Çərşənbə , Sentyabr 23 2020
Ana səhifə / Müsahibə / Elçin Şıxlı: “Azərbaycanda baş verən son proseslər Rusiyadan qaynaqlanır” — “Əli Həsənov vaxtında aradan çıxdı”

Elçin Şıxlı: “Azərbaycanda baş verən son proseslər Rusiyadan qaynaqlanır” — “Əli Həsənov vaxtında aradan çıxdı”

“Ayna” və “Zerkalo” qəzetlərinin təsisçisi, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlının müsahibəsi:


— Son vaxtlar şimal qonşumuz olan Rusiyadan Azərbaycana qarşı təhlükəli addımlar atılır, işğalçı Ermənistan Kreml tərəfindən silahlandırılır və sairə. Baş verən son prosesləri necə qiymətləndirirsiniz?


— Ümumiyyətlə, bütün postsovet məkanında oxşar proseslər gedir. Və onlar bir zəncirin vəsilələridir. Təbii ki, bu proseslərin başında Rusiya dayanır. Bilirik ki, Rusiya keçmiş Rus-Sovet İmperiyasının varisidir və postsovet ölkələrinə öz müstəmləkəsi kimi baxır. Rusiya hələ də elə hesab edir ki, bu torpaqlar keçmişdə onların olub və geri qaytarılmalıdır. Konkret olaraq Putin həm Azərbaycana, həm də digər keçmiş SSRİ ölkələrinə qarşı müstəmləkə siyasəti yürüdür. Sadəcə olaraq Azərbaycana qarşı bu siyasətin forması nisbətən mədənidir. Bunun da öz səbəbləri var. Bu gün Azərbaycanda Rusiyanın heç bir hərbi mövcudluğu qalmayıb. Müstəqilliyimizin ilk illərində Rusiya qoşunlarını Azərbaycandan çıxartmışıq, sonrakı illərdə isə Rusiyanın Azərbaycandakı yeganə hərbi mülkü olan Qəbələ RLS də bağlandı. Qəbələ RLS Azərbaycan əhalisinin səhhətinə böyük təhlükə idi, insanlarımıza ziyan vururdu. İndi artıq Qəbələ Azərbaycanın gözəl turizm məkanlarından biridir. 


— Sizcə, Rusiyanın hərbi gəmilərinin Bakı limanına gəlməsi və müdafiə naziri Sergey Şoyqunun Azərbaycana səfəri nə ilə bağlıdır?   


— Bu yaxınlarda Türkiyə ilə Azərbaycanın çox böyük birgə hərbi təlimləri keçirilib. Bu gün Türkiyənin hərbi gəmilərinin Xəzər dənizinə birbaşa gəlmək imkanları yoxdur. Ancaq Azərbaycanda Türkiyə ilə bərabər son illərin ən güclü hərbi təlimləri keçirildi. Bu təlimlər Rusiyaya birbaşa mesaj idi ki, erməniləri qızışdırıb bizim üzərimizə salmayın, əgər Azərbaycan torpaqlarında gözünüz qalıbsa, bundan əl çəkin. Azərbaycan həm özünə, həm də arxasında qardaş Türkiyə ordusunu görüb, ona güvənib Rusiyaya qarşı bu mesajı verdi. Azərbaycanın bu addımından sonra Rusiyanın hərbi gəmiləri idman oyunları adı ilə Bakıya gəldi. Bu oyunlara İran və Qazaxıstan pandemiyaya görə qoşulmayıb. Həm Rusiya gəmilərinin, həm də Sergey Şoyqunun Bakıya gəlməsi onu göstərir ki, Rusiya Türkiyə ordusunun Azərbaycanda olmasından narahatdır. 


Bu yaxınlarda Prezident İlham Əliyev Putinə zəng edərək, Rusiyanın Ermənistana göndərdiyi hərbi yükün izahatını istəyib. Görünür ki, Şoyqunun Bakıya səfəri həm də bununla bağlıdır. Amma bütün bunlara baxmayaraq, Rusiya hələ də Ermənistana silah-sursat ötürür. Yəqin ki, Şoyqu Bakıya səfəri zamanı ümumi vəziyyəti öyrənəcək. 


Bu gün Rusiyada, Belarusda, Ukraynada baş verən hadisələr elə-belə məsələ deyil. Bunların hamısı eyni zəncirin vəsilələridir. Yəni, bu proses davam edir. 


— Son vaxtlar Azərbaycanda “beşinci kalon”un fəallaşmasına səbəbi nədə görürsünüz? 


— Təbii ki, bunun da arxasında Rusiya dayanır. Əslində, hər zaman Azərbaycanda belə olub. Adətən “beşinci kalon” deyəndə çoxları Qərbə bağlı qüvvələri nəzərdə tutur. Amma mənim üçün “beşinci kalon” Rusiyaya bağlı olan qüvvələrdir. Ramiz Mehdiyev və onun kimi Rusiyaya bağlı olan qüvvələr vəzifələrini itirsələr də, onlar hələ də özlərini güclü və nüfuzlu sayırlar. Çünki bunların havadarları indiki Rusiya hakimiyyətidir. Azərbaycanda baş verən son proseslər də məhz Rusiyadan qaynaqlanır. 


Sovet İttifaqı dövründə ərzaq qıtlığı var idi, ət çatışmırdı, hətta, Nikita Xruşşovun vaxtında çörək üstündə dava idi. Amma o dövrdə SSRİ-də “partnomenklatura” adlanan təbəqə var idi. Onlar hər zaman kefdə olublar, xüsusi mağazaları və istirahət yerləri olub, o adamlar üçün aclıq yox idi. 


1988-1989-cu illərdə mən “Azərbaycan kommunisti” jurnalında çalışanda redaksiyamız indiki Prezident Administrasiyasının binasında yerləşirdi. O illərdə Azərbaycanda da ərzaq qıtlığı var idi. Amma onların yeməkxanasında hər şey var idi. Çox təəssüf ki, SSRİ dövrünün həmin üsul-idarəsi bu gün “beşinci kalon” adlanan insanların beynində hələ də qalır. O, hava bunların beynindən hələ çıxmayıb. Bunlar komsomol təfəkkürü ilə Azərbaycanı geriyə çəkmək istəyirlər. Həmin adamlar yavaş-yavaş vəzifədən çıxarılandan sonra bu gün öz bildikləri kimi müqavimət göstərirlər. Hətta, onlar açıq şəkildə “qanun bizim üçün deyil, biz qanundan yüksəkdəyik” mövqeyi nümayiş etdirirlər. Bütün bunları tam aradan qaldırmaq lazımdır. Bu cür davam etsə, ölkəmiz üçün çətin olacaq.


Bu gün Ramiz Mehdiyev Rusiyaya arxalanaraq, Azərbaycan dövlətinə və onun qanunlarına qarşı açıq şəkildə meydan oxuyur, dirəniş göstərir. Görünür ki, Ramiz Mehdiyevin dövlətdə hələ də şəbəkəsi var. Toyda iştirak edən şəxslərə baxanda görürsən ki, vəzifədən çıxarılmış nə qədər “kolxoz nomenklaturası” varsa, hamısı ora toplanmışdı. Abel Məhərrəmov sağlıq deyirdi, keçmiş nazir iştirak edirdi. Bütün bunlarla yanaşı, Siyavuş Novruzov YAP-ın aparıcı simalarından biridir, deputatdır, həyat yoldaşı Ombudsmandır, bunlar da həmin toyda iştirak edirdilər. Halbuki bu şəxslərin özləri xalqı qanunlara tabe olmağa, karantin qaydalarını pozmamağa çağırırlar. Özləri isə qanunları kobud şəkildə pozurlar. 


— Yayılan xəbərlərə görə, həmin toya dəvət olunanlardan biri də Prezidentin sabiq köməkçisi Əli Həsənov olub. Amma Əli Həsənov toydan bir neçə gün əvvəl müalicə adı ilə xaricə getdi. Sanki, Əli Həsənov baş verəcək proseslərin acı nəticələr doğuracağını əvvəlcədən görürmüş…


— Elədir, Əli Həsənov vaxtında aradan çıxdı. Görünür ki, Əli Həsənov daha çevik və ağıllı davranıb. Yəqin ki, məqsəd iki tərəflə də “körpüləri yandırmamaq” siyasətidir. Mən başqa məntiq görmürəm, başqa cür izah etmək çətindir. Ola bilsin ki, səhhətində də hər hansı problem var. Amma toy ərəfəsində qəfildən qaçması bu cür düşünməyə əsas verir. Əli Həsənov vaxtında aradan çıxdı.  


— Türkiyə ilə digər türkdilli dövlətlər arasında birgə ordunun yaradılması ideyası mövcuddur. Bunu bəzən “Turan ordusu” adlandırırlar.  Artıq Türkiyə ilə Qazaxıstan arasında bu ideyadan irəli gələn hərbi əməkdaşlıq haqqında müqavilə imzalanıb. Oxşar addımın Azərbaycanla da atılması təklif olunur. Sizcə, yaxın vaxtlarda bu mümkün ola bilərmi?


— Bilirsiniz, “Turan ordusu” mənə bir qədər gerçək görünmür. Söhbət ondan gedir ki, bu məsələ ilə bağlı niyyət normaldır və mən də bəyənirəm. Bu gün türkdilli dövlətlər arasında mədəni, iqtisadi və hümanitar sahələrdə əlaqələr var. Bunu daha da gücləndirmək və hərbi əməkdaşlıq səviyyəsinə çatdırmaq lazımdır. Yəqin ki, bunu yaratmaq üzərində iş görülür. Nə qədər çətin olsa da, bu istiqamətdə addımların atılması vacibdir. Burada söhbət ondan gedir ki, Türkiyəni çıxmaq şərtilə türkdilli dövlətlərdən olan digər ölkələr daha çox Rusiya ordusunun sisteminə yaxındırlar. Türkiyə ordusu isə NATO sistemindədir. İndi bunların bir-birinə uyğunlaşdırılması uzun vaxt apara bilər. Bütövlükdə, mən bu ideyaya çox müsbət baxıram. Demokrat.az

Həmçinin oxuyun

Xalq yazıçısını dəfn edən molla: “Onu məzara qoymağa bir qohumu, dostu tapılmadı”

Kulis.az yas məclislərində şeirə-sözə geniş yer verən tanınmış molla Hacı Ariflə müsahibəni təqdim edir. Xatırladaq …