Bazar ertəsi , Aprel 22 2019
Ana səhifə / Müsahibə / Hacıbaba Əzimovdan AXH-yə və İsgəndər Həmidova sərt ittihamlar

Hacıbaba Əzimovdan AXH-yə və İsgəndər Həmidova sərt ittihamlar

Musavat.com-un qonağı Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri, istiqlalçı deputat, professor Hacıbaba Əzimovdur. Müsahibimiz Azərbaycan Xalq Hərəkatının yaradıcılarından sayılsa da, qurumun idarə heyətində iştirakdan imtina edib.

H.Əzimovla AXH daxilində son bir həftədə yaşanan gərginlikləri və bu gərginliyə yol açan səbəblər barədə danışdıq.

– Hacıbaba bəy, AXH-nin əsasnaməsini yazan bir şəxs kimi qurumun idarə heyətinə üzv seçilsəniz də, hazırda orada təmsil olunmursunuz. Səbəb nə oldu?

– Bu hərəkatın yaranmasında hər zaman maraqlı olmuşam. Dəfələrlə belə təşəbbüslər olub. Hələ Milli Şuradan öncə Xalq Hərəkatı yaratmaq təşəbbüsümüz olub. Hətta bu istiqamətdə müəyyən fəaliyyət də aparıldı. Amma o zaman bəziləri bizim yaratmaq istədiyimiz müstəqil layihəni kənara qoyub, Milli Şura yaratmaq ideyasını müdafiə etdilər. AXH ideyası ortaya atılanda mən də qoşuldum. Hətta hərəkatın təsis bəyanatını da yazdım. Ondan sonra isə əsasnaməsini yazdım. Milli Şuranın da əsasnaməsini mən yazmışam. Amma əvvəlki əsasnamələrdən bu daha güclü, mükəmməl şəkildədir. Hərəkatın üzvləri Amerika səfirliyində görüş keçirəndə onlar da deyiblər ki, əsasnamə ilə tanış olmuşuq, xoşumuza gəlib. Çox təəssüflər olsun ki, indi bu əsasnaməyə əməl olunmur. Hərəkatın idarə heyətinin üzvlüyündən imtinamın səbəblərini deyəcəm. İdarə heyətinin üzvlüyünün müəyyən edilməsini əvvəlcədən razılaşdırıb, prinsipal mövqedən çıxış etmişdik. Dövlət qeydiyyatı olan partiyaların və istiqlalçı deputatların idarə heyətinin üzvü olmaları qərara alınmışdı, təsisçilərin də bunlar olması barədə razılığa gəlinmişdi. Sonradan qeydiyyatı olmayan partiyalara da təsis bəyanatına imza atdırıldı. Məlum oldu ki, həmin şəxsləri də idarə heyətinə üzv etmək istəyənlər var. O adamların bəzilərini yaxşı tanıyırdım, hörmət etdiyim insanlar idi. Ancaq elələri də var idi ki, cəmiyyətdə tanınmırdılar. Partiya rəhbəri olmayan, cəmiyyətdə tanınmayan şəxslərin hərəkatın rəhbərliyində təmsil olunması əsasnamənin və qabaqcadan razılaşdırılmış prinsiplərin pozulması demək idi. İdarə heyətinin üzvlüyünün formalaşdırılması prinsipi lap əvvəldən pozuldu.  Buna görə də idarə heyətində iştirakdan imtina etdim. Təsis bəyanatında siyasi partiyaların və istiqlalçı deputatların hərəkatı təsis etdiyi bəyan edilir. Siyasi partiyalar da dedikdə qeydiyyatı olanlar nəzərdə tutulur. Yoxsa kiminsə özünü partiya elan edib gəlib hərəkatın rəhbərliyində təmsil olunması nə dərəcədə düzgündür?

“Tural Abbaslı nə günah edib ki, onun hərəkatdan uzaqlaşdırılması məsələsi qoyulub?”

– Əsasnaməni hərəkatda kimlər pozdu?

– O vaxt hərəkatın yaradılması istiqamətində bir qrup şəxs təşkilatçı qismində iştirak edirdi. Onların içərisində İsgəndər Həmidov daha çox fəallıq göstərirdi. Açığı deyim ki, bəzi adamlar bu işi pozmaq üçün İsgəndər bəyi süni şəkildə tərifləyirdilər, ona cənab generalım deyirdilər, cənab general, orada oturma burada otur və.s. O, da bundan çox xoşhal olurdu. Mən də yaxşı bilirdim ki, onu tərifləyənlər əslində hərəkatın dağılmasını istəyirdilər. Bəziləri hərəkatın idarə heyətinin  formalaşması prinsipinin pozulmasında çox maraqlı idilər. Onlar İsgəndər bəyi siyasi partiya rəhbəri olmayan şəxsləri hərəkatın idarə heyətinə üzv gətirməsinə sövq etdilər. Ona belə təbliğ edirdilər ki, guya onlar gəlsələr hərəkat daha da böyük olar. Hər halda bu səhv addımı İsgəndər bəy atdı. O, yaxşı bilirdi ki, əsasnaməyə görə, hərəkatın təsisçiliyində və idarə heyətində qeydiyyatı olan partiyalar və istiqlalçı deputatlar təmsil oluna bilərlər. Bu razılaşdırılmışdı, təəssüflər olsun ki, İsgəndər bəy bu razılığı pozdu.

– Hazırda AXH daha çox Tural Abbaslı-İsgəndər Həmidov qarşıdurması ilə çalxalanır. Gərginliyə əsas səbəb də əsasnamənin pozulduğu yöndə səslənən fikirlərdir. Hərəkat faktiki tarix olur…

– Tural bəyin bu mübahisədə fikirləri həqiqəti əks etdirir. Hərəkatda qeydiyyatı olmayan elə partiya sədrləri var ki, onlara hörmət edirəm. Amma eləsi də var ki, heç tanımıram. Bilmirəm ki, səviyyəsi nə yerdədir. Bu səbəbdən onlarla bir masa ətrafında oturmaq istəmədim. İsgəndər bəy təəssüf edirəm ki, onlara da təsis bəyanatına imza atdırdı. Orada olan bəzi dostlarımız da bu əsasnamə pozuntusuna etinasız yanaşdılar. İndi də bunun əzabını çəkirlər. Bundan əlavə, İsgəndər bəy qazilər adı ilə bəzi şəxslərin də idarə heyətinə üzv olmalarına nail olub. Bunların da qazi olub-olmamaları məlum deyil. Ola bilər ki, cəbhədə böyük igidliklər göstərsinlər, ola bilər də yox. Dəqiq bir fakt söyləmək mümkün olmasa da, əsas olan odur ki, bu şəxsləri demək olar ki, tanıyan yoxdur. Bu cür 4 adamı da sonradan hərəkatın idarə heyətinə gətirib. Orada təmsil olunan siyasi partiya rəhbərləri bu məsələyə çox məsuliyyətsiz yanaşıblar. Düşünməyiblər ki, bunun axırı pis ola bilər. Tanınmayan şəxsləri idarə heyətinə salmaqda İsgəndər Həmidovun məqsədi nədir? Yalnız İsgəndər bəy o şəxsləri tanıyır və deyir ki, qazidirlər, dostumdur, filan.

Cəmiyyət onları tanımır axı. Oradakı siyasi partiya rəhbərləri onları tanımasalar da, buna göz yumublar. İsgəndər bəy hərəkatın idarə heyətini özünün istədiyi kimi formalaşdırmağa cəhd edib və buna da nail olub. İndi də son iki iclasın birində həqiqi siyasi partiyalardan 9 nəfər iştirak edib. İsgəndər Həmidovun yanına isə qeydiyyatı olmayan partiya rəhbərlərindən və qazilərdən ibarət 12 nəfər yığışıb. İndi bunlar deyirlər ki, biz çoxluquq. Əsas söz sahiblərinin onlar olduğunu düşünürlər. Xoşagəlməyən mənzərə yaranıb. Bunun da günahkarı təkcə İsgəndər bəy deyil, qeydiyyatı olan siyasi partiyaların rəhbərləri də günahkardır. Onlar əsasnamənin kobud şəkildə pozulmasına göz yumublar və prinsipiallıq göstərməyiblər. Əsasnaməni pozan hər bir şəxs həm idarə heyətindən, həm də hərəkatdan uzaqlaşdırılmalıdır. Siyasi partiyalar məhz əsasnamənin pozulması səbəbindən azlıqda qalıblar.

– Belə bir şəraitdə hərəkatın gələcəyini necə görürsünüz? AXH-də hazırkı dönəm sədri Tural Abbaslının idarə heyətindən çıxarılması məsələsi gündəmdədir…

– Keçən iclasda İsgəndər Həmidovun yanında olan 12 idarə heyəti üzvündən 2-3 nəfərdən başqa qalanları əsasnamənin kobud şəkildə pozulması yolu ilə hərəkata gətirilən adamlardır. Əgər hərəkatın rəhbərliyində təmsil olunan siyasi partiyalar problemə ciddi yanaşsalar, indiyə qədər buraxdıqları səhvləri təkrar etməsələr və əsasnamənin pozulmasına imkan verməsələr bundan sonra heç bir problem yaranmaz. Tural Abbaslı nə günah edib ki, onun hərəkatdan uzaqlaşdırılması məsələsi qoyulub?. O, ağıllı, cəsarətli, mübariz, tərbiyəli gənc siyasətçidir. Niyə ona imkan vermək istəmirlər ki, dönəm sədrliyini və fəaliyyətini davam etdirsin? Bu qarşıdurmada onun heç bir günahı yoxdur. Onun hərəkətlərində ciddi əsasnamə pozuntuları kimi dəyərləndirilə biləcək heç bir sübut yoxdur, heç bir dəlil göstərilmir. Mənim ondan xoşum gəlmir və bu səbəbdən təklif edirəm ki, bu adam kənarlaşdırılsın. Bu nə deməkdir? H  AXH Azərbaycanda ədalətli, demokratik cəmiyyətin yaradılması üçün təsis olunub. Kiminsə təkbaşına hərəkatın idarə heyətini formalaşdırmaq cəhdləri əsasnamənin məqsəd və vəzifələrinə ziddir. Əsasnaməni pozanlar cəzalandırılmalıdır. Tural bəy heç bir pozuntuya yol verməyib. Ortada bir sübut belə yoxdur ki, o, nə üçün kənarlaşdırılmalıdır.

Bu hal hələ tam formalaşmayan, böyüməkdə olan bir qurumda kiminsə özünü diktator kimi aparmasından xəbər verir. Belə olan halda hərəkat Azərbaycanda ədalətli cəmiyyətin yaranmasına nail ola bilərmi? Hər kəs öncəliklə özü bir demokrat düşüncəyə sahib olmalı, təsis bəyənatında və əsasnamədə əks olunan prinsiplərə əməl etməli, sonra da başqalarından bunu tələb etməlidir. Hazırda baş verən özbaşınalıqlar olmamalıdır. Hərəkatın yaradıcısı İsgəndər Həmidov deyil. Kimlərsə sadəcə qəsdən onun rolunu həddən artıq şişirdirlər. İsgəndər bəy sadəcə əsas təşəbbüskarlardan və təşkilatçılardan biri olub. Onu hərəkatın qurucusu və lideri kimi təqdim edənlər əslində hərəkatın dağılmasına rəvac verənlərdir.  Nə lider? Kim onu lider seçib? Hərəkatın təsis bəyanatını və əsasnaməsini mən yazmışam və orada demokratik idarəetmə prinsipləri öz əksini tapıb. Əsasnamədə “lider” ifadəsi yoxdur, “dönəm sədri” məfhumu var. Elə adamlar var ki, psixoloji cəhətdən onları bir az şişirdəndə, onlara şərait yaradanda çərçivədən kənara çıxırlar, hədlərini aşırlar, öz məsuliyyətlərini unudurlar. Elə düşünürlər ki, onlar nə istəyirsə edə bilərlər. Lakin AXH-nin əsasnaməsi bu cür hallara imkan vermir. AXH-nin idarə heyətində təmsil olunan hər kəs öz fəaliyyətində onun təsis bəyanatında və əsasnaməsində əks olunan prinsiplərə əməl etməli və bu prinsip və şərtlərin pozulmasına yol verməməlidir.

Həmçinin oxuyun

“Bakıya gələcək erməni jurnalistləri hava limanından aparıb Müdafiə Nazirliyinə təhvil vermək lazımdır”

Qarabağ danışıqlarının Moskva raundunda əldə olunan razılaşmalar Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayıb. Moderator.az xəbər verir ki, …