Ana səhifə / Müsahibə / “Biz deputatların günahı o olub ki, göstəriş altında sözümüzü deyə bilməmişik…”

“Biz deputatların günahı o olub ki, göstəriş altında sözümüzü deyə bilməmişik…”

İsmayıl Şıxlı: “Adamın yaxasından tutub soruşarlar ki, bu torpaqlar hara getdi?..”

1990-cı ilin Qanlı Yanvar olaylarından  29 il keçsə də, həmin faciəvi hadisələrin şahidləri üçün belə, hələ də qaranlıq qalan bir sıra məqamlar var… O müdhiş günlərdə Azərbaycan SSR Ali Sovetinin deputatı kimi fəaliyyət göstərən tanınmış ictimai-siyasi xadim Maksim Musayev Moderator.az əməkdaşı ilə geniş söhbətdə şahidi olduğu olaylar, o cümlədən parlamentdə  baş verən proseslər, eləcə də bilavasitə faciədən sonra işğalçı qoşunların mühasirəsində olan parlament binasında çağırılan fövqəladə sessiyanın keçirilməsi haqda yaddaşında qalanlar, gündəlik qeydləri və stenoqramlar əsasında  maraqlı faktlar nəql edib.

Bəxtiyar Vahabzadə:“Cəbhəçiləri bizi inandırmağa çalışırdı ki, tankların qabağını kəsməliyik. Nəticəsi nə oldu? Milləti verdilər qırğına…”

(Əvvəli bu linkdə:http://www.moderator.az/news/255577.html)

Maksim müəllim, 20 Yanvar faciəsinə həsr edilmiş sessiya iştirakçılarına, söylədiyiniz kimi, sovet ordusu komandanlığından deputatların güllələnəcəyi, yaxud həbs ediləcəyi haqda ultimatum gəldikdən sonra iclas davam etdimi? Sədr seçilmiş rəhmətlik Bəxtiyar Vahabzadə özünü itirmədi ki?

-Xeyir… Çətin dəqiqələrdə Bəxtiyar müəllimə köməklik göstərən mərhum İsmayıl Şıxlı ona yaxınlaşıb  hissiyyatları cilovlamağın, sözləri ehtiyatla işlətməyin vacibliyindən danışdı, bundan sonra daha hansı qəddarlıqlarla üz-üzə gələ biləcəyimizi yada saldı…

 Özünü ələ alan Bəxtiyar Vahabzadə iclası  təmkinlə davam etdirərək dedi:

“Yoldaşlar, hər şeyin təhəri, ölçüsü, məqamı var.  Qardaşlar, gözünüz qızmasın…Yanvarın 19-20-dəki faciəli hadisələrdən qabaq  Moskvadan gələn böyüklərlə, Primakov və Girenko ilə görüşdük, sözümüzü dedik.  Sonra isə onları dinləyəndə başa düşdüm ki, bunların ağzından qan iyi gəlir. Nurəddin Rzayev, Həsən Həsənov, Şeyxülislam Allahşükür Paşazadə və İsmayıl Şıxlı oradan çıxıb getdik Xalq Cəbhəsinə. Onlar bizi inandırmağa çalışırdılar ki, biz belə etməliyik, qoşunların, tankların qabağını kəsməliyik. Nəticəsi nə oldu? Milləti verdilər qırğına. Gəlin indi ölçü ilə iş görək. Hər şeyin ölçüsü var, hər şeyin təhəri var- tankın qabağında durub meydan oxumağa bizim gücümüz çatmaz… O ki qaldı vətənpərvərlik məsələsinə, tarix özü onu yerbəyer edəcək. İndi 20-25 yaşında  gəncin meydana çıxıb bizə dərs verməsi mənə ağır gəlir. Mən sizi ağıla çağırıram,  düşünüb-daşınıb, sonra hərəkət edək…”

Bəxtiyar müəllimin çıxışını tez-tez yerdən kəsir və danışmağa qoymurdular. Çünki  Xalq Cəbhəsini günahlandırmaq və onun haqqında qərar çıxarmaq fikirləri də var idi. Onu da eşitmişdik ki, Bəxtiyar Vahabzadə və İsmayıl Şıxlı bir müddət Xalq Cəbhəsi Ağsaqqallar Şurasının üzvü olmuş, həmin qurumun keçirdiyi tədbirlərdə fəal iştirak etmişlər. Amma iclasların birində  edilən nalayiq hərəkət və dava-dalaşlar onların həmin təşkilatdan üz döndərməsinə səbəb olub.

Bəzi deputatlar Xalq Cəbhəsini müdafiə edir, bəziləri isə(onların adlarını çəkmək istəmirəm), əksinə, Azərbaycanın SSRİ-nin tərkibindən çıxması barədə referendum keçirilməsi kimi təkliflər verirdi. Nəcəf Nəcəfov isə çıxışında AXC-nin günahlandırılmaması barədə Ali Sovetin münasibət bildirməsini və sədr tərəfindən təsdiq edilmiş sənəd verilməsini istədi. Bəxtiyar Vahabzadə onunla razılaşdı…

Bir neçə saatdan sonra Bəxtiyar müəllim özü-özünün sədrliyinə fasilə verdi. Iclası ağsaqqal kimi rəhmətlik İsmayıl Şıxlı davam etdirdi və onun çox təsirli çıxışından  bir neçə kəlmə hələ də yadımdadır:

“Bizim indiyədək ən böyük qüsurumuz o olub ki, vəzifənin əsiri olmuşuq, vəzifə üçün, stol üçün şərəfimizi atmışıq, qorxaq olmuşuq. Biz deputatların indiyə qədər günahı ondan ibarətdir ki, müəyyən göstəriş, dirijorluq, komanda altında sözümüzü deyə bilməmişik…

Bəyənmədiyimiz Azərbaycan Demokratik Respublikası bizə 114 min kvadrat kilometr vermişdi. İndi qalıb – 86,6 min kvadrat kilometr. Adamın yaxasından tutub soruşarlar ki, bu torpaqlar hara getdi?..”

-Bildiyimizə görə, rəhmətlik şair Xəlil Rza da həmin sessiyada çıxış edib. Özü də o, deputat deyildi. Üstəlik, o günlərdə Azadlıq meydanındakı mitinqlərdə sovet imperiyası, ermənilər əleyhinə kəskin çıxışlar etdiyindən  Moskva, hərbçilər, eləcə də DTK ondan bərk acıqlı idi. Bəs görəsən, o boyda ordunun mühasirəsində qalan parlamentə mərhum şair necə gəlib daxil ola bilib?

-Bəli, mərhum Xəlil Rza  fövqəladə sessiyaya gəldi və çıxış etdi, öz fikirlərini söylədi. Yenə də imperiyaya, sovet ordusuna, ermənilərə qarşı kəskin fikirlər səsləndirdi…

Düzü, mən də təəccübləndim ki, hər yerdə  belə çıxışlar edən, təqib olunan şair buraya necə gəlib çıxıb. Ozünə yaxınlaşıb soruşdum ki, ay Xəlil bəy, hərbçilərin arasından necə keçib gələ bildiniz. Mənə cavabı belə oldu:

“…Belə ağır gündə evdə oturmaq olmaz… Mən bu gün bura gəlməsəydim, ölərdim… Mənim qarşımı nə bir əsgər, nə bir silah kəsə bildi… Ona görə sizinləyəm…”

Xəlil Rzanın çıxışından sonra Bəxtiyar müəllim SSRİ Ali Sovetinə, müttəfiq respublikaların ali sovetlərinə, bütün dünya xalqlarına və ölkə parlamentlərinə ünvanlanmış bəyanatı oxudu. Sonra biz  həmin sənədin məzmununa bəzi dəyişikliklər etdik…

(Davamı var)

Həmçinin oxuyun

Eldar Namazov: “Artıq 5+2 formulu yox, 7+5 formulu gündəmə gəlir”

Azərbaycan dövləti on illərdir düşmənin tapdağı altında olan ərazilərimizi nə yolla olursa-olsun, qaytarmaqda israrlıdır və …