Şənbə , Mart 2 2024
Ana səhifə / Müsahibə / “İlk növbədə öz maraqlarımızı müdafiə etməli və imkanlarımızı gücləndirməliyik” – Tofiq Zülfüqarov

“İlk növbədə öz maraqlarımızı müdafiə etməli və imkanlarımızı gücləndirməliyik” – Tofiq Zülfüqarov

Prezident İlham Əliyevin Soçiyə səfərinin nəticələri, Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə, ardınca isə Rusiya, Azərbaycan və İran prezidentlərinin Tehran görüşü fonunda Dağlıq Qarabağ danışıqlarının yeni mərhələsi ilə bağlı Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun müsahibəsi.

– Prezident İlham Əliyev oktyabrın 11-də Rusiyanın Soçi şəhərinə səfəri zamanı Putinlə görüş keçirdi. Güman edilir ki, prezidentlərin bu görüşündə Dağlıq Qarabağ məsələsi müzakirə olunub. İctimaiyyətə bu barədə geniş məlumat verilməsə də, görüşdən dərhal sonra Moskvanın Bakıdan Dağlıq Qarabağa zəmanətlər istəməsi haqda fikirlər yayıldı. Deyilənlər həqiqəti nə dərəcədə əks etdirir?

– Müxtəlif erməni və xarici mənbələr bu və ya digər şəkildə Soçidə gedən danışıqları yozurlar. Ona görə də bu cür mənbələrə həmişə tənqidi yanaşmaq lazımdır. Çünki onların dedikləri kimisə məlumatlandırmaq məqsədi güdmür. Görünür, bəlli qüvvələr bu və digər mövqeyi kiməsə çatdırmaq istəyirlər. Təbii ki, əsas məqsəd bu cür məlumatların Azərbaycan ictimaiyyətinə ünvanlanmasıdır. Bu cür məlumatlara sadəcə olaraq skeptik yanaşıram. Zənnimcə, Azərbaycanın Soçidə ifadə etdiyi məntiqi mövqe əslində Prezident İlham Əliyevin Nazirlər Kabinetinin builki müşavirəsində ifadə edilmişdi. İclasda Dağlıq Qarabağa dair verilən açıqlamalar görüşdən öncə olduğundan, bu, birbaşa Bakının mövqeyini əks etdirirdi. Azərbaycan indiki mərhələdə danışıqlara üstünlük verir. Prosesin gedişatı və ermənilərin danışıqlara qayıtması bu müddət ərzində müzakirə obyekti olmuşdu. Artıq bəyan olunub ki, ermənilər danışıqlara qayıdıb. İrəvan indi özünü elə göstərir ki, guya ermənilər hansısa şərtləri yerinə yetirildikdən sonra danışıqlara qayıdıblar. Prezidentin vurğuladığı kimi, əslində isə onların heç bir şərti qəbul olunmayıb. Zəmanət dedikdə, təbii ki, danışıqların gedişi üçün atəşkəs rejiminə riayət olunması vacib bir amildir. Zənnimcə, danışıqların bərpası və gedişi naminə Azərbaycan həmişə atəşkəs rejiminə riayət edilməsi barədə bəyanatlar verib. Analizim hadisələrin məhz bu şəkildə baş verdiyini göstərir. İndi əsas sual danışıqların hansı baza üzərində bərpa olunacağıdır. Artıq ən azı iki baza var. Bunlar Madrid prinsipləri və onu əks etdirən Hoqlandın bəyanatı və Lavrov planıdır. Danışıqların bu bazalardan hansı üzərində bərpa olunmasının özü isə sual altındadır. Ancaq prezidentin bəyanatına bir daha qayıtmaq istəyirəm. Ölkə başçısı vurğuladı ki, heç bir danışıqlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyi barədə getmir. Yəni bu iki prinsip şübhə altında qoyularsa, Bakı danışıqlara getməyəcək.

– Qarşıda Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşü, eyni zamanda, Rusiya, Azərbaycan və İran prezidentlərinin Tehran görüşü gözlənilir. Dağlıq Qarabağla bağlı danışıqların yeni mərhələsinə ümid bəsləmək olarmı?

– Gəlin, əvvəlcə yuxarıda adları çəkilən məşhur planlar və ictimaiyyətə sızılan fikirləri analiz edək. Hoqlandın konsepsiyası Madrid prinsiplərinə uyğundur. Burada əsas söhbət 7 rayonun azad olunmasından və Dağlıq Qarabağın siyasi statusu barədə danışıqlar başlamasından gedir. Ümumiyyətlə, Madrid prinsipləri və ATƏT çərçivəsində danışıqlar 92-ci ildən başlayıb. Orada da Şuşa və Laçın işğal olunduqdan sonra vəziyyəti işğaldan öncəki hala gətirmək üçün danışıqlar prosesi gedirdi. Məqsəd isə işğalın nəticəsini aradan götürməkdən və sonra beynəlxalq konfrasda Qarabağın gələcək statusunu müzakirə etməkdən ibarət idi. Təxminən belə bir məntiq var idi. İndi də Madrid prinsipləri bu məntiqi davam etdirir. Bunun modifikasiyası isə beş rayonla bağlı müzakirələrə gətirib çxarır ki, Lavrov planı da əsasən bundan ibarətdir. Ancaq narahatedici məqam odur ki, Lavrov bir müddət öncə beş rayonun status müqabilində azad oluna biləcəyini bəyan etdi. Bu, bir növ, Madrid prinsiplərinin tamamilə dəyişməsi deməkdir. Əgər bu baş verirsə, deməli, məntiq dəyişir. Məntiq dəyişirsə, deməli, indiki mərhələdə danışıqlar prosesi məhz bu problemlə üzləşə bilər. Çünki Azərbaycan üçün say etibarilə ilkin mərhələdə 5 və ya 7 rayonun qaytarılması problem deyil. Əsas məsələ rayonların qeyd-şərtsiz azad olunması, status məsələsinin ən sonda həll olunmasıdır. Əgər 2 və ya 5 rayon sxemində statusun müzakirəsi və qəbul olunması nəzərdə tutularsa, deməli, bu məntiq Azərbaycan tərəfindən qəbul edilməyəcək. Bu baxımdan da qarşıda gözlənilən bir sıra görüşlər sadəcə texniki xarakter daşıyır. Erməni tərəfi hansısa real addımlar atmağa hazırdır, yoxsa yox? Zənnimcə, hazır deyillər. Hər halda verilən bəyanatlar bunu deməyə əsas verir. Əgər Rusiya bu prosesi aparmaq istəyirsə, lazımı şəkildə Ermənistana təzyiq etməlidir. Bu olmasa, İrəvan öz mövqeyindən çəkinməyəcək və istər Cenevrə , istərsə də digər görüşlərdə mövqeyini göstərəcək. O ki qaldı Azərbaycanın mövqeyinə, Bakı danışıqları bu şəkildə davam etdirmək niyyətində deyil. 2, 5 və ya 7 rayon əsas məsələ deyil, əsas status məsələsinin bu mərhələdə müzakirə obyekti olmamasıdır. Bakı qəti şəkildə bunu qəbul etmir.

– Əks proseslər getsə, onda necə?

– Əgər Ermənistan real şəkildə öz mövqeyindən çəkilməsə, Moskva İrəvana təzyiqi etməsə, danışıqların heç bir perspektivi olmayacaq. Danışıqlardan çıxmaq bir tərəfdən Azərbaycanın reallığa əsaslanan bir addımı olacaq. Ancaq digər tərəfdən də tənqid mövzusu Ermənistan yox, Azərbaycan olacaq. Azərbaycan da məhz bu imkanları İrəvana yaratmamaq üçün danışıqlara hazır olduğunu bəyan edib. Ancaq Ermənistan qeyri-konstruktiv mövqeyi ilə bu danışıqlara gedir. Hələlik bu proseslə bağlı Azərbaycanın təbliğat mövqeyi və siyasəti bundan ibarətdir. Bakı həmsədrlərə və dünya ictimaiyyətinə göstərir ki, danışıqlara hazırdır və gücü var. Biz müharibə yolu ilə torpaqlarımızı azad edə bilərik, ancaq qan tökülməsini istəmirik. İstəyirik ki, Ermənistan işğalçı siyasətindən və bu yoldakı siyasi yollardan əl çəksin. Əgər bu alınmasa, doğurdan da onda Ermənistana qarşı perspektiv yoxdur. Ona görə də bu və ya digər səbəblərdən hərbi əməliyyatlar başlasa, Azərbaycan artıq bütün dünyaya hər imkandan istifadə etdiyini, uzun müddətdir aparılan danışıqların heç bir fayda vermədiyini açıq şəkildə bəyan edəcək. Hər halda Azərbaycanın hazırkı mövqeyinin və yürütdüyü siyasətin məntiqi bundan ibarətdir.

– Tofiq müəllim, Rusiya hərbi-siyasi rəhbərliyi “Naxçıvan təhlükəsi” adı altında Ermənistan ordusu üzərində hakimiyyəti ələ keçirdi. Bu, Naxçıvanla bağlı Bakının siyasi planlarının uğurlu olmasından xəbər verirmi?

– Ermənistan-Azərbaycan konflikti bir neçə istiqamətdə inkişaf edir. Bu konflikt heç də danışıqlarla yekunlaşmır. Azərbaycan və Ermənistan müdafiə ilə yanaşı, hərbi imkanlarını genişləndirir. Bu baxımdan proseslər danışıqlar və müdafiə siyasəti fonunda paralel gedir. Bildiyiniz kimi, bundan qabaq Azərbaycan yeni tərəfdaşlarından müasir silahlar alıb. Bu, hökumətin və dövlətin ardıcıl siyasətidir. Hamıya bəllidir ki, vasitəçi ölkələrin addımları məntiqdən uzaqdır. Ermənistan mediasında ara-sıra Rusiya Azərbaycan silah satdığına görə tənqid olunur. Əslində isə böyük oyunlar gedir. İlk növbədə öz maraqlarımızı müdafiə etməli və imkanlarımızı gücləndirməliyik. Bax onda bu gücümüz də o biri ölkələrin adekvat reaksiyasına səbəb ola bilər. Baxın, Türkiyə güclü bir ölkədir, müdafiə imkanları böyükdür, ancaq Ankaraya təzyiqlər səngimir, bəzən də elə görünür ki, daha da artır. Yəni bu siyasi həyatın bir reallığıdır və bu reallığı qəbul etməliyik. (Axar.az)

Həmçinin oxuyun

Hacıyev ZDF-in təxribat xarakterli suallarını cavablandırıb

Avropada anti-Azərbaycan isterikasının qızğın vaxtında Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri …