Cümə axşamı , İyun 20 2019
Ana səhifə / Müsahibə / “Desəm ki, daha çox Qüdrət Həsənquliyev mat olur…” – Fazil Mustafa ilə “Bir hovur” söhbət

“Desəm ki, daha çox Qüdrət Həsənquliyev mat olur…” – Fazil Mustafa ilə “Bir hovur” söhbət

Milli Məclisin deputatı, “Böyük quruluş” Partiyasının başqanı Fazil Mustafa AzNews.az-ın başlatdığı “Bir hovur” layihəsinin qonağı olub.
Moderator.az millət vəkili ilə maraqlı söhbəti oxuculara təqdim edir:
Fazil bəy, hansı hobbiləriniz var ?
– Hobbim ilk olaraq sağlam yaşamaqdır. Bunun üçün isə ayrı-ayrı idman növləri vasitəçi rolu oynayır. Vaxtaşırı oynadığım idman növlərini belə sıralamaq olar: futbol, basketbol, bilyard, şahmat. Digər xobbim isə kitab oxumaqdır. “Facebook”dakı fəallığımı da hobbilərim sırasına daxil etmək doğru olardı.
Hansı aralıqda futbol oynayırsınız?
– Yayda çimərlikdə qum futbolu oynayıram. Həftədə iki-üç dəfə. Bir də fürsət olanda yaşıl meydançada oynayıram. Süni meydançada isə futbola tövbə etmişəm. Çünki ayaqlarıma pis təsir edir.
Futbolda əsasən hansı mövqedə olursunuz?
– Əsasən hücumda. Ancaq universal oyunçu sayılıram. Zərurət olduğunda komanda üçün fədakarlıq edib başqa mövqelərdə də oynayıram.
Milli Məclisin deputatları arasında da əsas oyunçularındansınız. Sizə ən yaxşı pası kim ötürür, siz kimə yaxşı pas ötürürsünüz?
– Doğrusu arzuladığım pası Milli Məclisin komandasında kimsədən ala bilmirəm. Əvvəllər Kamran Bayramov oynayanda ona yaxşı pas ötürürdüm.
Bəs özünüzü hansı komandanın azarkeşisiniz, həmin komandanın hazırki durumunu necə xarakterizə edərsiniz?
– Oyun üslubuna görə “Bavariya”ya daha zövqlə baxıram. Ancaq azarkeşlik sayılmaz. Çünki azarkeşlik mərəzindən özümü qorumağa çalışıram. Hazırkı durumu elə köhnəki durumu kimidir. Sabit və atletik alman futbolu.
Vaxtilə Elçibəy sizi qol vurandan sonra köynəyini çıxaran futbolçuya bənzətmişdi. Maraqlıdır, Əli Kərimlinin qapısından neçə qol keçirmisiniz?
– Futbolla siyasətin müqayisəsini xoşlamıram.
Azərbaycan futbol komandalarının hansının qapısından qol keçirmək istərdiniz?
– Bu barədə fikirləşməmişəm. Ancaq bu yaşda oynasam Azərbaycan komandalarının qapısına qol vura bilərəm. Bu mənim bacarığım deyil, Azərbaycan komandalarının real durumu ilə bağlıdır.
Futbolla bağlı ən yadda qalan anınız hansı olub?
– 1986-cı ildə Kiyevdə hərbi xidmətdə daxil Qoşunların çempionatında finalda 3-1 qalib gəldik, hər üç topu da mən vurdum. Komandir bu oyundan sonra mənim dərhal təxris olunmağım barədə əmr verdi.
Dediyiniz kimi, həm də şahmat həvəskarısınız, eşitdiyimizə görə, daimi şahmat oynadığınız şəxs Qüdrət Həsənquluyevdir. Maraqlıdır daha çox kim “mat” olur?
– Desəm mən tez-tez mat oluram, bu həqiqəti əks etdirməyəcək. Desəm ki, daha çox Qüdrət bəy mat olur, bu mənim təvazökarlığıma kölgə salacaq. Daha yaxşısı odur ki belə deyim, vaxtaşırı gərgin şahmat oyunumuz olur.
Şəhriyar Məmmədyarovun dünya çempionatında sponsorlarla bağlı paylaşdığı fikirləri yəqin ki, görmüsünüz. Buna münasibətiniz necədir?
– Bu məsələdə Şəhriyarı dəstəkləmişdim. Haqlıdır, Azərbaycanın brendi olan bu cür şəxsiyyətlər maddi sıxıntı çəkməməlidirlər.
Ümumiyyətlə Azərbaycanın şahmatı hansı səviyyədədir?
– Bəlkə də ən inkişaf etmiş idman növü şahmatdır. Necə deyərlər, digərləri ilə müqayisədə, əsas uğurlarımız şahmatda qazanılır.
Bağınız varmı, yemək bişirməyi, bağda işləməyi sevirsinizmi?
– Bağım var, yayda bağda qalıram, bağ işlərini əsasən özüm görürəm. Ancaq yemək bişirməyi qətiyyən sevmirəm, çünki çox vaxt aparır.
Ovla bağlı fikirləriniz də maraqlıdır…
– Bir-iki dəfə həvəslənib getsəm də indi mənasız bir əyləncə kimi baxıram. Silahım var, ancaq həvəsim olmur ki, arada ova gedim.
Tez-tez xarici səfərlərdə olursunuz. Bildiyimiz qədər həmin ölkələrdə mütləq kitab mağazalarına gedirsiniz. Son dövrlərin hansı kitabını hamının oxumasının vacib olduğunu düşünürsünüz?
– Kitabları əsasən Türkiyə və Rusiyadan alıram. Ən dəyərli vaxtımı kitab mağazasında keçirirəm. Ancaq hamının oxuya biiləcəyi kitabı hələ tapmamışam. Sadəcə hər kəs əlinə düşən kitabı zövqlə və diqqətə oxusa, mütləq özü üçün fayda götürəcək.
“Duty Free”-lərdən nələri almağa üstünlük verirsiniz?
– Bir o qədər alış-veriş etmirəm. Bunun üçün gərək evdən xüsusi sifariş olsan, o zaman “duty free”yə baş vurmaq zəruri olur.
Hansı musiqiləri dinləyirsiniz, sevdiyiniz sənətçi kimdir?
– Xalq mahnılarını, bəstəkar mahnılarını dinləyirəm. Daha çox Şövkət Ələkbərovanı dinləyirəm. Bu o deməkdur ki, daha çox onun sənətini sevirəm.
Yenə də yazırsınızmı?
– Yenə də yazıram. Yenə də yazacağam.
Son dəfə kimə şeir demisiniz?
– İlk dəfə də, son dəfə də şeirləri özümə deyirəm. Arada dostların məclisində də şeir deyirəm. Uzun illərdir şeir yazmıram.
Qarşıdan payız gəlir. Payız havasının dadını necə çıxarmağı düşünürsünüz?
– Payız aylarını çox xoşlayıram. Bəlkə də ona görə ki, məhz payız aylarında doğulmuşam. Əlbəttə, payızdan daha çox zövq alma imkanı var. Ancaq dad çıxarmaq olmur, çünki payızda iş yükü ikiqat ağır olduğuna görə dad çıxarmağa hal qalmır.

Həmçinin oxuyun

Hafiz Hacıyev: “Bu müsahibədən sonra məni öldürə bilərlər” (VİDEO)

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Reaksiya TV-yə müsahibə verib.Həmin müsahibəni təqdim edirik: