Bazar ertəsi , Noyabr 28 2022
Ana səhifə / Müsahibə / Arif Rəhimzadə: “Müstəqilliyin əleyhinə olmamışam”

Arif Rəhimzadə: “Müstəqilliyin əleyhinə olmamışam”

Hakim Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının sədri Arif Rəhimzadə Pravda.az-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

– Arif müəllim, bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür. 1991-ci ildə Müstəqillik Aktının əleyhinə səs verənlər bu gün yenidən müzakirə edilir. Siyahıda sizin də adınız var. Bəziləri qınayırlar ki, Müstəqillik Aktının əleyhinə səs verənlər müstəqillikdən ən çox bəhrələnənlər olublar.

– Bəhrələnmək məsələsi deyəndə, bilmirəm, nədən bəhrələnmişəm? Həmişə Azərbaycanın müstəqilliyinin tərəfdarı olmuşam. İntəhası, məsələ bu idi ki, “biz səsverməyə gedək, ya getməyək”. Hesab edirdim ki, xalq, əhali gərək buna öz münasibətini bildirsin. Müstəqilliyin əleyhinə deyildim. Səsvermə olmadan müstəqillik elan edilməsinin əleyhinə idim. Söhbət bundan gedirdi. Müstəqilliyin tərəfdarıyam, həmişə də olmuşam. İndiyə kimi fəaliyyətim müstəqillik istiqamətində, müstəqilliyi müdafiə edən bir fəaliyyət olub.

– Ölkə mətbuatını izləyirsinizmi?

– Əlbəttə, izləyirəm.

– Qarabağda – işğaldan azad olunmuş ərazilərdə görülən işlər barədə fikirlərinizi bilmək istərdik.

– Qarabağda görülən işləri tək mən deyil, dünya mediası yüksək qiymətləndirir. Qısa müddət ərzində o qədər iş görülüb ki, bəlkə on illər ərzində belə bir iş görülməyib. Qarabağın bərpasına böyük vəsait ayrılıb. Bu işlər planlı şəkildə həyata keçirilir. Çətinlik bundan ibarətdir ki, işğaldan azad edilmiş ərazilərimizdə həddindən çox mina var. Heç xəritəsi də yoxdur. Minalar təmizlənməyənə, o torpaqlar təhlükəsiz vəziyyətə gətirilməyənə qədər Qarabağa köçmək məsələsi çətin olacaq. Buna baxmayaraq, infrastruktur qurulur, yolların çəkilməsi, elektrik yarımstansiyalarının yaradılması, “ağıllı kənd” konsepsiyası üzrə yaşayış massivlərinin, sənaye mərkəzlərinin inşası, içməli su təchizatı və sair fərəh doğuran faktlardır. Yaşayışı təmin etmək üçün çox böyük və planlı sürətdə yeni iş yerləri, müəssisələr tikilir”.

– İşğaldan azad edildikdən sonra Qarabağa getmisiniz?

– Əfsuslar olsun ki, hələ Qarabağa getməmişəm. İmkan da var idi. Ancaq səhhətimlə əlaqədar gedə bilmədim. Bir balaca belim ağrıyırdı. Bir gün ərzində gedib-qayıtmaq mənim üçün bir az çətindir.

– Praqada keçirilən dördtərəfli görüşdən sonra Fransa Prezidenti Emmanuel Makron Azərbaycanın əleyhinə yenidən çıxışlar etməyə başladı. Bu barədə nə düşünürsünüz?

– Nə etmək lazımdırsa, Azərbaycan onu da edir. Cənab Prezident MDB dövlət başçılarının müşavirəsində açıq şəkildə dedi ki, bundan sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının mümkünlüyünü görmürük. Buna bir imkan yaradılmayacaq. Cənab Prezident bundan əvvəl də bu məsələnin üzərində durmuşdu. Fransanın Azərbaycan-Ermənistan sərhədinə müşahidəçilər yerləşdirmək məsələsində də Azərbaycan bildirdi ki, müşahidəçi yalnız Ermənistan ərazisində olacaq, Azərbaycan ərazisinə gəlməsin. Makronun çıxışından sonra, ümumiyyətlə, İlham Əliyev Fransanın bu məsələdə iştirakının üstündən xətt çəkdi. Bu, tamamilə doğru addımdır, anlaşılandır və hamı hesab edir ki, Makronun erməni diasporundan həddindən çox asılılığı var. O, həddən artıq ermənilərə yararlı olmaq niyyətindədir. Burada, əlbəttə, müsəlman-xaçpərəstlik məsələsi də var. Çünki görürsünüz, parlamentlərdə, başqa yerlərdə elə ağla gəlməyən, məntiqə uyğun olmayan qərarlar qəbul edir, bəyanatlar verirlər ki, guya bunların gözləri ermənilərin etdiklərinə qarşı kordur, görmür. Yalnız Azərbaycanla bağlı balaca bir şey axtarırlar ki, onu şişirtsinlər.

– Bu gün Azərbaycanda yaşayan ermənilərin Fransanın addımlarına, eyni zamanda dünya ermənilərinə qarşı etiraz etməməsi məsələsi müzakirə edilir. Sizcə, bu istiqamətə hansı işlər görülməlidir?

– Ümumiyyətlə, ermənilərin şüuru, beyni zəhərlənib. Öz də bu, on ilin, otuz ilin işi deyil. Əsrlər boyu belə olub. Sovet dövründə də ermənilərlə yaxşı, normal münasibətlərimiz var idi. Ancaq ermənilər indinin özündə də müstəqil düşünə bilmirlər, onlara həddindən artıq təsir var. Bəzən görürsünüz, ermənilər çıxış edib məsələlərə münasibətlərini bildirirlər, lakin onlar da qorxurlar ki, sabah taleləri necə olacaq. Məsələn, Ukraynada yaşayan bir erməni alimi var – Filipp Ekozyans. O, ermənilərin səhv düşüncələrini tam yox edir. Onlara bir mütəxəssis kimi yaxşı cavab verir. Yəni belə ermənilər də var. Ermənilər hiss etsələr ki, bunlara artıq diaspor, erməni icması tərəfindən təzyiq yoxdur, hesab edirəm, ağıllanacaqlar. Azərbaycan vətəndaşı kimi bunu başa düşəcəklər. İstəsələr də, istəməsələr də artıq real bir vəziyyətə qayıdacaqlar. Azərbaycan da bu istiqamətdə lazımi tədbirləri görür. Cənab Prezident də deyir ki, onlar bizim vətəndaşlarımız kimi bütün imtiyazlardan istifadə edəcəklər, Qarabağda Azərbaycan vətəndaşı kimi yaşaya bilərlər. Bundan artıq onlara nə demək olar

Həmçinin oxuyun

“Elçibəy rus ordusuna toxunmasa idi, hakimiyyətdə qala bilərdi”

Özü isə hər şeydən bixəbər uşaqlıqdan zəhmətə alışa-alışa böyüyürdü. Özünün dediyi kimi: “Həyatın yolları həmişə …