Çərşənbə , İyun 19 2019
Ana səhifə / Müsahibə / “Bizdə bir çox günahları AFFA-nın baş katibinin üstünə qoyurlar, ancaq…” – DEPUTAT

“Bizdə bir çox günahları AFFA-nın baş katibinin üstünə qoyurlar, ancaq…” – DEPUTAT

Həmsöhbətimiz yazıçı-deputat Aqil Abbasdır. Parlamentdə futbolu onun qədər dərindən bilən, fanat kimi izləyən çətin ikinci belə parlamentari olsun. Onunla hər şeydən danışmışıq – futbolumuz, Avroliqa finalı, yaradıcılığı, yeni yazarlar, sosial şəbəkələrin gündəmi və s.
A.Abbasın “Yeni Müsavat”a müsahibəsini təqdim edirik:
–  Aqil müəllim, tez-tez futbol barədə məqalələrinizə rast gəlirəm. Yeni roman yazmırsınız?
– Yazıram, hazırda iki roman üzərində işləyirəm. Sadəcə, futbol xəstəliyimdir. Həyatda vərəm, narkomaniya və başqa xəstəliklərin müalicəsi var, amma bir futbol xəstəsi, bir də dəli müalicə olunmur.
Futbol xəstələri də dəli kimidirlər. Mən uzun müddət “Qarabağ” klubunun yaşaması üçün nə qədər əziyyət çəkmişəm. İndi sağ olsunlar, komandanı yaşatdılar, ayağa qaldırdılar, bu gün Ağdam klubu özünüz də görürsünüz ki, hansı yerə qalxıb.
– UEFA reytinqində 70-cidir, çox klubları geridə qoyub…
– Bəli, “Milan”, “Real Sosiedad”, “Feyenord” kimi nəhəng klublardan irəlidəyik. Hələ darıxmayın, “Qarabağ” çox qabağa gedəcək, yavaş-yavaş düzələcək. Allah Qurban Qurbanova cansağlığı versin, komandanı irəli aparacaq.
– Amma çempionatda cəmi 8 komanda yarışır. Bununla inkişaf olarmı?
– Mənim üçün “Xəzər Lənkəran”, Tovuzun “Turan”ı, Gəncənin “Kəpəz”i əzizdir. Biz regionların klublarını qaytarmalıyıq, 16 komanda çempionatda olmalıdır. UEFA deyir ki, onlar azarkeş qəbul edə bilmirlər. Olmayan Ağdam necə qəbul edir, Tovuz edə bilmir? Ağdam hər il Avropaya gedir. Biz bəzən hər şeyi AFFA-nın üzərinə qoyuruq. Elə deyil. Ver pulu Lənkərana, Gəncəyə, Tovuza, Masallının “Viləş”, Yevlağın “Karvan” komandalarına, gör necə oynayacaqlar, qəbul edəcəklər.  Məsələn, “Keşlə” komandası var, onun oyununa uzağı 300 adam baxmağa gəlir. Amma Lənkərana, Tovuza minlərlə azarkeş toplaşacaq. “Səbayel” klubunun oyununa da bir o qədər azarkeş gəlir. Bakıda “Neftçi” var, vəssalam.
– Niyə bugünkü Premyer Liqamız “Abşeron birinciliyi”nə çevrilib, nə üçün bölgə komandaları kənarda qalıb?
– Mən onu demərəm, yaxşı qonorar verin, deyərəm (gülür – E.S)
– Axı reallıq budur ki, “Qəbələ” və “Qarabağ” istisna, hamısı Abşeron komandalarıdır…
– Bilirsən, dədə, mən parlamentdə bəzən vaxt olanda Rövnəq müəllimlə futbolumuzdan dərdləşirəm, futbolun taleyindən danışıram. O da hər şeyin yaxşı olmasını istəyir, futbolumuzun yaxşı olması uğrunda hər şeydən keçməyə hazırdır. Ancaq tək ondan asılı deyil, müəyyən şeyləri edə bilmir, gücü çatmadığı məsələlər var. Bizdə bir çox günahları, problemləri AFFA-nın baş katibi Elxan Məmmədovun üstünə qoyurlar, axı o məsələlər ondan asılı deyil. Baxın, necə gözəl Avroliqa finalı təşkil elədilər, 204 ölkə yayımlandı. İpə-sapa yatmayan, çılğın, harada oldusa dava salan ingilis azarkeşləri gəlmişdilər, hər şey sakit keçdi. Dünyada əsas iki idman yarışı var – olimpiada və futbol. İslam Oyunlarına 10-15 ölkə gəlirsə, bu yarışlara əksər dünya ölkələri gəlirlər. Futbol da mənim yaralı yerlərimdən biridir, bu barədə köşələr yazıram.
– Dediniz iki roman yazırsınız, mövzu nədir?
– Romanlardan biri Hüseyn Cavid, Məhəmməd Hadi və Məmməd Arazdı. Onlar əzablar çəkirlər və üçü də cənnətə gedirlər. Biri isə Rəmiş haqda romandır. Rəmiş addır. Son əsərlərimdə adam adları yoxdur. İndi bu Rəmiş şeytandır, mələkdir, insandır, onu oxucu nəticə çıxaracaq. 
– “Dolu” romanınızda da adlar yox idi. Yeri gəlmişkən, kitab oxundu, film çəkildi. Son vaxtlar Qarabağ mövzusunda belə romanlar, filmlər niyə azdır?
– Yox, niyə ki yazılır. Dövlət tərəfindən maliyyə ayrılıb, aprel şəhidləri haqda film çəkilir, ssenari müəllifi özüməm. Demişəm ki, aprel şəhidləri haqda film “Dolu”dan yaxşı olmasa, çəkilməsin.
– Cavan yazarlar Qarabağ, müharibə mövzusuna demək olar ki, toxunmurlar. Bəlkə yaşları çatmır, müharibənin əzablarını yaşamayıblar?
–  Gənc yazıçıların qələmə aldıqları eşitdikləridir, bu da şablon əhvalatlar olur. Çünki tarixi oxumurlar. Gərək işin içində olasan. Mən Qarabağ xanlığı haqda yazmışam, bəyəm o dövrü görmüşəm?
Amma 500-dən çox tarixi mənbə oxumuşdum. İndi bu cavanlar da 100 il sonra yazarlar. Birinci növbədə keçmişi, tarixi bilməlisən.  Bir dəfə İctimai Televiziyada veriliş gedirdi, cavan oğlan qayıtdı ki, Ağdam müharibəsindən yazmışam. Sənin yaşın heç Ağdama çatmır. Ordan-burdan eşitmisən, əminin, dayının gopun yazmısan, filmlərə, Çingiz Mustafayevin, Mirşahinin çəkdiklərinə baxıb yazmısan.
– Gənc yazarlar demişkən, kimləri bəyənirsiziniz?
– Bəyəndiyim yazıçı, şairlər çoxdur. Aqşin Yeniseyi, Kəraməti, Şərif Ağayarı, Zahir Əzəməti, Qisməti bəyənirəm. Ayxan Ayvazın hekayələri yaşına görə yaxşıdır. O yaşda belə yaxşı hekayələr yazan yoxdur.
Hamısını oxuyuram. Bəyənmədiklərim də ola bilər. İndi biz gənc yazarlar deyirik, çoxu cavanlıq yaşını keçib, Şərif Ağayar, Etimad Başkeçid cavan deyil axı.
– Baxın, metroya, avtobusa minəndə kütlə Anarı, Aqil Abbası, Çingiz Abdullayevi tanıyır, dediyiniz yazarları çoxu tanımır amma…
– Niyə tanımır, yaxşı tanıyırlar, oxuyurlar.  Özü də onlar yaxşı dövrə düşdülər, sosial şəbəkələr var, yazırlar, paylaşırlar.– Sosial şəbəkədən istifadə edirsiniz?
– Yox, eləmirəm.
– Niyə?
– Buna vaxtım olmur, parlament fəaliyyətim var. Rəhmətlik Vaqif Səmədoğlu kimi qocalanda feysbuka qoşularam.
– Sosial şəbəkədə sənətkar, yaradıcı adam metroya, avtobusa minməlidir ya yox müzakirəsi gedir. Siz metrodan istifadə edirsiniz?
–  Hərdən tıxaca düşmüşəm, metro ilə getmişəm. Burada qeyri-adi heç nə yoxdur. Amma gizlətməli nə var ki, avtomobilimlə daha çox gedib-gəlirəm. Amma ən sevdiyim elə kütlədir, kütlə ilə birgə olmaqdır. O gün Musa Urud, İlham Məmmədov və mən Füzulidə dövlət tədbirindəydik, oradan Ağcabədiyə, sonra Ağdama getdik, gəzdik, camaatın içində olduq, nərd oynadıq. Deputat kütlə içində olmalıdır. Bu gün müəyyən deputatlar var ki, metrodan istifadə edir, amma çoxunun maşını var.

Həmçinin oxuyun

Azərbaycanlı pilot qardaşlar: İkimizi eyni təyyarəyə buraxmırlar

Atalarının davamçısı olan iki qardaş – söhbət bir müddət əvvəl sosial şəbəkələr vasitəsilə məşhurlaşan pilot …