Bazar ertəsi , İyun 27 2022
Ana səhifə / Müsahibə / “Başım çox “ağrıdı”, incidim, daha doğrusu məmurlar tərəfindən incidildim”

“Başım çox “ağrıdı”, incidim, daha doğrusu məmurlar tərəfindən incidildim”

Xalq artisti Afaq Bəşirqızı ilə müsahibəni təqdim edirik:

– Afaq xanım, necəsiz? Sağlamlığınız hazırda necədir?

 – Şükür, yaxşıdır. Yaxşı deyək ki, yaxşı olsun. Hazırda müalicədəyəm.

 – Teatra gedirsinizmi?

– Bəli, gedirəm. Ötən gün də teatra getmişdim və direktorla bir pyesi müzakirə etdik, fikirlərimizi bildirdik. Yəni, yaradıcılıq davam edir.

– Deyirlər ki, pandemiyadan sonra əhalinin teatrlara olan marağı xeyli artıb, tamaşalara axın olur…

 – Ümumiyyətlə, nə qədər az görünsən, “üz cırmaqlayan” olmursan, bir o qədər qiymətli olursan. Hər zaman aktyor, aktrisalara deyirəm ki, səhnədə yerli-yersiz çox qalmağa meyl etməyin. Mən aktyor tanıyıram ki, səhnədə avtor qalır bir kənarda, əvvəl tamaşaçılarla salamlaşır, sonra zarafatlaşır, sonra “Şaxta baba” “Snequreçka” ilə necə zarafatlaşır, o cür hərəkətlər edir, daha sonra keçir mətnə, orada da yersiz əlavələr edir. Tamaşaçı bu cür aktyor üçün heç vaxt darıxmaz. Tamaşaçı teatr üçün darıxır, gözləyir ki, teatrda nəsə yenilik olsun, gözəl tamaşa hazırlansın, gözəl aktyor heyəti bir arada olsun və sairə. Bir-iki güllə bahar olmur.

Əlbəttə ki, pandemiya dövrü asan olmadı. Bu dövrü hamımız qorxu, təşvişlə, ölümlərlə keçirdik. Bildiyiniz kimi, nə qədər tanınmış insan, eləcə də yaxınlarımız, tanıdıqlarımız koronovirusdan vəfat etdi. İnsan nə qədər boğular, dərd çəkər… Amma şükürlər olsun ki, artıq pandemiya geridə qalıb.

Bir məsələni də qeyd etmək istərdim ki, ehtiyatı əldən vermək olmaz. Bəli, teatrlara bu gün xeyli axın var. Lakin məsuliyyət daşıyan şəxslər ayılsınlar, öz öhdələrinə düşənləri bilməlidirlər, müəyyən məsələlərə nəzarət hələ də qalmalıdır.

– Son vaxtlar görürük ki, kino sahəsində hansısa yeniliklər edilir, müəyyən qurumlar yaradılır və sairə.  Amma hələ də ortada nəticə gözə dəymir. Məsələn, artıq ilyarımdır ki, qələbəmiz, zəfərimiz, Qarabağ və yaxud elə Azərbaycan həqiqətləri haqqında heç bir film çəkilmir. Ola bilsin çəkilir, amma gözlədiyimiz nəticə yoxdur. Sizcə, bunun səbəbi nədir?

– Səbəb qeyri-peşəkarlıqdır. Hazırda kino sahəsində yetkin kadrlar, o cümlədən yetkin prodüser, texnik, operator yoxdur. Rejissor, operator ikinci məsələdir, əsas məsələ odur ki, lazımi aparaturalar yoxdur. Əgər texnika yoxdursa, hansı filmdən söhbət gedə bilər. Filmin aparaturası günlük olaraq kirayəyə 2500-3000 manata götürülürsə, hansı filmdən danışa bilərik? Yaxşı, tək bircə aparaturaya günlük olaraq bu qədər pul verilirsə, bəs bunun yaradıcı, texniki heyətin, aktyorların qonorarı necə olsun? Yəni, məsələ çətindir. Əgər məkan olmasa istədiyimiz filmi çəkmək qeyri-mümkündür. Teatrda bir otağın olur, gedib orada oturub, güzgü qabağında ən azından nitqini, sinədən yuxarı işləyirsən. Kino axı bu deyil. Kinonun aparaturası, aparaturanın gəzintisi, çəkilişləri, arxa planı var. Bir sözlə, kino çox çətin məsələdir, incəsənətin ən qəlizli və ən maraqlı növüdür. Bundan sonra isə teatr gəlir.

Kino studiyanın bu cür hala salınması da məsələyə təsir edir. Bir faktı xatırladım, “Dəli Kür” filmində Leyla Bədirbəylinin boynundakı zinət əşyalarının hamısı  həqiqi qızıl və brilyant idi. Hanı bəs onlar? Elə bir mebellər var idi ki, hanı onlar? Bir dəfə Müşfiq Hətəmov mənə dedi ki, Afaq xanım, xəbərin var, “Cavad xan” filmi çəkiləndə bir dənə də olsun at yəhəri tapa bilmirdik. Soruşdum ki, bəs onlar hanı? Dedi ki, ya bulvardakı atların üstündədir, ya da digər yerlərdə. Yəni hamısını satıblar. Bu cür özbaşınalığı,  tabesizliyi sözlə ifadə etmək mümkün deyil. Təkcə dövlətin malını deyil, həm də bu yaradıcılığı, kinonu dağıdıb, məhv ediblər. Hələ də anlaya bilmirəm ki, o boyda kinostudiyanı necə bu hala qoymaq olar…

 – Ötən həftə Milli Məclisdə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov dövlət tərəfindən kinoya ayrılan vəsaitin yarıbayarı azaldılmasını təklif etdi. Razısızmı bu fikirlə? Ümumiyyətlə, dövlət tərəfindən ayrılan 5-6 milyon manat vəsait kino üçün qənaətbəxşdirmi?

 – Dəfələrlə bu məsələyə ortaya çıxmışdı. Eşitdiyimə görə, ötən il dövlət vəsaiti hesabına 3 film çəkilib. Onlardan birinin ümumiyyətlə yarasız olduğu deyilir. Halbuki həmin filmi çox peşəkar rejissor çəkib, belə olan halda həmin film necə yararsız ola bilər, bilmirəm. İki film isə üzə çıxarılmalı deyil. Əgər ayrılan vəsait bu cür filmlərə sərf olunursa, səsləndirilən fikirlə razılaşmaq olur. Onda zəhmət çəkib, bir komissiya təşkil etsinlər, hansı filmi ki, bəyənmirlər, onu yarasız vəziyyətə salan şəxsi cərimələyib, pullarını alsınlar. Yəni, əgər ortada böyük səhv varsa bunu sübut etsinlər. Məgər 6 milyon az puldur? Vüqar Gülməmmədov haradasa düz deyir. Bilinməlidir ki, pulu kimə, nəyə verirlər.

İndi baxırsan ki, sənətkarları bir qədər kənara çəkiblər. Doğrudur, o sənətkarların da bəziləri bir qədər tanınandan sonra öz qohumları, öz cibləri, övladları üçün çalışıblar və bu bir faktdır…

Fəxrəddin Manafov da kino işçisidir də. O, həm Rusiyanın, həm də Azərbaycanın kino sahəsinə bələddir. Məsələn, Rasim Balayevin yanında indi Fəxrəddin Manafov da olmalıdır. Axı, o, filmi bilir, sənin tamamlaya bilmədiyin cümləyə nöqtə qoya bilər.

 – Ümumiyyətlə, müşahidə edirik ki, Azərbaycanda kino sahəsində birləşmə yoxdur, hərə bir tərəfdədir. Nədənsə kinoçularımız bir masa arxasına toplana bilmir, ya da istəmirlər.

 – Xatırlayırsınızsa, bir neçə il öncə ölkə Prezidenti yaradıcı insanlara görüşəndə nə qədər insan narazılıq etdi ki “niyə mən də o tədbirdə deyildim”. Mənim isə Prezidentlə o görüşüm birinci və axırıncı oldu, çünki sözümü dedim və cənab Prezident də mənə inandı. Bildiyiniz kimi, həmin görüşdən sonra Musiqili Teatra akademik statusu verildi, aktyorların maaşları 100-50 faiz artırıldı.

– Bəzi sənətkarlarımız son vaxtlar yetərincə dəyərləndirilmədiklərini bildirirlər.

 – Əlbəttə ki, əsl sənətkarlar öz dəyərlərini alıb. Şikayətlənənlər isə baxıb görürsən ki, bu neçə ildə heç olmasa 3-4 dənə fərqli rol oynamayıb. Aktyor var ki, bir dənə rol oynayıb və onunla da öz möhürünü vurub.

Bilmirəm, o hansı aktyordur ki, öz rolları ilə tamaşaçıların sevgisini qazanıb, adı teatr tarixinə düşüb, amma öz dəyərini almayıb. Bəli, belə aktyor və aktrisalar var, amma onlar axı bu sənətdə öz sözlərinin deyib, möhür vurmayıblar. Sadəcə ortada staj var. Bu dəqiqə kəmiyyətlə keyfiyyətin müqayisəsini bilən adamlar da özlərini bilməməzliyə vururlar. Hər şey keyfiyyətdən asılıdır. Bəzən biri çıxıb deyir ki, mənim 50 illik stajım var, amma adım yoxdur. Nə olsun ki, sənin 50 illik stajın var, oturub havayı yemisən də…

 – İşğaldan azad olunmuş torpaqlarımızda olmusunuzmu?

 – Hələ ki, olmamışam. Müharibə mənə elə təsir etdi, vəziyyətə saldı ki, bütün xəstəliklər onun yanında yalan oldu. Bildiyiniz kimi yeni çıxan bu xəstəlik (Aktrisa artıq bir müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkir – X.G.) mənə çox pis təsir edib.

Doğrudur, bu günə qədər Qarabağa gedə bilməmişəm, amma bir şəhid ailəsi ilə gedib, şəhidin sümüklərini tankın içindən yığmışam. Belə ki, bir şəhid atası və bir nümayəndə ilə şəhidin qalıqlarını axtarmağa getdik. Bizə dedilər ki, filan yerə baxın, nəsə tapmaq olar. Getdik, axtardıq, şəhidin döyüş yoldaşları dedilər ki, tank hərəkət edəndə filan yerdə oturmuşdu. Və beləcə, şəhidi sümüklərini tapdıq. Amma bilmədik qalıqlar həmin şəhidə aiddir ya yox, amma fərqi yoxdur, bütün şəhidlər bizim balamızdır.

 – Digər sənətkarlardan bir fərqiniz də var ki, vaxtaşırı cəmiyyətdə baş verənlərə də münasibət bildirir, olanlara biganə yanaşmırsınız. Doğrudur, buna görə tənqidlərə də məruz qaldınız, amma yenə də mövqeyinizi bildirməkdən çəkinmirsiniz. Bu baxımdan son olaraq bu sualı sizə ünvanlayıram: hazırda cəmiyyətdə sizi nə narahat edir, incidir?

 – Bir çox məsələlər. Bu dəqiqə cəmiyyət elə qarışıb, elə qaynayır, sadəcə dəhşətdir. Gənclərimizin sürdükləri həyat, lazımsız oyunlara aludə olmaqları, indi kazinolara da icazə verildi… Qızlarımızın geyimləri, oğlanlarımızın danışıqları, davranışları, metroda , avtobusda hamilə qadınlara, qocalara yer verməməkləri, hörmət etməməkləri dəhşətdir.

Bu günlərdə Sabunçuda uşaq sığınacağında baş verən hadisə mənə çox pis təsir etdi. Bu barədə sosial şəbəkədə paylaşım etmək istəyirdim, amma oğlum, həkimim mənim qabağımı kəsdi, dedilər ki “əsəbləşəcəksən, sağlamlığıan pis təsir edəcək…

Bəli, sizin də qeyd etdiyiniz kimi, məsələlərə biganə qalmadığım, mövqeyimi bildirdiyim üçün başım çox “ağrıdı”, incidim, daha doğrusu məmurlar tərəfindən incidildim. Bununla belə yenə də susqun mövqe tuta bilmirəm.

Sonda xalqıma can sağlığı arzulayıram. Bir daha müharibə olmasın. Şəhidlərimizin  qanı yerdə qalmadı və heç vaxt da qoymayacağıq. Azərbaycanın bir oğlunun, qızının burnu qanamasın. Hər kəsə dözüm və səbir diləyirəm. Bu qədər…

Yeni Müsavat

Həmçinin oxuyun

“İdarəetmədə hələ də Ramiz Mehdiyevin tör-töküntüləri qalmaqdadır”

Son vaxtlar İkinci Qarabağ müharibəsində iştirak etmiş qazilər arasında narazılığın artdığı müşahidə olunur. Qazilərin Əmək …