Şənbə , May 25 2024
Ana səhifə / Müsahibə / Boris Consonun atası: “Türk köklərim ilə fəxr edirəm, Bakıya getməyi səbirsizliklə gözləyirəm”

Boris Consonun atası: “Türk köklərim ilə fəxr edirəm, Bakıya getməyi səbirsizliklə gözləyirəm”

HafizTimes.com-un budəfəki müsahibi Böyük Britaniyanın keçmiş Baş naziri Boris Consonun atası Stenli Consondur. Jurnalist Hafiz Əhmədovun suallarını cavablandıran Britaniya-Fransız yazıçısı, Avropa Parlamentinin (AP) üzvü olan keçmiş siyasətçi Stenli Conson, müsahibə zamanı mühüm məqamlara aydınlıq gətirib, ilk dəfə olaraq Bakı, Azərbaycanla bağlı fikirlərini ifadə edib:

– Müsahibə üçün sizə Azərbaycandan yazdığımızı biləndə ilk nə fikirləşdiniz?

– Mesajınızı almaq məni çox sevindirdi. Bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP 29-un Azərbaycanın paytaxtında keçiriləcəyi üçün bütün dünyanın diqqəti Azərbaycana, xüsusən də Bakıya yönəlib. Bu, çox böyük beynəlxalq əhəmiyyətə malik bir hadisə olacaq. Neft və neft sənayesinin tarixən yarandığı ölkə kimi Azərbaycanın indi sənayenin üzləşdiyi problemlərin həllində aparıcı rol oynaması tamamilə düzgündür.

– Uğurlarınızı nəyə borclusunuz? Nəyi ən böyük uğurunuz hesab edirsiniz?

– Nə qədər ki, uğur qazanmışam, bunu həm məktəbdə, həm də universitetdə yüksək səviyyəli təhsil almağıma borcluyam. Mən Yunan, Latın və Qədim dövr tarixini öyrəndim və həmin fənlər, eləcə də ingilis dili və ədəbiyyatı üzrə məzun oldum. Texniki təhsili və “faydalı” dərəcələri olan tələbələrin yetişdirilməsinin əhəmiyyətini tam başa düşsəm də, ümid edirəm ki, biz incəsənətə (dil, ədəbiyyat, musiqi, rəssamlıq, arxeologiya, fəlsəfə və s.) laqeyd yanaşmayacağıq.

– Bəs aşdığınız ən böyük maneə nə olub?

– Mən keçiləcək maneələr görmürəm, ələ düşən fürsətləri görürəm.

– Hansı kitab sizin həyatınızı dəyişdi?

– Mən böyüyərkən “The Oxford Book of English Verse” daimi ilham mənbəyim idi və bu gün də belədir. 1960-cı illərdə mən ilk dəfə ətraf mühit hərəkatına qoşulduğum zaman Reyçel Karsonun “Silent Spring” kitabı mənə və bir çoxlarına təsir etdi. Bu yaxınlarda Greta Thunberg-in “The Climate Book” adlı kitabı məni çox heyran etdi. https://www.theguardian.com/books/2022/oct/26/the-climate-book-by-greta-thunberg-review-global-warning

Bu, Bakıda keçiriləcək COB 29-un bütün nümayəndələrinin oxumalı olduğu kitabdır.

– Sizcə, uğurlu ailənin sirri nədir?

– Uğurlu ailənin necə olması ilə bağlı heç bir fikrim yoxdur. Əgər mənim “uğurlu ailəm” olduğunu düşünürlərsə, buna görə uşaqlarımı dünyaya gətirən və onlara yaxşı baxan analarına, oxuduqları məktəb və universitetlərə təşəkkür edərdim.

– Ən böyük qorxunuz nədir?

– Mənim ən böyük qorxum budur ki, bəşər övladının amansız tərəqqisi istər-istəməz təbiətin və canlıların yox olması ilə nəticələnəcək. Dünyanın vəhşi yerlərinin və canlı təbiətin itirilməsi mənə əsrimizin ən böyük faciələrindən biri kimi görünür. Bunların hamısı olmasa da, əksəriyyəti insanın ətraf mühitə təsiri və insan növünün misli görünməmiş çoxalması nəticəsində baş verib. Mən böyüyəndə dünya əhalisinin sayı təxminən 2-3 milyard idi. İndi 9 milyarda yaxınlaşır. Bu dəlilikdir.

– İllərdir Avropa və Böyük Britaniya Parlamentlərinin üzvü kimi çalışmış biri olaraq siz Avropanın gələcəyi haqqında nə düşünürsünüz? Avropa özünü qoruya biləcəkmi?

– Mən Avropa Komissiyasında işləmişəm və Avropa Parlamentinin üzvü kimi fəaliyyət göstərmişəm, lakin iki oğlum Boris və Co deputat olsa da, mən heç vaxt Britaniya Parlamentinin üzvü olmamışam. Boris əlbəttə ki, baş nazir oldu və Jo isə ali təhsilə cavabdeh olan dövlət naziri oldu. Gördüyüm qədəri ilə, Böyük Britaniya üçün indi mütləq prioritet Avropa ilə körpüləri yenidən bərpa etməkdir. Məsələn, Böyük Britaniyanın Avropa Ətraf Mühit Agentliyinin üzvü olmaması tamamilə absurddur. Halbuki, Avropa Ətraf Mühit Agentliyinin maddələrinə əsasən Aİ üzvü olmayanların da (Norveç, Türkiyə, İsveçrə, İslandiya və s. ) Agentliyə üzv olmasına icazə verilir.

Hazırkı kontekstdə (Tramp və s.) Avropa özünü qoruya biləcəkmi sualına cavab olaraq deyə bilərəm ki, mən bunu təkcə Aİ-nin NATO üzvləri üçün deyil, NATO-nun daha geniş Avropa üzvlüyü üçün həlledici bir sual kimi görürəm. Amma mən onu da görə bilərəm ki, Aİ üzvləri, xüsusən də Aİ-nin Ukraynaya verdiyi töhfənin əhəmiyyətini nəzərə alaraq, müdafiə sektorunda daha çox səy sərf etməli olacaqlar. Əlbəttə ki, Böyük Britaniya təkcə Ukrayna kontekstində deyil, ümumiyyətlə belə bir fəaliyyətlə yaxından əlaqəli olmalıdır. Həm də daha əvvəl qeyd etdiyim kimi Böyük Britaniya və Aİ arasında daha geniş körpülər qurulmalıdır.

– Dünyanın gələcəyini necə təsəvvür edirsiniz? İndiki dünyaya ən böyük mesajınız nə olardı?

– Mən əhalinin artımı baxımından sabit olan, yəni əhalinin artmadığı və daha çox azaldığı bir dünya görmək istərdim. Həm də iqtisadi artımın bütün dünyadakı dərdlərin dərmanı olduğu fikrinə son qoyulmasını istərdim. Əhalinin azaldığı və iqtisadi fəallığın sabit olduğu bir vaxtda adambaşına düşən gəlir səviyyəsini saxlamaq daha asandır.

– Boris Conson necə övladdır? Bir siyasətçi kimi onu bəyənirsinizmi?

– Boris indi parlamentdən kənarda olsa da, ümid etməliyəm ki, o və Jo (hələ də Yuxarı Palatada parlamentdədir) haqqında danışdığım Böyük Britaniya və Aİ arasında bu yeni münasibətlərin formalaşmasında liderlik edəcəklər, məs. ətraf mühit, elm, təhsil və müdafiə məsələləri üzrə.

– Boris Conson haqqında ən böyük yanlış təsəvvür nədir?

– Borislə bağlı ən böyük yanlış fikir, Partiqeyt məsələsində onun Parlamenti aldatmasıdır. Bu tam cəfəngiyatdır. Boris özünün parlament partiyasının üzvləri tərəfindən təşkil edilən kinli və şəxsi mənafeyə xidmət edən siyasi sui-qəsdin qurbanı oldu. Onların bir çoxu, şübhəsiz ki, həmin sui-qəsddə oynadıqları rola görə artıq peşmandırlar.

– Boris Consonun tarixdə necə xatırlanmasını istərdiniz?

– Hesab edirəm ki, tarix öz hökmünü verməzdən əvvəl yazılacaq daha çox fəsillər var.

– Damarlarınızda türk qanının dövranını nə vaxt hiss edirsiniz?

– Atam yarı türk idi, çünki atası tamamilə türk idi. Atam öz atası Əli Kamalı heç vaxt tanımadı. Mən də Əli Kamalı (mənim türkçü babam) 1922-ci ildə vəfat etdikdən sonra tanıdım. Amma indi mən Əli Kamal haqqında çox şey bilirəm. Türk köklərim və irsimlə fəxr edirəm.

– Türk əsilli olmaq həyatınıza necə təsir edir?

– Atamın ögey qardaşı Zeki Kuneralp Türkiyənin sayılıb-seçilən səfiri idi və mən hələ də türk əmioğlularımla sıx əlaqə saxlayıram, ona görə də hiss edirəm ki, mənim türk ailəm var.

– Bakı, Azərbaycana səfər etmək istərdinizmi? Azərbaycan gənclərinə nə deyərsiniz?

– Mən Azərbaycana səfər etməyi çox istərdim. Bu illər ərzində Türkiyə, İran, Pakistan, Əfqanıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan və s. daxil olmaqla Orta Asiyada kifayət qədər geniş səyahət etmişəm. Amma hələ Azərbaycana səfər etməmişəm.

Azərbaycan gənclərinə mesajım budur: (a) Mən sizinlə bu ilin sonunda Bakıda görüşməyi səbirsizliklə gözləyirəm və (b) Bakıda keçiriləcək COP 29-dan əvvəl Qreta Tunberqin kitabını oxuyun

Həmçinin oxuyun

Zərdüşt Əlizadə: “İsa Qəmbər, Arif Hacılı sübut etdilər ki, inanılası insanlardırlar”

Politoloq Zərdüşt Əlizadə “AzPolitika”-ya müsahibəsində İranda ölkə başçısının ölümü ilə nəticələnən məlum helikopter qəzası, Azərbaycanla …