Şənbə , Aprel 20 2024
Ana səhifə / “Döyüşlər kəskin fazaya keçə bilər” – Azad İsazadə

“Döyüşlər kəskin fazaya keçə bilər” – Azad İsazadə

Son dövrlər Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinə dair regiona səfər edən ATƏT-in Minsk Qrupu ilə danışıqlar aparmaqla paralel cəbhədə çoxsaylı təxribatlar, diversiyalar həyata keçirməyə cəhdlər edir. Azərbaycan tərəfi isə səbr və əzmlə düşmənin fəaliyyətinə adekvat cavab verir.

Hərbçi ekspert Azad İsazadə cəbhədə baş verənlər, həmsədrlərin regiona səfəri, gözləntilər haqda Teleqraf.com-un suallarını cavablandırıb.

– Azad müəllim, cəbhədə mövcud vəziyyəti necə qiymətləndirirsiniz?

– Cəbhədə vəziyyət qeyri-sabit və təhlükəlidir. Hesab edirəm ki, döyüşlər hər an kəskin fazaya keçə bilər. Amma bunun arxasında sözsüz ki, erməni tərəfinin siyasi oyunbazlığı dayanıb. Ermənilər başa düşürlər ki, indiyə qədər onlar imkan daxilində münaqişəni uzadıblar. İndi münaqişənin həlli yolu tapılmalıdır. Həll variantı da torpaqların geri qaytarılması ilə ola bilər. Əks mövqe isə danışıqları cəbhədə yaratdıqları gərginliklə uzatmaq və lazım gələrsə, danışıqlar prosesindən çıxmaqdır. Onlar status-kvodan bəhs edirlər. Aydındır ki, indi yaranan status-kvo onları qane edir və çalışırlar ki, mümkün qədər bunu uzatsınlar. Minsk Qrupu da sanki uzun illər mövcud status-kvonun arxasında dayanırdı. Lakin vaxt bitib. Odur ki, ya vasitəçilər torpaqların azad edilməsi üçün əməli işlərə başlamalıdır, ya da döyüşlər başlayacaq.

– Bu gün Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəyanatdan məlum olub ki, ötən gecə erməni diversiya qrupu cəbhədən Azərbaycan tərəfinə sızmaq, təxribatlar həyata keçirmək istəyiblər. Həmin qrup geri oturdulub, bir erməni kəşfiyyatçısı isə ələ keçirilib. Bu haqda siz nə deyə bilərsiniz?

– İndi biz cəbhədə kəşfiyyatın aktivliyi müşahidə edirik, eləcə də atəş aktivliyi qeyd edilir. Ancaq bu həm də nəyəsə hazırlıqdır.

– Nəyə hazırlıqdır?

– Adətən, kəşfiyyatı qabağa buraxırlar, daha sonra hücum hazırlığı haqda düşünülür. Lakin kəşfiyyat qrupu qarşısına qoyulan məqsədi həyata keçirə bilməyibsə, əksinə, geri oturdulub və bir nəfər də ələ keçirilbsə , deməli hücumu da həyata keçirə bilməyəcəklər. Reallıq budur. Ümumiyyətlə, erməni tərəfi cəbhədə üstünlük əldə etmək üçün dəridən-qabıqdan çıxır. Hesab edirəm ki, bir kəşfiyyatçının sağ olaraq ələ keçirilməsi Azərbaycan ordusunun gücünün göstəricisidir.

– Ermənilər bütün vasitələrlə təxribatlarını davam etdirir. Buna qədər Araz çayı üzərindəki Mil-Muğan Hidroqovşağına qarşı yönələn erməni təxribatının da qarşısı alındı…

– Sizə deyim ki, erməni tərəfi belə təxribatları çox edib. Belə hallar Tərtər rayonunda da baş verib. Bir çox hallarda erməni tərəfi minaları çayr vasitəsilə buraxırdılar və məqsədləri o olurdu ki, bu minalar sərt maneəyə dəysin, partlayışlar olsun, əhali arasında itkilər baş versin. Bu təxribat və diversiyalar mütəmadi baş verir. Biz düşmənlə üz-üzəyik və bunu nəzərə almalıyıq.

– Bütün bunlar göstərmirmi ki, erməni tərəfi əslində danışıqlar prosesində maraqlı tərəf deyil?

– Yox, erməni tərəfi danışıqlar prosesində iştirak etmək istəyir, amma indiki şərtlər düşməni qane etmir. Ona görə də çalışırlar ki, danışıqlar prosesində şərtlər bir qədər yumşalsın. Təxribatlar daha çox bu məqsədlə edilir.

Yəni danışıqlar prosesində Azərbaycan tərəfinin mövqeyini yumşalmasına nail olmağa çalışırlar?

– Erməni tərəfi çalışır ki, danışıqları təşkil edən vasitəçilər ermənilərin tərəfini saxlasın və bununla da Azərbaycan tərəfi danışıqlarda tək qalsın. Aydındır ki, Azərbaycan öz mövqeyini dəyişdirməyəcək. Amma vasitəçilər və hansısa dövlət danışıqları bərpa etməyə çalışanda ermənilər istəyir ki, vasitəçi onların mövqeyində dayansın.

– Azərbaycan Ordusu ötən gün geniş miqyaslı hərbi təlimlərə start verib. Bu təlimlərdə 23 min əsgər və zabit, yüzlərlə zirehli texnika, təyyarə və vertolyotlar cəlb olunub. Azərbaycan belə genişmiqyaslı təlimlərlə hansı mesajlar verir?

– Birincisi, hərbi təlim planlı şəkildə və ildə bir neçə dəfə keçirilir. İkincisi, indi cəbhədə qeyri-sabit şəraitdə hərbi təlimlər sözsüz ki, müsbət rol oynaya biləcək. Nəzərə alın ki, hər şeydən öncə hərbi təlimlərin həm də güc nümayişi funksiyası var. Yəni təlim əks tərəfə nümayiş xarakteri daşımalı, onlara göstərməlidir ki, biz hazırıq. Başqa sözlə, mesaj verilir ki, filan taktikalar, döyüş növləri təlimdə həyata keçirilir, məcbur etməyin, bunu reallıqda həyata keçirək. Bu mənada təlimləri həm də düşmənə mesaj kimi də qiymətləndirmək olar.

– Yaxın dövr üçün danışıqlar prosesində irəliləyiş gözləyirsinizmi?

– Xeyr. Mən diplomatik danışıqlarda irəliləyişlər gözləmirəm. Əksinə, daha çox hərbi qarşıdurmalar baş verə bilər. Üstəlik biz yay mövsümünü yaşayırıq. Quraqlıqdır, texnika belə hava şəraitində rahat işləyir.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …

Bir cavab yazın