Ana səhifə / Müsahibə / Etibar Məmmədov: “Hökumət nəhayət vahid komanda kimi fəaliyyət göstərə bildi”

Etibar Məmmədov: “Hökumət nəhayət vahid komanda kimi fəaliyyət göstərə bildi”

Koronavirus pandemiyasının nəticələri, Azərbaycanda bununla bağlı görülən tədbirlərin qiymətləndiirlməsi və digər məsələlərlə bağlı AMİP-in fəxri lideri Etibar Məmmədov moderator.az-ın suallarını cavablandırıb.

– Etibar bəy, karantin rejimini necə və harada keçirirsiniz?

– Bakıdayam, hamı kimi qaydalara riyaət edirik.

– Pandemiyaya qarşı Azərbaycanda aparılan işlərlə bağlı nə deyə bilərsiz?

– Koronavirus pandemiyası bütün dünyanı əhatə edib. Təbii ki, Azərbaycan da bundan kənarda qala bilməzdi.

Ancaq Azərbaycanın vaxtında preventiv tədbirlər görməsi yaxşı hal idi. Bu tədbirlər də öz nəticəsini göstərdi. Bizim həkimlərimizin fədakarlığı, o cümlədən təşkilati işin uğurlu aparılması sayəsində xəstəlik geniş yayılmadı və son statistikalar göstərir ki, azalmağa doğru gedir. Digər tərəfdən, mənim müşahdəmə görə, digər ölkələrlə müqayisədə Azərbaycan əhalisi karantin vəziyyətində özünü daha intizamlı göstərdi. Qoyulmuş qaydalara əhali daha yaxşı riayət edir və bunun da nəticəsi müsbət təzahür edir.

Onu da qeyd edim ki, bu pandemiya ümumi bir bəladır və biz hamımız bu bəlanın qarşısının alınmasında iştirak etməliyik. Bu, hər kəsə aid olan problemdir. Karantin qaydalarından kənara çıxmaq hər birimizin özü və ailəsi üçün təhlükə ola bilər.

– Pandemiyanın dünyada yeni münasibətlər sistemi yaradacağı barədə proqnozlar səsləndirilir. Siz bu iddiaları necə qiymətləndirirsiniz?

– Təbii ki, münasibətlərdə dəyişikliklər olacaq. Artıq bu prosesin getdiyi göz önündədir. Pandemiya dünyanın bütün iqtisadi sistemini durğunluq vəziyyətinə gətirib. Ölkələr arasındakı əlaqələr minimuma enib. Demək olar ki, dünyanın hər yerində sənaye müəssisələrinin işləri dayanıb və yaxud xeyli məhdudlaşıb.

Bir sıra ölkələr dövlət büdcəsi hesabına bu zərərləri qarşılamağa çalışırlar. Hər ölkə bunu müxtəlif formada həyata keçirir. Lakin iqtisadiyata dəyən bu zərərin bərpa olunması uzun müddət vaxt alacaq.

– Azərbaycan hökumətinin koronavirusla mübarizə tədbirləri böhrana adekvatdırmı?

-Bununla bağlı bir məsələni xüsusi qeyd etmək istəyirəm. Mən ilk dəfədir müşahidə edirdim ki, bu hökumət nəhayət vahid komanda kimi fəaliyyət göstərə bildi. Pandemiya ilə bağlı komanda birgə işləməyə başladı və bunun da müsbət nəticələri özünü göstərdi. Yəni, hökumətin bütün zümrələri nəhayət ki, komanda şəklində işləməyin nümunəsini göstərə bildilər.

Uzun müddət idi ki, Azərbaycanda hökumətin varlığını heç kim hiss etmirdi. Yəni prezidentin fərmanları, sərəncamları olurdu, bu ayrı. Bir də var ki, onların icrası ilə məşğul olan hökumət. İlk dəfə idi ki, Operativ Qərargah timsalında hansısa krizis idarə olunmağa başladı. Əsas odur ki, pandemiyanın yaratdığı krizis hökumət tərəfindən idarə olunan səviyyədədir. Bununla da hökumət ilk dəfə öz mövcudluğunu göstərdi.

Görünən odur ki, biz digər ölkələrlə müqayisədə böhranı qismən yaxşı keçirəcəyik. Əsas odur ki, pandemiya geniş yayılmadı.

– Sizcə, hökumətin vahid təşkilatçılığının təzahürü nə ilə bağlı idi?

– Hökumətdəki kadr dəyişikliyi və gənclərin cəlb edilməsi fəaliyyəti daha da operativləşdirib. Bu, krizislə bağlı fəaliyətin müsbət nəticələrində özünü göstərdi. Ümid edirik ki, gələcəkdə bu proses digər sahələrdə də davam etdiriləcək.

– İslahatlardan söz düşmüşkən, son aylarda ölkədə aparılan kadr dəyişikliklərinə münasibətiniz necədir? Yeni parlamentdə də bir sıra dəyişikliklər baş verdi.

-Bütün bunlar hər kəsin istədiyi və gözlədiyi dəyişikliklər hesab edilə bilər. Hamının istəyi odur ki, daxili siyasətdə dəyişiklik baş versin, yumşalma olsun, qarşıdurmalar olmasın və siyasət düşmənçilik arenasına çevrilməsin. Ona görə də istənilən dəyişikliyi müsbət qəbul etmək lazımdır, ancaq bunu kifayət hesab etmək olmaz. Bu, lazım olanın kiçik bir hissəsidir. Hətta, deyərdim ki, çox kiçik bir hissədir.

– Yəni, prosesi tamamlanmış hesab etmək tezdir sizcə?

– Bəli. Bundan sonra da çox ciddi dəyişikliklərə ehtiyac var. Bunların həyata keçirlməsi hər bir Azərbaycan vətəndaşının arzususdur. Hər bir vətəndaş dövlətin idarə olunmasında özünü məsul hiss etməlidir. Digər tərəfdən idarə edənlər də buna şərait yaratmalıdır. Hakimiyyət elə etməlidir ki, hər kəs bu prosesdə iştirak edə bilsin. Bu da təbii ki, hələlik yeni yol kəşf olunmadığına görə, yalnız seçki yolu ilə baş verməlidir. Buna görə də seçki islahatları da dərinləşməlidir. Seçki sistemində də, parlament sistemində də hələlik problemlər var, parlamentin səlahiyyətləri məsələsinə də baxılmalıdır. Bir sözlə, xeyli dəyişikliklərə ehtiyac var hələ.

Ona görə də bu dəyişim prosesini nə çox şişirtmək lazım deyil, nə də təbii ki, çox kiçiltmək də olmaz. Əsas odur ki, proses var və davamlı olmalıdır. Dünyada gedən proseslərə uyğun olaraq bu dəyişiklikləri dərinləşdirmək zəruridir. Azərbaycan xalqı bundan da artığına layiqdir.

– Etibar bəy, ən böyük problemimiz olan Dağlıq Qarabağla bağlı sual verməsək olmaz. 30 ildir davam edən nəticəsiz prosesi dəyişmək üçün konkret hansı addımlar atılmalıdır?

– Bu məsələ ilə bağlı dəfələrlə demişik. Bu, mənim təmsil olunduğum siyasi təşkilatın da, mənim də şəxsi mövqeyimdir ki, Dağlıq Qarabağ probleminin həlli yolu yalnız hərbi-siyasi yoldur.

Hər şey nəticəyə bağlıdır. Aparılan danışıqlar və görülən işlər nəticə vermirsə, bunu qəbul edilən hesab etmək olmaz. Nəticənin olması üçün isə hərbi-siyasi yol seçilməlidir. Düşmənlə düşmən kimi rəftar etmək lazımdır. Bunun üçün həm də müvafiq qanunvericilik aktları qəbul edilməlidir.

Hələ ki, işğal olunmuş ərazilərlə bağlı bizdə qanun qəbul edilməyib. Düşmən dövlətlə əlaqələr haqqında da qanun olmalıdır. Bu qanunlar qəbul edilməldiri ki, hər kəs: sıravi vətəndaşdan tutmuş vəzifəli şəxsədək nə edib, nə edə bilməyəcəyini bilsin.

Həmçinin oxuyun

Eldar Namazov: “Artıq 5+2 formulu yox, 7+5 formulu gündəmə gəlir”

Azərbaycan dövləti on illərdir düşmənin tapdağı altında olan ərazilərimizi nə yolla olursa-olsun, qaytarmaqda israrlıdır və …