Çərşənbə axşamı , Yanvar 25 2022
Ana səhifə / Müsahibə / İctimai Şuralar: – “Onların fəaliyyəti tərifdən o yana keçmir“

İctimai Şuralar: – “Onların fəaliyyəti tərifdən o yana keçmir“

Milli Məclisin üzvü Fazil Mustafanın Yenisabah.az-a müsahibəsi:

– Xeyli vaxtdır dövlət qurumları yanında İctimai Şuralar fəaliyyət göstərir. Onların fəaliyyətini necə qiymətləndirirrsiniz?

– İctimai şuraların fəaliyyətini yüksək qiymətləndirmirəm. Çünki hər hansısa bir qurumun fəaliyyətinə təsir etmək imkanları çox azdır və yaradıcı fəaliyyət sahələri geniş deyil.

İctimai şuralar müəyyən qurumlar üzərində ictimai nəzarəti həyata keçirməlidir. Lakin ilk növbədə, qurumlar bunun üçün lazımi fəaliyyətə imkan yaratmırlar. 

Ali məktəblərdə şuralar azca müsbət işlər görür. Dövlət orqanlarında isə əksinə. İcra hakimiyyətlərində isə bu ümumiyyətlə, formal xarakter daşıyır, bilinmir nə işlə məşğuldur. Dövlət orqanlarının özündə də problemlər var. Onlar şəffaf fəaliyyət göstərməyə maraqlı olmadığından İctimai Şuranın da təsir imkanı olmur. 

İctimai Şura çox vaxt qurumun istədiyi insanlardan təşkil olunur ki, bu isə fəaliyyəti tərifləmək və dəstək verməkdən o tərəfə keçmir.  

– Sizcə, ictimai şuralar qanunda nəzərdə tutulan öhdəlikləri yerinə yetirə bilirlərmi?

– Son vaxtlar Miqrasiya Xidməti, gömrük, diaspor və bir neçə digər komitə daha şəffaf fəaliyyət qura bildiyi üçün cəmiyyətə normal məlumatlar verə bilir. Bütün qurumların elektron hökumət modelinə uyğun fəaliyyəti olsa, ictimai şuraların da üzərinə böyük yük düşməz. Buradan vətəndaşlar hər bir qurumun fəaliyyəti ilə bağlı məlumat əldə etmək imkanına sahib ola bilərlər.

Əvvəlcə elektron hökumət modeli bütün qurumlar tərəfindən tətbiq olunmalıdır və bu, Azərbaycanda hərfən deyil, mahiyyətcə mövcud olmalıdır. Bu prosesdən sonra İctimai Şura üçün də fəaliyyət sferası genişlənəcək, öhdəlikləri yerinə yetirəcək.

– Cəmiyyətdə belə bir rəy var ki, ictimai şuralar mövcud problemləri ört-bastır etmək, gözdən pərdə asmaq üçündür. Bu iddialar nə qədər əsaslıdır?

– Bu iddialarla tam razıyam. Çünki bəzi istisnalar var. İctimai Şura qurumun rəhbərliyini məhz şəffaflığa yönəltməlidir. Əksər qurumlarda isə şuraların mövcudluğu formal xarakter daşıyır.

– İctima şuraların fəaliyyətini daha effektli etmək üçün hansı addımlar atılmalıdır?

– Elektron hökumət modeli inkşaf etsə, şəffaflığın qorunması məhz burada mümkün ola bilər. Lakin elektron hökumət bir sayt yaradıb gözdən pərdə asmaq deyil. Bu görülən işlər üçün hesabatlılığı, informasiyanın əl çatanlığını və başqa məsələləri özündə ehtiva edir.

Qurumlar şəffaf işləmədikdə İctimai Şuranın hansısa problemini ictimailəşdirməsi çətin olur. Halbuki sosial şəbəkə və çap mediasında neqativ təzahürlərlə bağlı xeyli fikirlər səslənir. Bu fikirlər səslənirsə, problemləri həll etmək lazımdır.

Həmçinin oxuyun

“Maslyakov Elçibəyi təhqir etdi, biz onun otağına daxil olduq və…”

Əməkdar artist Tahir İmanovun Publika.az-a müsahibəsini təqdim edirik: – Tahir bəy, sizin KVN komandanız hələ …