Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Müsahibə / “Həmin məmurların korrupsionerə çevrilməsində YAP-ın da günahı var” – Əli Əlirzayev

“Həmin məmurların korrupsionerə çevrilməsində YAP-ın da günahı var” – Əli Əlirzayev

YAP-ın qurucu üzvü, “91-lər”in nümayəndəsi, iqtisadçı-alim Əli Əlirzayevin müsahibəsini təqdim edirik: 

– Əli müəllim, YAP-ın vitrininə nəzər salanda orada partiya qurucularından çox az adam gözə dəyir. YAP-ı yaradan adamlar haradadır, niyə partiyanın idarəçiliyində aktiv iştirak etmirlər? 

– Bu məsələlər həmişə soruşulur. Mən YAP yaranan gündən YAP-da olmuşam. Ondan qabaq təbliğat aparmışıq. Müxtəlif xidmətlərim olub. O vaxtlar biz də müxalifətdəydik. İndi isə professoram. Nə deyə bilərəm ki? Əslində, konkret bir adam haqqında desəniz, danışa bilərəm. Amma bütövlükdə çətin olur. Axı YAP-dan qalanlar azdır. Bəziləri ölüb, bəziləri isə artıq yaşlanıb. Düzdü, elələri var indi də vəzifədədir. Müxtəlif adlar, titullar alıblar, akademik olublar. Hətta 2000-2003-cü illərdə YAP-a daxil olanlar əsas qapıçı sayılırlar. Hazırda isə cavanlar ortaya çıxıb, yəqin onlar daha sanballıdır. Bəziləri vəzifəyə sahib olmaq üçün YAP-a giriblər. YAP-da ola-ola bəzi vəzifələrə gedənlər olub. 

– Məşhur YAP-çılardan olan Musa Musayev, Ariz Abduləliyev hakim partiyanın islahatlardan kənarda qalmamalı olduğunu bildiriblər. Sizcə, YAP-da nə və yaxud kim dəyişməlidir? 

– Bəli, o vaxt Musa Musayev islahatların vacib olduğunu demişdi. Təxminən 1 ildir ki, islahatlar gedir və təbii ki, hər yerdə islahatlar lazımdır. Ölkədə korrupsiyadan tutmuş rüşvətxorluğa qədər bir çox şeyə qarşı mübarizə aparılır. Məsələn, koronavirusa qarşı da mübarizə gedir. Sosial məsələlərin həlli ilə bağlı islahatlar aparılır. Dünya səviyyəsində qloballaşmadan artıq uzaqlaşırıq. Yeni bir struktur siyasət ortaya çıxır. İslahat zamanı birinci növbədə kadr islahatı olmalıdır. Bunu prezidentin özü də deyib ki, kadrlar elə olmalıdır ki, orada rüşvətə yer verilməsin. Bəzən yeni təmiz kadr gəlir, amma sonradan görürsən ki, vəzifədən şirniklənir və tamah ona güc gəlir. Elə işlər görür ki, heç YAP-çı olmayan o işləri görməz. İndi fəaliyyət göstərən YAP-çılara nə etmək olar? Onların hamısı vəzifədə olan adamlardır. Nazir, nazir müavini, parlamentdə əyləşən adamlardır… Onları çıxarmaq üçün qanun olmalıdır. Gərək, onları parlamentdən çıxarasan, bunun üçün isə gərək səbəb tapasan. Belə məsələləri elə-belə deyib çıxılmaz vəziyyətdə qalmaq olmaz. Mən 40 ildir bu ölkəyə xidmət edirəm. Hesab edirəm ki, islahatlar lazımdır, amma elə olmalıdır ki, bu ölkəyə fayda versin. Kadr islahatları, təsərrüfat fəaliyyətində olan islahatlar, idarəetmədə olan islahatlar olduğu kimi siyasi partiyalarda da islahatlar lazımdır. İndi siyasi partiyalara baxaq, hazırda elə partiyalar var ki, onlar olmasa da olar. Bu partiyaları 1-2 nəfər yaradıb. Görürsən ki, nə müxalifətliyi, nə bir fikri var. Elə belə fiquradır, 1-2 nəfəri beş ildən bir deputat edirlər, bitti. Qohum-əqrəbalarını öz ətraflarına yığıblar və fəaliyyətləri yoxdur. Bəziləri sifarişlə yaradılan partiyalardır. Onlar obyektiv partiyalar deyil, zərurətdən yaranmayıb. İndikilər partiyanı yaradırlar ki, çıxıb televiziyada “mənim partiyam var” desinlər, dövlətdən müəyyən vəsait alsınlar. Lakin bildirməliyəm ki, YAP-da da xoşagəlməz xüsusiyyətləri olan adamlar var. Gəlirlər YAP-a, vəzifə tuturlar, vəzifə tutandan sonra da rüşvətə qurşanırlar. Ona görə də korrupsiya, rüşvətə qarşı mübarizə aparıldığı kimi, YAP-ın özündə də dəyişiklik lazımdır. Siravi adamlar bəzi YAP-çılar haqda deyirdi ki, sərvəti var, rüşvətxordur, amma nə olsun ki, hələ də hamısı vəzifədədir. Prezident Administrasiyasındakıların hamısının sərvətləri var. İslahatlar hər yerdə lazımdır.

– Məmurların silsilə həbsindən sonra gözlər iqtidar partiyasına çevrildi Hətta YAP-ı qınayanlar da oldu. Siz bu barədə nə düşünürsünüz?

– Az əvvəl də dediyim kimi, o şəxslər YAP-a ona görə gəliblər ki, vəzifəyə getsinlər, rüşvət alsınlar. Onlar YAP-a ona görə gəlməyiblər ki, ölkənin inkişafında iştirak etsinlər və öz potensiallarını ölkə üçün sərf etsinlər. Məhz bu səbəblə YAP-da islahatlar olmalıdır. YAP-ın funksionerləri, İdarə Heyəti həmin adamları yaxına buraxmamalıdır. Uşağın pis olmasında valideynin tərbiyəni düzgün verə bilməməsi rol oynadığı kimi, həmin məmurların gəlib sonradan korrupsionerə çevrilməsində YAP-ın da günahı var, çünki həmin şəxslərə şans, üstünlük verib. Nəticədə isə başı ağrıyır və belə də olmalıdır. Bunların hamısı bir-biri ilə əlaqəli olan proseslərdir. İstənilən YAP-çının etdiyi səhvlər son nəticədə YAP-ın ümumi fəaliyyətinə mənfi təsir göstərir. Lakin YAP-çı olan yaxşı kadrlar da var. Bunları qarıışdırmaq olmaz. Məsələn, Arif Rəhimzadə kimi adam var. Həmişə öz fikrini deyir, dimdik dayanıb. Musa Musayev, Əli Əlirzayev kimi adamlar əsl YAP-çılardır. Nə qədər adamlar var idi ki, ədalətli idi.

– Sizin kimi stajlı YAP-çıların partiya idarəçiliyindən uzaqlaşdırılması nə ilə bağlı idi? Niyə qurucusu olduğunuz partiyada mövqeyinizi qoruya bilmədiniz?

– YAP-çıyam, əziyyətini həmişə çəkmişəm, onun ağır günlərində məhəllə-məhəllə, küçə-küçə gedib YAP-ı təbliğ eləmişəm. Formalaşma gəlib bu prosesə çatıb. Mən YAP-a qarşı heç vaxt çıxış edə bilmərəm, çünki ona əziyyətim keçib, ayrı-ayrı adamların günahı YAP-ın günahı deyil. YAP-ın günahı o adamları vəzifəyə qoymaqdır. YAP hakimiyyətə gəlmədən əvvəl müxalif partiya idi. Başqa partiyalara qarşı mübarizə aparırdı və nəhayət hakimiyyətə də gəldi və artıq iqtidardır. Mən həqiqi mənada obyektiv adamam, YAP-ın səhvlərindən biri də odur ki, mənim kimi adamların potensialından istifadə etdilər, sonra isə mənim səmərəmi vermədilər. 60 yaşında mən “çıxdaş” oldum, nə deputat seçildim, nə də bir başqa vəzifəyə getdim, neynirəm ki, mən onları? Pul qazanmışam, indi də qazanıram, hamıdan da çox pul qazanıram. Amma söhbət ondan gedir ki, mənim obyektiv fikirlərim var idi. İndi o fikirləri deyəndə pis adam oluram, amma onsuz da mən bu fikirləri vaxtilə demişəm. Bundan əvvəl deyirdim ki, gəlirlərin deklarasiyası, əmanətlərin bərpası, pensiyaların artırılması lazımdır. Pensiya islahatları həyata keçirilməli, sosial məsələlər həll olunmalıdır. Sahibkarlığa kömək, özəlləşmə kimi məsələləri diqqətə çatdırırdım. YAP-ın səhvi ondan ibarətdir ki, mən bunları dilə gətirəndə və başqaları mövqeyimi tərifləyəndə deyirdilər ki, Əli Əlirzayevin nə marağı var ki, filankəsov filankəs onun mövqeyini tərifləyir? Belə ki, mən Milli Məclisdə durub deyəndə ki, əmanətlər qaytarılmalıdır. Əli Kərimov deyib ki, Əli Əlirzayevin hesablamaları doğrudur. İndi nə olsun, deyib deyib də… Həmkarlarım, yoldaşlarım qısqandılar ki, niyə Əli Kərimov Əli Əlirzayevin adını çəkdi? Amma bu, düzgün deyildi. Hətta Heydər Əliyevə də şikayət etmişdilər ki, bəs Əli Əlirzayev filan mövzuda çıxış elədi. Heydər Əliyev isə məni yaxşı tanıdığını demişdi və onlara yerlərini göstərmişdi. Bu, belə də olmalıdır. Yoxsa hər bir xırda şeydən kimisə vurmağa çalışmaq düzgün deyil. 60 yaşında mən tamamilə çıxdaş olduğum halda, 60 yaşında YAP-a daxil olanlar indi gəlib icra başçısı olublar. Bax, məsələ budur. Mən bəlkə də çox pis adamam, çünki hər şeyə getməyən adamam. Mən ömrüm boyu korrupsioner, rüşvətxor olmamışam, heç kimdən bir qəpik pul almamışam. Nə də bir adama rüşvət vermişəm. Özüm maşın sürmüşəm, metro ilə gedib gəlmişəm. Adi insan həyatı yaşamışam. Mən demirəm pis həyat yaşamışam. Hazırda mənim aldığım maaşı heç kim almır. 37 yaşında elmlər doktoru olmuşam, prorektor vəzifəsində işləmişəm. Neçə universitetdə dərs demişəm. Bunu hər adam öz gücü ilə edə bilir? Mən gedib özəl universitetlərdə də mühazirə oxuyurdum. Ona görə də hər şeyi yaxşı bilirəm. Amma heç vaxt hər şeyə göz yuman olmamışam, indi də etmərəm, istər dünyanı mənə versinlər dorğu bildiyimdən dönmərəm, boş-boşuna nəyisə təbliğ etmərəm. Məsələn, hazırda obyektiv şəkildə deyirəm ki, koronavirus şəraitində ölkədə göstərilən tədbirlər çox yaxşı idi. Bunu tərifləməliyəm. Amma yalandan deyə bilmərəm ki, bu böyük bir modeldir, dünyada tətbiq etmək lazımdır və s. Biz çalışmalıyıq ki, öz ailəmizdə vəziyyəti pisləşdirməyək, cəmiyyəti qoruyaq.

– Sizcə, dövlət idarəçiliyində keyfiyyət dəyişikliyinə necə nail olmaq olar. Savadlı, müsbət imici olan bitərəf kadrların dövlət idarəçiliyində irəli çəkilməsinin vaxtı çatmayıbmı? 

– Partiyada olmayan şəxsləri də dövlət vəzifələrinə çəkmək olar. Elə insan var ki, dorğrudan da ona verilən səlahiyyətlərin daxilində xalqına vicdanla qulluq edir, profesionaldır. İndi əlbəttə ki, mən yox, oğlum vəzifəyə getməlidir. Çünki bu, bir prosesdir. Amma bəzi kadrlar var ki, vəzifəyə kiminsə qohumu, tanışı olduğu üçün gəliblər. Nə olursa, filankəsə arxalanır. Bu, olmamalıdır. Bəzən vəzifəyə tanışlıqla gələnlərin də içərisindən yaxşısı çıxa bilər. Məsələn, savadlı, ağıllı, bacarıqlı biri vəzifədə olsa, pis bir şey olmaz, amma əksəriyyəti elə olmur. Məsələn, pul ilə gedib xaricdə təhsil alan birini sırf ingilis dilini bilir deyə, vəzifəyə qoymaq doğru deyil. Çünki ingilis dili ilə ölkə idarə edilmir, biz də rus dilini bilirik, az-çox fransızca da bilirəm, amma bu qabardılacaq bir şey deyil. İqtisadçını həkim, həkimi mühəndis yerinə qoymaq lazım deyil. Hər adam öz peşəsinə uyğun yerdə olmalıdır. Həyatda hər kəsin tamahı var, olmalıdır da… Varlanmaq da, evlənmək də, digər şeylər də tamahdır. Amma bu tamah müəyyən qədər idarə olunmalıdır. Sovet dövründə kommunist partiyasında belə bir qayda var idi ki, əgər işlədiyin vəzifədə çox xanımla əlaqən olurdusa, vəzifədə qala bilmirdin. Yaxşı kadr tapmaq lazımdır. Amma hardan tapasan bu kadrı? Tapıb gətirirsən, 5-7 il sonra görürsən ki, hər şeydən mənafeyi üçün istifadə edib, 7 yerdə villası var. Soruşanda deyir ki, dədəmdən qalıb.

– Hakimiyyətdən narazı olan YAP-çıların sabiq Səhiyyə naziri Əli İnsanovun ətrafında cəmləşəcəyinə dair ehtimallar var. Siz bu ehtimalı necə qiymətləndirirsiniz? Təklif olarsa, Əli İnsanovun partiyasına qoşularsınızmı?

– Axı siz niyə elə söz deyirsiz? Mən YAP-çıyam. YAP-ı yaratmışam, öləndə də YAP-çı olaraq öləcəm. Onu yaradanda nə cür situasiyaların baş verdiyini heç demək istəmirəm. YAP üçün nə əziyyətlər çəkmişəm. YAP-da biz ac-susuz qalmışıq, qəzaya düşmüşük. Belə adamlar var. Ona görə belə yanırıq. Ona görə islahatların lazım olduğunu deyirik. YAP-ı biz elə-belə yaratmadıq. Heydər Əliyevin ətrafında yığışan bir qrup adamın böyük əməyi var. Çox qorxulu vəziyyət idi. Elə bir dövr idi ki, digər ölkələrin təsiri var idi, müharibə gedirdi. Mən heç vaxt “Filankəs gəldi, mən burdan keçim” demərəm, elə adam deyiləm. Eybi yoxdur… YAP Siyasi Şurasının üzvü olmuşam. Naxçıvan Muxtar Respublikasında Cəlil Məmmədquluzadə adına Dram Teatrında iclas keçiriləndə Heydər Əliyevin təklifi ilə üzvlüyə qəbul olunmuşam. İndi mən bunu niyə dəyişməliyəm? Axı burada nə məqsədim ola bilər? Düzü, mən özüm də partiya yarada bilərdim, amma yaratmadım, çünki mən dövlətin əsgəriyəm, yüzlərlə alim yetişdirmişəm. Heç qardaşımın əlinin altında işləməmişəm. Atamın dediklərinə qulaq asmışam, amma həmişə bildiyimi etmişəm. Bu yolu tutmuşam, bununla da gedəcəm. Bu, o demək deyil ki, mən YAP-çıların hamısından razıyam. Mən ömrü boyu kimisə yalandan nə tərifləməmişəm, nə də pisləmişəm. Ona görə də qabağa getməmişəm. Yenisabah.az

Həmçinin oxuyun

“Artıq təzə format formalaşır: Rusiya-Türkiyə formatı” – Tofiq Zülfüqarov

Rəsmi Bakının kəskin etirazından sonra Fransa Xarici İşlər Nazirliyi senatın ermənipərəst qətnaməsinin hüquqi qüvvəsinin olmadığını …