Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Müsahibə / “Ermənistanda hamı məni oxuyur” – Çingiz Abdullayev

“Ermənistanda hamı məni oxuyur” – Çingiz Abdullayev

Azərbaycanın xalq yazıçısı, hüquq elmləri doktoru Çingiz Abdullayev Konkret.az-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

– Çingiz müəllim, müasir Azərbaycan ədəbiyyatının mövcud durumu sizi qane edirmi?

– Əgər, desəm ki, qane edir, düz olmaz. Amma desəm ki, qane eləmir, o da düz olmaz. Təbii ki, bu gün Azərbaycan ədəbiyyatı inkişaf edir. Amma onu da başa düşməliyik ki, bizim 1990-cı illərdə əldə etdiyimiz müstəqillik müharibə nəticəsində qazanılıb və biz həmin illərdə bir nəsil itirmişik. Çox adam bu faktı bilmir, amma 11 yazıçımız həmin müharibədə öz övladını itirib. Nə qədər istedadlı cavanlarımız şəhid oldu. Amma indi çox istedadlı gənclərimiz var və mən inanıram ki, biz daha çox inkişaf edəcəyik.

– Yeni dövr Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatı ilə niyə ayaqlaşmır?

– Bizim yazıçımız Rüstəm İbrahimbəyovun “Səhranın bəyaz günəşi” filmini Rusiyada kosmosa səfər edən kosmonavtlar izləyib, sonra səyahət ediblər. Azərbaycan ədəbiyyatının bundan böyük uğuru ola bilər? Erməni ədəbiyyatında, gürcü ədəbiyyatında belə bir yazıçı yoxdur, amma bizdə var. Həmçinin, bizim yazarlarımızın xarici ölkələrdə çap olunan və tərcümə edilən kitabları var. Təbii ki, biz istəyirik ki, daha çox uğur əldə edək, hətta Nobel mükafatı və digər beynəlxalq mükafatlar qazanaq. Təbii ki, zamanla bunların hamısına nail olacağıq.

– Nobel mükafatı demişkən, yazıçılarımızın əsərlərinin ədəbiyyat üzrə Nobel mükafatına namizədlliyi niyə irəli sürülmür? Bunun səbəbləri siyasi amillərdir, yoxsa keyfiyyətli əsərlərin olmaması?

– Hesab edirəm ki, bu, həm ədəbiyyatla, həm də siyasətlə bağlıdır. Mən PEN Klub-un Azərbaycan üzrə rəhbəriyəm və Pen-Klubdan başqa heç kəs, heç bir təşkilat Nobel mükafatına namizədlik irəli sürə bilməz. Ya Pen-Klub, ya da keçmiş Nobel mükafatı laureatı kiminsə namizədliyini irəli sürə bilər. Biz hər il yazıçılarımızın namizədliyini irəli sürürük  Amma onu da bilirik ki, bu mükafatı necə siyasiləşdiriblər. Çünki son 10 ildə elə adamlara Nobel mükafatı veriblər ki, onlar heç yazıçı da olmayıblar.

Bu il də fransız yazıçısına Nobel mükafatı verdilər, amma bəlkə də araşdırsaq, ondan daha dərin yazıçılar var ki, bu mükafata daha çox layiqdirlər. Təsəvvür edin ki, 2016-cı ildə Nobel ədəbiyyat mükafatını ABŞ-lı musiqiçi Bob Dilana vermişdilər ki, yaxşı mahnı sözləri yazır. Bu, çox gülməli bir hadisə idi. Yaxud da 2015-ci ildə bu mükafata Belarus yazıçısı Svetlana Aleksiyeviç adlı jurnalist layiq görülmüşdü. Halbuki o, ömründə bir dəfə də olsun kitab yazmamışdı. Belarus Prezidenti Lukaşenkonun əleyhinə olduğu üçün ona Nobel vermişdilər. Təbii ki, belə addımlar bütün dünyaya təsir edir. Hətta türkiyəli yazıçı Orxan Pamuk da bu mükafatı alanda onu da siyasi amillərə bağlamışdılar. Halbuki o da çox gözəl yazıçıdır. Həmçinin, elə siyasi amillərə görə, bu mükafatı müsəlmanlara da çox az verirlər. Amma mən inanıram ki, Azərbaycanda da Nobel mükafatı olacaq.

– Bir məsələ də var ki, cəmiyyətdə daha çox müzakirə edilir. Bu, Azərbaycan yazıçılarının, ziyalılarının cəmiyyətdə gedən proseslərə sükutla yanaşmasıdır. Siz necə hesab edirsiniz?

– 1988-ci ildə Qarabağ münaqişəsi başlayanda insanlar mərkəzi təşkilatlara yox, məhz yazıçıların evlərinə yığışırdılar. Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Yusif Səmədoğlu, Xudu Məmmədov və digərlərinin evlərinə gedib, tələb edirdilər ki, meydana çıxıb onlara yol göstərsinlər. Az əvvəl də dediyim kimi, 11 yazıçı bu hadisələrdə övladını itirdi. Təbii ki, əsl ziyalılar indi də xalqın tərəfindədir və həmişə də öz çıxışlarında bunu səsləndirirlər.

Biz Vətən müharibəsində 3000 şəhid vermişik. Onların hamısı gənclər idi, 60-70 yaşlı insanlar deyildi. Onların heç biri Qarabağı görməmişdi. Amma vuruşub, şəhid oldular. Çünki onlar ilk növbədə Prezidentimizə, öz müəllimlərinə və yazıçıların 30 il ərzində yazdıqlarına inanıblar. Qəhrəmanlar böyüdən qəhrəman analarına inanıblar. Təbii ki, bizim yazıçıların belə bir nəsilin formalaşmasında çox böyük rolu olub. Ona görə də hesab edirəm ki, ziyalılarımız proseslərdə iştirak edir və tövhə verirlər. Əgər, bir xalqın ziyalısı, yazıçısı yoxdursa, deməli, o xalq bədbəxt xalqdır. Çünki yaxşı yazıçı xalqın vəkilidir. İnsanlar min ildən sonra da o yazıçını oxuyanda biləcəklər ki, kimi oxuyublar, kimi seviblər və o yazıçının xalq necə yaşayıb.

– Bəzən, sosial şəbəkələrdə və ya media resurslarında sizin fikirləriniz birmənalı qarşılanmır və tənqid hədəfinə tuş gəlir. Sizcə niyə?

– Təbii ki, məni hər kəs sevə bilməz. Amma həqiqətən mənə təsir edir ki, Ermənistanda məni oxuyurlar, amma Azərbaycanda mənə qarşı axmaq tənqidlər var. Bir hadisəni danışmaq istəyirəm. Bir dəfə Rusiyada televiziyaların birində Qarabağ haqqında çıxış edirdim. Babamın qəbrinin Qarabağda olduğundan danışırdım. Bizim jurnalistlərdən biri zəng edib demişdi ki, mən yalan danışıram, mənim babam Bakıda dəfn olunub. Dedim ki, sizə zəng vuran azərbaycanlı jurnalist bilmir ki, anadan olanda adamın iki babası olur, bir yox?! Mənim bir babam Bakıda, digər babam isə Qarabağda dəfn olunub. Bundan əlavə, Almaniyanın Drezden şəhərində ermənilərin böyük bir klubu var, mənə ordan yazırlar ki, siz bizim ən sevimli yazıçımızsınız. Amma Azərbaycanda fəaliyyət göstərən “Qanun” nəşriyyatının baş redaktoru deyir ki, Çingiz Abdullayev bu qədər kitabı özü yaza biməz. O mafiya başçısıdır, kimsə ona yazmaqda kömək edir. Halbuki, onun nəşriyyatı Azərbaycan dilində mənim 78 kitabımı nəşr edib. Mən onu yığıb xahiş elədim ki, yazın ki, mən pis adamam, yazın ki, kitablarım çıxmır, kitablarırmı oxumurlar, yazın ki, ümumiyyətlə, məni qəbul etmirlər, amma belə deməyin. Axı siz belə deyəndə məni yox, Azərbaycan xalqını biabır edirsiniz. Çünki onda bizim qonşular və digərləri deyəcək ki, bunların yazıçısı, Yazıçılar Birliyinin Birinci katibi fırıldaqçıdır, kitablarını özü yazmır. Azərbaycanlılar belə xalqdır, bizi aldadırlar. Halbuki Ermənistanda hamı məni oxuyur, 32 dilə kitablarım tərcümə olunub. Nə edək ki, bizdə paxıllıq var?! Mənə dedilər ki, onu məhkəməyə ver. Dedim ki, yazıqdı, ailəsi var, uşaqları var. Heç nə etmədim.

– “Daş yuxular” romanı ilə Azərbaycan xalqının və dövlətinin sərt münasibəti ilə qarşılaşan Əkrəm Əylisli bu yaxınlarda Bakıda keçirilən Beynəlxalq Kitab Sərgisində yenidən oxucuların qarşısına çıxdı və səsləndirdiyi fikirlər yenə də birmənalı qarşılanmadı. Ümumiyyətlə, Əkrəm Əylislinin məlum mövqeyinə və əsərinə sizin yanaşmanız necədir?

– Yazıçı nə istəsə yaza bilər. Ona heç kəs qadağa qoya bilməz. Çünki yazıçı yaradıcı insandır və sərbəst olmalıdır. Amma bir məsələ var, əgər yazıçı dövlətlə toqquşursa, dövlət həmişə uduzur. Çünki yazıçını öldürsən də, o, yenə də qalib gələcək. Necə ki, Nəsiminin dərisini soydular, amma Nəsimi yenə də qalib gəldi. Onu öldürənlər heç nə qazanmadılar, adlarını belə bilmirik. Amma yazıçı öz xalqıyla toqquşursa, yazıçı həmişə uduzur. Böyük Norveç yazıçısı Knut Hamsun xalqı tərəfindən çox sevilirdi. Amma İkinci Dünya müharibəsində o, Hitlerə təbrik məktubları yazır, onunla əməkdaşlıq edirdi. Müharibə bitəndən və Hitler məğlub olandan sonra onu heç kim cəzalandırmadı, lakin ona elə nifrətlə yanaşdılar ki, ölənə qədər tək yaşadı, qapısını da açan olmadı. Yəni xalqla toqquşmaq olmaz. Öz dövlətinlə toqquşmağı başa düşürəm, amma sən xalqın əleyhinə getməməlisən. Az əvvəl də dediyim kimi, yaxşı yazıçı xalqın vəkilidir. Bəs, onda necə olur ki, sən öz xalqını müdafiə eləmirsən? Sən müdafiə etməyəndən sonra kim müdafiə etməlidir? Gürcü yazıçısı, erməni yazıçısı, ya rus yazıçısı Azərbaycanı müdafiə edəcək? Bir sözlə, Əkrəm Əylisli yaxşı yazıçı idi, amma başa düşməli idi ki, ondan istifadə edəcəklər. Hər dəfə bir hadisə baş verəndə deyəcəklər ki, sizin öz yazıçınız həqiqəti etiraf edib. Ona görə də sən həmişə xalqın tərəfində olmalısan.

Həmçinin oxuyun

“Elçibəy rus ordusuna toxunmasa idi, hakimiyyətdə qala bilərdi”

Özü isə hər şeydən bixəbər uşaqlıqdan zəhmətə alışa-alışa böyüyürdü. Özünün dediyi kimi: “Həyatın yolları həmişə …