Ana səhifə / Müsahibə / “Hazırda məni Rusiya ilə ancaq orada qalan çox qoca bir it bağlayır” – Nevzorov

“Hazırda məni Rusiya ilə ancaq orada qalan çox qoca bir it bağlayır” – Nevzorov

Jurnalist Aleksandr Nevzorov müharibənin ilk günündən Rusiyanın təcavüzünü kəskin tənqid edir. Bu səbəbdən, təxminən bir aydan sonra onun barəsində Rusiya ordusu haqqında “saxta” məlumatların yayılması maddəsi ilə cinayət işi açılıb. Cinayət işi barədə əvvəlcədən necə xəbər tutduğu, jurnalistin Kreml administrasiyası ilə razılaşmasının niyə pozulduğu və Rusiyaya qayıdıb-qayıtmayacağı barədə “Meduza”nın xüsusi müxbiri Svetlana Reyter Nevzorovla söhbət edib.

Qaynarinfo bir çox aktual məqamlarına görə həmin müsahibənin tərcüməsini oxuculara təqdim edir:
– Başa düşdüyüm qədər, indi İsraildəsiniz.

– Belə deyək, filan yerdəyəm (dəqiq yerini bildirmək istəmir – red.).

– Sizə qarşı cinayət işi açılmamışdan əvvəl “filan yerdə” idiniz, yoxsa sonradan ölkəni tərk edə bildiniz?

– Mənim səfərimlə barəmdə cinayət işinin açılması arasında heç bir əlaqə yoxdur. İsraildə çıxışlarım, mühazirələrim planlaşdırılmışdı, biletlər isə 2 il bundan qabaq satılıb. Araya covid hekayələri girdi, girişə çətinliklər yarandı və İsrailə getmək mümkün olan kimi biz (həyat yoldaşım Lidiya ilə) səfərə çıxdıq. Artıq xaricdə olarkən barəmdə cinayət işinin açıldığını bildim.

– Bəs reaksiyanız necə oldu?

– Heç bir reaksiyam olmadı. Bunun olacağını əvvəlcədən bilirdim. Bu barədə hər kəsə gülə-gülə danışırdım. 

– Siz əvvəlcədən məlumatlandırılmışdınız?

– Mən xəbərdar edilmişdim. Bir müddət əvvəl məlumat verilmişdi. Hətta mənə artıq açılmış cinayət işinin titul vərəqini də göndərmişdilər.

– Bəs bu barədə Sizə kim məlumat verdi?

– Aha, bu saat(ironiya ilə- red.) Mən mənbələrimi açıqlamıram. 

– Heç olmasa məlumat verənin çalışdığı sahəni bildirin – prezident administrasiyasına, yoxsa güc strukturlarına yaxın mənbədir?

-Axı siz gözəl başa düşürsüz ki, bu barədə mən bir söz deməyəcəyəm. Bütün bu “fəndlər” mənasızdır. 

– Sizə cinayət işinizdən titul vərəqinin skanını göndərdilər, Siz bunu görüb fikirləşdiniz ki…

-Düzünü desəm, bu barədə düşünmədim. Mən başa düşürəm ki, onlar aciz, pis niyyətli, gülünc cəfəngiyyatlar yaratmağa məhkumdurlar, çünki onlar Ukraynada törətdikləri cinayətləri gizlətməlidirlər. Bu cinayətlə bağlı hər hansı bir həqiqət onlara ölümcül görünür, baxmayaraq ki, əllərində yüz milyon insana təsir edən fasiləsiz federal yayım və təbliğat maşınları var. Kiçik bir YouTube və ya Telegram kanalında kim olduqları və nə etdikləri barədə danışmaq onlara ölümcül və qorxulu görünür.

Başa düşün, heç kim mütləq qaranlıqda nəcib və xeyirxah bir iş görməz ki, Allah eləməsin, bundan heç kimin xəbəri olmasın. Aydındır ki, yanğın və dəhşət içində yaşayırlar. Və mən bütün bunları [cinayət işinin başlanması] hakimiyyətin yazıq və axmaq alnından tökülən soyuq tər kimi qəbul edirəm.

– Köhnə dostlarınız (“Exo Moskvı” radiosunun keçmiş baş redaktoru) Aleksey Venediktov və (“Novaya qazeta”-nın baş redaktoru) Dmitri Muratov Moskvada qalıblar və imkanları daxilində baş verənlərə qarşı mübarizə aparmağa çalışırlar.

– Bəli, elədir.

– Ağlınızdan, bir növ “gizli” yol seçib Moskvada qalmaq fikri keçməyib? Sizin, belə deyək – jurnalist mübarizəsində böyük təcrübəniz var axı.

– Siz deyən “gizli” yolu seçmək olar, amma niyə? Yəqin məlumatlısınız ki, dünən məni İsveçrə televiziyasına dəvət etmişdilər. Söz azadlığının nə dərəcədə inanılmaz gözəl hiss olduğunu duydum. Təsəvvür edin, mərkəzi kanala gələndə heç kim səndən nə mövqeyin, nə də ideyaların haqqında soruşmur; aparıcılar sadəcə bilirlər ki, orada tanınmış bir rus fiquru var və onun fikri onlar üçün çox önəmlidir. Nə deyəcəyimi də heç kim əvvəlcədən bilmirdi.

Bu azadlıq hissi Rusiyada çoxdan yoxa çıxıb. Rusiyada yalnız boynundan kəndir asırlar. O, cümlədən televiziyanın boynundan. Əlbəttə ki, internet sehrli bir şeydir, lakin internet televiziyanın yanında hələ partizandır, Şervud meşəsidir (əfsanəyə görə Robin Qud məhz bu meşədə gizlənirmiş – red.). Dünən o fikirə gəldim ki, mən niyə özümü məhdudlaşdırmalıyam? Bax nə üçün?

– Bəlkə Rusiyada daha yaxşı eşidilmək xatirinə? Yoxsa Siz düşünürsünüz ki, Şervud Meşəsi öz effektivliyini itirməyəcək, çünki onun üçün əhəmiyyətli olan insanlar – Siz, jurnalist Yuri Dud Rusiyanı tərk etdiniz?

-Biz az eşidilirik, ona görə yox ki, Rusiyada deyilik. İndi bizdə, Kremlin arzuladığı kimi,  YouTube-dan Telegrama kimi interneti bağlasalar, o zaman Rusiyada olarkən ümumiyyətlə eşidilməyəcəyik. Özünüz anlayırsız ki, məni “Rusiya 24” kanalına dəvət etməyəcəklər. Burada (xaricdə) çox nüfuzlu, çoxsaylı rus diasporu var. Biz bilirik ki, dünya ruslarla, rusdillilərlə doludur və onlar üçün baş verənlər son dərəcə vacibdir.

– Prezident administrasiyası ilə bir növ razılaşmanız olduğunu söylədiniz: siz tam gücünüzlə işləmirsiniz …

– Bəli, mən dövlət çevrilişi etmirəm…

– Bacarardınız?

– Nə problem var ki? Məndə 1990-cı illərin zəngin təcrübəsi var. Bildiyiniz kimi, mən yaxşı şagirdəm.

Prezident administrasiyası ilə belə razılaşmışdıq: heç kim mənə toxunmur, heç kimə borcum yoxdur, onları istənilən an *** (rusca söyür- red.) göndərirəm, onların məsləhətinə qulaq asmıram, onlardan bir qəpik pul almıram. Bunun müqabilində söz verirəm ki, iğtişaş törətməyəcəm və onlar haqqında düşündüklərimi deməyəcəm. Onlar da mənim həyatıma, işimə qarışmasınlar.

– Niyə onlara belə sözü verdiniz?

– Çünki onlar həmişə (həyatıma və işimə) müdaxilə etmək imkanlarına malik idilər və edirdilər də.

– Bəs kimlə danışmısınız?

– Sizə cavab verməyəcəyəm, mənasını görmürəm. Bununla belə, onların hamısı “ştampovka”dırlar, hər cür müstəqillikdən, intellektdən və xeyir və şər haqqında hər hansı fikirdən məhrumdurlar. Siz bu adamları ideallaşdırırsınız. Onlar sadəcə axmaqlardır. Eynilə (Dövlət Dumasının deputatları Valeri) Raşkin, (Aleksandr) Valuyev kimi. Təxminən eyni səviyyənin adamlarıdır.

– Razılaşmanız səkkiz il müddətində qüvvədə idi?

– Təxminən…

– Və heç kim sizə zəng edib “Aleksandr Qleboviç, Siz qırmızı xətlərdən kənara çıxırsınız” demirdi?

– Bu halda mən onlarla danışmırdım və “lazımi yerə” göndərirdim. Hələ çox sağol deməlidirlər ki, mən kütləvi iğtişaşlar törətmirəm. 

– İndi siz də iğtişaşlar təşkil etmirdiniz, amma bu onları dayandırmadı. Sizə nə üçün cinayət işi açıldığı barədə məlumatınız varmı? Ukraynadakı müharibəni tənqid edən yeganə məşhur şəxs deyilsiniz. Buna baxmayaraq, cinayət işi əvvəlcə kulinariya bloggeri Veronika Belotserkovskaya və daha sonra sizin barənizdə açıldı.  Sizcə, bu hərəkətlərdə məntiq varmı?

– Məncə onların seçimi çox məntiqli görünür. Yəqin ki, məni ona görə seçdilər ki, indi bir çox jurnalist necə olmalı, kim olmalıdır deyə düşünür. Ya “sözə baxan” olub rəislərin və ya rəis olmayanların diqtəsi ilə hərəkət etməli, ya da mübariz olub jurnalistikada ad çıxarmalıdır. Hakimiyyət anlayır ki, mənim nümunəm jurnalist mühitində çoxlarını qorxuda bilər.

– Hökumət də göstərir ki, bunun üçün heç bir avtoritet yoxdur – “Exo Moskvı” radiostansiyasını bağlaya bilər, uzun müddət “toxunulmaz” sayılan Venediktovu vəzifəsindən uzaqlaşdıra bilər. Yaxud 1990-cı illərdə hamı haqqında yazan jurnalist Nevzorova qarşı cinayət işi aça bilər.

– Bəli əminəm ki, belədir. Başqa bir şey də var: 1990-cı illərdən bəri (hakimiyyətlə bağlı) çoxlu kompromatlarım var. Düzünü desəm, heç dərc etməmişəm. Hesab edirəm ki, onlar artıq bu insanların reputasiyasına təsir etməyəcək. Məsələn, Çikatilo, onun üzərində nə qədər qurbanın olduğu heç vecinə də deyildi. 34 olsun və ya 36 . Tutaq ki, hörmətli bir insan üçün ölümə bərabər olan bir şey qatil, cibgir və ya başqa bir pislik üçün heçnədir, onun reputasiasına artıq xələl gətirməyəcək.

– İndiki hakimiyyətdən danışırsınız?

– Ümumilikdə rejim haqqında.

– Bəs rejim Çikatilodur?

– İndi, bəli. Mən çoxdan demişəm ki, biz tamamilə anormal insanlar və şizofreniya ideologiyası ilə qarşılaşırıq. İndi mənim bütün sözlərim, sanki qəsdən, əməldə sübut olunur.

– Bəlkə indi bu kompromatı dərc etməyin vaxtı çatıb?

– Yəqin ki, onu (hakimiyyəti) artıq bu narahat etmir. Onun Ukraynada törətdiklərindən sonra, ölkənin məhv edilməsindən sonra, inanmıram ki, 1990-cı illərdə onların elədikləri, həyat tərzi, oğurladıqları maraqlı gəlsin. 

Düzünü desəm, bunu başqa bir səbəbdən dərc etməkdə məqsəd görmürəm: əgər siz məni layihələrimi yaxından izləyirsinizsə, onda görərsiniz ki, mən heç vaxt heç kimin şəxsi həyatını müzakirə etmirəm. Mən heç vaxt burnumu kiminsə vaginasına, yatağına, diaqnozuna və kirinə soxmuram. Bu mənim üçün yad olub.

– Rusiyaya qayıtmaq fikriniz varmı?

– Bəli, əlbəttə. Mən geri qayıtmaq istəyirəm, bu axmaqlara hər kəsin onlardan qorxmadığını sübut etmək üçün geri qayıtmaq istəyirəm.

Çətin seçimdir, elə deyilmi? Geri qayıdaraq qorxmadığını göstərmək, lakin susdurulmaq. Ya qalıb sərbəst danışmaq, işləmək, amma siyasi mühacir olmaq.

– Aleksey Navalnı Almaniyadan Rusiyaya qayıdanda yəqin ki, bu barədə fikirləşib.

-Bizim bir az fərqli məqsədlərimiz var. Mən prezidentliyə namizədliyimi irəli sürmürəm, hətta mənzil-kommunal təsərrüfatının sədrliyinə namizədliyimi və ya küçə təmizliyi şirkətinə rəhbərlik etməyi planlaşdırmıram. Mənim heç bir karyera hədəfim və heç bir etik ambisiyam və ya istəklərim yoxdur.

Bu lənətə gəlmiş informasiya müharibəsi məni məşğul olduğum sevimli işimdən uzaqlaşdırdı. İndi başa düşürəm ki, mənim üçün [Rusiyaya] hələ dönüş yoxdur və olmayacaq. Birincisi, ona görə ki, bu müharibə (mənim) başımdadır və bu, işə çox mane olur. İkincisi, indi mənə burada kifayət qədər tələbat var.

– Sizcə, müharibə nə qədər davam edəcək?

– Beş məchullu tənliyi həll etmək mümkün deyil. Gündəlik çıxan o qədər qəfil, gözlənilməz faktorlar olur ki…

Hər halda, Rusiya artıq müharibəni uduzub. Formal hərbi qələbə heç kimə lazım deyil, heç bu da baş verməyəcək. Bu, hətta Pirr qələbəsi də deyil, Pirr məğlubiyyətidir.

– Siz hələ də YouTube üçün videolar çəkirsiniz?

– Dayanmırıq, işləməyə davam edirik. Telegram kanalında artıq 750 min abunəçi var.

– Rusiyada qalanlar üçün qorxunuz varmı?

– Hazırda məni Rusiya ilə ancaq orada qalan çox qoca bir it bağlayır.

– Çıxara bilərsiniz.

– Hazırda elə o işlə məşğulam. 

– Cinayət işi başlanandan sonra hakimiyyətə olan qəzəbiniz artdımı? 

– Onlara qəzəblənmək olmaz. Mənim üçün onlar xəstə, çox zəif və çox qorxaq insanlardır.

– Mənbəniz sizi hansı cəzanın gözlədiyini söylədi?

– Dedilər ki, mütləq həbs edəcəklər. Hələlik, söhbətlər bu barədə gedir.

– İndiyədək İstintaq Komitəsindən sizinlə əlaqə saxlayan olub?

– Xeyr.

– Onlara öz mövqeyinizi izah etmək istəyirsiniz?

– Onlar mənimlə əlaqəyə çıxsalar, məmnuniyyətlə. Onlara qanuna deyil, şizofrenikə xidmət etdiklərini qısa və aydın şəkildə izah edərəm. Mənim üçün bu problem deyil.

– Onlara izah edə bilərsinizmi ki, dərhal siz başa düşsünlər?

– Çətin. Bunlara pul ödəyirlər ki, heçnə başa düşməsinlər.

– Prezident administrasiyası ilə razılaşmanız artıq qüvvədə deyil. Mən sizi düz mi başa düşürəm ki, siz indi iğtişaşlar və dövlət çevrilişi təşkil edə bilərsiniz

– Bilirsiniz, bu ağır və çətin işdir və onun nəticəsinin necə olacağını heç kim bilmir. Bu ciddi işdir. Amma bu barədə düşünəcəm.


Həmçinin oxuyun

Dilqəm Əsgərov: “Həsən Həsənovu Şahbaz dəyənəklə öldürdü”

Gündəm.az-ın suallarını yeddi il Ermənistanda əsirlikdə olan və 2020-ci ilin dekabrında Azərbaycana qaytarılan Dilqəm Əsgərov …