Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Müsahibə / “İki xalq arasında etimadı, vəziyyəti normal hala gətirmək asan olmayacaq” – Afsəddin Nəbiyev

“İki xalq arasında etimadı, vəziyyəti normal hala gətirmək asan olmayacaq” – Afsəddin Nəbiyev

Qərbi Azərbaycan İcmasında Qayıdış Konsepsiyası qəbul edilib. Bu barədə Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının yekun iclasında qeyd edilib.

Qayıdış Konsepsiyasında bir sıra məsələlər öz əksini tapıb. O cümlədən, Konsepsiyada Qərbi Azərbaycan İcmasının Ermənistan hökuməti ilə təmaslar qurması öz əksini tapıb: “İcma qayıdış prosesinin nizamlı və effektiv şəkildə həyata keçirmək məqsədilə müvafiq beynəlxalq icraçı tərəfdaş tapmaq üçün səy göstərəcək. Bu tərəfdaşın BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının olmasına üstünlük veriləcək. İcma beynəlxalq icraçı tərəfdaş ilə birlikdə, tətbiq oluna bilən beynəlxalq standartlar əsasında, Azərbaycan hökuməti və Ermənistan hökuməti ilə təmaslar şəraitində qayıdışın detallı planını hazırlayacaq”.

Bu və digər məsələlərlə bağlı əslən Qərbi Azərbaycandan olan AMİP-in sədr müavini, İrəvan Türk Cümhuriyyətinin Millət Şurasının üzvü Afsəddin Nəbiyevə bir sıra suallar ünvanladıq:

– Əvvəla, bu təmaslardan nə kimi perspektivlər gözlənilir?

– Bu təmaslar beynəlxalq hüququn standartları əsasında həyata keçirilməlidir. Bütün dünya üçün insan hüquqlarının əsası Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 1948 – ci il 10 dekabrda BMT-nin 48 ölkəsi tərəfindən qəbul edilib. Sənəd beynəlxalq hüququn təməli sayılır. Məhz həmin gün – 10 dekabr Beynəlxalq insan hüquqları günü sayılır. Bu Paktın beynəlxalq müqavilə statusu var. Ona görə BMT-nin üzvü olan dövlətlər bu Pakta qoşulub. Sənədi Azərbaycan, eyni zamanda Ermənistan tərəfi də 1990-cı illərdə imzalayıb. Bu sənədin 13-cü maddəsində göstərilir; 1.”Hər bir insan hər hansı bir dövlətin hüdudlarında sərbəst yer dəyişmək və özünə yaşayış yeri seçmək hüququna malikdir. 2.Hər bir insanın öz ölkəsi də daxil olmaqla istənilən ölkəni  tərk etmək  və öz ölkəsinə  qayıtmaq hüququ var”. Göründüyü kimi, Azərbaycan dövləti bu Paktın müddəalarını yerinə yetirir. Ermənilərin Azərbaycanda yaşamaq hüquqlarına təminat verir. Ancaq Ermənistan tərəfi öz üzərinə götürdüyü bu paktın heç bir bəndinə məhəl qoymur. Yüz minlərlə azərbaycanlını etnik soyqırıma  məruz qoyaraq öz doğma yurdlarından indiki Ermənistan ərazisindən zorla qovub çıxarmışlar. Ona görə də biz indi işlərimizi beynəlxalq təşkilatlarla davam etdirərək  fundamental hüquqlarımızı tələb etməliyik, nəticədə tarixi torpaqlarımıza qayıdıb orada ləyaqətli həyat şəraitini təmin edib  yaşamalıyıq. Belə olduğu halda bölgədə davamlı sülhü də təmin etmiş olarıq.

– Prinsipcə, bu təmaslar necə qurula bilər? Bu məsələdə hansı istiqamətlərə xüsusi önəm verilməlidir?

– Təmaslar diplomatik korpus vasitəsilə, eyni zamanda Qərbi Azərbaycan İcmasının nümayəndələri vasitəsilə qurulmalıdır. Əslində erməni tərəfi bu təmaslara daha çox səy göstərməlidir. Qərbi Azərbaycan Konsepsiyasının həyata keçməsi əslində Ermənistana daha çox lazımdır. Qərbi Azərbaycandan zorla qovulmuş soydaşlarımızın öz yurdlarına qayıdışı təmin olunacaqsa  Ermənistan monoetnik dövlət damğasından xilas ola bilər. Yaşadığımız müasir dünyada monoetnik dövlət sistemi millətçiliyi təşviq etdiyindən, beynəlxalq ictimaiyyət tərəfindən normal qarşılanmır. Ermənistan bu dövlətlər siyahısındadır. Bunun da əsası odur ki, bu dövlət süni olaraq yaradılıb. İndiki halda da bu coğrafiyada dövlət kimi tam  idarə oluna bilmir. Dünya dövlətləri də bunu yaxşı bilir. Ona görə də  diplomatlarımızın, ictimai fəalların, beynəlxalq hüquq təcrübəsi olan hüquqşünaslarımızın görülməli olan işləri çoxdur. Bütün kanallardan istifadə etməklə haqq səsimizi dünyaya çatdırmalıyıq. Yeri gəlmişkən, AMİP beynəlxalq əlaqələrindən istifadə edərək daim bu məsələni gündəmə gətirir. Ona görə də bu məsələdə təkcə Qərbi Azərbaycandan zorla qovulmuş insanlar deyil, hər bir  azərbaycanlı aktiv hərəkətə keçməklə bu məsələni beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıdır.

– Ermənistan buna gedəcəkmi, yoxsa getməyəcək?

– Buna getməsi ən birinci Ermənistana daha çox fayda verə bilər. Bunu rasional düşüncəyə malik olan az sayda ermənilər çox yaxşı dərk edirlər. Sadəcə bilirik ki, uzun illərlə erməni cəmiyyətinin beyni mifik uydurma əsatirlərlə doldurulub. Erməni cəmiyyətində qeyri-sağlam təfəkkür formalaşıb. İki xalq arasında etimadı, vəziyyəti normal hala gətirmək asan olmayacaq. Hazırda vəziyyət elədir ki, ermənilər dünyanın geosiyasi mənzərəsinin reallıqlarını anlamaq məcburiyyətində qalıblar. Ona görə də onlar doğru və düzgün olan seçimi etməlidirlər. Bu coğrafiyada qonşu dövlətlərlə, xüsusilə Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşamaq yolunu seçməlidirlər. Əks halda ermənilərin bir dövlət kimi mövcud olması mümkün deyil. İki seçimdən birini etmək onların öz işidir. Üstəlik, Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışı ermənilərlə azərbaycanlılar arasında etimadı formalaşdırar. Ermənilər Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınmış ərazilərində, azərbaycanlılar da indiki Ermənistan ərazisində  öz tarixi yurdlarımızda sülh şəraitində birgə yanaşı yaşayışı təmin etməklə bölgədə davamlı sülhü təmin etmiş olarıq. Bu, Ermənistannın xilası deməkdir.

– Təmaslar hansısa neytral ölkədə keçiriləcək, yoxsa növbəli şəkildə Ermənistan və Azərbaycanda?

– Təmaslar əvvəlcə hər iki dövlətin rəsmi nümayəndələri tərəfindən qurulmalıdır. Sonrakı mərhələdə icma ilə təmaslar qurula bilər. Bildiyimiz kimi, erməni hiyləgərliyi  siyasi leksikonumuza yaxşı məlumdur. Bu işlər görülərkən hər bir incə detalı diqqətlə analiz etməli, süzgəcdən keçirməliyik. Mükəmməl proqramımız olmalıdır, bu yöndə işlər gedir. Təmaslar istənilən ölkədə Azərbaycan və ya Ermənistanda ola bilər. Vacib olan məsələ bu deyil. Vacib olan Qərbi Azərbaycana Qayıdış Konsepsiysının beynəlxalq müstəviyə çıxarılmasıdır. Qərbi azərbaycanlıların fundamental hüquqlarının təmin olunması üçün birgə çalışmağımızdır. Bu işləri nizam-intizamla apara bilsək uğurlu nəticələr əldə edə biləcəyik. İnanıram ki, belə də olacaq.

Vidadi ORDAHALLI

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …