Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Müsahibə / Aqil Abbas “qəşənk”i hardan götürüb? – Alimdən cavab

Aqil Abbas “qəşənk”i hardan götürüb? – Alimdən cavab

Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və Nəsimi adına Dilçilik İnstitutu 69 maddədən ibarət Azərbaycan dilinin yeni orfoqrafiya qaydalarının layihəsini hazırlayıb. Artıq bir neçə gündür ki, yeni qaydalar ətrafında yaranmış qalmaqallar səngimir. Yeni dəyişikliklər ictimaiyyətdə böyük müzakirələrə, mübahisələrə və hətta bəzi məqamlarda tərəflərin bir-birilərini təhqir etmələrinə səbəb olub.

Sözügedən mövzu çərçivəsində AMEA Dilçilik İnstitutunun elmi işçisi, tanınmış dilçi alim Şahlar Məmmədovun Axar.az-a müsahibəsinin ikinci hissəsini təqdim edirik:

Əvvəli burada

– Müzakirəyə səbəb olan maddələrdən biri də “iyyət” şəkilçisindəki “y”dir.

– Yeni layihənin 37-ci bəndində “iyyət” şəkilçisinin bir “y” ilə yazılması təklif olunur, çünki bu qəbildən olan sözləri, əsasən bir “y” ilə tələffüz edirik. Buna görə də fonetik prinsipə əsaslanaraq, tərkibində həmin şəkilçilər olan sözlərin bir “y” ilə yazılması daha məqsədəuyğundur. Məncə, hərf sözü sözdən fərqləndirmirsə, onu yazıda saxlamağa ehtiyac yoxdur.

Türkoloq Firudin Cəlilov da belə hesab edir ki, “tərbiyə” sözünü fonetik prinsiplə yazırıq, nə üçün -iyyat, -iyyət şəkilçili sözlər də eyni prinsiplə yazılmasın. Türkiyə türkcəsində bu şəkilçilərdəki “y”nin birini ixtisar etdilər, Türkiyə türkcəsi bundan nəsə itirdimi?

Bu dil ərəb dili deyil axı. Ərəb dilində -iyyun şəkilçisi ilə bağlı belə bir islahat aparılsaydı, razılaşardıq ki, bu, mümkün olmayan bir işdir, hətta ərəb dilinə qəsddir. Mən ali məktəbdə 2 il ərəb dili dərsi keçmişəm. Bu sahənin mütəxəssisi olmasam da, -iyyət, -iyyat və -iyyə şəkilçiləri ilə düzələn isimlərlə (mədəniyyət, ədəbiyyat, dövriyyə və s.) ərəb dilində nisbi sifət şəkilçisi olan –iyyun və ya –avıyyun şəkilçilərinin fərqini bilirəm. Bunlar ayrı-ayrı şəkilçilərdir, axı -iyyət, -iyyat şəkilçisinin -iyyun, -avıyyun şəkilçisinə nə dəxli var? Dilimiz bu şəkilçini tarixən (-iyyin, -avıyyun) -i, -vi şəklində mənimsəyib. Təbriziyyun – təbrizli, dünyəviyyun – dünyəvi və s.

Çünki xalq belə qəbul edib, öz dilinə uyğunlaşdırıb. Ola bilər ki, 100 ildən sonra –i, -vi şəkilçiləri tamam başqa biçimdə işlənsin. Bu dilin, şəkilçinin inkişafı, dil proseslərinin nəticəsidir, necə ki, Türkiyə tükcəsində bu şəkilçilər -sal, -səl şəklində sabitləşmə dövrünü yaşayır.

Ümumiyyətlə, “-iyyat”ı ərəb mənşəli şəkilçi hesab etmək nə dərəcədə doğrudur? Bu şəkilçi ərəb dilindəki -iyy(un) və at(un) şəkilçisinin kontaminasiyasından yaranıb. Deməli, -iyyat, -iyyət şəkilçiləri birbaşa mənbə dildən alınmayıb, xalq bu şəkilçini kontaminasiya yolu ilə özü yaradıb. Xalq öncəki yüzilliklərdən fərqli olaraq, bu gün həmin şəkilçiləri əsasən bir “y” ilə tələffüz edir. Dilin öz qənaət prinsipi var, ehtiyac olmayan hərfi, hətta şəkilçini də tələffüzdən və yazıdan çıxara bilir. Müqayisə üçün deyim ki, əvvəllər “problematik məsələ” ifadəsi işlənirdi, bu gün daha çox “problem məsələ” şəklində işlənir. Yəni dil tədricən “atik”dən imtina edir. Dilin qənaəti fonunda məsələnin yanlış təqdim edilməsi yolverilməzdir. Bəziləri yazıda həmin qoşa “y”dan birinin atılmasının səbəbini yanlış olaraq Türkiyə türkcəsinə bağlayırlar, guya dilçilərimiz “ortaq dil” yaradırlar. Əslində, məqsəd bu olmasa da, dillərinin yaxınlaşmasına təbii baxmaq lazımdır, çünki dil faktoru türk xalqlarının yeganə birləşdirici mənbəyidir. Bundan başqa, bir “y” təklifinə qarşı belə bir fikir irəli sürürlər ki, qiraət zamanı “tək “y” ilə tələffüz psixolinqvistik aktın fonetik səviyyədə geçəkləşməsi”nə ciddi şəkildə əngəl yaradacaq və bununla da sözün təsir gücü itəcək.

Adi şəraitdə həmin sözləri onsuz da tək “y” ilə tələffüz edirik. Qiraət zamanı təkcə qoşa “y”ni deyil, başqa səsləri də mətnin ruhuna uyğun olaraq uzun tələffüz etmək mümkündür. Məsələn: “Əgər bütün bəşəriy..yət ədüv…vü (!) canım ola…” Yenə deyirəm, söhbət tələffüzdən yox, yazıdan gedir. O vaxt apastrof ləğv ediləndə deyirdilər ki, məsələn, “şö:bə” sözünü yeni nəsil şöbə şəklində tələffüz edəcək. Amma bu gün yeni nəsil həmin sözü əvvəlki uzunluqda tələffüz edir.

– Bəs niyə digər sözlərə də bu prinsiplə yanaşmırıq? Məsələn, “təəssüf”, “təəccüb” və s.

– Dəyişikliklər müəyyən prinsiplərə əsaslanır. Dildə mövcud olan bütün sözlərə bir prinsipdən yanaşmaq olmaz. Təklif edirlər ki, “ədəbiyyat” sözü bir “y” ilə yazılırsa, onda “səyyah”, “qəyyum” sözləri də eyni qayda ilə yazılmalıdır. Bu sual da təxminən ona bənzəyir. Söhbət söz köklərinin yazılışından getmir. Düzəltmə sözlərlə sadə sözü eyniləşdirmək olmaz. Axı “təəccüb”, “təəssüf” sözlərində şəkilçi yoxdur. Tərkibində qoşa sait və samit olsa da, yazılışı fonetik prinsipə əsaslanır. Məncə, yanlış yanaşmalar prinsipləri yaxşı bilməməkdən irəli gəlir.

– Bəs o prinsiplər hansılardır? Bunlardan daha çox hansına üntünlük verilməlidir? Yeni layihə dil normalarının pozulmasının qarşısını alacaqmı?

– Əvvəla, dil normalarının addımbaşı pozulması təkcə cəmiyyətin dilə olan biganə münasibəti ilə bağlı deyildir. Orfoqrafiya mədəniyyətinin yüksək olması üçün ilk növbədə qaydalar dəqiq və mükəmməl olmalıdır. Orfoqrafiya qaydalarını müəyyənləşdirərkən dildə vaxtilə mövcud olmuş qaydaları inadla müdafiə etmək, qloballaşma şəraitində dil mühitini nəzərə almamaq dilin inkişafına mane olan amillərdəndir. Sözlükdə sözün qaydalara uzlaşdırılmaması, eyni sözlərin yazılışında müxtəlifliyin olması, qaydaların çiy şəkildə təqdim edilməsi və s. dilimizin Orfoqrafiya sözlüyünə son illər inamı azaldıb. Belə müxtəliflik isə orfoqrafiyanın ictimai mahiyyəti və məqsədi ilə birbaşa ziddiyyət təşkil edir. Bu baxımdan ictimai müzakirəyə çıxarılan “Layihə”nin əhəmiyyəti olduqca böyükdür.

Hər bir dilin düzgün yazı qaydaları dil vahidlərinin orfoqrafiya prinsipləri ilə uzlaşdırılması əsasında müəyyən edilir. Dil vahidləri (səs, heca, şəkilçi, qısaltmalar və s.) müxtəlif olduğu kimi, uzlaşdırma funksiyasını yerinə yetirən prinsiplər də fərqli ola bilir. Qaydaların mənimsənilməsində əsasən üç prinsip iştirak edir: 1. Fonetik prinsip, 2. Morfoloji prinsip, 3. Tarixi-ənənəvi prinsip. Bu prinsiplərdən hansına daha çox yer verilməsi, hansının daha çox əlverişli olması dil vahidlərindən asılıdır. Odur ki, qaydaların müəyyənləşdirilməsində hər üç prinsipin özünəməxsus yeri və önəmi vardır.

Çağdaş dilimizin yazı qaydalarının müəyyənləşdirilməsində fonetik prinsipdən geniş şəkildə istifadə olunmuşdur. Söz köklərinin mütləq əksəriyyəti bu prinsipə əsasən yazılır. Fonetik prinsipin imkanlarından istifadə etməklə dil normalarının sabitləşdirilməsi, kütləviləşdirilməsi mövcud qaydaların asanlıqla mənimsənilməsi baxımından çox önəmlidir. Buna baxmayaraq, dil vahidlərinin müxtəlifliyi səbəbindən bütün sözləri bu prinsiplə yazmaq mümkün deyil, çünki bəzi söz kökləri morfoloji dəyişikliyə məruz qaldığından tələffüzdə fərqli məqamlar üzə çıxır. Bu zaman dil vahidi morfoloji prinsip müstəvisinə keçir. Şəkilçilər, şəkilçilərlə düzələn sözlər və s. mənalı vahidlər bu prinsipə aiddir. Morfoloji prinsip sözlərin yazıya vahid şəkildə köçürülməsi qaydalarını istiqamətləndirən ən mühüm prinsipdir. Bu prinsip nəzərə alınmazsa, mənalı dil vahidləri çeşidli çalarlıqda tələffüz olunduğu kimi yazıya köçürülər, bununla da yazıda vahid anlaşmadan söhbət gedə bilməz. Tarixi-ənənəvi pinsip isə əvvəlki dövrlərdə tətbiq olunmuş bu və ya digər orfoqrafik qaydaların mühafizə olunması və çağdaş yazıda davam etdirilməsidir. Hazırda orfoqrafiya qaydalarında bu prinsipdən də istifadə olunur.

– Bütün sözlərin olduğu kimi yazılması məsələsi nə dərəcədə doğrudur? Onda belə çıxır ki, bölgələrdə sözü necə tələffüz edirlərsə, o cür də yazmalıdırlar?

– Bu, fonetik prinsiplə bağlı məsələdir. Sözün tələffüz edildiyi kimi yazılması dedikdə burada ədəbi tələffüz nəzərdə tutulur. Məsələn, “deyil” sözü dialekt və şivələrimizdə çeşidli biçimdə tələffüz edilir: dəyil, dö:l, döyül, dögü və s. “Deyil” sözündən fərqli olaraq, əklif də var ki, bizim lüğətimiz morfoloji prinsip üzərində qurulsa, daha yaxşı olar, yəni, fonetik prinsip daha çox orfoepiyanın predmetinə çevrilməlidir. Təkliflər də var ki, ümumiyyətlə, alınma sözlər morfoloji prinsiplə yazılsın. Məncə, qaydaların asanlıqla mənimsənilməsində fonetik prinsipin önəmini kiçiltmək mümkün deyil.

– Bəlkə bu layihənin təqdimatı doğru formada olmadı. Biri statusla etiraz bildirdi, kimsə köşə yazdı, hətta millət vəkili Aqil Abbas da etiraz etmişdi…

– Təqdimat ayrı cür necə olmalıdır? “Layihə” ictimai müzakirəyə çıxarılıb. Bu məsələdə ayrı-ayrı adamların aqressiyasını anlamıram. Aqil Abbasın müsahibəsini oxudum. Bildim ki, bu layihə ilə yaxından tanış olmayıb. Yazmışdı ki, “qəşəng” sözü “qəşənk” formasında yazılacaq. Görünür, bu cür yanaşma onun üslubundan irəli gəlir, amma taleyüklü məsələlərə bu cür münasibəti doğru saymıram. Layihədə yazılıb ki, son səsi həm [k], həm də [g] kimi tələffüz olunan milli sözlər “g” hərfi ilə yazılır: “çələng”, “pələng”, “səhəng”, “tüfəng” və s. Dördüncü bənddəki qayda bu sözlərə də aiddir. Bu qayda “ahəng”, “qəşəng”, “nəhəng” kimi alınma sözlərə də şamil edilir.

– Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” haqda nə deyə bilərsiniz?

– Dilimizlə bağlı bütün xoşniyyətli layihələri alqışlayıram. Dilimizin söz ehtiyatına daha çox keyfiyyət üzrə yanaşmağa çalışıblar. İstənilən işdə nöqsan tapmaq olur. Bu sözlükdə təqdir etdiyim cəhətlər az deyil, amma açıq qalan məsələlər də var. Bu sözlüyün Orfoqrafiya Komissiyası və Dilçilik İnstitutunun birgə hazırladığı “Layihə” qədər cəmiyyətdə rezonans doğurmaması gözlənilən idi, baxmayaraq ki, Dilçilik İnstitutuna haqsız hücumlar səngimir. Ona görə ki, lüğət tərtibi ənənəsi birbaşa dilçilərlə, lüğətçilərlə bağlı işdir. 93 ildir ki, lüğətçilər, dilçilər bu işlə məşğuldur.

– Şahlar müəllim, açıq qalan məsələlər hansılardır?

– Məsələn, “Sözlüyün əvvəlki orfoqrafiya lüğətlərindən əsas fərqi cəhətləri” hissəsində 6-cı bənddəki qaydaya görə -varı, -vari şəkilçiləri ahəng qanunu üzrə işlədilr: çəngəlvari, halqavarı və s. Halbuki bu vaxta qədər həmin şəkilçi bir cür yazılıb. “Layihə”nin 38-ci maddəsində isə qayda bu şəkildə təklif edilib: varışəkilçisi: buynuzvarı, qalxanvarı, üzükvarı, yüngülvarı və sOrfoqrafiya qaydalarında bu cür müxtəlifliyin mahiyyətini anlaya bilmirəm.

“Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”nün 4-cü bəndində “oxşarköklü sözlər” ifadəsi işlənib. Maraqlıdır ki, oxşarköklü sözü nə Orfoqrafiya lüğətində, nə də Tərcümə Mərkəzinin çap etdiyi sözlükdə verilib… Dilimizin tarixi taleyi elə gətirib ki, hələlik mükəmməl orfoqrafiya lüğətindən danışmaq tezdir.

– Yeri gəlmişkən, sizi sosial şəbəkələrdə piarda da günahlandırırlar…

– Müzakirələr göstərdi ki, cəmiyyətimizdə polemika mədəniyyəti çox aşağı səviyyədədir. Aqressiya düzü əyridən ayırmağa mane olur. Müstəqil fikirlərimə görə məni piarda suçlayanların səviyyəsinə enmək istəmirəm. Bütün suallara təmkinlə, doğru bildiyim şəkildə cavab verirəm. Niyyətim ana dilinə xidmətdir.

Həmçinin oxuyun

“Mənim evimdə erməni yoxdur” – Əli Həsənov

Milli Məclisin deputatı Siyavuş Novruzov Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri, …