Ana səhifə / Müsahibə / “Bizə təsəlli verən odur ki, oğlum qələbə şəhidlərindəndir”

“Bizə təsəlli verən odur ki, oğlum qələbə şəhidlərindəndir”

Şəhid Vüqar Süleymanovun anası: “Sanki hiss etmişdi ki, bu onun evə son gəlişidir”
Aprel ayının ilk günlərində cəbhə xəttindəki döyüşlərdə – Lələtəpənin azad olunması uğurunda şəhidlik zirvəsinə ucalanlardan biri də Şəki şəhərinin Böyük Dəhnə kənd sakini 23 yaşlı Vüqar Süleymanovdur. Şəhidlik kimi uca, qutsal bir zirvəyə ucalan bu gənc 1993-cü il yanvarın 20-də anadan olub.
Mayın 25-də şəhid Vüqar Süleymanovun 52 mərasimi keçirildi. Şəhidin qəhrəmanlıq hekayəsi ilə daha yaxından tanış olmaq üçün onun doğulub boya-başa çatdığı Böyük Dəhnə kəndinə yollandıq. Şəhidimizin evinin taybatay açılan qapısı, darvazanın üstündə asılmış üçrəngli şanlı bayrağımız şəhidimiz üçün bizi  nə qədər kədərləndirsə də, bir  o qədər də qürur hissi yaradırdı…
Bizi qarşılayan şəhid Vüqar Süleymanovun atası Natiq Süleymanov oğlunun 20 Yanvar şəhidlərin anım günündə anadan olduğunu və özünün də şəhidlik zirvəsinə ucaldığını deyirdi: “3 övladım, 2 qızım 1 oğlum – Vüqar vardı. Övladlarım bu kənddə dünyaya göz açıblar. İşimlə əlaqədar olaraq 2000-ci ildə Bakıya köçdük. Vüqar orta məktəbi Bakıda bitirib və Slavyan Universitetinə daxil oldu. Ali təhsilini bitirən kimi əsgərliyə könüllü şəkildə yola düşdü. Halbuki onun çağırışına hələ vardı. Amma özü Şəki Hərbi Komissarlığına ərizə yazaraq könüllü getmək istədiyini bildirdi və iyulun 27-si 2015-ci ildə hərbi xidmətə yola düşdü. 3 ay Lənkəranda xidmət etdi. Sonra Füzuliyə apardılar. Bir dəfə gedib görüşmüşdük. Telefonla əlaqə saxlayırdıq. Fevralda məzuniyyətə gəlmişdi. Universiteti bitirsə də, diplomunu almamışdı. Məzuniyyətə gələn kimi gedib diplomunu aldı. Fərəhlə gətirib evə qoydu ki, əsgərliyi bitirdikdən sonra bu diplomla işə girəcəm. Biz də çox fərəhləndik.  Məzuniyyətə gələndə dedi ki, kəşfiyyat manqa komandiriyəm və tabeçiliyimdə 7 əsgər var. Məzuniyyəti başa vurub səngərə qayıtdı. Oğlumla  sonuncu dəfə martın 31-i telefonla əlaqə saxlamışıq. Dedi, hər şey yaxşıdır. Aprelin 2-si televiziyada eşitdik ki, cəbhə bölgəsində güclü atışma gedir. Mən oğlumun həmişə zəng etdiyi nömrəyə zəng etsəm də, o nömrə bağlı idi. Aprelin 4-də mənə naməlum nömrədən zəng gəldi. Vüqarın atası olub olmadığımı, harada yaşadığımı soruşdular. Bax o an ürəyimdə sanki nəsə qırıldı. Soruşdum ki, nə olub. Dedilər heç nə. Nömrəni bacanağıma verdim. Bacanağım bizə zəng etdi ki, yığışıb kəndə gəlin, Vüqar ağır yaralanıb, Şəkiyə hospitala gətirirlər. Yoldaşım dedi ki, əgər ağır yaralıdırsa, niyə Bakıya yox, Şəkiyə aparıblar. Gəldik gördük ki, qapımız taybatay açıqdır, içəridə də çadır qurulub. Artıq hər şey aydın idi… Oğlumuzu şəhid vermişdik”.
Gözləri dolan, qəhərlənən ata özünü toparlayıb söhbətinə davam edir. Gözlərində kədər olsa da, oğlundan qürur hissi ilə danışırdı. N Süleymanov sanki Vüqardan o, hələ də yaşayır və gələcəkmiş kimi söz açırdı. Amma haqlıydı. Axı şəhidlər ölmür: “Oğlumun əsgərliyini bitirib gəlməsini 3 ay qalmışdı. Artıq günlərini sayırdıq. Onunla bağlı arzularımız, xəyallarımız vardı. Vüqar Füzulidə Lələtəpə uğrunda gedən döyüşdə həlak olub. Bizə təsəlli verən də odur ki, oğlum qələbənin şəhidlərindəndir. Oğluma orduda fərqləndiyi üçün medal veriblər. Mehriban Əliyeva Heydər məscidində ehsan verəndə oğlumun xalası məktub yazıb bildirib ki, biz Vüqarın adının əbədiləşdirilməsini istəyirik. Vətən uğrunda qorxmadan son damla qanına kimi vuruşdu. Onun adı oxuduğu məktəbə,  ya hansısa küçəyə verilsin”.
Söhbətə qatılan şəhid anası Zemfira Süleymanovanın cavabsız sualları və fəryadı insanı qəhərləndirirdi. Oğlu hələ anadan olmadan başlayan Qarabağ müharibəsi indi onun oğlunu əlindən almışdı: “Məni yandıran odur ki, bu müharibə başlayanda mənim oğlum heç dünyaya gəlməmişdi. İndi 23 yaşında şəhid oldu. İndi bu balacaların da  (nəvəsini göstərir) taleyi bu cür olacaq?! Mən yalnız bu sualıma cavab istəyirəm ki, indi doğulan uşaqlardamı bu taleyi yaşayacaq?! Nə vaxta kimi 10 milyonluq əhalisi olan Azərbaycan 3 milyonluq erməninin qabağında aciz qalacaq?! Niyə 10 milyon əhalisi olan Azərbaycanı 3 milyon əhalisi olan erməni öz torpağımızda qırır?! Hamını yandıran budur ki, zülmlə böyütdüyümüz balalarımızı erməni öz torpağımızda öldürür. Mən oğlumu yaxşı böyütmək, oxutmaq üçün Bakıda 10 il kirayə evdə, zirzəmilərdə qalmışam. Bu əziyyəti çəkmişəm ki, balam zülm çəkməsin, təhsil alsın. Biz yaşlanmışıq, çarəsiz qalmışıq. Atəşkəsin elan olunduğu 20 ildən çox zamanda verdiyimiz şəhidlərin sayı az qala bir müharibədə verilən şəhidlərin sayına bərabərdir.  Hərbi və ya sülh yolu, fərqi yoxdur, torpaqlarımız alınsın”.
Zemfira Süleymanova deyir ki, oğlu sonuncu dəfə məzuniyyətə gələndə sanki evə son gəlişi olduğunu hiss edirmiş: “Oğlum məzuniyyətə gələndə deyirdim ki, evdə dayan, bir üzünü görək. Gedib tələbə yoldaşları ilə görüşürdü. Məzuniyyətdən qayıdanda evdən çox çətinliklə çıxdı. Yarım saat elə ayaqqabısını geyinməyə vaxt sərf etdi. Çox ləng tərpənirdi. Sanki hiss etmişdi ki, bu onun evə son gəlişidir. Heç ayrılmaq istəmirdi. Oğlum çox qapalı utancaq xasiyyətli idi. Şəxsi həyatı haqqında danışan deyildi. Ancaq dərs oxuyurdu. Boş-boş gəzməklə arası yox idi. Sonradan eşitdim ki, Vüqarın istədiyi qız olub. Amma bunu heç kimə deməyib. Gələcəyi ilə bağlı planlar qururdu. Mənim tək təsəllim odur ki, oğlumun şəhid olduğu Lələtəpə düşmən tapdağından azad edildi. Bu şəhidlər 20 il ərzində əldə olunan ilk qələbənin şəhidləridir”.
“Rusiya geri çəkilsə, biz erməniləri silahsız, bel, kürəklə qovarıq”…
Bu sözləri isə şəhidin yaxın qohumu Qarabağ əlili, şəhid qardaşı Nəriman Abdıyev deyir: “Mənim 50-dən yuxarı yaşım olsa da, desələr ki, sabah müharibə başlayır, gedərəm torpaqlarımızı azad etməyə və qardaşlarımın qanını almağa. Bu oğlan da mənim qardaşımdır, yaxınımdır. Rusiya kənara çəkilsə, Azərbaycan ordusu lomla, bellə torpaqlarımızı azad etməyə hazırdır. Qarabağ məsələsinin sülh yolu ilə həll olunacağına inanmıram. Bu, sadəcə olaraq, vaxt uzatmaqdır. Mən 1992-1993-cü illərdə Ağdam bölgəsində döyüşdə olmuşam.  Mənim qardaşım həmin vaxt şəhid oldu, Şəhidlər Xiyabanında dəfn olunub. Biz şəhidlərimizin qisasını almalıyıq”.(musavat.com)

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …

Bir cavab yazın