Çərşənbə axşamı , Avqust 3 2021
Ana səhifə / Müsahibə / Fazil Mustafa: “Zəngəzur dəhlizi Azərbaycan üçün ”olmazsa, olmaz” bir hədəfdir”

Fazil Mustafa: “Zəngəzur dəhlizi Azərbaycan üçün ”olmazsa, olmaz” bir hədəfdir”

Ermənilərin son iddialarından ortaya çıxan budur ki, Qarabağda yaşayan 20-30 min nəfər, həmçinin onların başında dayananlar hələ də Azərbaycan qanunları ilə yaşamağa həvəsli deyillər. Elə bugünlərdə Xankəndində keçirilən etiraz aksiyaları da qeyri-stabilliyin ilkin əlaməti kimi qiymətləndirilə bilər. Bundan əlavə, qondarma rejimin təmsilçilərindən də ardıcıl şəkildə anormal mövqelər eşidilməkdədir. Həmçinin Ermənistan rəhbərliyi də götürdüyü öhdəliklərə əməl etməkdən müxtəlif bəhanələrlə yayınmağa çalışır. Deputat Fazil Mustafa son durumla bağlı “Yeni Müsavat”ın suallarına cavab verib.

– Fazil bəy, sizcə, Azərbaycan Rusiya sülhməramlılarının təsir zonasında olanlarla bağlı nə etməlidir ki, 90-cı illərin əvvəllərində Volskinin nəzarəti altında baş verənlər növbəti dəfə təkrarlanmasın?

– Qarabağın ermənilər yaşayan hissəsində qeyri-sabitlik və sosial gərginlik gözləniləndir. Çünki ermənilər üçün artıq özlərini inandıracaqları siyasi hədəf qalmayıb, rifah içində yaşama illüziyaları da suya düşüb. O halda bu ərazidə yaşamaq ancaq kiçik bir mazoxist qrup üçün cəlbedici görünə bilər. Digərləri əmlakını normal qiymətə satmaq imkanı qazanan kimi ərazini tərk edəcəklər. Rusiya sülhməramlıları isə onlara ümiddən başqa bir şey verən deyil. Ümidi isə yağ kimi çörəyə yaxıb yemək olmur. ABŞ-dan, Avropadan yenə də yardım dilənmə kampaniyasına başlayıblar, ancaq bu yardımların ac Ermənistan üzərindən gələcəyini düşünürsək, əhəmiyyətli hissəsinin orada it-bat olacağını təsəvvür etmək mümkündür. Məsələnin ötən əsrin 90-cı illəri ilə müqayisəsinə gəldikdə isə, bu da əslində bizim ən böyük analogiya aparmaq yanlışlarımızdan biridir. Volskilər, polyaniçkolar, qorbaçovlar, ölkə Prezidentinin təbirincə desək, artıq getdilər cəhənnəmə. Eynən Dağlıq Qarabağın statusu kimi. Nə indiki Azərbaycan, nə indiki Türkiyə, nə də indiki Ermənistan ötən əsrin 90-cı illərinin ölkələri deyil. Rusiya isə heç deyil. Bölgənin yeni reallıqları olmasaydı, Türkiyə gəlib Şuşada ən yüksək müttəfiqlik bəyanatı imzalaya bilməzdi, Azərbaycanla birgə hərbi təlimlər keçirməzdi. Heç bizlər də ötən əsrin 90-cı illərinin insanları deyilik, hadisələrə baxış bucağımız kökündən dəyişib, əyalətçi düşüncədən qlobal düşüncəyə yön ala bilmişik. Ötən əsrin 90-cı illərində kiçik bir qrup qalıb, onların da “geriyə qayıdış” çağırışlarının virtual dinləyicilərindən başqa elə bir gücü yoxdur. Əgər bu gün Azərbaycan Şuşaya qalxa bilibsə, demək ki, Xankəndinə enmək problemi də olmayacaq. Sadəcə, zamanı tələsdirməməliyik, əsas hədəfimiz Zəngəzur dəhlizidirsə, Kəlbəcərdə, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda məskunlaşmaqdırsa, Xankəndinə bir müddət də durbinlə baxmağa davam etməliyik.

– Zəngəzur dəhlizinin açılması məsələsi əsas mövzulardandır. Siz bu prosesi necə təsəvvür edirsiniz? Zəngilandan keçməklə Naxçıvana gedişiniz, sizcə, nə zaman reallaşa bilər? Maraqlıdır, sonuncu dəfə nə vaxt Mincivan stansiyasından keçib Bakıya gəlmisiniz, o gün yadınızdadır?

– Zəngəzur dəhlizinin reallaşması bir neçə il çəkə bilər. Burada irimiqyaslı bir layihənin gerçəkləşməsindən söhbət gedir. Dağ relyefində dar bir ərazidə həm avtomobil yolunun, həm də dəmir yolunun çəkilişi sadə məsələ deyil. Zəngəzur dəhlizi Azərbaycan üçün “olmazsa, olmaz” bir hədəfdir. Bu hədəfə əngəl yaratmaq birmənalı şəkildə Laçın dəhlizinin bağlanması ilə nəticələnəcək. Rusiya üçün bu bir siyasi imic məsələsidir. Rusiya bu dəhlizin açılmasında qətiyyət göstərməsə, 10 noyabr bəyanatına atdığı imza dəyərsizləşəcək. Ermənistan üçün isə bu qəfəsdən təbiətə qayıdış məsələsidir. Qəfəsdə onun-bunun əli və qidası ilə yemlənməklə həyat qurmanın mümkünsüzlüyünü anlayan ermənilər bu tarixi fürsəti inanmıram ki, soyqırım mazoxistlərinin inadına güdaza versinlər. Sonuncu dəfə bu qatarla 1988-ci ildə Bakıdan Naxçıvana, sonra da geri qayıtmışam. Tələbə vaxtlarım idi, dəqiq tarixi unutmuşam. Bir durumu da qeyd edim ki, mən o zamandan qatara minməyi sanki yadırğamışam. O, yalnız bir qatar marşrutu deyildi, Araz üzərindən Azərbaycanın taleyini düşünmə anları idi. Bakı-Noraşen qatarının hərəkətsizliyinə hərdən milli düşüncə hərəkətsizliyimizin səbəbi kimi də baxıram. Ona görə də ata ocağıma qatarla gedib-gəlməyi həsrətlə gözləyirəm və mütləq gedəcəyimə inanıram.

– Ermənistanın Kəlbəcər istiqamətindəki ərazilərinə Rusiya hərbçiləri yerləşdiriləcək. Bu addım Moskvanın növbəti təhlükəli planının elementi ola bilərmi? Qarşılığında nə etmək lazımdır?

– Ermənistan sərhədlərini Rusiya qoruduğuna görə burada bizm hansısa etiraz bildirməmizin anlamı yoxdur. Eyni hərbi qurumdadırlar, qarşılıqlı razılaşma və öhdəlikləri var. Qarşısında bizim sərhəd xidmətimizin əsgərləri dəyanətlə öz vəzifə borclarını yerinə yetirəcəklər. Əgər rus əsgərləri bizim Qarabağdakı ermənilərin yaşadığı bölgədə  yerləşdiriləcəksə, o halda bu, Azərbaycan ərazisində sülhməramlı statusundan kənar bir qüvvənin yerləşdirilməsi mənasına gələ bilər. O halda Azərbaycan buna öz etirazını ortaya qoymalıdır. Rusiya Azərbaycanın iradəsinin ziddinə bizim ərazidə hansısa qoşun növünü yerləşdirə bilməz və buna yol verilməməlidir. Əks halda, Şuşa Bəyannaməsinin ruhuna uyğun davranmamız qaçınılmaz olacaqdır.

Həmçinin oxuyun

“Əkrəm son yüz ildə Azərbaycanda yetişən ən böyük yazıçıdır” – Rüstəm Behrudi

Tanınmış şair Rüstəm Behrudinin “kulis.az” saytına müsahibəsini təqdim edirik: – Rüstəm müəllim, səhhətinizlə bağlı problem yaranmışdı. …