Şənbə , Noyabr 28 2020
Ana səhifə / Müsahibə / “Ermənistanın daxilində Qarabağ məsələsi ilə bağlı hansısa yeni mühit formalaşır” – Eldar Namazov

“Ermənistanın daxilində Qarabağ məsələsi ilə bağlı hansısa yeni mühit formalaşır” – Eldar Namazov

Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzinin direktoru, politoloq Eldar Namazov Teleqraf.com-a müsahibə verib. Müsahibəni təqdim edirik:

– Eldar müəllim, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında yanvarın 16-da Parisdə keçirilən görüşlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin yaydığı açıqlamanı necə qiymətləndirirsiniz?

– Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında son dövrlərdə silsilə görüşlər keçirilir. Hər görüşdən sonra Minsk Qrupunun həmsədrləri tərəfindən müəyyən optimist bəyanatlar səslənir. Amma danışıqlarda irəliləyişlə bağlı real faktlar göstərilmir. Ona görə də ictimaiyyətdə belə bir fikir formalaşır ki, bütün bu optimist bəyanatların arxasında heç bir real iş dayanmır. Bu, 25 ildən artıq dövrdə keçirilən növbəti əhəmiyyətsiz görüşlərin, danışıqların biridir. Belə bəyanatlarla Azərbaycan cəmiyyətinin başını qatırlar, torpaqlarımız işğal altında qalır və sair. Həqiqətən də bizim cəmiyyətimizin bu cür optimist bəyanatlara belə əhəmiyyətsiz yanaşmağa haqqı çatır. Ona görə ki, sülh danışıqları 25 ildən artıqdır aparılır. Ancaq Azərbaycan torpaqlarının hələ də azad edilməyib. Nə isə azad olunubsa, bu, Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində mümkün olub. Məsələn, 2016-cı ilin aprel döyüşləri nəticəsində bir qisim ərazilərimiz işğaldan azad olunub. Ancaq bu, diplomatiya yolu ilə əldə olunmayıb.

– Yəni, Minsk Qrupunun bu optimist bəyanatlarında heç bir həqiqət payı yoxdur?

– Təbii ki, bütün bu fikirlərə qoşularaq mən də deyirəm ki, Minsk Qrupunun bu optimist bəyanatlarında ümumiyyətlə, heç bir həqiqət payı yoxdur. “Bu optimizmin arxasında dayanan nəsə varmı” sualını təbii ki, mən öz-özümə verirəm. Bu suala birmənalı cavab vermək mümkün olmadığı üçün söhbətin nədən getdiyini ehtimal edə bilərəm. Yəni, bu optimizm nədən irəli gələ bilər? Uzun illərdir Qarabağ məsələsi ilə məşğul olan beynəlxalq vasitəçilərin apardığı Qarabağ danışıqlarının bu günədək niyə real nəticə vermədiyinə dair gəldikləri bir neçə qənaət var. Hesab edilir ki, həmin səbəblərdən biri Ermənistan hakimiyyətinin öz cəmiyyəti ilə sülh prosesi ilə bağlı vacib olan bir çox məqamları açıq-aydın bölüşməməsi və bu barədə müzakirələr aparmamasıdır. Məsələn, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərin azad olunması ilə bağlı. Bu haqda ABŞ-ın Ermənistandakı keçmiş səfiri Riçard Mills Nikol Paşinyan hakimiyyətə gələn kimi xüsusi bəyanatla çıxış etdi. Dedi ki, biz uzun illər boyu bu haqda heç nəyin danışılmadığına, Ermənistanda bu haqda müzakirələr getmədiyinə təəccüb edirik. Ona görə ki, bütün mövcud olan sülh planlarında mütləq olaraq Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərin azad edilməsi ilə bağlı müəyyən müddəalar var. Bu, mütləqdir. Bu yaxınlarda Belarus Prezidenti Aleksandr Lukaşenko da mətbuata açıqlama verərkən, maraqlı faktlar haqqında danışdı. Ermənistanla Belarus arasında müəyyən gərginlik yarananda o bu haqda çox maraqlı açıqlamalar verdi. Həmin açıqlamaların birində qeyd etdi ki, Belarus, Qazaxıstan və Rusiya keçmiş Ermənistan hakimiyyətinə – Serj Sərkisyana, Robert Köçəryana Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş əraziləri azad etməyi və sülh prosesinə başlamağı dəfələrlə təklif ediblər. Yəni, Ermənistanın daxilində Qarabağ məsələsi ilə bağlı hansısa yeni mühit formalaşır. Təkcə hakimiyyət dəyişməyib. Sərkisyanla Köçəryanın hakimiyyəti bitməyib və yeni hakimiyyət başlamayıb. Bu hakimiyyətlər arasında ciddi fərqlər var. Beynəlxalq vasitəçilər də ümid edilər ki, Paşinyan hakimiyyətə gələndən sonra Ermənistan cəmiyyətinin içində işğal olunmuş ərazilərin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında azad olunması, həmin işğal olunmuş əraziləri heç bir ölkənin Ermənistan ərazisi kimi qəbul etmədiyinə dair fikirlər güclənəcək. Bu mövzuda indi beynəlxalq vasitəçilər – Minsk Qrupunun həmsədrləri, Belarus Prezidenti və digərləri də danışırlarsa, onların Ermənistan hakimiyyətindən müəyyən gözləntiləri var ki, rəsmi İrəvan ölkədə bu müzakirələrə start verəcək. Bu barədə Ermənistan cəmiyyəti ilə müzakirələrə başlayacaq. Bu da müsbət təsir göstərə bilər. Mən güman edirəm ki, pərdə arxasında aparılan danışıqların indi əsas mövzularından biri bundan ibarətdir. Bu haqda ABŞ səfiri də bəyan edib, bu haqda Rusiya və Belarus nümayəndələri də danışır. Əgər xarici işlər nazirlərinin görüşündə müsbət bir nəticə kimi cəmiyyətləri sülhə hazırlamaq ideyası səslənirsə, bu, daha çox Ermənistan cəmiyyətində “Dağlıq Qarabağ ətrafındakı ərazilər azad olunmalıdır” mövzusu ətrafında müzakirələrin başlanmasını nəzərdə tutur. Mən belə düşünürəm. Ola bilsin ki, bax bu yanaşmaya, yəni cəmiyyətlə belə müzakirələr aparmağa artıq Paşinyan hakimiyyəti razılıq verib. Bu da Minsk Qrupunun həmsədrlərində və danışıqları aparan Azərbaycan nümayəndə heyətində müəyyən bir ümidlər yaradıb.

Paşinyan öz çıxışlarında buna müəyyən işarələr edib. O, bir neçə dəfə qeyd edib ki, təkbaşına heç bir qərar verməyəcək. Qərarı xalq verməlidir. Paşinyan bir neçə dəfə qeyd edib ki, onun missiyası Ermənistana verilən təklifləri ictimai müzakirəyə çıxarmaqdan ibarətdir. Paşinyan bununla bir tərəfdən özünü sığortalayır. Yəni, deyir ki, mən tək məsuliyyəti öz üzərimə götürməyəcəm, heç bir qərar verməyəcəm. Digər tərəfdən isə məsuliyyəti boynuna götürür ki, mən Ermənistan xalqını aldatmayacam. Əgər beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ və Rusiya Qarabağ ətrafındakı torpaqların azad olunmasını deyirsə, mən gəlib bunu erməni xalqına bəyan edəcəm və deyəcəm ki, gəlin, bunu müzakirə edək. Mən güman edirəm ki, Ermənistan daxilində belə bir diskussiyaların başlanması mümkündür. Bu istiqamətdə ABŞ səfirindən tutmuş Rusiya tərəfi, həmçinin, başqaları da çağırış edirlər. Yəni, Ermənistan daxilində belə müzakirələrin açılması mümkündür və ola bilsin ki, xarici işlər nazirlərinin görüşləri ilə bağlı yayılan açıqlamadakı xalqları, cəmiyyətləri sülhə hazırlamaqla bağlı optimist notlar məhz bununla bağlıdır. Nəhayət, erməni cəmiyyətinə açıq deyiləcək ki, Dağlıq Qarabağ ətrafında işğal olunmuş ərazilər azad olunmalıdır. Bunu BMT TŞ-nin qətnamələri tələb edir. Bunu ABŞ, Rusiya deyir. Torpaqları işğal altında saxlamaq məsələsində Ermənistanın dünyada bir müttəfiqi belə yoxdur. Azərbaycan müharibəyə başlayanda Ermənistanı heç kim bu məsələdə müdafiə etməyəcək. Ola bilsin, bu məsələlərin ətrafında həm Azərbaycan Xarici İşlər Nazirliyində, həm də Minsk Qrupunun həmsədrlərində müəyyən optimist gözləntilər formalaşıb. Ancaq mən yenə də o fikirdə qalıram ki, belə optimist yanaşmaların, gözləntilərin formalaşmasında əsas rol oynayan amil Azərbaycan Ordusunun aprel döyüşləri zamanı nümayiş etdirdiyi üstünlük oldu. Azərbaycan Ordusu bütün dünyaya nümayiş etdirdi ki, biz işğal olunmuş əraziləri azad edə bilərik. Bizim buna gücümüz də çatır, bizim həmin gücü tətbiq etmək üçün siyasi iradəmiz də var. Amerikalıları da, rusları da, digər beynəlxalq vasitəçiləri də Ermənistan rəhbərliyinə müəyyən mesajlar verməyə bax bu məcbur edir. Onlar mesaj verirlər ki, sülh prosesini başlamaq üçün müəyyən addımlar atmalısınız. İlk növbədə torpaqların işğaldan azad olunması ilə bağlı cəmiyyətinizi hazırlamalısınız.

– Eldar müəllim, ötən il noyabrın 17-dən Fransada başlayan və şərti olaraq “sarı jiletlilər” hərəkatı adlandırılan nümayişlər və kütləvi etiraz aksiyaları səngimək bilmir. Sizin bu aksiyalarla, onları doğuran səbəblərlə bağlı fikirlərinizi bilmək istərdik…

– Bilirsiniz, Avropa İttifaqı hazırda bir təşkilat, bir qurum olaraq çox ciddi böhran yaşayır. Bu böhran demək olar ki, hələ pik nöqtəyə çatmayıb. Bu böhranın dərinləşməsinin iki səbəbi oldu. Bir SSRİ dağılandan sonra Şərqi Avropa ölkələri də Avropa İttifaqına qəbul edildilər. Həmin ölkələrin – Polşa, Macarıstan, Rumıniya, Bolqarıstan, o cümlədən Varşava Müqaviləsi Təşkilatına daxil olan digər ölkələr və Baltikyanı respublikaları Avropa İttifaqı standartlarına adaptasiya etmək, onlarda sürətlə iqtisadi və hüquqi islahatların həyata keçirilməsi üçün Avropa İttifaqının çiyninə çox böyük maliyyə və iqtisadi yük düşdü. Ona görə ki, bu ölkələri Avropa İttifaqının standartlarına qısa müddətdə yaxınlaşdırmaq üçün onlara həm çox böyük iqtisadi-maliyyə yardımı edilməli, onlar Avropa öz malları ilə Avropa bazarına girməli idilər. Bu, Avropa İttifaqı üçün çox böyük yük oldu. Müəyyən mənada Avropanın iqtisadi potensialı zəiflədi. Ona görə ki böyük həcmdə əlavə xərclər və yeni öhdəliklər meydana gəldi. Avropa İttifaqının inkişaf templərinə, – hansı ki, o vaxtadək bu templər çox yüksək idi və dünyada ABŞ-dan sonra ikinci iqtisadi mərkəz məhz Aİ idi, – mane oldu. Müəyyən çətinliklər yarandı. Bu, inkişaf sürəti azaldı, avropalıların sosial problemlərini artdı. Yaşayış səviyyəsini müəyyən mənada aşağı saldı.

Bunun arxasınca ikinci amil gəldi. Bu da immiqrasiya dalğalarıdır. Yaxın Şərqdə baş verən müharibələrlə bağlı Suriyadan, İraqdan milyonlarla insan Avropaya axın etdi. Bu axının gətirəcəyi fəsadları Aİ-nin liderləri düzgün qiymətləndirə bilmədilər. Onlar Aİ-nin gücünə və imkanlarına çox arxayın idilər. Hesab etdilər ki, burda “açıq qapı” prinsipi işləməlidir və Aİ-nin imkanı, potensialı, nüfuzu yeni gələn milyonlarla mühacir dalğasını əritməyə kifayət edər. Yəni, bu iki amil – Şərqi Avropanı öz sıralarına qəbul etmək və immiqrant dalğası üst-üstə düşdü. Milyonlarla insanı vətəndaşlığa qəbul edib onların sosial, mədəni adaptasiyasına, iqtisadi sistemə inteqrasiya edilməsinə köməklik etmək asan iş deyil. Bu iki ağır yük eyni vaxtda Aİ-nin imkanlarına və bir təşkilat olaraq inkişafına çox böyük zərbə vurdu. Bu narazılıq əsasən, Aİ-nin yükünü öz çiyninə götürən ölkələrdə başladı. İlk reaksiya Böyük Britaniyadan gəldi. Böyük Britaniya ümumiyyətlə, Aİ-dən çıxmaq qərarı verdi. Eyni zamanda Fransada indi bu etirazlar baş verir. Almaniyanın özündə də sağ mərkəzçi yeni qüvvələr meydana gəlib. Onlar aparıcı, klassik Avropa partiyalarını sıxışdırırlar və demək olar ki, ən böyük reytinqə malikdirlər. Onların da proqramlarında hətta Aİ-dən çıxmaq bəndləri var. Fikir verirsinizsə, bu böhran artıq aparıcı Avropa ölkələrində baş verir. Bu onunla bağlıdır ki, aparıcı Avropa ölkələri həmin o yükün böyük hissəsini öz çiyinlərinə götürmüşdülər. Şərqi Avropa ölkələri yalnız dəstək alan ölkələr idi. Eyni zamanda onlar Yaxın Şərqdən gələn miqrantları heç qəbul da etmirdilər. Bir çox Şərqi Avropa ölkələrində bu qadağandır. Ona görə də aparıcı 3 ölkənin əhalisi öz həyatlarında bunu hiss etdilər. Onların yaşayış səviyyəsi ildən-ilə aşağı düşürdü. İndi onlarda yeni problem yaranıb. Maaş alan fransızlar maaşla öz ailələrini saxlaya bilmirlər. 10-15 il bundan əvvəl kimsə bunu desəydi, hamı gülərdi. Deyərdilər ki, Fransada yaşayış səviyyəsi o qədər yüksəkdir ki, hər bir işləyən adam öz ailəsini rahat saxlaya bilir. İndi isə Fransada orta təbəqəyə mənsub olan insanlar işləyirlər, maaş alırlar, amma o maaş ailəni saxlamağa kifayət etmir. Ona görə ki, ölkənin iqtisadi, maliyyə potensialının böyük bir hissəsi Şərqi Avropa ölkələrinin inkişafına sərf olundu, ya da ölkəyə gələn milyonlarla yoxsul miqrantın adaptasiyası üçün xərcləndi. Ona görə də bax bu proseslərin kökü eynidir. Həm Böyük Britaniyada “Breksit” məsələsinin, həm Fransada səngimək bilməyən, milyonlarla insanın, xüsusən orta təbəqənin qatıldığı etiraz mitinqləri, eyni zamanda Almaniyada sağ-mərkəzçi radikal partiyaların güclənməsi və seçkilərdə ən yüksək reytinqlər əldə etməsinin kökündə Aİ-nin daxilində yaranmış böhran dayanır. O böhranın iki əsas səbəbini sadaladım.

Həmçinin oxuyun

“”Beşinci kolon”müqavimət göstərmək fikrində olsa da, heç nəyə nail ola bilməyəcəklər”

Azərbaycan Vətən müharibəsini zəfərlə başa vurdu. Müharibə bitsə də, Azərbaycana qarşı Ermənistanı dəstəkləməyə cəhd göstərən …