Ana səhifə / Müsahibə / Erkin Qədirli: “Azərbaycanın indiki dövlət modeli sovetdən qalıb”

Erkin Qədirli: “Azərbaycanın indiki dövlət modeli sovetdən qalıb”

Respublikaçı Alternativ (REAL) Partiyasının Məclis üzvü Erkin Qədirli “Amerikanın Səsi”nə müsahibəsində Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik fəlsəfəsi və real durumdan danışıb.

-Azərbaycan Respublikası özünü Xalq Cümhuriyyətinin varisi elan edib. Cümhuriyyət dəyərləri ölkənin qanunvericiliyində və reallıqda özünü necə əks etdirir?

-Varislik 1991-ci ilin 18 oktyabrında qəbul olunmuş konstitusiya aktında təsbit olunub, rəsmiləşdirilib. O, zamanın tələbi idi. Çünki Azərbaycan SSRİ-dən çıxmaq uğrunda mübarizə aparırdı, milli azadlıq hərəkatı var idi. Bu boşdan yaradılan bir dövlət deyildi, onun 1918-ci ildə qurulmuş cümhuriyyət tarixi var idi. Ona görə, konstitusiya aktının güclü bir mənəvi mesajı var idi. Azərbaycanın indiki dövlət forması təbii ki, sırf hüquqi baxımdan Azərbaycan Xalq Cümhuriyyətinin varisi sayıla bilməz. Yəni hüquqi bir bağlantı qurmaq olmur. Çünki o, parlament respublikası idi, indi prezident respublikasıdır. O çox qısa bir zaman yaşaya bildi. Cümhuriyyət dönəmində nə anayasa qəbul edilə bildi, bir çox təməl qanunlar da qəbul oluna bilmədi. Ona görə hüquqi varislik baxımından, Azərbaycan yenidən müstəqilliyi əldə edəndən sonra əvvəlki qanunları bərpa edə bilmədi. Çünki bir çoxu ümumiyyətlə yox idi. Olan qanunlar da artıq tarixi kontekstini itirmişdi. Odur ki, burada varislik (baxmayaraq ki, konstitusiya aktında yazılıb) daha çox siyasi-mənəvi bir ismarıcdır, gələcəyə çağırışdır.

Azərbaycanın indiki respublika modeli cəmiyyətin hərtərəfli inkişafıüçün yetərlidirmi?

– Yox. Azərbaycanın indiki modeli xeyli dərəcədə sovetdən qalmış və orası-burası sonradan düzəldilmiş bir modeldir. Qorbaçovun hakimiyyətdə olduğu dönəmdə SSRİ-də həm ittifaq, həm də respublikalar səviyyəsində prezidentlik təsisatı yaradıldı. Çox yöndəmsiz bir sistem quruldu. Həm güclü prezident var, o həm dövlət başçısıdır, həm icra hakimiyyətinin başçısıdır. Hökumət olaraq Nazirlər Kabineti var. Belə baxanda inzibati bir yükdür, orada əlavə bir ətalət var. Ona görə Azərbaycanda siyasi sistem – parlament, məhkəmələr çox zəifdir. Bu hər şeyə, yəni insan haqları mövzusuna, demokratikləşməyə, eyni zamanda iqtisadi inkişafa təsir edir. Mənim qənaətim budur ki, Azərbaycanın indiki siyasi sistemi respublika dəyərlərinə uyğun deyil.

Sizin təmsil olunduğunuz Respublikaçı Alternativ Partiyası dövlətin idarətetmə fəlsəfəsini indikindən fərqli gördüyünü bildirib. REAL-ın dövlətçilik fəlsəfəsi AXC dövrü və hazırki respublika modelindən nə iləfərqlənir?

-Biz 1918-ci il Xalq Cümhuriyyətinin varisliyini boş bir söz saymadığımız üçün Azərbaycanda parlament respublikasına keçidi məqsəd kimi görürük. Azərbaycanda prezident respublikası demokratiya ilə nəticələnə bilmir. Ümumiyyətlə, bir tək Azərbaycanda deyil, ABŞ-dan başqa demək olar ki, heç yerdə prezident respublikası sabit demokratik toplumun və sistemin qurulmasına imkan yarada bilmir. Bu səbəbdən və eləcə də öz inanclarımıza uyğun Azərbaycanın gələcəyini parlament respublikası şəklində görürük. Bütün siyasi sistemə yanaşmamız da buradan qaynaqlanır.

Azərbaycan prezidenti AXC-nin 100 illik yubileyinin təntənəli qeyd edilməsi barədə sərəncam imzalayıb. Yubiley təntənələri ilə bağlıaparılan işlər sizi qane edirmi?

-Əlbəttə yox. Hər halda gözlənti çox yüksək idi. Mən gözləyirdim ki, yubiley il boyu qeyd ediləcək. Ancaq görünən odur ki, yalnız 28 Mayda nə isə edəcəklər. Xaricdən qonaqlar olacaq, yüksək diplomatik nümayəndəliklər gələcək. Bu normaldır, yaxşıdır. Amma mənim gözlədiyim, belə 100 illik deyildi. Yəni il ərzində konfranslar, kitablar, müzakirələr təşkil edilməli, televiziyalarda proqramlar olmalı, məktəblərdə, universitetlərdə, – hər yerdə bunlar olmalı idi. Amma olmadı. Görünən odur ki, bundan sonra nə edəcəklərsə, artıq formal olacaq.

Cümhuriyyət qurucularına münasibət necə, sizi qane edirmi?

-O da qane etmir. Çünki tarixi yaddaş baxımından indi öz milli dövlətimiz var və bizə heç kim mane olmir. Əvvəllər Kommunist Partiyası var idi, cümhuriyyətin xatırlanması Moskvanın yürütdüyü siyasətə uyğun deyildi. İndi bizə heç nə mane olmur. Eyni zamanda, hətta Moskvanın SSRİ vaxtında yürütdüyü siyasət cümhuriyyət dəyərlərini unutdura bilmədi. Burada bir bədbinliyə heç bir əsas görmürəm. İndi cümhuriyyət əvvəlkindən daha yaxşı tanınır, kitablar da yazılır. Artıq o ad, o bayraq, o gerb, hər şey bizimdir. Sadəcə olaraq cümhuriyyətin qurucularının rəmzləşdirilməsi, necə deyərlər heykəllər, panteon olsun, yaxud hər birinə ayrıca bir heykəl olsun. Mərkəzi küçələrə, meydanlara onların adı verilsin. Onların adı ilə bağlı olan dövlət təltifləri olsun, mükafat və sair. Bunların heç biri olmadığı üçün əlbəttə ki, qane etmir. Arzulanan odur ki, cümhuriyyət qurucularının adı ilə bağlı bir çox rəsmi ünvanlar və təltiflər olsun.

Həmçinin oxuyun

AYB-də tanınmış tənqidçi sədr olmaq istəyir

Tənqidçi Əsəd Cahangir son dövrlər gündəmdə olan məsələlərlə bağlı Bakupost.az-a müsahibə verib.  – Əsəd müəllim, hazırda …