən səmərəli istifadəyə, peşəkar ordu quruculuğuna, dövlət idarəetməsinin optimallaşdırılmasına və xərclərin azaldılmasına dair alternativ proqramlarla, yeni – parlamentli respublika modelinə, andlı iclasçılar institutunun tətbiq olunacağı məhkəmə sisteminə, proporsional seçki sisteminin tətbiq olunmasına əsaslanan Konstitusiyanın, yerli məmurların yerli seçkili orqanlar qarşısında hesabatlılığının təmin olunması, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə dair təşəbbüslə çıxış edəcəyik. Xalqa, bu ölkənin gələcəyini necə görürük, bununla bağlı müfəssəl, sistemli baxışımızı təqdim edəcəyik. Xarici siyasətimizdə hansı addımlar atılmalıdır, təhlükəsizliyimiz üçün hansı qərarlar qəbul olunmalıdır? Bütün bunlarla bağlı partiyanın ciddi hazırlanmış sənədi var və hazırda üzərində əlavə iş gedir. Bütün bunları seçkidə uğur qazanacağımız halda, yeni konstitusiya qəbul olunana qədər formalaşdıracağımız milli birlik hökuməti həyata keçirməyə başlayacaq.

– Qüdrət bəy, maraqlıdır, siz seçici kimi Qarabağı azad etmiş Prezidentə – namizədə səs verəcəksiniz, yoxsa islahatlarla bağlı təkliflər irəli sürən Qüdrət Həsənquliyevə?

– Mən ölkənin gələcəyinə – ədalətə, hüquqa, demokratiyaya səs verəcəyəm. Namizədliyim qeydə alınacaqsa, sözsüz ki, özümə səs verəcəm, dəyişiklik, milli birlik, firavan və təhlükəsiz həyat istəyən seçiciləri də mənə səs verməyə çağıracam. Qarabağı azad etmiş Prezidentin isə adının əbədiləşdirilməsi barədə qanun qəbul olunacaq, bütün sivil ölkələrdə olduğu kimi, dövlətin təhlükəsizliyi ilə əlaqədar bütün vacib sənədlərin surəti ona göndəriləcək, fikirləri öyrəniləcək.

“Yeni Müsavat”

Həmçinin oxuyun

Hacıyev ZDF-in təxribat xarakterli suallarını cavablandırıb

Avropada anti-Azərbaycan isterikasının qızğın vaxtında Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri …