Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Müsahibə / Elmar Məmmədyarov: “Sağ olsun ki, Rusiya əsgərlərini Qarabağa göndərib…”

Elmar Məmmədyarov: “Sağ olsun ki, Rusiya əsgərlərini Qarabağa göndərib…”

Azərbaycanın keçmiş xarici işlər naziri, 2020-ci ilin iyul ayında Ermənistanın Tovuz istiqamətində həyata keçirdiyi təcavüz zamanı vəzifəsinə səhlənkar yanaşdığı üçün publik qaydada tənqid olunan və işdən çıxarılan Elmar Məmmədyarov “Azadlıq” radiosuna müsahibə verib. Həmin müsahibədən fraqmentləri təqdim edirik:

– Elmar müəllim, söhbətə atəşkəsin pozulması haqda xəbərlərdən başlayaq. Müdafiə Nazirliyi dekabrın 27-də Xocavənddə bir hərbçinin həlak olması, bir nəfərin yaralanması haqda məlumat yayıb.

– Mən bəyanatı gördüm, əfsuslar olsun ki, bir nəfər şəhid olub. Atəşkəsin pozulması təbii məsələlərdi. 30 illik məsələni bir gecəyə həll etmək çətindir. Belə məsələlər yəqin yenə olacaq. Ermənilər özlərini o qədər aldadıblar, əfsanə yaradıblar ki, onun içindən çıxmaq onlar üçün də çətindir. Ona görə belə hadisələr olacaq. Ancaq Azərbaycan ordusu, Daxili İşlər Nazirliyi bunu yavaş-yavaş həll edəcək, bütün torpaqlarımızı nəzarət altına alacaqlar. Necə Bakıda, Lənkəranda, Qubada… Eyni şəkildə o tərəfdə də nəzarət olacaq.

– İndi Rusiyanın üçtərəfli bəyanata əməl etmədiyini düşünənlər də var, çünki Qarabağdakı proseslərə sülhməramlılar nəzarət etməliydilər. Siz necə fikirləşirsiz?

– Noyabrın 10-da imzalanan bəyanatda sülhməramlıların harada dayanması qeyd olunub, yalnız təmas xəttində. Amma hadisələrin olduğu yerlər Azərbaycanın nəzarəti altındadır axı. Sülhməramlıların orda işi yoxdur. Bunlar bir-birinə mane olmamalıdır.

– Elmar müəllim, yeri gəlmişkən, sülhməramlıların Azərbaycana gəlməsi narazılıqla qarşılandı, bunu məğlubiyyət kimi dəyərləndirənlər var. Onların fikrincə, Azərbaycan qələbə qazansa da, Rusiyanın bölgəyə gəlməsi ilə bu, məğlubiyyətə çevrildi. Hətta bunu “gec partlayan mina” adlandıranlar da az deyil.

– İnanmıram ki, bu, gec partlayan minadır. Tarixdən də görürük ki, burda əvvəl də Rusiya qoşunları vardı. Müstəqillik qazanandan sonra sovet qoşunlarını (sonradan Rusiya qoşunları idi) danışıqlar yolu ilə burdan çıxardıq. Axırıncı Rusiya əsgəri Qəbələdən (Qəbələ RLS – A.R.) çıxdı. Bu bizim tarixdə var və biz bilirik sülhməramlıların danışıqlar yolu ilə burdan çıxarılmasına necə nail ola bilərik. Ona görə inanmıram nəsə problem olsun. O ki qaldı Sizin sualınıza, bu, müharibə idi, əməlli-başlı müharibə. Ona görə də təmas xəttində kimsə dayanmalı idi. Sağ olsun, Rusiya da əsgərlərini verib. Onlar dedilər ki, bəs biz gələk Azərbaycan və Ermənistan qoşunlarının arasında dayanaq və müharibəni dayandıraq. Ona görə də Azərbaycan tərəfi buna getdi və bəyanatı imzaladı. Amma bunda qorxulu bir şey görmürəm.

– Rusiya sülhməramlıları tək Azərbaycanda deyil, Moldovada, Gürcüstanda da var. İllərdir müşahidə edilən budur ki, Rusiya sülhməramlıları girdikləri ərazilərdən çıxmırlar. Siz də bilirsiniz ki…

– Axı orda saziş yox idi, bəyanat yox idi. Azərbaycanda rus sülhməramlılarının mandatı var. Yəni, nəyə görə gəliblər, harada dayanıblar, neçə il dayanacaqlar, müddəti uzatmaq məsələsi var və s. Mexanizm var, başa düşürsünüz? Rusiya qoşunlarının çıxarılması ilə bağlı mexanizm var. Bəyanatda yazılıb ki, 5 ildən sonra hansı tərəf… O ki qaldı dediyiniz Moldovaya, Gürcüstana, orda belə mexanizm yoxdur.

– Bəzi şərhçilər Rusiyanın öz rəsmi strukturlarını Dağlıq Qarabağda yerləşdirməsindən narahatdırlar. Bəzi rəsmi qurumların, o cümlədən Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Dağlıq Qarabağa gəlir və qorxu var ki…

– Məndə belə qorxu yoxdur.

– Belə qorxu var ki, Abxaziyada olduğu kimi, Rusiya Dağlıq Qarabağda separatçı rejimin tərəfdarlarına pasport verəcək və Dağlıq Qarabağ Rusiyanın anklavına çevrilə bilər.

– Ona da inanmıram. Çünki məndə Xarici İşlər Nazirliyinin əməkdaşının gəlməsi haqda məlumat yoxdur. Pasport haqda eşitmişəm, oxumuşam. Mətbuatda var idi. Amma mətbuatda pasport məsələsini yalnız erməni tərəfi qaldırıb, Rusiya müzakirəyə də çıxarmayıb. Bu, erməni tərəfinin təxribat cəhdi də ola bilər, bunu bilə-bilə ortaya ata da bilər ki, Azərbaycanı içəridə qızışdırsınlar. İkincisi, pasport məsələsi… Bizim azərbaycanlılar da Rusiyada yaşayırlar və ora vətəndaşıdırlar, Rusiya pasportu gəzdirirlər. Yəni, pasport məsələsi ciddi məsələdir. Amma o qədər də ciddi deyil ki, camaat desin: “Vay, dədəm, vay, Qarabağ getdi, Kalininqrad oldu”. Bu, inanılmaz məsələdir mənim üçün.

– Dağlıq Qarabağın statusu yenidən gündəmə gətirilir. Bu haqda nə deyərdiniz?

– Mən sual vermək istəyirəm: Siz niyə fikirləşirsiniz ki, status deyəndə ancaq müstəqillik nəzərdə tutulur? Düzgün deyil axı. Lənkəranın da statusu var, Naxçıvanın da, Qubanın da, amma Azərbaycanın tərkibində. Siz status deyəndə camaat qızışır ki, vay, dədəm, vay, söhbət müstəqillikdən gedir. Nəyə görə müstəqillik? Xankəndi, Ağdərə, Xocavənd Lənkəranın statusunda olacaq.

– Tarix var, iddialar var. 1988-ci ildə də məsələ belə qalxmışdı, Dağlıq Qarabağda ermənilər müstəqillik istəmişdilər.

– Qələbədən sonrakı, indiki Azərbaycanı 1988-ci illə müqayisə edə bilmərik ax. İndi tam şəkildə kontekst dəyişilib, vəziyyət dəyişib. 1988-ci ildə SSRİ-nin dövründə Azərbaycanda heç nə yox idi, nə silah, nə də sursat. Azərbaycan 30 ildə əməlli-başlı ordu yaradıb, beynəlxalq səviyyədə Azərbaycanın nüfuzu çox böyükdür. 10 milyonluq ölkə kimi hörmətimiz çox böyükdür.

– Amma Rusiya, onun hərbçiləri yenə burdadırlar.

– Qonşu ölkədir. Rusiya burdadır, Türkiyə də o biri tərəfdədir. Qonşunu sən seçmirsən, inkişaf üçün gərək onunla dil tapasan. Ermənistanın problemi odur ki, heç kimlə dil tapa bilmir.

– Türkiyə bölgədədirmi, Sizcə? Yarıgizli-yarıaşkar hiss olunan budur ki, Moskva Ankaranın Azərbaycanda oturuşmasına meylli görünmür, belə niyyəti yoxdur.

– Bu, Moskvanın qərarı deyil axı. Bu, Azərbaycanin qərarıdır. Müstəqil ölkəyik, BMT-nin, 50-yə yaxın beynəlxalq təşkilatın üzvüyük. Azərbaycanın hökuməti var, prezidenti var və qərarları qəbul edir.

– Üçtərəfli bəyanat imzalanandan sonra cəmiyyətdə müzakirə edilən məsələlərdən biri də bu idi ki, Azərbaycan Türkiyə sülhməramlılarının burda yerləşdirilməsinə nail ola bilmədi. Siz də yəqin etiraf edərsiniz ki, Bakı bunu istəyərdi.

– Amma düz deyək də, indiki vəziyyətdə Qarabağdakı ermənilər bunu qəbul edə bilməzdilər. Bəlkə sabah qəbul edərlər. Əgər sabitlik olarsa, Türkiyənin gəlməsini bəlkə də istəyərlər. Amma müharibənin dayandırıldığı vaxtda… Əlbəttə, biz çox istəyərdik Türkiyə qoşunları bura gəlsin, sabitlik baxımından bir nömrədir. Türklər də, ruslar da bir yerdə dayansalar, sabitlik baxımından heç nə şübhə altına düşməz. Amma suallarınızdan başa düşürəm ki, şübhələr çoxdur.

– Rus və türk hərbçilərinin birgə Monitorinq Mərkəzi yaradılır. Bu qurumun səlahiyyəti, əhəmiyyəti nədir, Sizcə? Bu qurumla bağlı da, dediyiniz kimi, şübhələr və ya suallar var, deyəsən.

– Bu haqda bir az məlumat toplamaq lazımdır. Mən artıq nazir deyiləm, məlumatları oradan-burdan alıram. Mən bilən, belə bir Monitorinq Mərkəzi vacibdir. İlk növbədə qanuni baxımdan həm Rusiya, həm də Türkiyə qoşunlarının mandatları var: onlar nəyə görə gəliblər, nəyi monitorinq edəcəklər, hansısa xoşagəlməz detalları aradan götürəcəklər. Bu, xoşagələn məsələdir. Rusiya ilə birgə Türkiyə və Azərbaycan – mən inanıram ki, Ağdamdakı mərkəzdə aparılacaq monitorinqdə bizimkilər də iştirak edəcəklər, – birgə olacaqlar, təmasda olacaqlar və beynəlxalq baxımdan belə bir təcrübə çox önəmlidir.

– “Azərbaycan ordusu bu müharibədən qalib çıxdı, ancaq Azərbaycan diplomatiyası haqda belə söyləmək olmaz” deyə düşünənlər var. Bir neçə ay əvvələ kimi xarici işlər naziri olan şəxs kimi bu haqda nə deyə bilərsiniz?

– Belə deyim də, üç rayonu şərtsiz, döyüşsüz Azərbaycanın nəzarəti altına almaq böyük qələbədir. Bu, diplomatiyanın qələbəsidir. əlbəttə, cənab prezident bəyanatı imzaladı və Ağdam, Kəlbəcər, Laçın rayonlarının silahsız, şəhidsiz Azərbaycan nəzarətinə keçməsi diplomatiyanın uğurudur.

– Bəs Xankəndi, Xocavənd, Xocalı, Ağdərə ilə bağlı nə olacağı bəllidirmi?

– Mən öz fikrimi deyə bilərəm. Orda əlbəttə ki, gərək erməni icması ilə azərbaycanlı icması arasında təmas qurulsun. Asan məsələ deyil. Ancaq yavaş-yavaş təmasları artırmalıyıq. Qarabağda yaşayan erməni Azərbaycan vətəndaşlığını qəbul edirsə, qoy qalsın yaşasın, əgər vətəndaşlığı qəbul etmirsə, azərbaycanlılarla birgə yaşamaq istəmirsə, avtobus var, min get.

– ATƏT-in Minsk qrupu bundan sonra fəaliyyətini davam etdirməlidirmi?

– Minsk qrupunun mandatı var, asan məsələ deyil götürək ataq bayıra. Orda müzakirə edilməli çox məsələ var. Məsələn, işğaldan azad edilən torpaqların minalardan təmizlənməsini beynəlxalq səviyyədə sürətləndirmək mümkündür. ANAMA ərazilərin minalardan təmizlənməsinə 10-15 il vaxt lazım olduğunu bildirir. Beynəlxalq təşkilatlar yardım etsələr, vəsait ayırsalar, bu məsələni beş ilə həll etmək mümkündür. Təkcə bu deyil, başqa məsələlər də var. Kontekst dəyişib, ona görə gərək Minsk qrupu nə ilə məşğul olacağını özü düşünsün.

– Bəzən belə ehtimallar da səslənir ki, sentyabrın 27-də başlanan müharibə iyulun 12-də Tovuzda baş verənlərə cavab idi. Belədirmi?

– Müharibə ab-havası vardı. Hamı bilirdi, hamı müharibədən danışırdı. Mən danışıqlarda həmişə ermənilərə deyirdim ki, siz təklifləri qəbul etməsəniz, sülh yolu ilə rayonları boşaltmasanız, müharibə hökmən olacaq.

Həmçinin oxuyun

“Əli Həsənov mənə dedi ki, çıxıb efirlərin birində Rüstəm İbrahimbəyovu söyüm”

Müsahib əməkdar artist, Azərbaycanın tanınmış kinorejissoru və aktyoru Elxan Qasımovdur. Xatırladaq ki, Elxan Qasımov hələ …